BİZ AZƏRBAYCANI ÇOX SEVDİK

Nazim Əhmədli

BİZ AZƏRBAYCANI ÇOX SEVDİK

Orhan Arası çoxdan tanıyırdım. “525-ci qəzet”də və başqa mətbuat orqanlarında onun yazılarını tez-tez və maraqla oxuyurdum. Amma yaxından  görüşməmişdim. Bir dəfə onunla 525-ci qəzetdə qısa görüşümüz oldu. Sonra ona kitablarımı verdim. “Sevgi Allahı”  adlı şeirlər kitabım  haqqında yazdığı məqaləni çox bəyəndim. Məqalə 525-ci qəzetdə dərc edilmişdi. Sətirlərindən anladım ki, o, bizim ədəbiyyatımızı çox yaxşı tanıyır.

Sonralar onunla sıx-sıx yazışdıq. Bakıya gələndə dəfələrlə görüşdük. Bir dəfə Orhan bəy mənə yeni yazdığı, hələ çap olunmamış “Helenendorfun sonuncu şahidi” adlı kitabının  elektron yazısını göndərdi. Kitabı oxuduqdan sonra  onu Azərbaycan tütkcəsinə çevirmək istədim.Orhan bəy də razılıq verdi.Bu yaxınlarda isə Orhan bəyin daha bir  “Biz Azərbaycanı çox sevdik”  adlı esse-memuar kitabını dilimizə uyğunlaşdırdım.Bu kitablarına qədər onun mənəvi dünyasını və ölkəmizə olan dərin sevgisini, burada və xarici ölkələrdə vətənimiz üçün apardığı mübarizə haqqında məlumatım yox idi.

Və bu yaxınlarda  Orhan Arasın “Biz Azərbaycanı çox sevdik” adlı yeni kitabı “ Mücrü” nəşriyyatında gözəl tərtibatla işıq üzü gördü. Kitabın üzərində işləyərkən bəzən çox emosional olurdum. Orhan Arasla başqa-başqa ölkələrdə doğulsaq da, anamıza, atamıza, elimizə-obamıza, tayfamıza olan həsrətimiz, hisslərimiz, düşüncələrimiz eyni idi. Onun Türkiyədə uşaqlıqdan başlayan Azərbaycana sevgisi, tələbəlik illərində ədəbiyyatımıza, folklorumuza bağlılığı, “Azərbaycanı, heç vaxt görmədiyi bir ölkə” haqqında xəyalları, düşüncələri məni çox təsirləndirdi.

Yetmişinci və səksəninci illərdə görmədiyimiz Türkiyə həsrətimiz və marağımız demək olar ki, ki qarşılıqsız deyilmiş. Türkiyədə yaşayan Orhan Aras kimi insanlar da bizi düşünür, həsrətlə bizə qavuşmağı  gözləyirmişlər.

İki yüz altı səhifəlik kitabda Türkiyədən başlayan Azərbaycan sevgisi, həsrəti Avropaya qədər uzanır 1989-cu ildən Azərbaycanın hüquqlarını müdafiə edən yazıçının savaşına çevrilir.

1990-cı ildəki ilk görüş, daha sonra qanlı 20 Yanvar hadisəsi ilə Avropada başlayan mitinqlər, daha sonra Orhan Arasın müharibəni öz gözləri ilə görmək üçün Almanyadan yola çıxıb çətinliklə Gürcüstandan keçərək  Azərbaycana səfəri, Azərbaycanda şahidi olduğu xaos və qarışıqlıq, rəngarəng və axıcı dildə yazılmışdır.

Orhan Arasın Azərbaycanda tanıdığı yazıçı və şairlər, onlar haqqında verdiyi qısa məlumatlar da ədəbiyyatımız üçün önəmlidir.

Özü də bu gözəl əsərə olan hisslərini belə ifadə edir:

“İyul və avqust aylarında Iğdırda çox isti olardı. Məktəbdən gələndə evdə yata bilmir, yatağımı götürüb dama çıxardım. Səhər tezdən damda oyananda ilk işim səmaya baxmaq olardı. İlk baxışda  şərqdə parlayan parlaq bir ulduzu görərdim. Xalqın “Çoban Ulduzu” adını verdiyi o ulduza baxar dərin fikirlərə dalardım. Səhərin sərinliyində, sükutunda öz işığı ilə şərqdən mənə mesajlar verən bu ulduzun Azərbaycan olduğunu düşünürdüm. O vaxtdan bəri nə vaxt bir Azərbaycan xalq mahnısına qulaq assam, bir Azərbaycan şeiri oxusam, bir Azərbaycanca söz eşitsəm o ulduz yadıma düşür və gülümsəyirəm. Çünki, səhərlərimi işıqlandıran o ulduzda arzularım, ümidlərim, uşaqlığım  gizlənmişdi.

Bu kitabı yazarkən tez-tez o çoban ulduzu yadıma düşdü. O çoban ulduzunun işığında Iğdırdakı uşaqlığım, 1990-cı ildən sonra Azərbaycan torpağı və xalqı ilə qucaqlaşdığım an, 1993-cü ildə Tovuza yaxın rayonlar və kəndlərdə keçirdiyim üç həftə, Avropada Azərbaycan üçün keçirdiyimiz görüşlər, konfranslar kino səhnələri kimi gözümün önündən keçdi.”

Nə yaxşı ki, uşaqlığımda  hər səhər o ulduzu gördüm, o uzaq ölkəni sevdim ve bu sevgi ilə  bu günə qədər yaşadım.

Bu kitab, Türkiyədə böyüyən bir insanın çoban ulduzunu izləyərək uzaqdan sevdiyi Azərbaycan sevgisindən bəhs edir. Ürəyində bu sevgini böyüdən hər bir insan bu kitabda öz hisslərindən bir parça tapacaq.”

Pin It on Pinterest