Genel

ATATÜRKÜN AZƏRBAYCAN KONSEPSİYASININ İDEOLOQU – İSMAYIL HİKMƏT

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsicisi

Nadir Məmmədli
Nadir Məmmədli

ATATÜRKÜN AZƏRBAYCAN KONSEPSİYASININ İDEOLOQU – İSMAYIL HİKMƏT

1923-cü ilin əvvəllərində yeni qurulan Azərbaycan Sovet Sosialist Respublikası kadr azlığından Ankara Böyük Millət Məclisi Hökumətinə müraciət edərək Bakı Ali Pedaqoji İnstitutu və Bakı Universitetində türk dilindən dərs vermək üçün professorlara ehtiyacı olduğunu bildirmişdi. Bu xahişi nəzərə alıb, Ankara İstanbuldakı təmsilçilərinə kömək etməyi həvalə etmişdi. O zaman orta məktəblərdə Türkiyə türkcəsinin ədəbi dilindən də dərs keçilirdi. Türkiyəli alimlərin Azərbaycana dəvət olunması, onların elmi-mədəni, ədəbi-pedaqoji həyatda fəal iştirakı 1921-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında bağlanan sazişin və Zaqafqaziya Federasiyası respublikaları ilə Türkiyə arasındakı Qars müqaviləsinin mədəniyyət sahəsində nəzərdə tutduğu əlaqələrlə bağlı müqavilələr əsasında tənzimlənib.

Getməyə qərar verən iki həmkarı ilə birlikdə İ.Hikmət Bakıdan gələn nümayəndə heyəti ilə zamanı qərarlaşdırır. İsmayıl Hikmətin 1958-ci ildə Münhendə çıxan “Dərgi” nəşrinin 13-cü sayında dərc olunmuş “Dörd il yarım Azərbaycanda” adlı  mə­qalə-memuarı 1923-cü ildən sonra Azərbaycanda gedən ədəbi-siyasi proseslərin, hələ də qaranlıq qalan məsə­lələrin dolğun elmi-siyasi təsvirini verən, bəlkə də, yeganə əsərdir. O, Azərbaycan Respublikasının Tür­kiyədən mü­əl­lim istəməsinin və Sovetlər birliyinin buna mane olma­masının iki əsas səbəbini belə izah edirdi: “Biri Türkiyə ilə olan zahiri dostluğu; zahiri deyirəm, çünki həqiqətdə bu dostluqdan əsər yoxdu. Hər gün Bakı küçələrində xalqa nitq söyləyən firqəçilər Türkiyə hökumətini paşalar höku­məti adlandırır və onların zehnini tənqid edir; hər gün də Türkiyənin Bakıdakı təmsilçisi baş konsulluq tərəfindən aldığı etiraza: ”Çox mütəəssirik, bunu edənlər avam xalqdır, üzr diləyirik, biz onların öhdəsindən gələrik!” tərzində uydurma bir üzrxahlıq edirdilər.

Bu da aradakı dostluğun mahiyyətini göstərməyə yetərlidir. İkincisi də, Azərbaycan Cümruhiyyətini şübhələndirmədən uyğun bir zamanda münasib bir siyasət yürütmələri idi.”

Ömər Özcan İsmayıl Hİkmətin Azərbaycanla bağlı məqaləsimdə tərcümeyi-halından belə yazır: “1923-1927-ci illər arasında Azərbaycanda təhsil işçisi kimi çalışan professor İsmayıl Hikmət Ərtaylan 1889-cu ildə İstanbulda Bəylərbəyi məhəlləsində dünyaya göz açıb. O, orta təhsilini Qalatasaray liseyində alıb. 1911-də İstanbulda Mülkiyyə məktəbini yaxşı dərəcə ilə bitirib. Qalatasaray liseyi və Robert kollecində ədəbiyyat və fransızca dərslər verib.

Azərbaycan hökuməti Türkiyə Böyük Millət Məclisi hökumətindən müəllimlik istədiyinə görə 1923-cü ilin aprelində Maarif Nazirliyi onu Bakıya göndərib. Bakı Universiteti ilə Bakı Teatr məktəbində Türk ədəbiyyatı tarixi müəllimi, Bakı Pedaqoji İnstitutunda, Bakı Darülmüəllimində Qərb ədəbiyyatı  tarixi və sənət tarixi müəllimi, 1924-ün sentyabrından Bakı Universiteti Ədəbiyyat fakültəsinin dekanı işləyib. 1927-nin iyulunda Bakı Universiteti Ali Şurasının qərarı ilə professorluğa yüksəldilib. Professorluq dissertasiyası olan “Azərbaycan ədəbiyyatı tarixi” adlı əsəri Bakıda nəşr edilib. 1927-nin dekabrında Ankaraya dönüb.”

İsmayıl Hikmət XX əsrin əvvəllərində Azərbaycan hökumətinin xüsusi dəvəti ilə Bakıya gəlmiş, burada ədəbi-elmi mühitin əsas simalarından birinə çevrilmiş və fəaliyyəti sonralar sovet ədəbiyyatı ideoloqları tərəfindən yasaqlanmış, əsərləri yandırılaraq, milli şüurdan silinməyə cəhd edilmiş bir Türkiyə alimidir. Bakıda olduğu müddətdə, yazar, müəllim, mühərrir, ədib, sivil ziyalı məqsədindən asılı olmayaraq, ədəbi türkcə ilə danışan, Türkiyədən Azərbaycana göndərilən “casus”lardan biri hesab olunurdu, Sovet Azərbaycanında arxasında “çeşidli gözcülər, casuslar dolaşan şübhəli və təhlükəli şəxsiyyətlər”dən idi. 1927-nin dekabrında məzuniyyət adı ilə Ankaraya çağırılıb və bir daha geri qayıtmağa icazə verilməyib. Pantürkist kimi damğalanan alimin elmi irsi sanki unudulur, Bakıda heç bir elmi cameədə bir daha adı çəkilmir, konsepsiyası çox kəskin şəkildə tənqid olunur. Monoqrafiyasında F.Ağayev yazır: “İsmayıl Hikmətə Bakıdan Türkiyəyə məzuniyyətə getdikdən sonra bir daha geri qayıtmağa imkan verilməmişdi. Bir pantürkist kimi damğalanmış, illər boyu elmi irsinə bol-bol müraciət olunsa da, adı heç yerdə çəkilməmişdir”.

Sovet hakimiyyətinin əvvəllərindən 1934-cü ilədək ədəbi-mədəni, elmi proseslər daha çox milli təmayüldə dəyərləndirilib, Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqə­lə­rinə, türk xalqlarının soy birliyinin milli və ümum­türk düşüncəsinə yasaq qoyulmayıb, sonrakı mərhə­lə­lərdə millilik sırf ideoloji, proletar­­ düşüncəsində, sovet ədəbiyyatı uğrunda mübarizə kontekstində aparılıb. İsmayıl Hikmətin Azərbaycandakı elmi-pedaqoji fəaliy­yəti məhz birinci mərhələyə demokratik düşün­cənin, mil­liliyin loyallığı zamanına düşür. Sonralar ədəbi-mə­dəni əlaqələrin davam etməsində özünü maraqlı kimi gös­tərən Rusiyaının türk xalqlarına qarşı işlətdiyi siyasət­lə bağlı, sovet rejiminin Türkiyə ilə münasibətlərinin zahiri “dostluq çərçivəsindən”, ikiüzlü və məkrli xarakterindən “Dərgi” jurnalındakı məqaləsində yazacaq: “Ruslar türklərə ən böyük zərbəni bu dil məsələ­sində endirəcəklər. Bizi Universitet tədrisatından, türk dili və ədəbiyyatından məhrum edəcəklər. Rus dilinin əsarəti altında qalacağıq. Bir çarə tapın! Qurultayda (Bakıda keçirilən I Türkoloji Qurultayı nəzərdə tutut – N.M.) türk dilini müdafiə edin . Fikrində yanılmır ki, Sovet hökumətinin siyasəti əski Rusiya çarlığının eyni, bəlkə daha hiyləgər və qəsbkar bir davamıdır.

Dərgidə çap olunan bu məqalə Atatürkün Azərbaycanla bağlı ideoloji konsepsiyasını, eləcə də İ.Stalinin Azərbaycan siyasətini təhlil edən bir memuarı xatırladır.

1920-ci illərin sonlarında Azərbaycanda humanitar elmi prosesləri, I Türkoloji Qurultayın pərdəarxasında baş verən hadisələri “Qızıl qələmlər"in aktivləş­dirildiyi dövrdə Xalq İcraiyyə Komitəsinin təşəbbüsü ilə yaradılmış xalq ədəbiyyatı, Şərq ədəbiyyatı, Qərb ədəbiyyatı, təhlil və tənqid, uşaq ədəbiyyatı, tərcümə, rus ədəbiyyatı, ədəbiyyat tarixi kimi on bir istiqamətdə fəaliyyət göstərən Ədəbiyyat Cəmiyyətinin məhz Türkiyədən dəvət olunmuş professorların iştirakı ilə qurulmasındakı məqsəd, bədii ədəbiyyatda psevdosimvolizm problemləri, məktəb yaşlı uşaqların mədəni inkişafını təmin etmək üçün uşaq ədəbiyyatı seriyasının ümumtürk kontekstində hazırlanıb çap edilməsi, din birliyinə vurulmuş zərbənin nəticələri, dil birliyinin təhdid olunması, Rusiyanın Azərbaycanda gəlişməkdə olan türk düşüncəsinə hiyləgər münasibətləri və s… belə dolğun təhlilini verə bilməmişdir. Özü də bu barədə yazırdı ki, Cümhuriyyət rəisinin təsdiqi ilə bir Ədəbiyyat Cəmiyyəti qurmuşduq. Bütün bunlar mənim rəhbərliyim altında olurdu.

Cəmiyyət on bir sahə üzərində çalışır, " Alov" adlı bir məcmuə çıxarırdı. Türk-müsəlman cümhuriyyətləri bütün bu milli qeyrətlər və ideallarını zahiri bir kommunist maskası ilə örtməkdə, doğrusu, böyük bir məharət göstərirdilər. Sovet Rusiyasının milli hərəkətlərə verdiyi bu icazə həqiqətdə öz qayəsinə doğru bir hərəkət, bir hazırlıq yolu idi. Bir çox yazılar yazılır, fəqət yazılanların hamısında sovet idealına bir xidmət gözlənilirdi. Əvət, sırf bu qayəyə çatmaq məqsədi ilə milli dillərə bir sərbəstlik verilmişdi. On bir sahədə çalışan ədəbiyyat cəmiyyətindən belə istənən bu xidmətdir. Əskilər, əski üsulda, əski qayda və əski bədii yolda və şəkildə yaza bilərdilər. Ancaq yeni həyati tərif və təsvir etmək, mədhiyyələr və qəsidələr yazmaq şərti ilə… Əskilər də bundan öz qayələrinə görə faydalanmağa çalışmaq surətilə özlərini qorumuş olurdular…

Türkiyədən gələn müəllim və professorlar öhdələrinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir, çalışmaqda davam edirdilər. Həm pedaqoji fəaliyyət göstərir, həm də, digər tərəfdən, tədqiqi fəaliyyətlərini artırır, çeşidli nəşrlər edirdilər. Bu nəşrlər təkcə ədəbiyyat tarixinə aid deyildi, məktəblilərin mədəni inkişafını təmin etmək üçün sinifdənxaric mənsur və mənzum uşaq ədəbiyyatı müntəxəbatları da hazırlayırdılar. Bununla da kifayətlənmir, “Türkiyədə Əbdülhəmid zamanında fikirlərini, xəyallarını, əməllərini hökumət senzorundan qaçırmaq istəyən sərvəti-fünun şairlərin bir növ psevdosimvolizmini yaradırdılar”.

