GenelGüncelKültür SanatTürk Dünyası

ƏDƏBİYYATDA MİLLİ OYANIŞ VƏ DİRÇƏLİŞ PROSESİ: HEYDƏR ƏLİYEV VƏ HÜSEYN CAVİD – Lütviyyə Əsgərzadə  

Lütviyyə Əsgərzadə

Filologiya elmləri doktoru

Lütviyyə Əsgərzadə
Filologiya elmləri doktoru
Lütviyyə Əsgərzadə Filologiya elmləri doktoru

ƏDƏBİYYATDA MİLLİ OYANIŞ VƏ DİRÇƏLİŞ PROSESİ:HEYDƏR ƏLİYEV VƏ HÜSEYN CAVİD  

 “Mənim ədəbiyyata olan münasibətimi sübut etməyə elə bir ehtiyac yoxdur. Bunu Azərbaycanda yaxşı bilirlər. Bu, mənim vəzifəmə görə deyildir, mənim təbiətimdir, içimdən gələn hissiyyatlarımdır.“ Heydər Əliyev.

Böyük ədəbiyyat hər zaman qüdrətli dövlət xadimlərinin həyatında və siyasi fəaliyyətində önəmli yer tutmuşdur. Bir çox dövlət xadimi ədəbiyyatın “fəal mütaliəçisi” və müdafiəçisi kimi fərqlənmiş, yazıçı və şairlərə xüsusi rəğbət bəsləmiş, hətta “bədii ədəbiyyata dair bilik və informasiyaları ilə ziyalı mühitini heyrətləndirmişlər.” Rusiyanın düşüncə adamları cəsarətlə, “bizim milli ideologiyamız ədəbiyytımızdır”, – deyir. Bu fikri xalqının taleyini və tarixi yaddaşını özündə inikas etdirən Azərbaycan ədəbiyyatına da şamil etmək olar.

Bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər verən ümummilli lider Heydər Əliyev ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxmış, bədii ədəbiyyatın şəxsi taleyindəki rolunu Azərbaycan yazıçılarının onuncu qurultayındakı (1997) nitqində etiraf etmişdir: “Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm… mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum… O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam.”

Ümummilli lider fəaliyyəti boyunca digər sahələrlə yanaşı, ədəbiyyat məsələləri ilə də daim məşğul olmuş, ustad sənətkarların yubileylərinin keçirilməsi, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri tədqiqi, təbliği, dünya miqyasında tanıdılması, müasir ədəbi prosesin inkişafı üçün hər cür şərait yaradılması istiqamətində son dərəcə böyük işlər görmüş, nəhəng tədbirlər həyata keçirmişdir. Bu sahədə də böyük azərbaycanlının zəngin, dolğun nəzəri irsi ilə çoxsaylı fəaliyyəti bir-birini tamamlayır.

Belə ki ümummilli lider Heydər Əliyevin istər Azərbaycana birinci, istərsə də ikinci rəhbərliyi dövründə, bütövlükdə, xalq sənətinə, adət-ənənələrinə, etnoqrafiyaya böyük məhəbbəti fonunda şifahi söz sənətimizin ayrı-ayrı nümunələri barədəki qiymətli fikirləri, folklorun toplanılması, nəşri, tədqiqi, gələcək nəsillərə çatdırılması yönündə həyata keçirdiyi çoxşaxəli tədbirlər xüsusi əhəmiyyət kəsb edir. “Xalqımızın tarixində ədəbiyyatın qədim dövrlərdən öz yerini tutması və xalqımızın inkişafında çox böyük rol oynaması”, – fikrini xüsusilə vurğulayan  ümummilli lider, klassik ədəbiyyat məsələsini də hər zaman diqqətə çəkmiş, klassik ədəbiyyata yalnız bədii mədəniyyət faktoru kimi yanaşmamış, onu tariximizin qədimliyinin, möhtəşəmliyinin ifadəsi baxımından da yüksək qiymətləndirmişdir. Bütövlükdə, “milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir” – fikrini vurğulayan ulu öndərin Azərbaycan söz sənətinin hərtərəfli yüksəlişinə böyük diqqət və qayğısı son dərəcə mühüm dəyərə malikdir. Heydər Əliyev eyni zamanda, Azərbaycan ədəbiyyatının himayədarı və Nizami, Füzuli, Sabir, Mirzə Cəlil, Hüseyn Cavid… fəlsəfəsini böyük bir bacarıqla açan “söz sərrafı – fikir memarıdır.”

Tarixi yaşadan, əsrdən-əsrə ötürən söz-ədəbiyyat olub. Sözü-ədəbiyyatı isə yaşadan, ucaldan, tarix səhifələrinə yazan söz, fikir dahilər olub. Heydər Əliyev belə şəxsiyyətləri hər zaman qiymətləndirib, söz ucalığında dəyərləndirib. XX əsr dünya meridianlarında məhz Heydər Əliyevin xidmətləri, gördüyü unudulmaz işləri ilə Azərbaycan adı öz klassikləri vasitəsilə bir daha meydana cıxıb. Azərbaycan klassikləri dönə-dönə nəşr olunub, adları bir daha əbədiləşdirilib, abidələri ucaldılıb və s. Ümummilli liderin Azərbaycan ədəbiyyatına, şair-dramaturq Hüseyn Cavidə vətəndaş qeyrəti, oğul qayğıkeşliyi ilə edilən misilsiz  xidməti isə bu işlərin ən nəhəngi, ən ağlasığmazı idi. Heydər Əliyev Hələbdə Nəsiminin, Kərbəlada Füzulinin qəbri üçün nə qədər narahatlıqlar keçirirdisə, Hüseyn Cavidin Uzaq Sibirdə unudulmuş məzarı üçün də eyni narahatlığı keçirirdi.

Filosof şair-dramaturq Hüseyn Cavidin Uzaq Sibirdə, Tayşetdə məzara gömülməsi mənə hər zaman İbn Halduna aid edilən bir ifadəni xatırladır: “Coğrafiya taledir.” Bəlkə də  “Nəsimi kimi dərisi soyulmuş çılpaq Naxçıvan dağları” kimi əyilməz və məğrur sənətkarın Naxçıvanda dünyaya gəlməsinə baxmayaraq, iki mühitin hüdudunda böyüyüb, boya-başa çatmış, estetik zövqü, maarifçi dünyagörüşü, sənətkarlığı elm və təhsilin müxtəlif pillələrindən keçərək inkişaf edib, formalaşmış Hüseyn Cavidin həyatının Sibirdə son bulması da tale işi, alın yazısı idi.

Yaradıcılığı ilə çoxəsrlik milli şeirimizin və dramaturgiyamızın zənginləşməsində müstəsna rol oynamış “şəxsiyyəti və yaratdıqları ilə mühiti və mədəniyyəti formalaşdıran simalardan olan”, 6 il Cənubi Azərbaycanda, 5 il Türkiyədə yaşamış, həyatı Gəncə, Tiflis, Bakı ilə bağlı olmuş Hüseyn Cavid, 3 il Sibirdə sürgün həytı yaşamışdı, əgər buna yaşamaq demək mümkün isə.  Deyilənlərə görə, 1935-ci ildə bir gün Ruhulla Axundovf aciəli taleyi yazdığı faciələrdən də ağır, faciəli olan sənətkarı çağırıb deyir: – “Cavid əfəndi, mümkünsə, tərcümeyi-halınızı yazıb gətirin, çap eləyək.

– Ruhulla, siz istəyən kimi yazım, yoxsa necə varsa, elə?

– Cavid əfəndi, necə yəni “siz istəyən kimi”? Əlbəttə, necə varsa, eləcə yaz.

– Onda tərcümeyi-halım müsibətnamə olar.

– Eləsə, yazma, istəməz.” Mütəfəkkir sənətkarın “müsibətnamə” tərcümeyi-halının səbəbi, doğru insanın yanlış zamanda dünyaya gəlməsiydi, bəlkə də əksinə.  

XX əsrin 20-30-cu illərində bir sıra müsəlman-türk respublikaları ilə yanaşı, Azərbaycanda da bolşevizmin hökm-fərman olması ilə “pantürkizm”, “panislamizm” təhlikəsinə qarşı mübarizə aparılırdı. Bu mənada, Yaxın və Orta Şərq ölkələri içərisində sosial-iqtisadi, elmi-mədəni inkişafı ilə seçilən, qabaqcıl ideyaların, mütərəqqi hərəkatların meydana çıxması üçün münbit zəmin ola bilən Azərbaycan Qafqaz regionunda birinci hədəfdə idi. Buna görə də 1937-38-ci illərin sovet repressiyasında ən çox qanlı yaralar alan məhz Azərbaycan olmuşdur. Mədəniyyət və incəsənət sahəsində proletkultçuluğu  və sosialist realizmi yaradıcılıq metodunu əldə bayraq edən marksist-leninçi estetika və tənqid tarixi keçmiş və soy-köklə bağlılığı nəzərdə tutan hər cür münasibətin üstündən qara xətt çəkməyə hazır idi. Bu isə Azərbaycan xalqının ən azı minillik qədim və zəngin ədəbiyyatını öz kökündən qoparmaq, onun mövcudluq və inkişafını sinfi-siyasi mövqedən olmaqla yanaşı, yalnız və yalnız qondarma proletar mədəniyyətinə və sovet ədəbiyyatına bağlamaq məqsədi güdürü. Bolşeviklər həyatda və sənətdə sosialist inqlabını başa çatdırmaq üçün şüur və psixologiyalarda maarifçi və tənqidi realizmdən fərqli olaraq yeni bir “izm” sosialist realizmi modeli, qəlibi yaratdılar. Sosialist realizmi isə əslində siyasi cərəyan idi.

1932-ci ildə ortaya atılmış sosialist realizmi termini milli əədəbiyyatşünaslıqda, ilk dəfə 1933-cü ildə, Azərbaycan Sovet Yazıçıları cəmiyyətinin plenimunda H.Nəzərlinin məruzəsində işlədilmişdir. 1934-cü ildə isə bu metod sovet yazıçılarının Ümumittifaq qurultayında sovet ədəbiyyatının başlıca metodu elan edilmiş, elə oradaca da ayrı-ayrı məruzə və çıxışlarda sosialist realizminin prinsipləri müəyyənləşdirilmişdir.  Ən uyarlısı-sovet həqiqətinə uyqun ad sosialist realizmi idi və sosialist realizmi sənətkardan gerçəkliyi inqlabi inkşafda doğru və tarixi konkretliyi ilə təsvir etməyi tələb edirdi. Eyni zamanda, sosialist realizmi bədii yaradıcılığa geniş təşəbbüskarlıq göstərmək üçün, müxtəlif formalar, üsullar, janrlar seçmək üçün geniş imkan verir, ədəbiyyat və sənəti, Leninin dediyi kimi, proletar işinin “vintciyi”, “təkərciyi” funksiyasını yerinə yetirməyə, partiyanın siyasətini bir mexanizm kimi hərəkətə gətirməyə xidmət edirdi. Hətta əvvəlki sənət nümunləri də sosialist realizmi modelinə uyğunlaşdırılır, bu qəlibə uymayanlar isə məhv edilirdi. Sözsüz ki, bütün bunları həyata keçirirkən maniəsiz və qurbansız nail olmurdular. Sosial, ictimai, subyektiv maniələrə də rast gəlirdilər. “Qırmızı terror”a qarşı mübarizə aparan Azərbaycanın mərd və əyilməz oğulları da az deyildir və bu oğullar 30-cu illərin repressiya burulğanından yaxa qurtara bilmədilər.  “Heç  zaman sənətkar  vicdanına xəyanət etməyən”, öz yaradıcılığı ilə çoxəsrlik milli şeirimizin, dramaturgiyamızın zənginləşməsində xüsusi rol oynayan Hüseyn Cavid əfəndi bu şəxsiyyətlərdən biri idi.

Hər zaman xalqının milli yaddaşında və klassik söz xəzinəsindən güc alan, vətəninə, xalqına, ümumiyyətlə, insanlığa xidmət edən sənətkar Sənət sənət üçündür” nəzəriyyəsi ilə yazıb-yaratmış, daima sənətdə yaradıcılıq azadlığı ideyasını müdafiə etmiş, ədəbiyyata mənəvi tərbiyənin ən əlverişli, düzgün vasitəsi kimi baxmışdı. 1923-cü ildə mətbuatda gedən yazıların birində filosof şair haqqında yazılır: “Hələ tarix Hüseyn Cavidə əl vurmayıbdır. Şairimiz bir tərəfdə oturub əsərlərini yazır. Tarix isə qulaq asır və gözləyir”.

Cavid bir tərəfdə oturub şedevr əsərlərini yaradır, tənqidçilər Hüseyn Cavidin yazdıqlarına tənqidi yazılarla cavab verir, onu “köhnə mövzu”lara müraciət etməkdə günahlandırırdılar. Hənəfi Zeynallı məqalələrinin birində yazırdı: “Cavid bir “Şeyx Sənan” yazar, bir “Peyğəmbər” yaratmağa qeyrət edər, bəlkə də şimdi bir Çingiz, yarın bir İsgəndər, ertəsi gün də bir Lenin diriltməyə can atacaqdır.” Tənqidçilərin fikirləri absurd deyildi. Tarix mütləq Cavidə əl vuracaqdı. Çünki mütəfəkkir şair axına qarşı çıxır, ideologiyasına sadiqlik göstərir, günün hay-küyü haqqındakı “düşüncələrini tarixin qoynuna sığınaraq” mövzularını tarixdən alaraq ifadə edirdi. Bu zaman köhnəni təkrar etmirdi, köhnə mövzulara yeni ruh, yeni nəfəs verir, hər yeni pyesi ilə tamaşaçıların sonsuz rəğbətini qazanırdısa da, yeni ictimai quruluşun ruporlarını razı sala bilmirdi. Bu da anlaşılandı. Bolşevik hakimiyyəti Cavidə lazım olmadığı kimi, ədəbiyyatda  Şərqin dini, fəlsəfi düşüncəsi hopmuş Cavid də bolşeviklərə gərək deyildi.

Tarix boyu sənətkarlar və despotların davası, Xeyirlə Şərin mübarizəsinə dönüşmüş, təəssüf ki, çox zaman bu mübarizədə despotlar qalib çıxmışdır. Böyük sənətkarın qismətinə də Mircəfər kimi bir despotun müasiri olmaq nəsib olmuşdur.

Zaman da çox qarışıqdı, insanlar da, düşüncələr də. İnsanlar sanki iblisə uymuşdu (təbii ki istisnalar olmaq şərtiylə). Bəşərin İblisə uyduğu, hər gün yüzlərlə insanın güllələndiyi, sürgünə göndərildiyi, qapılara qara qıfıllar asıldığı qorxunc illərdi. Hər yerindən duran, Cavidin anladı-anlamadı dilini, üslubunu tənqid edirdi. Şairin bəlkə də gündə yüz dəfə heyrətlə beynindən “İblisəmi uymuş bəşəriyyət” fikrini  keçirdiyi, bu qorxunc illərdə qaraguruh niyyətlərinə nail oldu. Hüseyn Cavidi 1937-ci il repressiyasının qurbanları siyahısına saldı. Əslində, bolşevik hökümətinə qarşı savaş verən şairin özü öz adını bu siyahıya saldı, desək daha doğru olar.  Ölkə rəhbəri M. C. Bağırov K(b)P-nın XIII qurultayında hesabat məruzəsində şairin adını “ifşa olunmuş”larla birlikdə çəkdi:: “Bir baxın, Yazıçılar İttifaqında kimlər əyləşmişdi. Hazırda ifşa olunmuş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Trinci kimiləri”…

M. Bağırovun “ifşa olunmuş” deyə nişan verdiyi Cavid, 1937-ci ilin 4 iyun gecəsində ailəsindən ayırdı. Həbs olunan şair iki il Bayıl həbsxanasında saxlandıqdan sonra şaxtalı-buzlu Sibirə-Tayşetə sürgün olundu. 59 yaşında Uzaq Sibirdə 21 № li Əlillər xəstəxanasında, yad torpaqlarda vəfat etdi (5 dekabr 1941-ci il). Hər zaman Şərə qarşı olan, Şəri lənətləyərək insanları sülhə, humanizmə, gözəlliyə, həqiqətə  səsləyən Cavidin özü İblisin – Şərin qurbanı oldu. Amma yazdıqları yaşadı, dilimizi, Milli ideologiiyamızı yaşatdı. Dilimizə, tariximizə, ədəbiyyatımıza sahib çıxan həmçinin əsərlərində milli dəyərlərimizi əks etdirən, qoruyan və təbliğ edən sənətkarlara, onların əsərlərinə yüksək qiymət verən, ədəbiyyat və mədəniyyətin inkişaf etdirilmə işinə milli siyasət konsepsiyasından yanaşan ümummilli lider Heydər Əliyev həmçinin bu fakta diqqəti cəlb edirdi: “uzun müddət bizdə rəsmi ideologiya köklərimizin qədim türk tarixinə, türk millətinə mənsubluğundan danışmağa yasaq qoymuşdur. Tarixi təhrif edənlər adamlarımızı bu tarixi kökdən məhrum etmişlər. Bu cür yasaq və qadağalara məhəl qoymayan dahi Hüseyn Cavidə pantürkist damğası vurularaq  o, həbs edilmiş, Sibirin şaxtasında həlak olmuşdur.” Bu ümummilli lider Heydər Əliyevin Azərbaycan ədəbiyyatına, Azərbaycanın böyük sənətkarına, Hüseyn Cavidə verdiyi yüksək dəyərdir.

Böyük Sabir XX illərin başlarında yazırdı: “Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur.” Nehrə kimi çalxalanan zaman ədalətli bir hakim kimi, bir az gec də olsa, hər şeyi öz yerinə qoydu.  Ümummilli lider Heydər Əliyevin 1982-ci ildə, böyük iradə və məsuliyyət tələb edən tarixi bir qərara imza atması ilə mütəfəkkir şair-dramaturq layiq olduğu yerdə qərar tutdu. Bu qərar ədalətin var olmasına inam və xidmət idi. Heydər Əliyev qəbul etdiyi bu qərarla o zaman SSRİ də anoloqu olmayan bir hadisəni gerçəkləşdirdi, qorxunc sovet totalitar rejimində  pantürkist-millətçi kimi uzaq Sibirə sürgün edilən Cavid əfəndinin cənazəsini vətənə gətirtdi.

“Cavidi Sibirə sürgün etmək nə qədər asan idisə, onun nəşini Sibirdən gətirmək bir o qədər çətin, mümkünsüzdü. Ümummilli lider Heydər Əliyev mümkünsüzü mümkün etdi. Öz gücünü, cəsarətini  milli dəyərlərimizə sədaqətdən alan Ulu öndər Heydər Əliyev 59 yaşında Sibirə sürgün edilən və 59 nömrəli məzarda gömülən Cavidi “türkçülərin ən dahisini”, 41 il sonra 100 yaşında böyük siyasi ustalıqla vətənə gətirdi (qəribə faktdır ki, bu zaman Heydər Əliyev və Turan Cavid 59 yaşında idilər). “Bu, tək Cavidin vətənə qayıdışı deyildi. Bu “milli hissə və duyğuya malik olan şəxsiyyətlərin hamısının cənazəsinin, ruhunun, öz doğma vətənlərinə-Azərbaycana qaytarmaqdı.”

Aydındır ki, onun məzarının uzaq Sibirdən vətəninə gətirilməsi analoqu olmayan hadisə olmaqla yanaşı, həm də bir dahinin digər bir dahiyə verdiyi yüksək dəyərdi, bir dahinin digər bir dahinin irsinə göstərdiyi məhəbbətdir, ümumilikdə milli dəyərlərə hörmət və sədaqətdir  ki,  bunun da möhkəm və əsas qaynaqları var. Əgər bu qaynaqlardan biri Hüseyn Cavidlə Heydər Əliyevi birləşdirən coğrafi məkandırsa, onları birləşdirən ən önəmli amil isə, onların baxışlar sistemindəki milliliyə, türkçülüyə, milli yaddaşa,   millətə və xalqa, vətənə olan sədaqət hissləridir.

Heydər Əliyev Cavidin ibrətamiz həyat yolundan və dərindən bələd olduğu əsərləridən gətirdiyi nümunələrlə əsaslandırırdı ki, bu ölməz sənətkarın yaratdıqları Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıb. Ədib həmişə öz iradəsi ilə yaşamış, öz xalqına sadiq olmuşdur. Yalnız özünün və  Azərbaycanın deyil, bütövlükdə Turanın taleyini yaşayan Cavidin sonrakı taleyində  ümummilli lider Heydər Əliyevin imzaladığı qərarlar müstəsna əhəmiyyət kəsb etdi. Cənazəsi Sibirdəki atorqa məzarlığından Azərbaycana gətirildi, doğulduğu-böyüdüyü Naxçıvanda torpağa verildi. Üzərində məqbərə tikildi. Məqbərənin təntənəli açılışında Ümummilli lider Heydər Əliyev deyirdi: “Cavidin cənazəsini Uzaq Sibirdən gətirmək asan iş deyildir. Bu böyük iradə, cəsarət tələb edirdi. Ancaq xalqımıza, millətimizə ədəbiyyatımıza, mədəniyyətimizə, mənəviyyatımıza olan sədaqət məni belə bir cəsarət gösrməyə imkan verdi. Mən bunu etdim.”

Ümummilli lider Heydər Əliyev bir zamanlar qurultaydakı çıxışında Hüseyn Cavidi “hazırda ifşa edilmiş” adlandıran M.C.Bağırova sanki cavab olaraq deyir: “Vaxt var idi ki, Hüseyn Cavidi həbs etdilər. Və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan sonra onu millətçi, pantürkist, panislamist, antisovet adam adlandırırdılar. Amma, Hüseyn Cavidin əsərləri yaşadı. Çünki “Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən ibarət olmuşdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa, müstəqilliyə çağırıbdır. O, həmişə öz iradəsi ilə yaşayıb, öz iradəsinə, millətinə sadiq, millətini, xalqını həddindən artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur”.

Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev Hüseyn Cavidə əsl bəraəti bir tək nəşinin Uzaq Sibirdən gətirilməsi ilə verməyib. Hüseyn Cаvid “mətnlərinin ədəbi-еstеtik, tаriхi və məfkurəvi mаhiyyətinə vаqif” olan Heydər Əliyev, bütövlükdə şairin adına, şəxsiyyətinə, yaradıcılığına, xüsusən də dilinə  bəraət verib. Hüsеyn Cаvid yaradıcılığı ilk dəfə ümummilli lider Heydər Əliyevin sayəsində оrijinаl şəkildə, müəllifinin yаzdığı dildə, “təmiz və kаmil üslub”da охucuyа təqdim olunub.

Şairin qızı atasının 2007-ci ildə çap olunan külliyyatına 19 mаrt, 2004-cü ildə  yazdığı ön sözdə bu həqiqətlər bir daha öz təsdiqini tapır: “Bir küll hаlındа isə mətnlərinin, əsərlərinin bərаəti indi, yəni bu bеşcildliyin vаsitəsilə gеrçəkləşir. Хаtırlаtmаq istəyirəm ki, bеşcildlik Cаvidin əsərlərinin ən mükəmməl nəşridir və охuculаrın, tədqiqаtçılаrın, rеjissоrlаrın, nаşirlərin, bir sözlə, Cаvidə üz tutаcаq hər bir kəsin indən bеlə yаlnız bu nəşrə istinаd еtməsini istərdim. Bunun isə bir sırа səbəbləri vаr: Əvvəlа, imlаsının qоrunmаsı Hüsеyn Cаvid üçün çох əhəmiyyətliydi və еlə bu səbəbdən də о, bəzən əlyаzmаlаrının sоnundа bunu хüsusi хаtırlаdırdı: “İmlаsınа tохunmаmаlı!” Bir hаldа ki, özü bеlə istəmişdi, dеməli, bu sözləri оnun bir müəllif оlаrаq vəsiyyəti kimi də qəbul еtmək оlаr.

Bеləliklə, qəbul olunan qərarların işığında və şairin qızı Turan xanımın redaktəsi ilə, 2007-ci ildə Cаvid əsərlərinin orijinal nəşri ortaya qoyuldu. Şairin nəşr edilən beşcildliyi ümummilli lider Heydər Əliyevin Cavidlər ailəsinə, cavidsevərlərə, bütövlükdə Azərbaycan ədəbiyyatına və şairin tədqiqatçılarına ən böyük ərmağanı və şairin vəsiyyətinin yerinə yetirilməsidır.

Turan xanım yazır: “Etirаf еtmək istərdim ki, həyаtımı həsr еtdiyim müqəddəs bir işi yеkunlаşdırаrkən mən yаlnız bеlə hərəkət еtməliydim. “İmlаsınа tохunmаmаlı!” Bu, аtаmın tövsiyəsi və vəsiyyətiydi.

Hər şеyə görə, аtаmı Vətən tоrpаğınа qоvuşdurduğunа, əzizlərimi bir sərdаbədə, Cаvid məqbərəsində görüşdürdüyünə, Cаvid оcаğının çırаğını yеnidən yаndırdığınа görə unudulmаz Hеydər Əliyеvə Tаnrıdаn rəhmətlər diləyirəm.”

Stalin represiyasının milyonlarla qurbanı olmuş, milyonlarla günahsız insan bu repressiya maşınında məhv edilmişdi. Milyonlardan yalnız birinin məzarı tapılıb öz vətəninə qaytarıldı və  bunu hələ kommunist rejminin  tüğyan etdiyi vaxtda ümummilli lider Heydər Əliyev idi. Bu hadisə elmi fikirdə də yüksək dəyərləndirldi. 1992-ci ildə ABŞ-da “Azərbaycan türkləri” adlı zəngin qaynaqlara əsaslanan fundamental monoqrafiya çap etdirmiş tarixçi alim Odri Aldstadt kitabının “Azərbaycanda Heydər Əliyev erası” adlı fəslində Azərbaycanın KP MK-nın o zamankı birinci katibinin təşəbbüsü ilə Cavidin cənazəsinin uzaq Sibirdən Azərbaycana gətirilməsini ölkədəki müstəqillik arzularının və milli-azadlıq hərəkatının başlanğıc nöqtəsi kimi səciyyələndirdi.” Doğrudan  bu belə idi.

Ümummilli lider digər bir tarixi missiyanı da öz üzərinə götürərək şairin məzarı üstündə, Möminə Xatun məqbərəsi möhtəşəmliyində ikinci bir məqbərə ucaltdı. Turan xanımın xahişi ilə ümummilli liderin təşəbbüsü ilə Cavidin həyat yoldaşı Müşkinaz xanımın Bakıdan (1996), oğlu Ərtoğrulun Naxçıvan qəbrstanlığından nəşləri çıxarılaraq mərhumun yanında dəfn edildi. 2004-cü ilin payızında Bakı şəhərində vəfat etmiş Turan xanımın  cənazəsi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvana gətirilərək məqbərədə, əzizlərinin yanında  dəfn edilərək şairin əzizləri  bir-birinə qovuşduruldu.

Hüseyn Cavidin sonrakı taleyində Heydər Əliyev amilinin önəmi böyükdür.

Deyirlər; “Dünya bir pəncərədir, hər gələn baxar, gedər.” Bu həyatın fəlsəfəsidir. Bu pəncərə dünyadan baxıb gedənlər də var, əbədiyyətə yüksələnlər də.

Pəncərə dünyadan baxıb gedənlər bir müddət ağızlarda dolaşan nəğməyə bənzəyir. Az sonra bu nəğmə unudulur. Elə insanlar, dahilər də var ki, adları hər zaman dillərdə  əzbərdir. Adını  bütün dövrlərin dahisi olaraq tarixə yazmış və tarix yaratmış şəxsiyyətlərdən biri də ümummilli lider  Heydər Əliyevdir.  Dünyanın ən nəhəng siyasətçiləri ilə bir arada özünə əbədilik yer tutan, tarixdə Böyük Azərbaycanlı kimi hər zaman yaşayan, adı Azərbaycanın, bütövlükdə Türk dünyasının tarixinə qızıl hərflərlə yazılan Heydər Əliyevdən, Heydər Əliyev fenomenindən, Heydər Əliyev bənzərsizliyindən, Heydər Əliyev dahiliyindən və Hüseyn Cavid böyüklüyündən, Hüseyn Cavid qüdrətindən, Hüseyn Cavid bənzərsizliyindən hələ çox danışılacaq. Ümummilli lider Heydər Əliyev və Hüseyn Cavid hər zaman milliliyin, türklüyün, türk xalqlarının mədəni birliyinin tərəfdarı olmuş və ortaq türk mədəniyyətinin dünya mədəniyyətindəki yerini və mövqeyini həmişə və hər yerdə uca tutmuş, var etmişlər. Belə dahilər hər əsrin, hər xalqın bəxtinə düşmür.

haydar aliyev - hüseyin cavit
haydar aliyev – hüseyin cavid

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest