Genel

Azərbaycanlılara qarşı törədilmiş soyqırımını tarixi mənbələr də sübut edir – Subhan Talıblı

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının SİA-ya müsahibəsi təqdim edirik:

– Əvvəla qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı” haqqında verdiyi fərmanının ermənilərin cinayətkar və terror əməllərinin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması baxımından çox böyük tarixi, siyasi və hüquqi rolu olub. 1905-1906-cı illərdə Cənubi Qafqazda törədilən qırğınlar mahiyyət etibarilə ermənilərin XX əsrdə azərbaycanlılara qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir. 1905-1906-cı illər erməni-müsəlman iğtişaşları nəticəsində İrəvan və Yelizavetpol (Gəncə) quberniyaları ərazisində 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilib, əhalisi etnik təmizlənməyə və kütləvi qırğınlara məruz qalıb.

– Bakı soqyırımı haqqında nə deyə bilərsiniz?

– 1918-ci il avqust ayının 31-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri F.X.Xoyskinin Gəncə şəhərində imzaladığı qərara əsasən, 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası (FTK) yaradılıb. FTK əvvəlcə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinə qədər rəsmi təhqiqat orqanı fəaliyyət göstərib. Əsas məqsədi erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılıb. FTK-nin sədri Ələkbər bəy Xasməmmədovun tapşırığı əsasında, komissiyasının üzvü Mirzə Cavad Axundzadə fotoqraf Litvinovun köməyi ilə Bakıda ermənilər tərəfindən dağıdılmış və yandırılmış binaların şəklinin çəkmişdir. Bakıda azərbaycanlıların soyqırımı zamanı təxmini hesablamalara görə, 15-20 min azərbaycanlı qətliam edilib.

– Şamaxıda törədilmiş soyqırımla bağlı diqqəti cəlb edən detallar hansılardır?

– Şamaxıda törədilmiş soyqırımla bağlı FTK tərəfindən hazırlanmış 23 qərar layihəsi və 72 cild, 952 vərəqdən ibarət təhqiqat materialları erməni silahlı dəstələri tərəfindən Şamaxı şəhəri və Şamaxı qəzası üzrə törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verilib. 1918-ci il noyabr ayının 22-də Fövqəladə Təhqiqat Komissiyasının (FTK) sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirinə Şamaxı şəhəri və Şamaxı qəzasının Azərbaycan kəndlərinin talan edilməsi və müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzə edib. 1919-cu il aprel ayının 3-də Azərbaycan Cümhuriyyəti Daxili İşlər Nazirliyi Şamaxı qəzasının rəisinin FTK-ya həmin qəzanın 3 polis sahəsi üzrə (Qəbristan, Mədrəsə və Kaşun) üzrə ermənilər tərəfindən dağıdılmış kəndlərinin siyahısı verilib. FTK materiallarına əsasən azərbaycanlılara qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər.

– Quba və ətraf yerlərdə törədilən vəhşiliklər haqqında hansı faktlar mövcuddur?

– Quba və ətraf yerlərdə Azərbaycan əhalisi üzərində ermənilərin törətdikləri vəhşilikləri araşdırmaq üçün Fövqəladə Təhqiqat Komissiyasının 1918-ci il dekabrın 12-də aprelin 12-də fəaliyyətə başlaması və 1920-ci il aprelin 20-də başa çatıb. Araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 1 qərar layihəsinin hazırlanması, 3 cilddən ibarət 451 vərəq tərtib olunub. FTK-nın üzvü A.Novatskinin “Quba şəhəri və Quba qəzasının kəndlərinin dağıdılması və qeyd olunan şəhər və kəndlərin əhalisinə qarşı edilən zorakılıqlar haqqında məruzəsi” etmiş, FTK-nın şahid ifadələrində mayın 1-də Qubaya daxil olan Hamazaspın erməni silahlı dəstələrinin törətdikləri qətliamlar və özbaşınalıqlar haqda məlumatlar verilib. Bundan başqa Quba hadisələrində bolşeviklər tərəfindən iştirakçı olmuş yəhudi Savi İlyansevin, 1918-ci il qırmızı qvardiyaçı olmuş Q.Nağıyevin, 1918-ci il bolşevik drujinaçısı olmuş Arustamovun xatirələri, Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatı, Qubanın nüfuzlu şəxslərindən olan Hacı İsmayıl Orucovun ifadəsində erməni vəhşilikləri haqda məlumatlar öz əksini tapıb. Şaumyanın tapşırığı ilə Qubaya birinci olaraq David Gelovaninin başçılığı altında 187 nəfərlik silahlı dəstə, 1918-ci il mayın 1-də Bakı Xalq Komissarları Soveti Qubaya daşnak Hamazaspın və onun köməkçisi Nikolayın komandanlığı altında, tərkibi ermənilərdən ibarət dəstə göndərilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunmuş Quba soyqırımı məzarlığı 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş və 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Kütləvi məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

– Şərqi Anadoludakı erməni vəhşikiləri barədə dövrün mənbələrində nələr göstərilir?

– Şərqi Anadoludakı erməni vəhşikilərinə baxdıqda, o dövrün mənbələri göstərir ki, 1914-1915-ci illərdə Qars vilayətinin Ərdahan dairəsində 110, Qağızman dairəsində 75, Qars dairəsində 130, Oltu dərəsində 90 kənd tamamilə dağıdılmış və əhalisi soyqırıma məruz qalıb. Ümumiyyətlə, Qars vilayətində təkcə 1914- 1915-ci illərdə 405 kənddə ermənilər türklərə qarşı soyırım törədiblər. Bununla bağlı 1920-ci il martın 6-da tərtib olunmuş sənəd XV Nizami Ordu Komandanlığına göndərilib. Türkiyə Baş nazirliyini Osmanlı arxivində olan məlumata əsasən, 1920-ci il 30 iyun tarixli sənədin şahid və nümayəndələrin imzası ilə ingilis nümayəndəsinə göndərilib. Bu sənəddə Qaraurqan, Ərzurum, Qars, Bəyazit, Sarıqamış, Naxçıvan və Araz ətrafında ermənilər tərəfindən tödərilmiş qətliamlar və vəhşiliklər haqda məlumatlar verilib. Ermənilər və onları dəstəkləyən qüvvələr tərəfindən 1920-ci ilin avqustunda Qars-Gümrü yolu üzərində olan Şabanlar və Avnil, Uluxanlı yaxınlığında Çeçal kəndlərinə törədilmiş soyqırım və vəhşiliklər törədilib.

Həmçinin tarixi yurdumuz olan İrəvan bölgəsində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlar Türkiyənin Baş nazirliyinin Osmanlı arxivində 03 iyul 1919-cu il tarixli “Ermənilərin Sevan (Göyçə) əhalisinə rəva gördükləri mezalimlerin icra edildiyi məntəqələrin təsviri” adlanan xəritə məlumat verilib. 1919-cu ilin iyulunda tərtib olunmuş bir sənəddə Araz çayı boyunca soyqırımların həyat keçirildiyi ərazilərin təsvirinin başqa bir xəritədə göstərilib.1920-ci ilin fevralında İrəvan quberniyasının Şörəyel qəzasında 1350 nəfər əliyalın əhali kəndlərini tərk edərkən, həmin ilin mart ayında Şörəyel qəzasında 2000 nəfər azərbaycanlı ermənilər tərəfindən vəhşicəsinə qətl edilmiuşdir. Həmin tarixi sənədlər şahidlərin imzası ilə ingilis nümayəndəsinə və Osmanlı dövlətinin XV Nizami ordu rəhbərliyinə ünvanlanıb. 1920-ci ilin iyununda erməni silahlı birləşmələri Uluxanlı (İrəvan) ətrafındakı – Qaraoğlu, Lələoğlu, Novosəlim, Qaraçayır, İğdır, Ağpinar, Qırxpinar, Ağçaqala Çuxuru kəndlərini yandıraraq əhalisini tamamilə məhv ediblər. 1920-ci ilin sonunda ermənilər İrəvan bölgəsinin Qızılkilsə kəndində 50 nəfər uşaq və yeniyetməni balta ilə doğrayaraq öldürmüş, gözlərini qızdırılmış şişlərlə çıxarmış və cəsədlərini qazanlarda yandırıblar. 1919-cu il iyulun 3-də tərtib olunmuş sənəddə ermənilərin Vedi ətrafını 4 tərəfdən mühasirəyə alaraq buranı aramsız top atəşinə tutduqları, Araz çayı ətrafında yerləşən kəndlərə hücum edərək əhaliyə görünməmiş işgəncələr verdiyi qeyd olunub. 28 yanvar 1921-ci il tarixində tərtib olunmuş sənəddə 1920-ci ildə İrəvan və İğdır arasında yerləşən kəndlərin türk-müsəlman əhalisinin ermənilər tərəfindən tarixdə görünməmiş vəhşiliklə həyata keçirilən soyqırıma məruz qaldığı təsvir olunub. FTK-nın üzvü N.Mixaylovun 1918-ci il ərzində Zəngəzur qəzasında törədilmiş vəhşiliklərin təhqiqatı əsasında məruzə hazırlayıb. Zəngəzur bölgəsində azərbaycanlılara qarşı kütləvi zorakılıqlar 1917-ci ilin sonu – 1918-ci ildə olmuşdur. Zəngəzur bölgəsində erməni təcavüzünün genişlənməsi və onun nəticələri 1919-cu il – 1920-ci illərin əvvəllərini əhatə edib. Azərbaycan hökumətinin 29 yanvar 1919-cu il tarixli qərarına əsasən Zəngəzur, Şuşa, Cavanşir, Cəbrayıl qəzaları hüdudlarında müvəqqəti general-qubernatorluğun təsis edilməsi və nüfuzlu dövlət xadimi Xosrov bəy Sultanovun general-qubernator təyin edilib. Bundan başqa Azərbaycan hökumətinin həyata keçirdiyi diplomatik-siyasi, hərbi tədbirlər, müttəfiq qoşunların komandanlığı ilə apardığı danışıqlar nəticəsində Andranikin bölgəni tərk edib. Qarabağ, Zəngəzur, Naxçıvan bölgələrində yaranmış mürəkkəb hərbi-siyasi vəziyyətin Azərbaycanın yenicə formalaşmış Parlamentinin 10 dekabr 1918-ci il tarixli iclasında və Parlamentin 16 yanvar 1919-cu il tarixli iclasında Zəngəzurda erməni vəhşilikləri nəticəsində oradan didərgin düşmüş soydaşlarımızın ağır vəziyyəti haqda müzakirələr olub. Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb.

Erməni və aysorların 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlıların soyqırımına məruz qoymasının nə kimi nəticələri olub?

– Erməni və aysorların 1918-ci ildə Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlıların soyqırımına məruz qoymasının ağır nəticələri olub. Cənubi Azərbaycanın təkcə Urmiya, Xoy və Salmas şəhərlərində ermənilər tərəfindən soyqırımı edilənlərin sayı 160-200 min nəfər arasında olub. Əslində bu rəqəm göstəriləndən qat-qat çoxdur. Rza şah, sonra isə onun oğlu Cənubi Azərbaycandakı müsəlman-türklərin soyqırımı haqda yazmağı və təhqiqat aparmağı yasaq etdiyindən 1918-ci ildəki müsəlman qətliamında öldürülənlərin sayı indiyə qədər dəqiq verilməmişdi. Təbrizdə çıxan “Dilmanc” jurnalı isə 1918-ci ilin sözügedən soyqırımında ölənlərin sayını 100 min nəfər, Əhməd Kəsrəvi “Azərbaycanın 18 illik tarixi” kitabında 130 min nəfər, Camal Ayrumlunun Urmiyada çıxan “Nəvide Azərbaycan” qəzetindəki məqaləsində 150 min nəfər, Həsən Səfəri “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” adlı əsərində 200 min nəfər yaxın olduğu göstərilir. Fikirmcə, həm yerli, həm də dünya ictimaiyyətinə Azərbaycanlıların soyqırımının baş verdiyi tarixi şəraiti, türk-müsəlman əhaliyə qarşı törədilmiş soyqırımın səbəblərini, mahiyyətini, nəticəsini, erməni-daşnak, bolşevik və xarici qüvvələrinin tarixi məqsədlərini; Erməni təcavüzkarlarının çirkin niyyətlərinin həyata keçirilməsinə havadarlıq edən regional və beynəlxalq qüvvələrin məqsədlərini, Müstəqil Azərbaycan Respublikasının Azərbaycanlıların soyqırımı ilə bağlı həyata keçirdiyi tədbirlərin mahiyyətini və əhəmiyyətini, beynəxalq aləmə Azərbaycanlıların soyqırımına aid tarix faktları izah etməyi, Azərbaycanlıların soyqırımına aid həm Azərbaycan, həm də xarici dilli mənbəşünaslığa, tarixşünaslığa, arxiv materiallarına, elmi ədəbiyyata, dövrü mətbuata, fotolara, AXC-nin Fövqəladə Təhqiqat Komissiyasının materiallarını, eləcə də tarixi sənədlərdən çıxış edərək azərbaycanlıların soyqırımını bəşəriyyyətə qarşəı cinayət faktı kimi əsaslandırmağı, Bakı, Quba, Şamaxı, Şərqi Anadolu, Naxçıxan, Zəngəzur, Salyan, Neftçala, Lənkəran, İrəvan, Cənubi Azərbaycanın Xoy, Salmas, Urmiya bölgələrinin şəhər, qəsəbə, kəndlərində və digər bölgələrdə baş vermiş soyqırım haqqında tarixi həqiqətləri ətraflı şəkildə çadıtılması sön dərəcə mühüm və əhəmiyyətlidir.

Müəllif: Aysel Məmmədova

Pin It on Pinterest