Etibar ƏBİLOV  – Hekayə


Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Etibar ƏBİLOV 

      İnam

          Hekayə

Səmədin ailəsi 11 il iki ayda ilk dəfə idi ki, belə sevinirdi. Bu gün səhər məlum olmuşdu ki, Səmədin nəvəsi Tural, dünyanın ən nüfuzlu ali məktəbinə, Amerika Birləşmiş Ştatlarının Harvard Universitetinə qəbul olub. Təhsil xərclərini Azərbaycan dövləti ödəyəcəkdi…

Tural Səmədin yeganə nəvəsi idi. Turalın altı yaşı olanda atası – Səmədin yeganə övladı Adil qəfil ürək tutmasından vəfat etmişdi. O müdhiş vaxtdan 11 il iki ay vaxt keçirdi. Ailə 11 il 2 ay idi ki, yas içərisindəydi. Sevincin nə olduğunu bilmirdilər. Adilin həyat yoldaşı Gülşənin saçları tamam ağarmışdı. Səmədin arvadı Solmazı oğlunun ölümündən sonra şəkər xəstəliyi tapmışdı, qan təzyiqindən əziyyət çəkirdi, gözlərinin nuru azalmışdı. İndi aldığı xəbərdən – nəvəsinin Harvard Universitetinə qəbul olmasından, elə bil ki, Solmazın gözlərinə işıq gəlmişdi. Xəbəri eşidəndə gəlinini qucaqlayıb, qəhər içərisində təkrar-təkrar:

– Allaha qurban olum… Allaha qurban olum… – deyib göz yaşı axıdırdı. Nisgil sevincə, kədər fərəhə qarışmışdı…

…Telefon zəng çaldı. Gülşən götürdü.

– Bəli… bəli, onların evidir… Sağ olun. Kim? Xahiş edirəm bir dəqiqə gözləyin.

Qayınatasına tərəf döndü.

– Ata!

Səməd telefonu götürdü.

Televiziyadan idi. Rayona məxsusi olaraq Turala görə gəlmişdilər. Zarafat deyil, rayon yerində yaşayan bir şagird elə bir uğur qazanmışdı ki… Onun uğuru bütün Azərbaycana səs salmışdı.

Səməd telefonu asıb.

– Televiziyadan gəliblər, Turalı çəkəcəklər… Bəs Tural özü haradadır?

– Gülnar müəllimgilə gedib.

– Zəng edin gəlsin – dedi.

Səməd yataq otağına keçdi. Qapını bağlayıb çarpayısına uzandı… Neçə illər əvvəl nəvəsi Turalla olan o qəribə ağrılı söhbəti bir daha yadına saldı.

Onda Tural I sinifdə oxuyurdu. Atası 3 ay idi ki, dünyasını dəyişmişdi. Uşaq gecə-gündüz: – Atam hardadır? – deyib qarqaşa verirdi. Nə qədər yalan danışsalar da, nə qədər aldatsalar da, uşağı aram etmək mümkün olmurdu. Uşağın anasının əsəbləri artıq tamam pozulmuşdu. Tural növbəti dəfə – atamı istəyirəm – deyib ağlayanda anası Gülşən özünü ələ ala bilmədi.

– Atan daha heç vaxt gəlməyəcək – dedi və hönkürtü içərisində – Birdəfəlik başa düş, anla, atan ölüb… O heç vaxt hönkürtüdən sözünün ardını deyə bilmədi…

Səməd də, Solmaz da otaqda idilər. Hər ikisini eyni anda elə bil ildırım vurdu. Uşaq hər dəfə atasını soruşanda bir bəhanə gətirirdilər… Amma indi birdən-birə…

Tural maddım-maddım hönkürən anasına baxırdı.

– Atamı kim öldürüb? – Uşağın səsində qorxu və həyəcan var idi.

Artıq hisslərini idarə edə bilməyən Gülşən:

– Allah… Allah… dedi… Gülşən yenə də nə isə deyirdi. Amma nə dediyini anlamaq olmurdu…

                                                ***

O hadisədən sonra 6 yaşlı Tural sanki dəyişdi. Daha atası haqqında heç nə soruşmurdu. Uşaq şıltaqlığından daha onda heç bir əsər-əlamət qalmamışdı. Özünə qapanmışdı. Soruşulan sözlərin çoxusuna çavab vermirdi. Məktəbdə uşaqlara qoşulmurdu. Həkimə apardılar. Uşaq depressiyaya düşmüşdü. Yaxşı ki, qorxulu bir şey yox idi. Mümkün olduqca uşağı darıxdırıcı, kədərli söhbətlərdən uzaq tutmaq lazım idi. Sonra tədricən hər şey keçib gedəcəkdi.

Həmin darıxdırıcı, cansıxıcı günlərin biri idi.

Səməd indiki kimi, bax elə indi uzandığı çarpayısına uzanmışdı. Fikri o qədər qarışıq idi ki… Qapının səsinə döndü. Nəvəsi idi.

– Gəl, gəl ağıllı balam. Dikəlib çarpayısında oturdu. Zorakı təbəssümlə gülümsədi.

– Gəl, gəl qucağıma – deyib nəvəsini dizinin üstünə aldı.

– Baba.

– Can baba.

– Baba, səndən bir şey istəsəm mənə alarsan?

– Əlbəttə alaram.

– Baba, mənə bir tapança al.

– Tapançan var axı sənin…

– Yox, o tapançadan yox… doğrucu tapança.

Səmədin bədənindən soyuq gizilti keçdi… Amma özünü tez ələ aldı.

– Neynirsən doğrucu tapancanı?

– Allahı öldürəcəm.

Səmədin eşitdiyi sözdən bədənində qanı dondu. Dodağının altında hansısa duanı oxudu.

– O nə sözdü mənim balam.

– Allah mənim atamı öldürüb, mən də onu öldürəcəm.

– Kim deyir ki, sənin atan ölüb.

– Anam.

– Ananı çox hirsləndirdin, ona görə dedi.

– Bəs atam haradadır, niyə gəlmir?

Səməd elə çətin vəziyyətə düşmüşdü ki, fikirlərini güclə cəm edə bilirdi.

– Atan Allahın yanındadır, mənim balam.

– Atam Allahın yanında neynir?

– Bilirsən mənim balam? – Səmədin öz dərdi də yadından çıxmışdı. – Əslində Allahın olduğu yer, dünyanın ən yaxşı yeridir. Pis adamları ora qoymurlar…

Tural hövsələsizcə babasının sözünü kəsdi.

– Bəs atam bilmir mən onsuz darıxıram… Bəs atam bilmir ki, anam onsuz darıxır…

– Bilir, niyə bilmir – Səmədin iri ulğumu qalxıb-endi. Bir qədər gözlədi ki, səsinin qarşısını kəsmiş qəhər ötüb keçsin.

– Bilirsən mənim balam. Bax, sən atanı çox istəyirsən, elədi?

Tural başı ilə babasının dediyini təsdiq etdi.

– Bax, sən atanı nə qədər çox istəyirsənsə, Allah da atan kimi yaxşı adamları o qədər çox istəyir. Atanı da öz yanına çox istədiyindən aparıb… Amma… – Səməd bir qədər fikrə getdi – Amma sən istəsən Allah atanı yenidən evimizə göndərə bilər.

– İstəyirəm! – Tural tələsik və sevincək dilləndi.

– Bax, mən bunun yolunu indi sənə deyəcəyəm. Amma sən də mənə söz ver ki, mənim sənə dediklərimi heç kəsə deməyəcəksən.

– Söz verirəm baba.

– Bax, əgər mənim sənə indi deyəcəklərimi kiməsə desən, bil ki atan heç vaxt ordan qayıdıb gəlməyəcək.

– Demərəm baba.

– Anana da, nənənə də, məktəb yoldaşlarına da… Heç kəsə bu haqda heç nə deməyəcəksən. Bildin?

– Bildim baba.

– Atanın getdiyi yerdən qayıtması üçün sən ən əvvəl Allahı çox istəməlisən hamıdan çox… Hətta məndən də, nənəndən də, anandan da çox… aydındır.

– Aydındır baba.

– Sonra dərslərini yaxşı oxumalısan. Dərslərini nə qədər yaxşı oxusan, nə qədər çox beş alsan, atan da o qədər tez gələr…

Hiss olunurdu ki, uşaq babasının dediklərinə tamam inanıb. Uşağın üzünə sanki bir nur qonmuşdu.

– Sənə bir şey də deyim mənim balam. Sənə nəzarəti Allah özü edəcək. Onun hər şeydən xəbəri olacaq… Sən Allahı nə qədər çox istəsən, dərslərini nə qədər yaxşı oxusan Allah biləcək ki, sən Atansız qala bilmirsən. Əvvəl-axır atanı evimizə göndərəcək. Bizim də bütün ümidimiz sənədir Tural. Əgər sən mən dediklərimi bacarsan, atanı evimizə gətirsən… heç bilirsən ki, bizi, ananı, nənəni, babanı necə sevindirmiş olacaqsan…

Söhbət bununla da bitmişdi.

                                             ***

Bu söhbətdən sonra Tural depressiyadan xilas olmuşdu. Uşağın qəfil dəyişməsi evdəkiləri nə qədər seivndirmişdi. Tural sözünü tutmuşdu. Səməd də, nəvəsi ilə olan söhbəti evdə heç kəsə deməmişdi. Sadəcə evdə dönə-dönə tapşırmışdı ki, uşağın yanında qəmli-dərdli söhbət etməsinlər. Atasının ölümü ilə bağlı söhbətlər uşağın yanında bir növ yasaq edilmişdi. Tural dərslərini əla oxuyurdu. Kitablardan ayrılmırdı. Bəzən nəvə-baba tənha otağa çəkilib uzun-uzadı söhbətlər edirdilər. Nənəsi Solmaz da, anası Gülşən də, babası ilə hər söhbətdən sonra uşağın üzündə nurlu bir təbəssüm görürdülər. Və bu haqda Səməddən heç nə soruşmurdular, lazım bilsəydi Səməd özü bu haqda danışardı. Danışmırdısa, demək soruşmaq da lazım deyildi.

                                                              ***

Tural babasının müqəddəs yalanına nə vaxta qədər inandı bunu bir Allah bilir. Bizim bildiyimiz odur ki, Turalın 13-14 yaşı olanda o artıq ölümün nə olduğunu bilirdi. Bəzən evdəkilərdən gizlin, evlərinin günbatanında yaxınlıqda olan qəbiristanlığa atasının məzarı üstünə gedərdi. Atasının ad günlərində, ölüm günündə. Novruz bayramı axşamlarında xəstə nənəsi dərddən qaməti əyilmiş babası, nisgilli anası ilə də dönə-dönə atasının məzarını ziyarət eləmişdi.

Amma babası ilə olan söhbət də nəticəsiz ötüşməmişdi. Turalın qəlbində böyük bir Allah eşqi yurd salmışdı. Həm də məktəbdə ən yaxşı oxuyan şagird idi. Neçə olimpiadanın qalibi olmuşdu. Məktəbin bütün müəllimləri onunla fəxr edirdi. Həm təhsildə, həm də tərbiyədə ən nümunəvi şagird idi. Hamı onun böyük gələcəyindən danışırdı.

                                                       ***

Televiziya işçiləri əvvəlcə Turalın oxuduğu məktəbdə çəkiliş aparmışdılar. Sonra çəkiliş onların evlərində davam elədi.

Turalla söhbəti isə Səmədin böyük həyətlərində çəkdilər. Tural özü belə istəmişdi. Babası, nənəsi, anası onun nə danışdığını bilmədilər…

                                                          ***

Tural haqqında verilişi Tural Amerikaya – Harvarda yola düşəndən iki gün sonra göstərdilər.

Bütün ailə televiziyaya diqqət kəsilmişdi.

Müəllimləri, şagird dostları danışırdı. Səməd, Solmaz nəvələri haqqında necə qürurla danışırdılar. Anası – Dünyanın ən bəxtəvər anası mənəm – dedi. Turalın atası haqqında da söhbət açdılar. Aparıcı – indi Turalın atası Adilin də ruhu şaddır – dedi.

Nəhayət Turaldan aldıqları intervünü göstərdilər.

Aparıcı: – Təhsilinizdə qazandığınız bu böyük uğura görə kimlərə minnətdarsınız? – soruşdu.

– Əlbəttə ailəmə, müəllimlərimə. Amma bu uğuruma görə ən çox minnətdar olduğum şəxs mənim babamdır… Birinci sinifdə oxuyanda babamla mənim aramda bir söhbət olmuşdu. Məhz həmin söhbət mənim müqəddəratımı həll etdi. Məni Harvarda aparıb çıxaran da həmin söhbət oldu. Mənim taleyimi o söhbət müəyyən etdi.

– Həmin söhbəti danışa bilərsiniz?

– …o vaxt babamdan mənə bir silah almasını istəmişdi

Pin It on Pinterest