Genel

Aida Adıgözəl – Şeerler

Nazım Ahmetli kırımınsesigazetesi

Azerbaycan Temsilcisi

Aida Adıgözəl

Ayrılıq

Qəfil gələn əcəl kimi                                                

ayrılıq sarılaraq öpdü məni.

Heç bilmədim hansı zaman  sevdi bizi…

Hələ yollar, 

hələ yollar, 

bir tərəfə çaydaşı tək tolazlayıb,

çay aşağı axıtmışdı ikimizi.

Özümüzə açammazkən sirrimizi,

heç bilmədim, 

heç bilmədim ki, Tanrıya 

kim satmışdı Tanrıdan da 

gizli qalan  yerimizi.

Nə xoşbəxtdik, 

nə xoşbəxtdik bir zamanlar…

Bir mən idim, 

bir sən idin, 

biz bir idik. 

Əl – ələ, 

göz – gözə, 

diz – dizə,

sevişirkən 

həyəcandan təngənəfəs, 

deyilməyən, 

yazılmayan şeir idik.

Ta ki, 

bir gün qəfil gələn xəyanətkar 

bir ayrılıq öpdü məni,

                    öpdü məni,

                         öpdü məni… 

Kölgələrin rəqsi

Söylə,

mənsiz necədir oralar?!

Məsələn bulvar, 

sahibsiz itlər kimi dolaşırsanmı orada, 

balıq axtaran qağayılar kimi 

vurnuxursanmı sahillərdə?

Necədir orada havalar?

Nə deyir sinoptiklər, 

yaxında yağışlarmı gözləyir yanaqlarımı,

 günəşmi yandıracaq dodaqlarımı, 

yoxsa  titrədəcək vücudumu 

qışın gecikən çovğunlarımı?!

Mən hansı fəsiləm bilirsənmi?

Bax, yenə partlayıb dodaqlarım şirinlikdən,

 “Cərco” yemişi kimi…

                ***

Söylə, 

uçuşurmu arılar? 

Yazağzı şirə toplamağa, 

gül ləçəklərinə qonmağa?

Ağrıdırmı yaralar?

Arı iynəsi incitmir adamı bilirsən, 

hamısı sevgidəndi, 

hirsini boşaldır tapdığı yumşaq yeri sancaraq…

Bilirəm, 

heç nə yerində deyil, 

heç nə qoyub getdiyim kimi deyil, 

nə şəhər, nə küçələr, nə Sən…

Sənə bağışladığım dünya da unudub məni…

Ən dəli sevgilər bitir dostum,  

o ki qala 

bizim arı vızıltısı kimi uçuşmalarımız ola!

Hardansa Alla Puqaçovanın səsi gəlir qulaqlarıma,

oxuyur – 

“Позови меня с сoбой” …

X – ə

Tanrı, harda ölmüşdün? Könlümdəcə dəfn etdim, 

neçə Şirin, acı eşq, neçə Leyli dastanı!

O gündən dilənirəm sevda “sokaklarında” 

Mən – dünyanın ən yoxsul, eşqə ən ac insanı.

             ***

Hey gecəni dan edən, gündüzləri qaranlıq, 

bütün günahlarımı Yer üzünə bağışla.

Mən hələ ölməmişəm, sonuncu Eşq Tanrısı,

təntənəli doğuşu ayaqüstə alqışla.

                   ***

Qaldır sunamiləri, qabart torpaq qatların, 

gəl oyat köksümdəki vulkan lavalarını.

Qarışdır iqlimləri, ildırım rəqsi oyna,

göndər, göndər üstümə səhra havalarını.

                   ***

Yar keç dənizlərimi, könlümə neçə dağ çək,

odu göylərə qalxan ada yarat içimdə.

Qoy Yer üzü mat qalsın, and içsin Göy üzünə,

 görməmişəm bu cür eşq, bu boyda, bu biçimdə.

                  ***

Min ildi axtardığım Pirim, Məbəd, Məqbərəm, 

hey məchulların sirri, mübhəmlərin aydını, 

gəl çöz, gəl çöz, hardasan? Çıxar, qopar, sök artıq, 

içərimdə gizlənmiş bu havalı Qadını…

Sənsizlik

Baş alıb gedimmi, tək, unutmağa?   

Bir öz əlin olsun, bir də öz yaxan.

Gəl səni ağlayım, elə ağlayım, 

tüklərin ürpərsin, saçın qabarsın 

evdə yalan olsun südəmər çağan.

                   ***

Gecə layla çalam xatirən üstə, 

sən də mürgüləyib xumar yatasan.

Axım gözlərindən şirin yuxu tək, 

hey məni görəsən başım sinəndə 

sübhədək yuxunda bala batasan.

                  ***

Səhər oyanasan gözün axtara, 

yanında kimsə yox, qucağın da boş.

Tavanın ağlayır, yataq cılxa su… 

gözlərin böyüyə, ağlın oynaya, 

yox, dəli deyilsən, nə də ki sərxoş…

                   ***

Bütün dər – divarda ayrılıq rəsmi, 

özündən gedəsən qəşş edib gülüb.

Qaçıb axtarasan yuxularını 

başının üstündə bir qadın şəkli, 

ürəyi partlayıb gecədən ölüb…

Səkkizinci möcüzə

Səndən də keçdim bir gün, ən uzun küçə kimi, 

addımlarımın səsi titrətdi daş şəhəri.

Gecə yarısı idi, sanki yuxu görürdük, 

elə məst olmuşduq ki, lül qan – tərin içində

ikimiz bir köynəkdə açırdıq bu səhəri.

                     ***

Bəlkə də həmin gecə taleyimin möhürü,

bəlkə susqun ömrümün ən gözəl gecəsiydi.

Biz hardan biləydik ki… sən demə həmin gecə 

ikimizin ömrünə öpüşlərlə yazılan 

dünyanın səkkizinci, şirin möcüzəsiydi.

                  ***

Sənə gülümsəyirdim, Məlikməmməd olurdun, 

qırıb çatırdın bir – bir yolundakı divləri.

Yuxun gəlməsin deyə şəhvətinə duz basıb,

kəsirdin ehtirasla könül quyuma enən 

işvə, cilvə sapından hörülən kəndirləri.

                   ***

Otaqda nə vardısa qısqanclıqdan ölürdü,

paltarlar qəzəbindən özün yerə atmışdı.

Ağlayırdı çarpayı, inləyirdi döşəmə, 

şahid olmasın deyə tavan da əsəbindən 

çılçırağı qaldırıb saçlarından asmışdı…

                     ***

Səndən də keçdim bir gün, ən uzun küçə kimi, 

dodağıma ilişdi həyəcandan sözlərim.

O gecədən əlimdə bir ovuc ulduz qaldı,

səmanın yaxasına gözümdən qopub düşən,

bir də qapı önündə çöküb qalan dizlərim…

Səndən sonra 

Səndən sonra qalxmaq da var, 

içimdəki məzarlıqdan boylanmaq 

ayrılığa acıq vermək…

Yaşamaqmı?!

Ölmək də var, ölmək də…

                ***

Səndən sonra bu dünyaya oyanmaq var,

içimdəki qaranlıqdan…

Bu ömürün saatını 

gecəsinə gündüzünə 

bölmək də var, bölmək də…

                 ***

Səndən sonra toparlanıb durmaq da var,

ağrıların qabağında 

suallara cavab tapmaq…

Dəli kimi acı – acı 

gülmək də var, gülmək də…

                  ***

Səndən sonra yaşamağı öyrənmək var, 

bu ömürün sükanını ələ alıb

işıqforsuz, əyləcsiz də 

çıxıb getmək… qəzalara 

sürmək də var, sürmək də…

                ***

Səndən sonra misralarla danışmaq var,

sözlər yatmır şeirlərə…

Səndən sonra səni dostum, 

nə zülümlə ürəyimdən 

silmək də var, silmək də…

Sənə…

Səndən bir şey istəyəcəm, 

söz ver amma, gülmə, gülmə.

Arada yuxuna gəlim, 

sən də guya bilmə, bilmə.

              ***

Darıxanda mesaj yazsam,

 “oxunmayıb” oxun atsan,

mən də cavabçın ağlasam 

mesajımı silmə, silmə.

                  ***

Bir gün eşitsən ölmüşəm, 

səndən izinsiz köçmüşəm, 

xəbər göndər incimisən 

ağla, amma gəlmə, gəlmə.

                  ***

Hər gün mənə şeirlər yaz, 

şəklimi sətirlərə qaz, 

bir az, çox yox, elə bir az 

darıx, amma ölmə, ölmə…

Gəl

Tamarzıyam səndə qalan günlərə, 

bir qucaqlıq, bir sinəlik ölüm, gəl.

Həsrət adlı xərçəng sardı canımı,

ağrılara, acılara gülüm, gəl.

                     ***

Coşub yenə içimdəki qəm… daşır, 

al əlimdən bu kədəri sən daşı.

Yüküm ağır, yolum çətin, mən naşı, 

gəl tufanım, gəl yağışım, selim, gəl.

                        ***

Sən gedəli lal olmuşam, susuram, 

xoş günlərim parça ‐ parça… qusuram.

Cəhənnəmdən cənnətimi pusuram, 

gəl dodağım, gəl ağzımda dilim, gəl.

                         ***

Əcəl gəldi qapım döydü dünən də, 

‐ gəl al ‐ dedim həm cismimi, mənən də.

İtirmişəm vətənimi sinəndə, 

yurdum ‐ yuvam, kənd ‐ kəsəyim, elim, gəl…

Durğu işarələri

Əvvəlcə vergüllərlə başladı hər şey, 

sonra, 

sonra suallar, 

həddindən artıq çox idi.

Ard – arda dayanmadan sıralanırdı…

Bir gün nidaların zamanı gəldi, 

yazılırdı, 

pozulurdu, 

qaralanırdı!

Payızın ilk günüydü, 

anladım ki, 

mən çoxdan nöqtələri sevirmişəm… 

Belə ki, 

mən gözlərimi bir nöqtəyə dikib 

susduğum zamandan 

başlayıbmış nöqtəylə sevgimiz…

Və, 

və nöqtəni qoydum 

sevdiyim nə varsa, 

hamısına, 

hər şeyə…

De ki…

Gördün darıxırsan məni xatırla,

aç bax səndə qalan xatirələrə, 

çəpəki süzməmi, iynə sözləri,

de ki, – unutmaram, gülüşün haqqı…

                    ***

And iç, ayaqlarım dəyən yollara, 

de ki, – yığmayacam gözümü yoldan, 

and olsun yollarda qalan şəklinə,

ta ki gələnəcən, gəlişin haqqı…

                  ***

De ki, – tanıyacam addım səsini,

ürəyim çıxacaq tappıltısına, 

pillələr öpəcək ayaq izindən,

and olsun, and olsun, yerişin haqqı…

                 ***

De ki, hələ nəmdi öpdüyüm yerlər,

de ki, soyumayıb canından istim, 

de ki, yastığında telim qalıbmış,

dodağımda qalan öpüşün haqqı…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest