Azərbaycan ordusunun tarixinə baxış – Subhan Talıblı

Azərbaycan Ordusunun qəhrəmanlıq, mübarizlik və döyüş təcrübəsi ənənələrinin çox qədim və zəngin bir tarixi vardır. Azərbaycan hərb işinin ilkin təşəkkül tapdığı bölgələrdən biri hesab olunur. Azərbaycan ordusunun tarixinə nəzər yetirdikdə Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlətinin ordu quruculuğu və apardıqları döyüş tarixlərinə baxdıqda hərb tarixmizin şanlı səhifələrini görürük.
1828-ci ildə Azərbaycan xanlıqlarının öz müstəqilliyini itirməsini rəsmiləşdirən Türkmənçay müqaviləsinin imzalanması Azərbaycan xalqının tarixində olduğu kimi, Azərbaycanın hərb tarixində də yeni bir mərhələnin başlanğıcını qoydu. Çar Rusiyası əsarətdə saxladığı xalqlar arasında yalnız türk-müsəlman xalqlarını hərbi işdən uzaqda tutmaqla, əslində, onların mübarizə əzmini, döyüş ruhunu zəiflətməyə çalışsa da, hərbi təhsil alaraq imperiya odrusunda xidmət etmək fürsəti qazanan müsəlman, o cümlədən azərbaycanlı zabitlərin sərkərdəlik istedadına göz yuma bilməmiş, hünər və qəhrəmanlıqlarından böyük fayda götürmüşdür.
🔹AXC dövründə
1918-ci mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi və Azərbaycan xalqının yenidən öz istiqlaliyyətinə qovuşması milli nizami ordu quruculuğu tarixinin başlanğıcını qoymuş oldu. 26 iyun 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında Səməd bəy Mehmandarov, Əlağa Şıxlinski, Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov və digər peşəkar hərbçilər müstəqil dövlətimizin müdafiəsinin təşkilində, hərbi strukturlarının formalaşmasında xüsusi fədakarlıq və xidmətlər göstərmişlər. Məhz onların rəhbərliyi və fəal iştirakı ilə Azərbaycanda hərb sənətinin dirçəldilməsi, döyüş ənənələrinin və vətənpərvərlik ruhunun bərpası mümkün olmuş, Bakı və Azərbaycanın digər bölgələri həmin dövrdə də öz məkrli niyyətlərini gerçəkləşdirmək istəyən erməni-daşnak quldurlarının və regional güclərin təcavüzündən xilas edilmişdir.
🔹II Dünya müharibəsi dövründə
II Dünya müharibəsində faşizmə qarşı döyüşlərdə azərbaycanlıların göstərdiyi qəhrəmanlıqlar milli hərb tariximizdə xüsusi yer tutur. Bu müharibədəki azərbaycanləların fəaliyyətində haqqında Heydər Əliyev deyirdi: “1941-1945-ci illər müharibəsi dövründə, o döyüşlərdə göstərilmiş qəhrəmanlıq nümunələri, o cümlədən Azərbaycan oğullarının, qızlarının, övladlarının göstərdiyi igidliklər qəlbimizdə daim yaşayacaqdır”.
II Dünya müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insan səfərbər edilərək ordu sıralarına yola düşmüş, onların 300 mindən çoxu döyüşlərdə həlak olmuşdur. Müharibədə 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və digər azərbaycanlılardan ibarət milli diviziyalar Simferopolda, Odessada və digər şəhərlərdə vuruşmuşlar. 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad edilməsində igidlik göstərmişdi. 416-cı diviziya Qafqazdan Berlinədək qəhrəmanlıq yolu keçmişdi. II Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə Azərbaycandan 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib.
🔹Sovet dövründə
Sovet hakimiyyəti illərində Azərbaycanda hərbi təhsilə xüsusi əhəmiyyət verilməsi, soydaşlarımızın yeniyetmə yaşlarından hərb sənətini öyrənməyə başlaması, xüsusən də Heydər Əliyevin respublikanın rəhbəri seçildikdən sonra Azərbaycanda hərbi ənənələrin dirçəldilməsi istiqamətində tədbirlər gördü. H.Əliyevin 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin təşkil olunmasına, həmçinin daha çox azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, keçmiş SSRİ-nin digər hərbi məktəblərində təhsil almaları bugünkü müstəqil dövlətimiz üçün peşəkar zabit kadrlarının hazırlanması işinin əsasını qoymuşdur.
🔹Qarabağ müharibəsi (1988–1994)
Qarabağ müharibəsi zamanı Azərbaycan hökuməti hərbi qulluğa çağırışı həyata keçirirdi və Sovet İttifaqı dağılandan sonra, çox azərbaycanlılar həvəslə ilk aylarıda döyüş üçün hərbi qulluğa daxil olurdu. 1991-1994-cü illərdə Qarabağda və dövlət sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi şəhid olub. 1992-1994-cü illərdə hərbi əməliyyatlar zamanı erməni qüvvələrinin əsas itkiləri Azərbaycan ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları zamanı qeydə alınıb. Azərbaycan ordusunun itkiləri Ağdam döyüşlərində,1994-cü ilin qış-yaz aylarında isə Kəlbəcəri geri almaq üçün təşkil edilmiş hücum əməliyyatlarında olub.
🔹Müstəqiliklik dövründə
Azərbaycanda müstəqil dövlət quruculuğunun ən mühüm nailiyyətlərindən biri respublikamızın suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin müdafiəsinə xidmət edən Silahlı Qüvvələrin yaradılmasıdır. Əsas Qanunumuzun –Konstitusiyamızın 9-cu maddəsində göstərildiyi kimi, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr və başqa silahlı birləşmələr yaradır.
🔹Azərbaycan ordusunun strukturu
Azərbaycan Quru Qoşunları – Azərbaycan Silahlı Qüvvələrinin tərkib hissəsidir. Quru Qoşunları müxtəlif hərbi birləşmələrdən və bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tabe olan briqadalardan ibarətdir.
Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür. Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qayıbov olub. Azərbaycan Hərbi Hava Qüvvələri 14 fevral 1992-ci ildə Milli Ordunun ayrıca bölməsi kimi təsis olunub. 1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb.
Azərbaycan Hərbi Dəniz Qüvvələri – 1992-ci ilin aprelin 7-də Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələri Qərargahı, mühafizə və təminat rotası yaradıldı. HDQ tərkibinə su rayonunun mühafizəsi divizionu, desant gəmiləri divizionu, tral divizionu, axtarış-xilasetmə gəmiləri divizionu, təlim gəmiləri divizonu daxil olan əsasən suüstü gəmilər briqadasından ibarətdir. HDQ tərkibinə həmçinin Bakı ətrafında yerləşən Azərbaycan Dəniz Piyadaları və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi daxildir.
Azərbaycan Respublikası Daxili Qoşunları-1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. 1995-ci il martın 9-da prezident Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla 12 mart Daxili Qoşunlar Günü elan olunmuşdur.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti — Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 iyul tarixli, 740 nömrəli Fərmanı ilə yaradılmış, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti- Azərbaycan Milli Qvardiyası Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 1991-ci il tarixli 524 saylı fərmanı ilə yaradılmışdır. Milli Qvardiya Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) tərkibinə daxildir. XDMX- dövlət mühafizəsi obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və mühafizə olunan obyektlərin qorunması, Prezident rabitəsinin, xüsusi dövlət rabitəsinin, dövlət orqanlarının xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərinin və şəbəkələrinin təşkilinin, istismarının, təhlükəsizliyinin və inkişafının təmin edilməsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
🔹Səfərbərlik və hərbi xidmətə çağırış
Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına uyğun olaraq Azərbaycan Respublikasının müdafiəsi və əsgəri xidmət Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. Bu Qanunla müəyyən edilmiş hədlərdə və növlərdə hərbi xidmət məcburidir. Alternativ xidmət (əmək mükəlləfiyyəti) keçmək üçün göndərilən şəxslərdən başqa Azərbaycan Respublikasının 18 yaşına çatan və səhhətinə görə hərbi xidmətə yarayan hər bir kişi vətəndaşı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarında 18 ay müddətində həqiqi hərbi xidmət və ya bir aydan üç ayadək müddətə toplanış hazırlığı keçməlidir.
🔹Hərbi təhsil
Bu gün ölkəmizdə hərbi təhsil litseyləri, həm dəm də akademiyalar vardır. Hərbi liseylər – Cəmşid Naxçıvanski adına hərbi lisey və Heydər Əliyev adına hərbi lisey, Hərbi akademiyalar – Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Silahlı qüvvələrin təlim və tədris mərkəzi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi fəaliyyət göstərir.
Ordumuzun beynəlxalq əlaqələri
Azərbaycan Respublikasının sülh və müharibə dövründə hərbi təhlükəsizliyinin təmin olunmasında, həmçinin xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar çərçivəsində tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir. Beynəlxalq hərbi əməkdaşlıq fəaliyyəti Xarici İşlər Nazirliyi və digər aidiyyəti dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələri ilə əlaqəli şəkildə, Azərbaycan Respublikasının müdafiə və xarici siyasət kursuna müvafiq olaraq həyata keçirilir. Beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi təhsil, hərbi-siyasi və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir. Beynəlxalq hərbi əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətləri: Region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq; Avro-Atlantik strukturlarla əməkdaşlıq; Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə sənayesi kompleksləri ilə əməkdaşlıq.
4 may 1994-cü il tarixdə Azərbaycan Respublikası NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulub. Müdafiə Nazirliyi NATO ilə əməkdaşlıq çərçivəsində Sülh Naminə Tərəfdaşlıq Proqramı, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. Müdafiə Nazirliyi bu mexanizmlərdən istifadə edərək strateji sənədlərin işlənib hazırlanması, hərbi təlim və tədrisdə NATO standartlarının tətbiqi, Sülhməramlı qüvvələrin hazırlığı, şəxsi heyətin idarə olunması, dəniz təhlükəsizliyi, maddi-texniki təminat, təcrübələrin öyrənilməsi, kibertəhlükəsizlik, enerji təhlükəsizliyi, sahib ölkə dəstəyi və hava məkanına nəzarət sahələrində müvafiq islahat fəaliyyətlərini həyata keçirir.
🔹Ordumuzun beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı
Azərbaycan Ordusunun sülhməramlı kontingenti 1999-cu ildən etibarən sülhməramlı əməliyyatlarda iştirak edir.1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək Azərbaycan Ordusunun sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə (32 əsgər, 1 gizir və 1 zabit) NATO-nun rəhbərliyi altında Kosovoda sülhyaratma və sülhü dəstəkləmə əməliyyatlarda iştirak edib. 20 noyabr 2002-ci il tarixdən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı bölüyü 2003-cü il avqustun 15-dən 2008-ci dekabrın 7-dək 151 nəfərlik şəxsi heyətlə (120 əsgər, 16 gizir, 15 zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərib. 2015-ci ilin yanvar ayından NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.
Əsası ümumilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında inişaf etdrilir. Prezident İlham Əliyevin müstəqil dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasəti nəticəsində Azərbaycan Ordusu bu gün həm bölgədə, həm də dünyada inkişaf etmiş orduları sırasında özünə layiqli yer tutur.

📜AMEA Şərqşünaslıq İnstitunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Talıblı Sübhan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest