GenelGüncel

Damla Əhmədli – Şeerler

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Damla Əhmədli

Yalançısan,yalançı

Gör necə inanmışam,

Baldan şirin sözünə.

Səni yaxın sanmışam,

Can bilmişəm özümə.

##

Sanmışam ki,olarsan,

Hər dərdimin əlacı,

Daha bilməmişəm ki,

Yalançısan,yalançı!

##

Dediyin sözlər yalan,

Gəlişi gözəl imiş,

Nə məni dost bilmisən,

Nə sevgin özəl imiş.

##

Mən səfehdə inanıb,

Səni sirdaş bilmişəm,

Dərdimi sənlə bölüb,

Ağlamışam,gülmüşəm.

##

Qurmuşam bizə aid,

Necə gözəl xəyallar.

Sevməyi bacarmayan,

Bu hislərdən nə anlar?

##

Səni yüksəkdə tutub,

Etdikcə başıma tac.

Sən dilənçi sanmısan,

Məni sevginə möhtac.

##

Sevgi ülvi bir hisdir,

Sanma bir oyin onu.

Bax o zaman tez çatar,

Saxta sevginin sonu.

Allah yıxmayanı,

Kimsə yıxa bilməz

Üşütdü tənhalıq məni,

Bir isti ocaq axtardım.

Elə sifətlər gördüm ki,

Girməyə bucaq axtardım.

##

Bir vaxt məndən faydalanan,

Qohum,qardaş gəzdi gendən.

Dərdimi içimdə çəkdim,

Öz canım da bezdi məndən.

##

Unutdular varlığımı,

Yaxın ikən ,yad oldular.

Sevincimə kədərlənib,

Pis günümə şad oldular.

##

Kol tutub evimin yolun,

Gələnim yox,gedınim yox.

Gecə,gündüz ağlayıram,

Göz yaşımı silənim yox.

##

Yelkənsiz gəmi kimiyəm,

Həyat atıb tutdu məni.

Özümə can bildiklərim,

Beş qəpiyə satdı məni.

##

Nəm çəkmiş soyuq divarlar,

Söykəndiyim tək dayağım.

Ağacdan düzələn əsa,

Həm güvənim,həm ayağım.

##

Büdrəsəm də yıxılmadım,

Ümidlə baxdım sabaha.

Gecə ,gündüz dua etdim,

Sığındım uca Allaha.

##

Rəhmətini əsirgəmə,

Yalvarıram ay Allahım.

Səndən başqa yox bir kimsəm,

Bir tək sənsən qibləgahım.

Tanıdığım tənha,qaçqın  qadının dilindən.

O günkü vətəndə qaçqın yaşadım,

Qohumun,qardaşın yüzünü gördüm.

Yadların doğmadan əziz olduğun,

Doğmanın naxələf üzünü gördüm.

##

Nə ata,nə ana,nə qardaşım var,

Bir tək bacımı da aldı yağılar.

Ürəyim dərdlərdən bağladı qübar,

Bəxtimin qanayan gözünü gördüm.

##

Ailə sarıdan bəxtim oldu kəm,

Ürəyimdə kədər ,gözlərimdə nəm.

Bu ömür yolunda tapmadım həmdəm,

Haraya baxdımsa özümü gördüm.

##

Zülm ilə yaşadım kimsə bilmədi,

Bu zalım həyatda üzüm gülmədi,

Büdrədim,yıxıldım, kimsə gəlmədi,

Duranda qanayan dizimi gördüm.

##

Haraya yönəldim bağlandı yolum,

Qırıldı qanadım,qırıldı qolum,

Sağımdan vurdular, ağrıdı solum,

Üzümdə əzabın izini gördüm.

##

Kimsə dözməz idi belə zillətə,

Ayrılıq salıbdı məni möhnətə,

Bir gün qoyulacaq,son bu həsrətə,

Deyərək özümdə dözümü gördüm.

Konül vermə gəl nadana

Konül vermə gəl nadana,

Qıyma canın vaxtsız yana.

Nə etsən də o insana,

Bilməz qədrin,əzər səni,

Gərəyiysən gəzər səni.

##

Heçə sayar əməyini,

Zəhər edər çörəyini,

Uf demədən ürəyini,

Sındıraraq üzər səni,

Gərəyiysən gəzər səni.

##

Baxmaz gözunun yaşına

Dava salar boş- boşuna.

Nələr gətirər başına,

Edər candan bezar səni,

Gərəyiysən gəzər səni.

Laçınımın dağlarında

Laçınımın dağlarında ,

Bitən bağrı qan laləyəm.

Sağalmayır vətən dərdim,

Yurda həsrət divanəyəm.

##

Açılmayıb hələ yollar,

Durulmayıb hələ sular.

Könlüm vətən deyib ağlar ,

Ney səsində bir naləyəm.

##

Dağıdılıb ata yurdum,

Kədərdən bir bina qurdum.

Həsrətdən saralıb,soldum,

İçi çökmüş viranəyəm.

Söz Oğrusu

Oğurluğun çox növün,

Eşitmişdim,bilirdim.

Ancaq söz oğrusuna,

İlk dəfə rast gəlirdim.

##

Söz oğrusu olanın,

Başında olmur fikir.

Ona görə özgənin,

Sözündən fikir çəkir.

##

Hərənin yazdığından,

Bir neçə söz götürür.

Yazdığı şeirləri,

Bax beləcə bitirir.

##

Hələ təkcə bu deyil,

Rəylərə də əl atır.

Utanmadan götürüb ,

Altına imza atır.

##

Başqasının sözüylə,

Çatır şana,şöhrətə.

Daha bilmir gün gələr,

Düçar olar zillətə.

##

Oxuyanlar göz yumur,

Belə vecsiz nadana.

Göz yummayın a dostlar,

Söz oğrusu insana.

Lovğa fərənin aqibəti

(Təmsil)

Çil-çil fərə həyətdə,

Lovğa-lovğa gəzirdi.

Boylanaraq ətrafa,

Toyuqları süzürdü.

           ***

Bu an gözü sataşdı,

Bağda gəzən ağ qaza,

Heyran qaldi qazdakı,

Gözəlliyə,həm naza.

         ***

Boy -buxunu bir yana,

Yerişi can alırdı,

Qazın bu gözəlliyi,

Onu gözdən salırdı.

         ***

Lovğa fərə dözməyib,

Paxıllıqdan partladı.

Qazdakı bu yerişə,

Ürəyində çatladı.

        ***

Dedi:gərək öyrənim,

Mən bu qazın  yerişin,

Gəzdi qazın ardınca,

İzlədi hər gərdişin.

         ***

Çil-çil fərə durmadan,

Həvəslə məşq edirdi.

Öyrənməkçün yerişi,

Əl-ayaqdan gedirdi.

        ***

Bilmirdi necə etsin,

Yerişi gəlsin xoşa.

Fəqət fayda vermədi,

Zəhməti getdi boşa.

         ***

Öyrənmək istəyərkən,

Başqasının”yerişin”

Nəticədə  çil fərə,

İtirdi öz yerişin.

        ***

İnsan oğlu fərə tək

Yamsılama kimsəni,

Özün ol ki,tənqidə,

Tuş etməsinlər səni.

Hiyləgər beçə

(təmsil)

Xoruz çıxıb çəpərə,

İki ağız banladı.

Bunu görən gənc beçə,

Onu möhkəm danladı.

Dedi: ay mərcan xoruz,

Gəl banlama,bir dayan!

Belə gözəl səsinə,

Niyə vurursan ziyan?

Meşədə yarışma var,

Gəl qatıl yarışlara,

Bəlkə örnək olasan,

Meşədəki quşlara.

Münsiflər heyyətində ,

Əyləşib tülkü lələ,

Kömək edər keçərsən,

Bu fürsət düşməz ələ.

Axmaq xoruz inanıb,

Gənc beçənin sözünə,

Özünü sınamaqçün,

Çıxdı yolun düzünə.

Bilmədiki bu beçə,

Göz dikibdi yerinə.

Ona görə aldadıb ,

Onu salıb felinə.

Xoruz gəzdi meşəni,

Tədbirdən alsın soraq,

Nəticədə nahara,

Tülküyə oldu qonaq.

İnsan oğlu xoruztək,

Gəl əyilmə nəfsinə.

Yoxsa sənində sonun,

Dönüb olar tərsinə.

Talesiz qadın

Görənlər bəxtəvər sanırlar onu,

Bilmirlər nə çəkir, talesiz qadın.

Bir gözü ağlayır,bir gözü gülür,

Əyilmir önündə ,qohumun,yadın,

Bilən yox nə çəkir,talesiz qadın.

##

Gecələr qurumur gözünün yaşı,

 Yalnızlıq olubdu bir tək sirdaşı.

Sanki daşa dönüb bacı,qardaşı,

Unudub varlığın, çəkmirlər adın,

Bilən yox nə çəkir ,talesiz qadın.

##

Kimsə dediyini salmayır saya,

Müşkülə düşəndə ,çatan yox haya.

Görən niyə gəldim,mən bu dünyaya?

Verdiyi sualın tapmır cavabın,

Bilən yox nə çəkir ,talesiz qadın.

##

Həyat çox oyunlar oynayıb ona,

Çəkdiyi əzablar çatmayır sona.

Kimə güvəndisə girdilər dona,

Saldılar gözündən ,həyatın dadın,

Bilən yox nə çəkir,talesiz qadın.

Allah kimsəni darda qoymasın

Dilədim Allahdan əcəl çatmamış,

Ayaq basıb torpağımda gəzəydim.

Ziyarət edəydim dağı ,daşını,

Qartal kimi zirvəsində süzəydim.

##

Otuz ildir həsrətini çəkdiyim,

Atam evin qapısını açaydım.

Sevincimdən dönüb körpə uşağa,

Ayaqyalın ora,bura qaçaydım.

##

Qardaş,bacı yığılaydıq bir yerə,

Yağı yıxmış evimizi tikəydik.

Təmizləyib kol,kos tutmuş həyəti,

Hər tərəfdə qızılgüllər əkəydik.

##

Yandıraydıq ata evin çırağın,

Sevgi ilə anamızı anaydıq.

Söz açaydıq keçmiş xatirələrdən.

Anamızı yanımızda sanaydıq.

##

Qız gəlinlə seyrə çıxıb dağlara

Çiçəklərdən dərib dəstə tutaydıq.

Qəhqəhəmiz bürüyəydi ətrafı.

Bir anlığa dərdi,səri ataydıq.

##

Didərginlər qayıdaydı evinə,

Kənddə həyat axarına düşəydi.

Hər tərəfdə çatılaydı ocaqlar,

Oçaq üstə,həsrətlər qovuşaydı.

##

Dərdə dərman bulaqların suyundan,

Doya – doya ,bardaq-bardaq içəydim.

Ürəyimdə qalmaz idi niskilim,

Rahatlıqla bu dünyadan köçəydim.

Dayan

Dayan!

Kövrəlmə ürəyim!

Sahibinin haqsız yerə,

Axıdılan  göz yaşına,

Bilinməyən dəyərinə,

Sındırılan ürəyinə,

Alış artıq!

Səni qıran,parçalayan,

Biveclərə,nadanlara,

İkiüzlü insanlara,

Alış artıq!

Döz ürəyim!

İstəyirsən yaşayasan,

Biraz sərt ol,

Biraz vecsiz,

Daşa dönüş.

Sadiq dostum,tək sirdaşım,

Sus danışma!

Anlayanın yoxsa əgər,

İçində çək açıları.

Səssizliyə göm özünü.

Qoy saysınlar haqsız səni.

Səbr eylə döz.

Alış artıq !

Yalanlara,böhtanlara,

Üzdə bir cür,arxada  bir,

Dost görünən  insanlara.

Bu dünyanın hər üzünə,

Alış.artıq!

Taleyinlə barış artıq!

Axtarıram səni gülüm

Özümdə bilmirəm nədən,

Adını söyləyir dilim.

Gecə ,gündüz axtarıram,

Axtarıram səni gülüm.

🍂
🍂
🍂

Çiçəklərin naxışında,

Gözəllərin baxışında,

Buludların yağışında,

Axtarıram səni gülüm.

🍂
🍂
🍂

Əsən küləyin səsində,

Dənizlərin ləpəsində,

Bülbüllərin nəğməsində,

Axtarıram səni gülüm.

🍂
🍂
🍂

Pıçıldaşan yarpaqlarda,

Durna gözlü bulaqlarda,

Nəğmə dolu dodaqlarda,

Axtarıram səni gulum.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest