GenelGüncelKültür Sanat

Aida Adıgözəl – şeirler

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Aida Adıgözəl

Aida Adıgözəl
Aida Adıgözəl

Kölgələrin rəqsi

Söylə,
mənsiz necədir oralar?
Məsələn bulvar,
sahibsiz itlər kimi dolaşırsanmı orada,
balıq axtaran qağayılar kimi vurnuxursanmı sahillərdə?
Necədir orada havalar?
Nə deyir sinoptiklər,
yaxında yağışlarmı gözləyir yanaqlarımı,
günəşmi yandıracaq dodaqlarımı,
yoxsa titrədəcək vücudumu
qışın gecikən çovğunlarımı?
Mən hansı fəsiləm bilirsənmi?
Bax,
yenə partlayıb dodaqlarım şirinlikdən,
“Cərco” yemişi kimi…

Söylə,
uçuşurmu arılar?
Yazağzı şirə toplamağa,
gül ləçəklərinə qonmağa?
Ağrıdırmı yaralar?
Arı iynəsi incitmir adamı bilirsən,
hamısı sevgidəndi,
hirsini boşaldır tapdığı yumşaq yeri sancaraq.
Bilirəm,
heç nə yerində deyil,
heç nə qoyub getdiyim kimi deyil,
nə şəhər,
nə küçələr,
nə Sən…
Sənə bağışladığım dünya da unudub məni…
Ən dəli sevgilər bitir dostum, 
o ki qala
bizim arı vızıltısı kimi uçuşmalarımız ola!
Hardansa Alla Puqaçovanın səsi gəlir qulaqlarıma,
oxuyur,
-“Позови меня с сoбой”…
                          

Qorxu



Yiyəsiz bir kədər çöküb üstümə,
aləm tamaşadır çıxan tüstümə,
deyəsən Allah da durub qəsdimə,
bir yol var,
hardasa…
                ***
Bir yol var, əlimə alıb gedəsim,
bəlkə də qayıdıb onsuz dönəsim,
sən orda, mən burda, hər gün öləsim,
bir qol var,
hardasa…
                ***
Bir qol var, havada asılıb qalan,
bir cüt göz, uzağa dikilib dolan,
çəkib ürəyimi bağrımdan alan,
bir sol var,
hardasa…
             ***
Bir sol var, kədəri yıxıb sürüyən,
üzümü güldürüb qəmi kürüyən,
“bəxtəvər” obraza məni bürüyən
bir rol var,
hardasa…


Kəndimiz

Torpaq yollarının tozu tükənməz,
çörək ətirlidi bizim kəndimiz.
Hər çəpər altında dadlı xatirə,
hər daşı ömürdür bizim kəndimiz.
                   ***
Yuxudan oyadar su şırıltısı,
çaqqal ulaşması, it mırıltısı,
qırçın ləpələrdə gün parıltısı,
ana laylasıdır bizim kəndimiz.
                      ***
Yulğunu, qamışı çöllər bəzəyi,
biyanı, yoncası, sarı çiçəyi,
təndirə köz salar malın təzəyi,
küdrüsü ilğımlı, bizim kəndimiz.
               ***
Qanqal çətənəsi, çöl pencərləri,
bəndin sinələri tülkü səngəri,
ağacdələn səsi, bağlar dülgəri,
rəssamı özüdür, bizim kəndimiz.
                  ***
Balıqları dadlı, bostanları tər,
əllərinə qıyma, utanma, bol dər,
adı Mollakənddir, sinəsi minbər,
Allahın lütfüdür, bizim kəndimiz.
                    ***
Ey, yurdun balası, doğmadan doğma,
kəndinə gələrkən özünü boğma,
elinlə fəxr elə, obana sığma,
Aran gözəlidir, bizim kəndimiz.

               
Sözsüz titrlər


Bu filmi də bitirdik,
izlədik son sıradan…
Mən söz verdim özümə,
hamını unudacam!
Bədənimdə kök salmış,
illərin yaraları,
dəmir, paslı qəfəsim, – səni də sındıracam!
O sızlayan sətirlər…
köhnə,
keçmiş eşqimə həsr etdiyim şeirlər,
gecə – gündüz ağlama ürəyimin içində, –
“məni unutma” – deyə,
səni də susduracam!
Səni,
səni,
bax səni,
bütün könlümdən keçən, –
bir küçənin tinində haçansa toqquşduğum,
bir içki məclisində deyəsən vuruşduğum,
teatr foyesində söz üstə boğuşduğum,
bəlkə də dağ başında,
hansısa unudulmuş çökmüş yolayrıcında,  rastlaşdığım adamlar,
hamınızı unudacam!
Qəflətən gələn qonaq
səni lap unudacam,
əvvəlcə külək olub
gümüşləmiş saçını alnına dağıdacam, 
sonra
sənə yazdığım sonuncu şeirləri
könlümə qanad edib havaya uçuracam…
Qoy uçsun hara gəldi,
xallı kəpənək kimi
bir gün qonar ovcuna
bəlkə xatırlayarsan sonuncu şəklim kimi…
Mən söz verdim özümə,
bütün sevdiklərimi, hamısın unudacam!
Sonra,
sonra özümü
götürüb zirzəmiyə
bütün köhnədən qalan
yaddaşımda nə varsa,
hamsın töküb üstümə gizlincə yandıracam!
Xəbəriniz olmadan
bir gün belə
səssizcə,
hamınızı unudacam…

              

Niyə inciyirsən



Niyə inciyirsən, Ömür ağacım?
Səni mən kəsmədim,
qələm etmədim.
Qələm yazdığına nə ümid edib
nələr arzulayıb
nələr güdmədim?!
                   ***
Nədən inciyirsən ey fəsli-bahar?
Bu qış biraz sərtdir,
qar da biraz çox.
Bəlkə də Allahın xəbəri yoxdur
bu qış torpağın da
qara gözü tox!
                  ***
Niyə inciyirsən uçmuş müqəvva?
Daha payız keçdi,
bostanda məhsul,
yaşıl bağçalarda ərik qalmadı.
Səndən kənar uçar
qorxaq sərçələr,
səni qaldıracaq insan olmadı…


Ayrılığın lalə dövrü



Mövsümü, fəsli də, rəngi başqaymış,
girdik ayrılğın lalə dövrünə.
Kədəri bənövşə, qəmi qızılgül,
dözməz barmaqlarım tikan qövrünə.
                       ***
Bu qış yaralandı köksü güllərin,
lalə ürəyinə qara xal düşdü.
Bəxtəvər əllərim yas büsatıma
qara qızılgüldən qat-qat don biçdi.
                  ***
Xəyanət qoxusu aldı nərgizlər,
yoldu saçlarını çobanyastığı.
Kimsə bayılmışdı şəbbu ətrinə,
unutmuş əlləri tikan sıxdığı.
                        ***
Belə! Soldu hər şey, qətl oldu güllər,
qönçə də partladı həsrət çövrünə.
Eşq çiçəklərinin ən gözəl vaxtı,
girdik ayrılığın lalə dövrünə.


Yadlaşmış doğmalar



Sonra nələr oldu, sonra nə oldu?
Unutdu adamlar, getdi adamlar.
Sonra yol qurtardı, hər tərəf bomboz,
bir gün yoxa çıxdı, itdi adamlar…
                 ***
Birində bir ovuc boz yovşan qaldı,
xatirə əvəzi qoxlamaq üçün.
Kimsə gülümsədi lal obyektivə,
çərçivəyə salıb saxlamaq üçün.
                    ***
Biri ürəyini açdı aynaya,
illərdən nə vardı könlünü deşən.
Biri xatirəsin tökdü ortaya,
könlündə bulanıb gözündən düşən.
                      ***
Sonra nələr oldu, sonra nə oldu?
Sonra qorxaq oldu nəsə adamlar…
Qaçıb gizləndilər öz içlərində,
yol da tapılmadı kəsə adamlar.
                    ***
Bir gün yad oldular, uzaqdan uzaq,
dostlar da dəyişdi, məkan, görüş də.
Kimsə eşələdi yaddaş arxivin
arada-sırada, köhnə-kürüşdən.
                  ***
Susdu telefonlar, bitdi mesajlar,
şeirdə obrazlar yerin dəyişdi!
Sətirlər ağladı rəngi ağappaq,
sözlər rişxənd ilə baxıb gülüşdü.
                      ***
Sonra nələr oldu, sonra nə oldu?
Hərə köks ötürüb yönün çevirdi…
Sonra rastlaşanda doğma adamlar,
üzün yana tutub yad tək keçirdi…

                         
Ürəyimə dammışdı

Bilirdim,
ürəyimə dammışdı
qayıdacaqsan bir gün.
Əllərin ətəyindən uzun,
gözlərimin kökü saralanda…
Çox şeylər deyərdim sənə,
çox şeylər yazardım sənə…
Amma indi nə faydası?
Daha sevdiklərindən
Tanrı yaratmağı unudub qadınlar…


“Sənsizlik” zəhəri

Gəl qoşul mənə Kölgə,
gəl,
könül meyxanəmdə bir adamlıq yer boşalıb.
Kölgə,
əvvəlcə sənin sağlığına içək,
sonra mənim sağlığıma içərik.
Gəl,
bir az acı süzüm, bir az ağrı,
çox sərt deyil,
bir az solun keyiyəcək,
bir az canın üşüyəcək…
Bir az xatirə əlavə edərəm,
arada şirinlik üçün,
şokolad əvəzi.
Bir az geriyə dönərsən,
o adamı xatırlarsan,
yenə hər şeyi unudub qollarında sönərsən…
Gəl,
əvvəlcə sənə ondan danışım:
-dəniz kimi qəfil qabaran,
hikkəli,
qaya kimi daş,
gecə kimi sükut,
vulkan kimi atəşli,
içində xəzinə basdırılmış soyuq mağara adamdan…
Kölgə, qapını ört,
canımı üşüdür o xəzri küləyi.
Qulaqlarımı hələ də dənizin hikkəli

ləpələrinin sahilə çırpıntılarının şarıltısı döyəcləyir.
Unutmaq istəyirəm qış fəslini…
Yox, ağlamıram,
siqaret tüstüsüdür gözlərimə dolan,
amma haqlısan,
mən deyəsən ağlayıram axı…
Yadırğamaq istəyirəm,
tərgitmək istəyirəm eşq sərxoşluğuma

düşkünlüyümü…
Yavaş-yavaş keçəcək deyirlər,
həkim “zaman” həbi yazıb mənə,
hər gün içməliyəm ondan.
Hər eşq sərxoşluğum tutanda
hər dəfə könlümdən sancılar qalxanda,
hər dəfə başım hərlənib məst olanda.
Deyirlər kömək edir, unutdurur ağrıları!
Mən onu unutmaq istəyirəm Kölgə!
Süz,
süz yenə,
ağzınacan doldur qədəhimi,
bax yenə tutdu ağrılarım,
yenə,
yenə…
Bu boşalan şüşələri görürsənmi,
hamısını içdim,
gecələr üşüyəndə boşaltdım hamısını!
Biri “yalan” idi,
biri “sevgisizlik”,
biri “xəyanət”!
Bir şüşə qalıb – “ölüm” adlı!
“Ölüm” daha tünddür,
ona “sənsizlik” adlı zəhər də qatmışam,
tez öldürürmüş adamı!
Mənə baş qoşma Kölgə,
mən bir az vərəməm, dərdəm,
biraz da ömür çürüdənəm,
adam çərlədənəm.
Bilirsən,
hamı qaçır xəstə adamlardan,
Yoluxmaqdan qorxurlar,
o da qaçdı məndən,
şirmayı dişli dodaqlardan qopan gülüşlərə

görə tərk etdi məni!
Süz,
süz Kölgə,
süz,
o sonuncu şüşədəki “sənsizlik” zəhərindən süz!
Məni xəyanət öldürüncə qoy “sənsizlik” zəhəri öldürsün…
Götür,
götür bunu da mənim sağlığıma içək,
içək!..


Yurdun yaz çələngi

Düzlər sinəsinə səpdi laləni,
yamaclar söylədi : – bənövşəni üz.
Dağlar qəzəbindən göyərdi gömgöy,
baş aldım çöllərə, dərə-təpə düz.
                  ***
Geydim dəmir çarıq, qurşağımda şal,
yumurta döyüşdüm, bacalar pusdum.
Gah Keçələ döndüm, gah da Kosaya,
qapılar dinşədim, kövrəlib susdum.
                       ***
Çıxdım şəppəxeyir süfrə başına
löyün təamlardan novxəliş etdim.
Vurdum Bakımızdan çıxdım Gəncədən,
Şuşa yaxın qaldı, Laçına getdim.
                   ***
Ürəyim yuxaldı nəsə Ağdamda,
Qədirdi deyəsən, oxudu muğam.
Ayağım kiltləndi, ürəyim əsdi,
baxdım ruhum uçub, haçandı yoxam.
                     ***
Azca diz qatladım Kəlbi Həcərdə,
qanım buxarlandı İstisu kimi.
Gözümdən axırdı Həkəri çayı,
kimsə Gavurarxdan açırdı himi.
                   ***
Sürü səsləriydi dərə aşağı,
Oxçuçay hikkəli, yolu azırdı.
Kimsə “Meyvələrlə söhbət” edirdi,
Füzuli babammış… dastan yazırdı.
                     ***
Yaman darıxmışdı Haramı düzü,
qulağı səsdəydi Xudafərinin.
Demə Qubadlıda izi qalıbmış
yurdun qaçaq düşən Nəbilərinin.
                 ***
Gəzdim asta-asta yaralı yurdu,
uçuq kalafalar üstümə qaçdı.
Tapşırdım Vətəni Bahar qızına,
əlində məlhəmi qolların açdı.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest