GenelGüncelKültür Sanat

SALAM OLSUN!

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Elman Tovuz
Elman Tovuz

ELMAN TOVUZ

SALAM OLSUN!

Vətən, sənin hər daşına,

Hər dağına salam olsun!

Qız gölünə, Ər çayına,

Bulağına salam olsun.

            ***

Ana! – deyib üz qoyduğum,

Səcdəsinə diz qoyduğum,

Gözüm kimi göz qoyduğum

Torpağına salam olsun!

                ***

Göyü – köküm, soy ünvanım,

Qırmızısı – azad canım,

Yaşılı – dinim-imanım,

Bayrağına salam olsun!

DAR AĞACIYAM

Özgə dar ağacı nəyimə gərək,

Mən özüm özümə dar ağacıyam.

Əlim göyə çatmır, ayağım yerə,

Mən özüm özümə dar ağacıyam.

               ***

Başımın üstündən göy uçanacan,

Ayağım altından yer qaçanacan,

Asılıb qalacam eyy… haçanacan,

Mən özüm özümə dar ağacıyam.

                   ***

Alnımdan asılan alın yazımdı,

Sinəmə sıxılan dərdli sazımdı.

İçimə qısılan öz avazımdı…

Mən özüm özümə dar ağacıyam.

                 ***

Yer verib, yuvası basılan da mən,

Qılıncı qınında paslanan da mən.

Asan da özüməm, asılan da mən,

Mən özüm özümə dar ağacıyam.

                   ***

Arazam, gözümdən axıb tökülən,

Təbrizəm, dilindən dara çəkilən.

Göyçəyəm, gözləri yola dikilən…

Mən özüm özümə dar ağacıyam.

                 ***

Özbəyəm, qırğızam…

Hər türk mənəmsə,

Başı kötük üstə kərkük mənəmsə,

Ruhundan asılan bu YÜK mənəmsə,

Mən özüm özümə dar ağacıyam.

                  ***

Boynumdan asılan Quranam, tanrım,

Dilimdən düşməyən Turanam, tanrım.
Bəlkə də ən dərin yaranam, tanrım,

Mən özüm özümə dar ağacıyam.

TÜRK OĞLUYAM

Hara baxdım, Türkün izi…

Hara baxdım, Türkün özü.

Tanrı, qoru Türkümüzü!

Bu nə xəyal, nə də röya,

Türk oğluyam, eşit, Dünya!

Sağa baxdım…

Çıraq gördüm!

Dövrəsində pərvanələr,

Haqq adına divanələr…

Günəş kimi sönməz çıraq!

Çıraq – Türkün çırağı!

Sola baxdım…

Ocaq gördüm!

Milyonların iman yeri,

Uman yeri, güman yeri

Yönüm, qibləm, pirim ocaq!

Ocaq – Türkün ocağı!

Arxada dağ –

Dayaq gördüm!

Kəməri göy qurşağı,

Başında buluddan papaq.

Göylər çiyinlərində

Əzəmətli, vüqarlı dağ!

Dayaq – Türkün dayağı!

Önə baxdım…

Mayak gördüm!

Hər zərrəsi nurla dolu

Haqq əli sabaha uzanmış,

Gələcəyin azad yolu!

Mayak – Türkün mayakı!

Yerə baxdım…

Torpaq gördüm!

Nəfəsiylə gül bitirən,

Ölümüylə ləl bitirən

Əzəli-əbədi Vətən!

Torpaq – Türkün torpağı!

Göyə baxdım…

Bayraq gördüm!

Ay-ulduzu qoşa yanan,

Dəniz kimi dalğalanan

Canım bayraq, qanım bayraq!

Bayraq – Türkün bayrağı!

Hara baxdım, Türkün izi…

Hara baxdım, Türkün özü.

Tanrı, qoru Türkümüzü!

Bu nə xəyal, nə də röya,

Türk oğluyam, eşit, Dünya!

Türk oğluna beşık – Dünya!

ADAM DA VAR…

Adam var, gülə-gülə

salamı alıb gedir.

Adam da var, salamı

adamı çalıb gedir.

           ***

Adam var, ruhu uçur

əhvalını sorunca.

Adam da var, dilucu

qadanı alıb gedir.

           ***

Adam var, “ürək” deyir,

ürəyindən xəbərsiz.

Adam da var, ürəyi

adamı alıb gedir…

XƏBƏR GƏTİRDİLƏR

Deyirsən, hardandı əlimdəki qan,

Yəqin xəyallara dalanda kəsdim.

Xəbər gətirdilər yenə o taydan.

Canım yanlarında qalanda kəsdim.

               ***

Çoxaldı könlümün dərdi, qubarı,

Durnalar köçdükcə Güneyə sarı.

Ahıma dözmədi Göyün damarı,

Yağışlar üstümü alanda kəsdim.

                    ***

Yalandır, dərd tapar hər çarasını,

Zaman yuya bilməz üzqarasını.

Saçından tanıyıb öz Sarasını,

Arazın gözləri dolanda kəsdim.

                    ***

Kaş qulaq asınca muğamatlara,

Baş vura biləydim dərin qatlara…

Qardaşlar düşəndə qazamatlara,

Bacılar həsrətdən solanda kəsdim.

                  ***

Çirkin olaylar var, ağıla batmaz,

Gözlə ki, unudar tarix, unutmaz.

Bıçağın sümüklə bazarı tutmaz,

Barmağım tətikdə olanda kəsdim.

                  ***

Sərhəd dirəkləri durub gözümə,

Nə toydu tuturam özüm özümə…

Tikanlı telləri basıb köksümə,

Ayrılıq havası çalanda kəsdim.

NƏYİNƏ OYNAYIM

Mən ki hər havaya salmıram meyil,

Qorxuram yenə də aldada zəndim.

Sənin də çaldığın o hava deyil,

Daha sümüyümə düşmür, əfəndim,

Nəyinə oynayım mən bu havanın.

                    ***

Kəsdi, ömrü-günü boşuna kəsdi

Keçəllər, kosalar, şaxta babalar…

Hardan peyda oldu,

hayandan əsdi,

Tərpətmir ruhumu saxta havalar,

Nəyinə oynayım mən bu havanın.

                     ***

Ana laylasına yatıb gəlmişəm,

Nazına oynayım mən bu havanın?

Qara zurnasını atıb gəlmişəm,

Sazına oynayım mən bu havanın?

Neyinə oynayım mən bu havanın?

                   ***

Sinəmdə bir çınqı köz havası var,

Çəkmə mizrabını ümidlərimə.

Mənim qollarımın öz havası var,

Əsəbim oynayır ayaq yerinə…

Nəyinə oynayım mən bu havanın.

                   ***

Başıma payızın “pulları” yağır,

Könlümü zamantək ala bilməzsən.

Quş kimi yüngüləm, daş kimi ağır,

Sən mənim havamı çala bilməzsən,

Nəyinə oynayım mən bu havanın.

                      ***

Gözümə bir ovuc çata-çatmaya,

Torpaq davasına oynayıram mən.

Baxıb qol qaldıran ata-anaya,

“Şəhid” havasına oynayıram mən,

Nəyinə oynayım mən bu havanın.

                          ***

Çıxdım sınağından min cürə fəndin,

Mənə, ağlamaq da olmadı asan…

Dəli damarımı oyat, əfəndim –

Oynaya bilmərəm havalanmasam,

Nəyinə oynayım mən bu havanın.

Ölü-dirilər

Bu yollar min ildi yağış altında,

Qurusu üstdədir,

yaşı altında…

Qara yuxuların başı altında

Hər gecə görüşür ölü-dirilər.

Bir ölüm ağzından yıxılan, canın,

Sürünən, vücudun…

yaxılan, canın.

Əzablar içində sıxılan canın

Ahından az qala ölü dirilər.

Hələ bu gedişlə hədəfə çoxdu…

Min yatar ayğırdan bir dəvə çoxdu.

Hayana çevirsən

min dəfə çoxdu

Diri ölülərdən ölü dirilər…

ANAMDAN SONRA

Anamdan sonra…

Evdə bir xeyli qənd varıydı,

Nə qədər şəkər tozu, bir də konfet varıydı.

Onda kasıblıq-filan… ayrı bir zamanıydı,

Amma evimiz sanki şirniyyat dükanıydı.

Alıb yığmış ki anam, evdə şirinlik olsun,

Qoy özündən sonra da beləcə, birlik olsun.

Anamdan sonra…

Evdə bir ovuc duz qalmışdı,

Yəqin ki bilərəkdən özü bir az almışdı.

Duz acılıq gətirir, deyirdi bir zamanlar,

Bizə agah olmazdı hər qəlbində olanlar…

Görünür, istəmiş ki evdə acı olmasın,

Bir-birindən inciyən, qardaş-bacı olmasın.

Anamdan sonra…

Bildik, ana bir dünya imiş,

Analı günlərimiz bir başqa röya imiş.

Evimizin bəzəyi, dadı-duzuymuş anam,

Əvəzsiz nemətiymiş, özü ruzuymuş anam.

O zaman evimizdə bircə çıraq yanardı,

Qapı-baca, ev-eşık büsbütün nurlanardı.

İndi neçə lampadan işıq içir otaqlar,

Yenə səni içindən yeməkdə qaranlıqlar…

Bəlkə də evimizin şəkərindən duzu çox,

Bunu bilməyin belə daha bir önəmi yox.

Çünki anam dediyi birlikdən yox əlamət,

Soyuyub ürəklərdə o istilik, məhəbbət.

Yansa da ocağımız hər tərəf buz kimidi,

İndi evdə nə varsa, hamısı duz kimidi…

YAXİN GƏLMƏ!

UZAQ DURMA!

Yaxın gəlmə…

Uzaq durma…

Qoy beləcə,

möhlət kimi,

aman kimi sevim səni!

Qoy yaşayım

bu həyatı həyat kimi,

Duyğu olub

ürəyini əsdirim qoy

kəpənəyə qamad kimi.

İstəmirəm

geri düşüm,

yatıb qalmış saat kimi.

İstəyirəm

səninlə bir addımlayan

zaman kimi sevim səni!

İstəmirəm

kəmərində gümüş olum;

İstəmirəm

dodağında gülüş olum;

İstəmirəm

gecələr Ay,

gündüzlərsə Günəş olum;

İstəyırəm

dağı sevən

duman kimi sevim səni!

Qoy dadmayım

ayrılığın ağrısını, acısını,

Qoy bilməyim qibləsini

bu sevdanın,

tanımayım qapısını.

İstəmirəm

bu oda mən

özüm bilə-bilə düşüm.

Niyə mən də

Kərəm kimi

yanıb, yanıb dilə düşüm…

Nə sən Leyli ol, gözəlim,

nə də ki

mən

Məcnun olub çölə düşüm.

İstəmirəm

nə yalançı ümid kimi,

nə saralmış

güman kimi sevim səni…

Yaxın gəlmə…

Uzaq olub

dondursan da,

özün kimi dondur məni.

Uzaq durma …

Yaxın olub

yandırsan da,

özün kimi yandır məni.

Mən də elə

özüm kimi –

Elman kimi sevim səni!

NƏ OLAYDI…

Nə olaydı,

gün düşəydi

taleyimə bir qırıq,

Bəlkə biraz, ağrı-acı

bu canımdan çıxaydı.

Bir zamanlar kitablardan

oxuduğum ayrılıq,

İllər sonra gərək elə

ünvanımdan çıxaydı?..

Ürəyimi hər havaya

köklədikcə təlaşım,

Az qalıram sinəmdəki

dağa şıxıb dolaşım.

Bilirəm ki, bitən deyil

ölüm-dirim savaşım,

Qan çıxınca eşqin özü

bu qanımdan çıxaydı.

Kövrəltdikcə xatirələr

qəlbim dönür kağıza,

Qış günəşi neyləyəcək

könlümdəki ayaza.

Bu halımla, indən belə

necə deyim o qıza,

Nə olaydı,

elə indi

kaş yanımdan çıxaydı…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest