Əbülfət MƏDƏTOĞLU – (Şeirlər)

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Əbülfət MƏDƏTOĞLU

(Şeirlər)
SƏNƏ OLAN SEVGİM…

Yolun sərti, hamarı
Saçın baxış tumarı…
Dünyanın şah damarı –
Sənə olan sevgimdi!


Ahım, ünüm, bayatım
Qoymasa da boy atım…
Mənim bütün həyatım –
Sənə olan sevgimdi!


Üzüm, gözüm, baxışım
Şeh adlanan yağışım…
Ən önəmli naxışım –
Sənə olan sevgimdi…


Yerim, göyüm… bu ürək
Şumla özün, buyur, ək!
Bu ürəkdə sahib, tək –
Sənə olan sevgimdi!


Təpərim, təbim, halım
Gül, qəlbin səbbin alım!
Allah qədər xəyalıım –

Sənə olan sevgimdi!

ÇİÇƏK…
(Yaddaşımdakı günün şeiri…)
Hər açılan sabahla
Açılır bir çiçək də…
Dua var hər sabahda –
Gözəllik hər çiçəkdə!


Bax üzünə, dan üzü
Nurlanır hər an üzü!
Üzünə üz san üzü –
Ay ürəyim, çiçəklə!


Ruhu sancağa taxan,
Donur yerində bax, an!
Arxanca durub baxan –
Gözü şehli çiçəksə…


Sevgi qəlbdə, gözdəmi?
Hər bir anın öz dəmi…
Xoş olduqca göz dəmi –
Gör nə çəkir çiçək, nə?!

MƏNİ
(Saralan dəftərdən)
Səhər də, axşam da köhnə biçimdə
Mən vaxt öldürürəm, vaxt da ki, məni…
Təzə heç nə yoxdu köhnə içimdə –
Oxşamır o köhnə vaxt da ki, məni!


Ayıra bilmədən dizini yerdən,
Gözlərim dənləyir izini yerdən.
Qaldıra bilsəydim gözümü yerdən,
Gəzərdim, o gənclik vaxtdakı məni…


Ruhum çoxdan verib yaxasın ələ,
Dolaşıb baxışım öpdüyü telə…
Söz sözü çəkəndə, ya elə-belə
Xatırla, yıxdığın taxtdakı məni…


Sevinc arzuladım, kədər təxmini
Yanlışa çevirdin hədər, fəhmimi!
Zaman fırlatdıqca qədər çərximi –
Axıt göz yaşında “ax”dakı məni!

MƏNZƏRƏ
(Saralan dəftərdən)
Sən bənövşə yığırsan –
Xatirələri məndə…
Sən ona sığınırsan –
Xatirələrə mən də…


Ovudursan ruhunu,
Həzin, kövrək duyğunu…
Çin edirsən yuxunu –
Xatirələri mən də!


Bir hicranın mehində,
Yuyub “ah”ın, “eh”ində…
Bənövşənin şehində –
Xatirələri məndə!


Günüm güllə başlayır
Gül günə gül aşılayır…
Səndə ümid yaşayır –
Xatirələrsə, məndə…

ÖZÜNÜ

Ağ atlı çaparmısan,
Çapırsan ürəyimdə?!.
Yuxumu aparmısan,
Taparsan ürəyimdə –
Özünü!


Gecəm şamdı – əriyir,
Bələnirəm tüstümə…
Sol gözüm çox səyriyir,
Əyilib qoy üstünə –
Gözünü!


Ruhumu mən, açılan
Səhərə naxışladım…
Qoy öpsün, bu sancılan –
Yuxusuz baxışlarım –
Üzünü!


Dan üzünün ayazı –
Sakini otağımın…
Toxundur ki, isinim –
Əlinin, dodağının –
Közünü!


Bax, bənövşə şehidi

Kirpiyimdəki nəm də…
Xəyalımın sehridi –
Görmək şəklini, həm də –
Özünü!

SƏHƏRİMİN SEVGİ ŞEİRİ
Bu səhərimin adı –
Gözlərinin rəngidi…
Xəyalıma gətirdim –
Ruhumdakı Cəngidi!


İçimdə coşub-daşan
Xəyal sərhəddin aşan,
Qoymur ki, qalsın boş an –
Deyəm, hissim səngidi!


Baxışından bir udum
Pay ver mənə, Umudum!
Uzat, əlini tutum –
Tay nəfəsim təngidi!


Həm ətək, həm əl kəsdin,
Sanki bir kol – şəl kəsdin…
Sən qərarda tələsdin –
Əbülfət də ləngidi…

TƏKLİYİMLƏ SÖHBƏT

Nə axşamım, nə səhərim sayılmır
Bu ömürdən, dilim səni demirsə…
Neynəyim ki, ürək qəmdən ayılmır –
Çəkdiyi yük duzdu, ya da dəmirsə…


Ağrılar da bədəndəki bir döldü…
Kiminə az, kiminə çox… kim böldü?
Bəbəklərim gölməçədi, ya göldü –
Kirpiklərim göz yaşları əmirsə…


Nədi axı bu baş verən, törənən
Mən ki xəyal divarları hörənəm…
Bir az ümid işartısı görərəm –
Aparılan söküntü yox, təmirsə…


Qarış-qarış ən balaca ləkəcən
Ürəyimi arat edib əkəcəm…
Veriləni, yazılanı çəkəcəm –
Bu sən adlı yardan gələn əmrsə!

TƏNHALIĞIN MƏNZƏRƏSİ…

Susub oturmuşam – küsmüş uşaqtək
Nə dindirən yoxdu, nə də söylədən…
Elə bükülmüşəm əyri bucaqtək –
İçimi təklikdi didib, göynədən…


Gözümü söykəyib soyuq divara,
Hətta üşüdürəm baxışımı da…
Bir damcı yaş yoxdu kirpik suvara –
Həsrət perik salıb yağışımı da…


Xəyal da büzüşüb – açmır qanadın
Yaddaşım elə bil buz bağlayıbdı…
Mənə tənhalığı biçən o, Qadın –

Sevgimi qəlbində qız saxlayıbdı…


…Susub oturmuşam – nəfəsimi də
Boğuram, dişimlə bərk-bərk sıxaraq…
Bəlkə zəng edəsən? – tay səsimi də –
Sevgimlə bərabər üzə çıxaraq!..

SƏNİN MƏNZƏRƏN

Sən Günəşin zərrəsi,
Mən də ona canatan…
Bizi qarşılaşdırıb –
Yeri, göyü Yaradan!


Çiçək üstə şeh kimi
Ləçək öpən meh kimi…
Bax, bu ömrü, beh kimi –
Verdim sənə yarıdan!


Ürəyim əllərində
Baxışım tellərində…
Sən – ümid sellərində –
Oldun məni yarıdan!


Pəncərəni bir az aç,
Bax, pıçılda… sonra qaç…
Ay Sevgimə son əlac –
Yarı sübhsən, yarı Dan!

NƏZİR DEMİŞƏM…

Söndür bu şam ömrümü
Səhər, axşam ömrümü…
Sənə, ağ şam, ömrümü –
Nəzir demişəm!


Əlim Haqq ətəyində
Arıyam – pətəyimdə.
Gözümün bəbəyin də –
Nəzir demişəm!


Səsimi sözlə birgə
Külümü közlə birgə…
İnan və özgə bilmə –
Nəzir demişəm!


Sındır, söndür… tapdala,
Ya sevgimdən yap qala…
Gülməyinçün, abdala –
Nəzir demişəm!


Danıb doğma, yadımı
Tapdım SƏN – həyatımı!
Hətta sənə adımı –
Nəzir demişəm!

Cavabsız sual
Sevincində, qəmində
Kirpiyinin nəmində…
Hansısa bir dəmində –
Varammı?


Gülüşündə, nazında
Onun çox, ya azında…
Sənin alın yazında –
Varammı?


Gündüzündə, gecəndə
Anı, andan seçəndə…
Ürəyindən keçəndə –
Varammı?


Xəyalında, yuxunda
Ürək qədər yaxında…
Lap düyməntək yaxanda –
Varammı?


Haqqa açıq əlində
Dua kimi dilində…
Gündə, ayda, ilində –
Varammı?


…Özümə özüm qədər
Yoxdur, yaşadan kədər!
Soruşmuram ki, hədər –
Varammı?


Dünyamdakı atəş, nur!
Bir azacıq yaxın dur…
Əlini üzümə vur –
Varammı?..

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest