Saqif Qaratorpaq
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Saqif Qaratorpaq
26 oktyabr 1963-cü ildə Qazax rayonunun(indiki Ağstafa) Köçəsgər
kəndində anadan olub.Ailəlidir.İki övladı var. “Şamın kölgəsi”(2006-cı il),
“Bir könül varağında” (2012-ci il), “Üç addım” (2014-cü il), “Bəlkə belə
yaxşıdı” (2019)şeirlər kitabının müəllifidir.Ağstafa rayonu Köçəsgər kənd
H.Əlizadə adına 1saylı tam orta məktəbdə müəllim işləyir.Ağstafada
fəaliyyət göstərən Hüseyn Arif Ədəbi Məclisinin sədridir.Azərbaycan
Yazıçılar Birliyinin üzvüdür.
Saqif Qaratorpaq
Üşüdüm
Ömrün-günün sevinci az,qəmi çox…
Gah solunda,gah sağında üşüdüm.
Itib batdım qayğıların içində,
Bir sevdanın sorağında üşüdüm.
***
Bir dərvişəm,kimə doğma,kimə yad…
Nə kimsədən kömək umdum,nə imdad.
Pərvazlanıb açanacan qol-qanad,
Bir səhranın qurağında üşüdüm.
***
Misra-misra uraladım söz ömrü,
Hər insanın öz acısı,öz ömrü.
Yana-yana kül elədim köz ömrü,
Bir baxışın sazağında üşüdüm.
***
Külək əsdi,qapımızı qar aldı…
Ya mən kürəm,ya da baxtım cığaldı.
Bir ümidin ilməsində saraldım,
Bir gümanın marağında üşüdüm.
***
Keçib getdim, yollar,izlər tanışdı,
Bir də gördüm üzüm-gözüm qırışdı…
Suya dönən qismətimlə barışdım,
Bir gözəlin yanağında üşüdüm…
Köhnə yaralar
Özünü belə yorma,
Bitən deyil bu işlər.
Üstünə dəniz kimi
Hucum çəkər keçmişlər.
***
Yaranın qaysağını
Bir acı söz qoparar.
Bir misra qəfil səni
Gəncliyinə aparar.
***
Bir eşq bükər boynunu
Ürəyinin başında.
Bir həsrəti yuyursan
Gözlərinin yaşında.
***
Günlər-durna qatarı,
Nə vaxt döndü ay ilə?!
Axı,səni kim atıb
Bu kimsəsiz sahilə?
***
Baxtın axsaq qağayı,
Uça bilsən uzağa…
Qışda açan çiçəklər
Necə dözür sazağa?
***
Səni kim axtaracaq,
Batsan qum dənizində?
Gözünü sıx,gül bitər,
Bir gün ayaq izində…
Axşam ovqatı
Sabaha da bahanə var,
Qar yağıb,yolu bağlayıb.
Gedənlər geri qayıtmır…
Neynirsən,axı,ağlayıb.
***
Nə desən,donur havada,
Sözünü külək aparır.
Sən çətiri qoruyursan,
Özünü külək aparır.
***
Xan çinarlar yırğalanır,
Əl-ələ tutubdu şamlar.
Hirsini dişinə sıxıb
Dərdini qovur adamlar.
***
Pəncərələr gileylənir,
Astaca deyinir qapı.
Baxıb qışa,boz üzünü
Xəlvətcə geyinir qapı.
***
Bir qara daşdan boylanır
Bir şəkil qərib yollara.
Qar deyil,bəyaz saçını
Bir ana sərib yollara…
***
Bir ürəyin ağrısına
Mələklər göylərdən enir.
Bir körpənin gülüşündən
Üşüyən bir ev isinir.
Sənə nə göndərim
Mən sənə gül göndərərdim…
Yol uzaqdı,hava sazaq.
Heç bilmirəm,nə göndərim?
Ürəyincə olsun ancaq…
***
Bir isti əl olsun təki,
Qoymasın qəmdə batmağa.
Bir xoş söz də bəs eləyər,
Bir ömürü uzatmağa.
***
Bilirsənmi,hər şən günün
Qərib,tənha axşamı var…
Əllərimi göndərərəm,
Tellərini sığallayar.
***
Bəzən kiçik xatirə də
Məlhəm olur karıxanda.
Bir az boylan uzaqlara,
Adımı çək darıxanda.
***
Bitər təbrik yağışları,
Sonra çıxıb gedər hamı…
Ürəyindən bir səs gəlir,
Eşidərsən pıçıltımı?!
***
Günü,ayı xərcləyərsən
Bir sevdanın sorağında.
Qönçələnmiş bir misrayam,
Gül açaram dodağında.
Təbəssüm şəkili
Hər gecə aranı daşıyıb dağa,
Nə qədər özünnən danışar adam?
Dünya varlğından xəbər tutunca,
Görərsən yoxluğa qarışıb adam…
***
Təkcə özü olar-özünə sirdaş,
Hər dəfə özünü kəsər qılıncı.
Səsi öz üçüində batanlar bilər,
Necə daşa dönür yumşaq balıncı.
***
Kimsə xəbər tutmaz bir acısından,
Üzündən təbəssüm şəkili asar.
Nəyə əl uzatsa,çıxar qəhətə,
Yazda çiçək tapmaz,qışda bir az qar.
***
Nə vaxtdı özünə kəsilib qənim,
Talayıb ömrünü,yorub vaxtını.
Zalım,sən də sevin- ürəkdən,görsən
Qaralan qanının duru vaxtını.
***
Daha yoldan-izdən yığılıb gözü,
Daha gözlərindən qəlbinə axır.
Elə sığınır ki tənhalığına,
Sevdiyi qadın da yadından çıxır…
Durna
Bir yaz gecəsi yuxuma
bir durna qonaq gəlmişdi…
Sən niyə ayrıldın qatardan belə,
Hardan uçub gəldin yuxuma mənim.
Sən niyə sinəmə çırpdın özünü,
Baxmadın azıma-çoxuma mənim.
***
Axı,mən kiməm ki? Söz şəkli çəkən…
Min ildi əsirəm qələmin üstdə.
Könlümdə qopubdu Nuhun tufanı,
Çıxıram sahilə ağ gəmi üstdə.
***
Sən necə bildin ki yanıb qanadım,
Elə o zamandan göyə həsrətəm.
Ömrümün-günümün səhmanı itib,
Nə vaxtdı sevgidən qalmışam yetim.
***
Necə yaşayarıq ikimiz belə?
Bizimki tutarmı? Sən-quş,mən-adam…
Bir gün göylər üçün darıxacaqsan,
Açılanda səhər,düşəndə axşam.
***
Sən hardan bildin ki, uça bilmirəm,
Gəlmisən dərdimə əlac etməyə.
Neyləyim,mənim ki qanadım yoxdu,
Bir gün havalanıb sənnən getməyə.
***
Quşlar uçub gedir…sən də dayanma,
Orda səndən ötrü darıxır yuvan.
Gün gələr mənim də qanadım çıxar,
Uçaram,uçaram lap yanınacan…
Sən də gedəcəksən
Sən də gedəcəksən bir gün…bilirəm,
Birinci görüşdən duymuşdum bunu.
Ya ölümlə bitir,ya ayrılıqla
Bütün görüşlərin,heyif ki,sonu…
***
Bu da bir sınaqdı,fikir eləmə,
Keçənə güzəşt de,olan olacaq.
Nə üzül mənimçün,nə üzr istə,
Yox…yox…lazım deyil mənə acımaq.
***
Çətindi bir ömrün yükünü çəkmək,
Özünə görəymiş hər dağın qarı.
Nə qədər vədinə xilaf çıxan var,
Gəl,mənə tanıtma sən adamları…
***
Mən yaxşı bilirəm,nədir ayrılıq…
Istəsən soraqla,istəsən ara.
Sənin xəbərin yox,necə sızlayır
Köksümün altında bir köhnə yara.
***
Yaxşı tanıyıram mən ki bu qəmi,
Bilirəm dadını undulmağın.
Astaca nə isə pıçıladayırsan…
Titrəyir əllərin,əsir dodağın.
***
Nəyin var,götürdün…hazırsan artıq…
Yır-yığış elədin,bax,bu da boxçan.
Qəsdən ləngiyirsən,bircə söz deyim,
Mən də çox zalımam,demirəm dayan.
Dərd çiçəkəri
Sən hələ bilmirsən,necə qırılır,
Necə çiliklənir içindən adam.
Boğulur,havası çatışmır evdə,
Gözləri qapıda qalır hər axşam…
***
Hər gün öz külündən bir də doğulur,
Dərdi çiçəkləyir üzündə dən-dən.
Qara günlərini ağ sap eləyib
Hər gecə keçirir öz kipriyindən.
***
Sən hələ bilmirsən,necə əzabdı
Misra-misra ölüb,söz-söz doğulmaq;
Dağıdıb qanını neçə tikana,
Torpağa qarışıb,güldə yox olmaq…
***
Gözlərin qaralar-boylansan bir az,
Ürəyin çəkilər-uzandıqca yol.
Geri dön,hələ ki təzədi yaran,
Gün gələr, mənə də deyərsən:-Sağ ol!
***
Heyif,oda düşdüm mən öz dilimdən,
Indi tüstüləyən bacasız evəm.
Ömrümü-günümü yedi adamlar,
Ürəkmi qoydular-təzədən sevəm…
Son ümid
Sındı içimdəki son ümid,heyif…
Qırıldım sonuncu adamdan belə.
Mənə şirin-şirin nağıl danışma,
Demə o bağ belə,bu bostan belə…
***
Bir azca sən də dad unudulmağı,
Gör ki tənhalıqdan Tanrı nə çəkir.
Mən elə əzəldən içimdə təkəm,
Peşiman olarsan,yolumdan çəkil.
***
Gedənlər gedəcək,belədi qayda,
Bu andlar,bu vədlər…hamısı boşdu.
Hər kəs öz oduna isinsin,yetər…
Mənə öz külümdə oynamaq xoşdu.
***
Bircə yol qaçmadım tərif dalınca,
Gözüm yox heç zaman şöhrətdə,şanda.
Mən susan dənizəm tufandan qabaq,
Müsibət oluram səbrim daşanda.
***
Ölərəm,dilimdən qıfıl açılmaz,
Heç “uf” da demərəm sökülüncə can.
Hər gün bir nəfərlik qala tikirəm
Özümə könlümün qırıqlarından.
Sonuncu qapı
Bu da sonuncu qapı,
Çıxıb gedirsən sən də.
Görərsən ki,nə ev var,
Nə qapı var dönəndə.
***
Keçmişə qayıtmağa
Nə iz,nə də cığır var.
Gedib səhraya çıxır
Qayıtdığın cığırlar…
***
Isti küləklər döyür
Qurumuş bir ağacı.
Ilişib bir budağa
Əsir Leylinin saçı.
***
Bir leylək yuva qurur
Ötən günün ahından.
Tanrı da çoxdan keçib
Adəmin günahından.
***
Musanın xəbəri yox,
Balığı su aparıb.
Dərdimi dimdiyində
Götürüb qu aparıb.
***
Daşıyıram Hələbə
Min karvanlıq yükümü.
Yoluma işıq salır
Həvvanın təbəssümü…
Eşq yağışı
İlahi,sonuncu sınaqdımı bu?!
Ömrün qürubunda nəydi bu sevda?
Könlümün min ildi xaraba qalan
Sınıq qapısını döydü bu sevda.
***
Ürəyim qurumuş bir çay yatağı,
Necə tab gətirsin bu selə indi?
Gözümdən süzülən iki damla yaş
Dönəcək sinəmdə bir gölə indi.
***
Nə külək,nə sazaq vecimə deyil,
Durmuşam bir eşqin yağışı altda.
Köhnə yaralarım təzə gül açar
Islanıb bir ilıq baxışın altda.
***
Hələ bitməyibmiş,demək, nağıllar…
Qəfil bir arzunun qanadı çıxar.
Elə oxşayaram sinəmdə ahı,
Dilimdən min qəmli bayatı çıxar.
***
Ilahi,ümidlər tumurcuqlayıb,
Uzanıb yolları qucaqlayacaq.
Yarpağı saralan payız ömrümü
Baharın qolları qucaqlayacaq…