Bu siyasi rejimin ikiüzlü və məkrli siyasətinə baxmayaraq, XX əsrin 20-ciillərinin sonlarınadək türk ziyalılarının, müəllim və alimlərinin gördüyü fədakar işlər, xüsusilə İ.Hikmətin dörd cildlik “Türk ədəbiyyatı tarixi” (1925-1926), iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1928) kitabları, türk ədəbiyyatı tarixinə və nəzəri məsələlərinə dair tədqiqatlarının Azərbaycanda geniş yayılması bütövlükdə ədəbi mühitdə türkçülük konsepsiyasının ədəbi-mədəni inkişafı haqqında elmi təsəvvür yaratdı, milli ədəbiyyatları ümumtürk kökündən ayırmağın mümkünsüzlüyunu sübut etdi, türk mənşəli xalqların ədəbiyyatını qarşılıqlı əlaqədə araşdırmaqla yeni ədəbiyyatşünaslar nəslinin yetişməsində müstəsna rol oynadı, onlara son dərəcə ciddi təsir göstərə bildi.

İ.Hikmət həm də Azərbaycanın ədəbiyyatı məsələlərində fəal iştirak etmiş, Ədəbiyyat Cəmiyyətinin üzvü, dəqiq mənbələrə əsasən, türkiyəli professorlarla

birlikdə bu Cəmiyyətin qurucusu olmuşdur. Bura Bəkir Çobanzadə, Hüseyn Cavid, Hənəfi Zeynallı, Böyükağa Talıblı, Tağı Şahbazi Simurq, Səməd Mənsur, Əhməd Cavad və b. görkəmli, nüfuzlu alim, şair və yazıçıılar da üzv idilər. İsmayıl Hikmətin “Qərb ədəbiy­yatı” məqaləsini işıq üzü gördüyü Cəmiyyətin mətbu orqanı “Ədəbi parçalar” jurnalında çap olunan bu ziyalılar pantürkist, panislamçı damğası ilə 1937-ci ilin qurbanı olmuşlar. Çox sonralar məfkurə dostluğuna çevrilmiş Əlağa Vahid, Cəlil .Məmmədquluzadə, Abdulla Şaiq də bu Cəmiyyətə qoşulmuşlar.

İ.Hikmətə görə, həqiqətdə Sovet hökumətinin qayəsi əski Rusiya çarlığının qayəsinin eynisi olub, bəlkə daha hiyləgər və daha qəsbkar bir davamı idi. Sovet Rusiyası öz hüdudları daxilindəki müsəlman və türk millətlərin hər hansı bir sahədəki birliklərinə göz yummurdu. Dinə istədiyi zərbəni vurmuş, kilsələri sözdə, məscidləri isə həqiqətdə qapatmışdı. Din birliyi qorxusuna indi dil birliyi qatılmışdı. Bu birlik təkcə Sovetlər Birliyi daxilindəki türklərin dil yox, “ədəbi türkcə” deyilən türk dilinin də daxil olduğu Türk dil birliyi idi. Dil birliyi mədəniyyət birliyidir. Ədəbi dil birliyi Sovet İttifaqında türklərin təfəkkür, yazı birliyinə doğru irəliləyişidir. Azərbaycan Cümhuriyyətinə zahirdə milli mədəniyyət sərbəstliyi verən Sovet Rusiyası fəaliyyətimizə heç bir etiraz bildirmir, Azərbaycanın bizim fəaliyyətimizə verdiyi önəmi, hətta təşviqi belə xoş və təbii görürmüş kimi davranırdı. Tədris prosesinin ilk illərində yapdığımız incələmə və araşdırmaları belə şübhəli nəzərlərlə gördüyü, arxamıza bir çox casuslar taxdığı və fəaliyyətlərimizi yaxından təqib etdiyi halda, bizə rəng verməmək üçün bütün istəklərimizi asanlaşdırırdı.

Kommunistlərin əsl və gizli qayələrindən bəhs edən İ.Hikmət bildirir ki, Rusiyanın məqsədi daxilində yaşayan türk-islam xalqları arasında dil ayrılıqları yaratmaq surəti ilə o dildə danışan insanları fikrən, ruhən və mənən də bir-birindən ayırmaq və sonra da onları bir-bir və asanlıqla həzm etmək, bunların hamısını ana, ədəbi türkcədən, Türkiyə türkcəsindən ayırmaqdır. Kommunist siyasəti, türk ləhcələri arasında əsaslı ayrılıqlar yaratmaqla türk milli vəhdətini parçalamaq, məqsədli şəkildə bütün ləhcələr üzərində ayrı-ayrı çalışmalara da yol açmaqdır.

Hətta türk-tatar tarixini qəbul etməkdən çəkinir, türkün və tatarın ayrı millətlər olduğunu irəli sürürdülər. Hələ çarlıq zamanında Krımda, Bakıda, Qafqazda türk- tatar xalqlarının dil birliyinə doğru istiqamət alan cərəyanın nümayəndələri bunların arasında bir fərq olduğunu irəli sürür, təşviq, təxrib, hətta bu ləhcələrin fərqli olduğunu, elmi-ədəbi təlim və tədrisə uyğun bir dil halına gəlmədiyini, öz sahəsində inkişafa möhtac olduğunu irəli sürürdülər. Bu sahələrdə özlərinə xidmət edə biləcək satqın alimlər tapmaqda çətinlik çəkmirdilər. Bu da çox təbiidir, bir heç ikən bir nə isə olmağı düşünən milliyyətsizlər bu fürsəti özləri üçün qənimət sayırdılar.

İ.Hikmətin dörd cildlik “Türk ədəbiyyatı tarixi” (1925-1926), iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” (1928) kitabları və ədəbiyyatın nəzəri məsələlərinə geniş yer ayırdığı başqa tədqiqatları ədəbiyyatşünasların yeni nəslinə (H.Zeynallı, A.Şaiq, A.Musaxanlı, C.Əfəndizadə və s.) son dərəcə ciddi təsiri göstərmiş, bütövlükdə ədəbi mühitdə türkçülük və ümumtürk ədəbiyyatı ­ aparıcı möv­qeyə çıxarmışdır. İ.Hikmət məşhur məqaləsində etiraf edir ki, yazdığı “Türk ədəbiyyatı tarixi”nin dörd cildliyini hökumət özü nəşr etmiş, “Kommunist” qəzetində baş redaktorun bir-iki ötəri iradı ilə kifayətlənilmiş, digər tərəfdən də bu kitabları ruscaya tərcümə etdirmək arzusunu bildirmiş və onu Leninqrad Universitetinə göndərilməsinə təşəbbüs göstərmişdir. Lakin sonralar məşhur məqaləsində “milli tərbiyə, milli mədəniyyət, milli dil və milli ədəbiyyata yardım vəd edən siyasətin iç üzünü belə təsvir edir: “Beləliklə, türkiyəli professor və müəllimlərin Sovet hüdudlarından çəkilmələrinin ardınca bunların bütün əsərlərini və bütün izlərini məhv etmək üçün çalışmışlar. Mənim bu tərz hərəkətimə hikmətizm adını vermişlər, ruscaya da tərcümə etmək istədikləri bütün əsərlərimi yandırmış və əsl canlı əsərlərimi, milli qayə, milli mədəniyyət, milli vüqar və milli şüurlarla yetişmiş olan yüzlərlə gənci darmadağın və pərişan etmişlər”.

İ.Hikmətin iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” milli ədəbiyyat tariximizə tətbiq edilən ilk konsepsiya idi. Həqiqi elmi yol kimi qəbul edilən, elmi əsaslarla işlənmiş bu konsepsiyaya görə, türk mənşəli xalqları milli ədəbiyyatlarını ümumtürk kökündən ayırmaq qeyri-mümkündür, onların ədəbiyyatlarını qarşılıqlı əlaqədə araşdırmaqla türk xalqlarının ədəbi-mədəni inkişafı haqqında elmi təsəvvür yaradılır. O dövrdə milli ədəbiyyatşünaslıqda xeyli ciddi tədqiqatlar olmasına baxmayaraq, bu konsepsiyaya uyğun ədəbiyyat tarixi yox idi. Zamanında tanınmış türkoloq B.Çobanzadə də bu baxışları müdafiə etmiş, tədqiqatlarını bu əsasda aparmış, 1927-ci ildə “Türk dili və ədəbiyyatının tədris üsulu” adlı monoqrafiyasını məhz bu konsepsiya əsasında yazmşdır. Azərbaycan ədəbiyyatını türk xalqları ədəbiyyatının tərkib hissəsi hesab edən müəllif bu tipli tədqiqatlar zamanı “müxtəlif şivələrdə bulunan ədəbiyyat məhsulları arasındakı müsabehət və fərqlər özlüyündən meydana çıxacaqdır” fikrini bildirmişdir. Bu konsepsiyadan qidalanan A.Musaxanlı həmin ərəfədə yazmışdı: “Türk ədəbiyyatı ən əski mənşələrdən bu günə qədər, bütün türk ləhcələrinin bir-birilə rabitə və münasibətləri gözətilərək, bir “kull” şəklində tədqiq olunmadıqca, kabil deyil, tənəvvür etməyəcəkdir. Türk tarixinin indiyə qədərə bir “küll” kibi hadisələrin bütün rabitələri meydana çıxarılaraq tədqiq edilməmiş olması, bundan belə də eyni yanlış və qeyri-elmi yolun təkib edilməsi üçün heç bir hak verməz”.

İ.Hikmətin ideoloji tendensiyası türkdilli xalqların ədəbi-mədəni fikrinə münasibətinin siyasi ifadəsidir – Sovet rejimi türkdilli xalqları öz tarixi köklərindən ayırmaq, onların milli-mənəvi və mədəni birliyinə dözümsüzlük ifadə etdiyi bir zamanda bu konsepsiya Azərbaycan ədəbi-mədəni fikrində yeni bir mərhələnin başlanğıcı oldu. Rejim türkdilli xalqların ədəbi-mədəni irsinin öyrənilməsinin əleyhinə olmasa da, türk xalqlarının tarixi birliyi ilə heç cür barışmaq istəmirdi.

Tarixi həqiqətlərə, türkdilli xalqların qarşılıqlı əlaqələrinin, ədəbi-mədəni irsinin tədqiqinə pantürkizm damğası vurulurdu. İ.Hikmətin türk xalqları ədəbiyyatının müstəqil və ayrıca meydana gəlməməsini tarixi bir kateqoriya kimi qəbul etməsi “bu xalqların mənşəcə, tarixi inkişafca fərqli bir yol keçdiklərini, ədəbi-mədəni irsləri arasında heç bir spesifiklik, ancaq bu xalqların mədəni irsinə aid olan birliyin olmadığının sübutunu ədəbiyyatşünaslığın qarşısına xüsusi bir vəzifə kimi qoyan”  marksist metodologiyalı elmi-ədəbi mühitin kəskin tənqidinə rast gəlsə də, onun elmi baxışlarını yüksək qiymətləndirən, “İnqilab və mədəniyyət”, “Azərbaycanı öyrənmə yolu” jurnallarında ciddi məqalələrlə müdafiəsinə qalxan Ə.Abid, H.Zeynallı, B.Çobanzadə, M.Köprülüzadə kimi nəhəng tədqiqatçılar da var idi. Lakin dövrün bəzi tanınmış ziyalıları İ.Hikmətin türkçülükdən, onun tarixindən “uzun-uzadı bəhs edərkən millətçiliyə qapılması”nı onun metodologiyasının uğursuz istiqaməti hesab edirlər. Məsələn, Ə.Nazim İ.Hikmətin “ədəbiyyat tarixi”ndəki “türkçülük” amilini ən qorxulu meyil adlandırır: “İsmayıl Hikmətdə ilk nəzərə çarpan şey qatı şüurlu millətçilik və kamalçılıqdır. Onun “Azərbaycan ədəbiyyatı tarixi” başdan ayağa millətçiliklə doludur. Azərbaycanın bütün keçmişi, mədəni irsi, milli safiyyət və türklərin mənafe və yaxşılığı nöqteyi-nəzərindən qiymətləndirilir və tənqid olunur… İsmayıl Hikmət də bütün türk-tatar xalqlarını vahid bir millət hesab etdiyi üçün hər yerdə türk millətindən bəhs edir. İsmayıl Hikmətə görə bu “vahid” millətin bütün tarixi başdan ayağa türk mədəniyyətinin əcnəbi mədəniyyətlər təsirilə mübarizəsindən ibarətdir”.  Çox-çox sonralar H.Zeynallı, Ə.Abid də siyasi sifarişlə və özlərini repressiyadan qorumaq üçün İ.Hikmətin “yanlış yol tutduğunu, M.F.Köprülüzadənin təsiri altına düşdüyünü” bildirirlər.  İ.Hikmət təəssüflə qeyd edirdi ki, Azərbaycan Cümhuriyyətini idarələri altına almış olan ziyalılar olmaqla bir çox ideal sahibi şəxsiyyət həqiqi simalarını qəsdli gözlərdən gizləmək üçün üzlərinə kommunist maskası keçirmişdilər. Bunu zərurət, qarşılıqlı oyun hesab edir, bu oyunda uduzanlar da, itirənlər də vardır. Onları kommunistlərə yarınanlar, yaxud da alçaq bir xəbərçinin qurbanı olaraq, ideallarını həyatları ilə ödəyənlər adlandırırdı. Bunu bir ölüm-dirim oyunu hesab edirdi. Xüsusilə qeyd edirdi ki, ancaq aktyorların hamısı bir-birindən qorxur, kimin xalis, kimin saxta olduğunu bilmək və buna inanmaq mümkün olmurdu.

H.Zeynallının ehtimalına görə, İ.Hikmət üçüncü cərəyanda, yəni elmi cərəyanda XVIII-XIX əsrlərin ədəbiyyatını şərh etmək fikrində imiş. Əlbəttə, bu mülahizələrin hər ikisi yanlışdır, Ə.Abiddə olduğu kimi, elmi materiala dərindən bələd olmamaqdan və bunun nəticəsi olaraq tarixi mərhələlərlə ədəbi cərəyanlar arasındakı əlaqəni düzgün təsəvvür etməməkdən irəli gəlir.  “Əslində isə İ.Hikmət Azərbaycan ədəbiyyatı tarixinin orta əsrlər dövrünü iki mərhələdə tədqiqini nəzərdə tuturdu: XIII – XIV əsrlər dini cərəyanlar, təsəvvüf ədəbiyyatı və XV – XVII əsrlər – elmi cərəyanlar ədəbiyyatı. Ədəbi prosesdə keçidi belə qəbul edir: təsəvvüfdən dini inanca, dini inancdan dünyəviliyə. Elmi siqləti olmasaydı, İ.Hikmətin dövrləşdirməsi müasir ədəbiyyatşünaslığımızda bu günədək dəyərini saxlamazdı”.

İsmayıl Hikmət Azərbaycan ədəbiyyatının tarixini yazan yeganə tədqiqatçıdır ki, ədəbi materialı öz dünya görüşü və konsepsiyası ilə dəyərləndirir, dövrün dolğun elmi-mədəni mənzərəsinin təsvir edir, Azərbaycanda ümumtürk ədəbiyyatı düşüncə tarixinin 1920-ci illərdəki mərhələsinin daha dərindən öyrənilməsinə ciddi elmi istiqamət verir.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest