Əbülfət Novruz

Əbülfət Novruz

Balıqçı qardaş…

Balıqçı qardaş, at bu toru dəryaya
Toruna dəryadan başqa
Hər şey düşəcək…
Xərçənglər balıqlarla,
Nəhənglər
“Qalıq-quluqlarla”
Son nəfəsdə də olsa hövürləşəcək..
Görəcəksən nəhəng balıqların
Necə əzabnan
Hay-küynən,
Zülümnən öldüyünü…
Görəcəksən xırda balıqların
Səbirnən
Dözümnən
Sükuta Necə
Sakit gömüldüyünü…
Balıqçı qardaş at bu toru
Bu şəhərin boz damlarına…
Məlikməmməd ipi kəsib taxta çıxan
Qardaşlarnan görüşəcək…
At bu evsiz, eşiksiz küçə adamlarına…
Evlərinə çəkilib tora düşməyənlər
Xısın-xısın gülüşəcək..
Balıqçı qardaş,
Birin bilirsən, minin yox…
Atdığın bu torun dilin bilirsən,
Dinin yox..

Hacıleylək

Hacıleylək gözüm səni itirməz daha,
Uçuşundan səadət də qoxuyur hərdən…
Bu çöllüklər Məcnunluğu götürməz daha
Ürəyimiz başqa dildə oxuyur hərdən..

Hacıleylək, hacılığın yaxşıdı elə.
Çox ötmüsən bu zamandan, bu axan vaxtdan.
Sənin üçün tale verən naxışdı elə,
Çapalayan balıqları dənlə bu arxdan…

Çox sınadım… “şər deməsən, xeyr gəlməz”i
Hacıleylək, bu yolları bürkümü tutub?
Müvəqqəti gələsilər getsin gəlməsin
Müvəqqəti gedəsilər yükünü tutub…

Sənin üçün yer də vətən, göy də vətəndi
Qışa düşdün, vətəndə də qəribsən demək…
Qəfilliklər birdən gəlib, birdən ötəndi
Söküb, tökən leysanları görübsən demək…

Bu göydəki sonsuzluğa aldanma çox da
Yersiz o öz məqamını saxlayan deyil…
Boynundakı ucalıqda daldanma çox da,
Bəlaların qapısını bağlayan deyil…

Hacıleylək, itib-batıb Zümrüd quşları
Ehh, nə bilim, bəlkə elə mənimçün yoxdu
Qanadların xatırladır ağappaq qarı,
Yorğanını çək üstümə, mənə soyuqdu…

Hacıleylək sən də elə köçəri quşsan.
Mən də elə sənin kimi, köçəri adam..
Uşaqların hay-küyündən perikib uçsan,
Böyüklərin qəzəbini çətin ovudam…

Ocaq daşları və mən…

Getdi bu çəmənin göz oxşamağı,
Yığdı şələsini sakinləri də …
Təzəcə göz açan körpə bulağı
Bu solan gözəllik çətin kiridə…

Düzəndə qaralır bir ocaq yeri,
Onun ətrafında durubdu daşlar…
Kişilər yerini gör kimə verib?!
Küllükdə bir məclis qurubdu daşlar…

Bu sönən ocaq tək itib, batıbdı
Qədəh cingiltisi, nə bilim nələr..
Yəqin başqa yerdə məskən tapıbdı,
Gözə görünmələr, gözə girmələr…

Daşlar halay vurub durar ayaqda
Gələr tamaşaya yollar, cığırlar
Saxlayar küllüyü torpaq – tabaqda
Əvvəldən sonunu görsün oğullar.

Bu daşlar öpülməz məzar daşı tək,
Çopur üzlərinə sığal çəkilməz…
Hələ çox közləri kül eyləyəcək,
Yaddaşı çözülməz, qəddi bükülməz…

Götürün məni də sıranıza siz…-
Ayağım küllükdə, başımda duman…
A daşlar mənimlə yallı gedəsiz..
Baxıb oğrun-oğrun ötüşsün zaman..

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi.

Pin It on Pinterest