Sentimentalizm: Azərbaycan modeli – Abdulla bəy Divanbəyoğlu 

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Elnarə QARAGÖZOVA

Sentimentalizm: Azərbaycan modeli – Abdulla bəy Divanbəyoğlu 

Abdulla bəy Divanbəyoğlu
Abdulla bəy Divanbəyoğlu

       XVIII əsrin II yarısında meydana çıxan sentimentalizm cərəyanı klassisizm cərəyanına əks mövqeni, bu cərəyanın kanonlarına etirazı özündə ehtiva edirdi. Klassisizm tələblərinin, çərçivələrinin sərtliyinə, öz inkişafında artıq psevdoklassisizm mərhələsinə qədəm qoyduğuna, sırf elitar, aristokratik ədəbiyyata çevrildiyinə görə yeni çağın aparıcı qüvvəsinə çevrilməkdə olan orta təbəqənin tələblərinə cavab verməkdə aciz idi. Klassisizmin antik ədəbiyyatdan bəhrələnən qəhrəmanları, süjetləri artıq oxucunu cəlb etmirdi. Bu kontekstdə yaranan sentimentalizm sadə insanları, onların cari həyatını, məişətini, duyğularını, təbiət təsvirlərini, psixoloji məqamları ədəbiyyata gətirdi.

       Bəzən sentimentalizmi romantizmlə eyniləşdirirlər. Lakin bu iki cərəyana məxsus əsərlər təsvir və obraz elementləri baxımından oxşar görünsələr də, mahiyyət və ideyaca tam fərqli nümunələrdir. Romantizmin əsas obyekti qəhrəman, sentimentalizmin obyekti isə duyğulardır. Bu iki cərəyanın qəhrəmanları xarakter baxımından da fərqlənirlər. Sentimental qəhrəman xeyirxah və sadə olduğu halda romantik qəhrəman melanxolik və mürəkkəbdir. Məhəbbət sentimental qəhrəmanı mənəvi baxımdan xilas edir, romantik qəhrəman isə məhəbbətin qurbanına çevrilir. Azərbaycan ədəbiyyatında Əbdül (A.Divanbəyoğlu) və Arif (H.Cavid) obrazları sentimentalizmlə romantizmin səciyyəvi qəhrəmanları kimi bu sadaladığımız xüsusiyyətləri simvollaşdırırlar.

        Dünya ədəbiyyatşünaslığında A.Grenet, C.Jodry, L.Guilhamet, J.Barkhausen, J.Mullan, P.Orlov, M.Trinskaya sentimentalizmin nəzəri əsasları ilə bağlı araşdırmaların müəllifi kimi tanınırlar. Azərbaycan ədəbiyyatşünaslığında sentimentalizmin tədqiqindən söz açdıqda isə ilk xatırlanan imza mərhum ədəbiyyatşünas professor Hüseyn Həşimlidir. Onun 1990-cı ildə dərc olunmuş “Ədəbiyyat nəzəriyyəsi kursunda sentimentalizm ədəbi cərəyanının öyrədilməsi” adlı metodik göstərişi bu cərəyanın Azərbaycan ədəbiyyatşünaslığında tədqiqi sahəsində atılan ilk addımlardandır. Hüseyn Həşimli daha sonralar bu sahədə tədqiqatlarını davam etdirərək “Azərbaycan ədəbiyyatında sentimentalizm” (1998) adlı sanballı araşdırmasını elmi ictimaiyyətə təqdim etmişdir. Bu cərəyanla bağlı nəşr edilmiş tədqiqatlar sırasında Baba Babazadənin “Azərbaycan sentimentalizmi” (2003) monoqrafiyasını da göstərə bilərik.

           Qərb və Rusiya ədəbiyyatından fərqli olaraq Azərbaycan ədəbiyyatında sentimentalizm cərəyanı öz ifadəsini əsasən XX əsrin əvvəllərində yaranan bədii nümunələrdə tapmışdır. “Ədəbiyyatımızda S.M.Qənizadə, A.Divanbəyoğlu, İ.Musabəyov, N.Bəsir, C.Cabbarlı və başqalarının yaradıcılığında təzahür edən sentimentalizm” (H.Həşimli) A.Divanbəyoğlunun yaradıcılığında daha aydın və ardıcıl şəkildə izlənir. “Duman”, “Fəhlə”, “İlan”, “Ərdoy dərəsi”, “Cəng”, “Dan ulduzu”, “Can yanğısı”, “Əbdül və Şahzadə” əsərlərinin müəllifi olan Abdulla bəy Divanbəyoğlu həm də tariximiz, folklorumuzla bağlı materialları toplayaraq tədqiq etmiş, ömrünün sonuna qədər elmi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Abdulla bəy Divanbəyoğlunun “Əbdül və Şahzadə” və “Can yanğısı” əsərləri Azərbaycan ədəbiyyatında sentimentalizm kanonlarının tədqiqi üçün önəmli bədii mənbə rolunda çıxış edir.

          “Əbdül və Şahzadə” povestinin əsas qəhrəmanı Əbdül sentimentalizmin qəhrəman konsepsiyasına – duyğularla dərk edən və başqalarının dərdlərini anlayıb əzab çəkən insan obrazına tam uyğundur. Povestin əsas atributları sentimental göz yaşları və ölüm səhnələridir. Cəmiyyətin duyğulara düşmən kəsilməsinə etiraz edən Əbdülün əmisi qızı Şahzadə ilə məhəbbəti də insanın qəlbini heçə sayan bu qaragüruhun qurbanı olur.

          Sıradan insanların duyğularını, fundamental mənəvi dəyərləri, sadə həyatı təsvir edən Qərb sentimental romanlarından fərqli olaraq A.Divanbəyoğlunun əsərində bütün bu sadalanan keyfiyyətlərlə yanaşı, maarifçilik ideyaları, qadın azadlığı problemi əsas xətt kimi vurğulanır. Əsər boyu Əbdülü məşğul edən əsas problem qadınların duyğularının cəmiyyət tərəfindən diqqətə alınmaması və bunun doğurduğu problemlərdir: “Əbdül tətil günlərini evdə keçirirdi. Hər şey onun xoşuna gəlirdi, ancaq bir şey – qadınların kişilər qarşısında cəsarətsizliyi, utancaqlığı, hətta çəkinməyi və qorxması onu təşvişə salırdı”. Bu cəhət sentimentalizm cərəyanının Azərbaycan variantının əsas fərqləndirici keyfiyyətlərindəndir. Sentimentalizmin maarifçilik və qadın azadlığı ideyaları ilə tandemdə yaranan bu milli variantı tarixi şəraitdən, milli-mənəvi keyfiyyətlərdən qaynaqlanır. Əsərin Əbdüllə Sonanın sevgisi ilə bitməsi isə sentimentalizmin qəhrəmanın məhəbbətlə xilası ideyasının bədii ifadəsi kimi təzahür edir.

         Abdulla bəy Divanbəyoğlunun “Can yanğısı” povestinin də əsas mövzusu duyğuların əsarətinin və qadın hüquqsuzluğunun gətirdiyi faciələrdir Əsərin əsas xəttini namus ləkəsini təmizləyib qaçaq düşən Əhmədin kənddə rast gəlib sevdiyi Ruqiyyə ilə məhəbbəti təşkil edir. Böyük məhəbbətlə bir-birinə bağlanan cütlük şəhərə köçdükdən sonra əsərin kulminasiya nöqtəsi başlayır. Şəhər mühiti Əhmədin xarakterindəki gizli, mənfi məqamların aşkara çıxmasına şərait yaradır. Onun Ruqiyyəyə olan sevdası uzaq bir xatirəyə çevrilir. Əhmədin dönüklüyü, onun üstünə günü gətirməsi Ruqiyyənin dərddən çərləyib ölməsinə, Əhmədin isə peşman olaraq dərviş həyatına qədəm qoymasına səbəb olur. Sentimental kanona uyğun olaraq təsvir olunana əzab, ölüm və peşmanlıq triadası fonunda qəhrəmanın duyğu təkamülü problemi önə çəkilir: “Dərviş bir dua zikr etdi və sonra dedi:

      – Böylə bir gurultu onda, Ruqiyyə can verəndə də oldu. O gurultu mənim canıma elə bir fəna qorxu salıbdır ki, əvvəl gurultu canıma vahimə salır, amma sonra bərkişəndə qorxu çıxır… Ruqiyyə məni belə gündə qoydu, canını xilas etdi. Canımda yanğı, qəlbimdə yanğı, könlümdə yanğı, gözlərimdə yaş qoyub getdi… Ruqiyyə öldü, köhnə eşq, köhnə məhəbbət oyandı…”.

       “Can yanğısı” povestində sentimentalizmin əsas kanonlarından daha biri – qəhrəman-şəhər təzadı da öz əksini tapmışdır. Bu cəhət də sentimentalizmi romantizmdən fərqləndirən əsas keyfiyyətlərdəndir. Romantizmdə qəhrəman cəmiyyətə qarşı qoyulursa sentimentalizmdə əsas antaqonist ünsür şəhərdir. Bu səbəbdən də Əhmədlə Ruqiyyənin məhəbbətinin həzin sonu məhz qəhrəmanların şəhərə köçmələri ilə bağlıdır.

         Abdulla bəy Divanbəyoğlunun yaradıcılığı sentimentalizmin əsas keyfiyyətlərini özündə ehtiva etməklə yanaşı, cərəyanın Azərbaycan modelinin əsas keyfiyyətlərini – maarifçi-didaktik ünsürləri və dövrün çağırışlarını – qadın azadlığı məsələsini əks etdirir.

Pin It on Pinterest