GenelGüncelKültür Sanat

Xüsusi təyinatlı söz: Qarabağ Azərbaycandır! Südabə AĞABALAYEVA

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Südabə AĞABALAYEVA

Xüsusi təyinatlı söz: Qarabağ Azərbaycandır! 

“Ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir”.

İlham Əliyev

Ədəbiyyatın (Sözün!) müharibələri dayandırmaq, torpaq qaytarmaq, münaqişələrə son qoymaq gücü və rolu ilə bağlı sadəlövh düşüncələrin dövrü çoxdan keçib. Ədəbiyyat bu işə kömək edən dəyərləri təbliğ etməklə, həm də nəsillərarası rabitənin qırılmamasına kömək edir; hər bir nəslin psixologiyası özündən əvvəlki nəsillərin psixologiyası əsasında formalaşır. Bu rabitəni qorumaq nəsillərin psixoloji portretinin tamamlanması üçün vacibdir . Ədəbiyyat həm də bu portretin, başqa sözlə desək, milli mədəniyyətin taleyini virtual məkanın ümidinə qoymaq kimi yolverilməz səhvdən qoruyucudur. Qətiyyən təzə söz deyil; məhv olan mədəniyyətlərə, süqut etmiş dövlətlərin aqibətinə şahid olan tarixin yaddaşındandır.

Təqvimindən qaranı, tarixindən yaranı silməyə qalxan Azərbaycan sürətin və qüdrətin, qətiyyət və şərəfin elə bir məqamındadır ki, fikrin və hissin, düşüncə və hərəkətin nəbzi yalnız “Qarabağ Azərbaycandır!” nidasıyla vurur və yalnız bircə ladda oxunur; “Qələbə, qələbə, ancaq qələbə!” ladında. Zorun və Şərin, biganəliyin və etinasızlığın qərəz və tərəfkeşlik adlı 30 illik əsirliyində əzdirilmiş Azərbaycan bu haqq savaşında dünyaya hüququn, hərbin, diplomatiyanın, siyasətin elə bir məharətli idarəçilik mədəniyyətini nümayiş etdirir ki, ikili standart hiylələrinin puç olduğunu görən “ikibaşlı oyunların generalları” artıq müttəfiqlik dalğasını “Bakı vaxtı ilə” tutmağa çalışırlar. Azərbaycan sözünün sahibi və söz sahibi kimi, həm də türklüyün, əməkdaşlığın, tərəfdaşlığın, müttəfiqliyin, qonşuluğun “Bakı prosesi” modelini o qədər sadə, aydın, şəffaf, konkret və hamıya açıq humanist prinsiplər üzərində qurub və bəyan edib ki, onunla “dəyirmi masa”ya əyləşmək niyyətləri geosiyasi maraqların ciddi korrektəsini zəruri edir.

Azərbaycan regionda qardaşlığın, sülhün təminatçısı adını hərbi cinayətkarlığın misli görünməmiş qəddarlığından qarış-qarış, addım-addım, məzar-məzar keçərək, soyqırım, terror, genosid, ekosid, faşizm, separatizm, vandalizm… fəlakətlərinin ümumiləşdirilmiş adı olan ermənilik taununa qarşı təkbaşına vuruşa-vuruşa qazanıe. Gücü-güvənci isə, nazilsə də üzülməyən haqqa inamı, əsgərinin qanı-canı bahasına qoruduğu beynəlxalq hüququn normalarına sadiqliyi, lider – sərkərdəsi ilə bir olan xalq-ordu tandemini idarə edən milli birlik əzmi, cəngavər ruhu diri saxlayan çoxəsrlik qəhrəmanlıq ənənəsi, ən çətin anda tapındığı yazılan-yazılmayan dəyərlərə sədaqət hissi və bir də böyük mədəniyyətidir. Bu mədəniyyətin xüsusi təyinatlı sözü dünya dillərində liderinin, sərkərdəsinin səsi ilə tarixin yaddaşını oyadır, həqiqətin tozunu alır və “Azərbaycan dünyaya bir Günəş kimi doğacaq” (Heydər Əliyev) əminliyini Tarixin səhnəsinə çıxarır. Və bu dəfə feilin zamanını qeyri-müəyyən gələcəkdən sıyırıb, indiki zaman qətiyyətində bəyan edir.

Azərbaycan təkcə haqq işi, dogma torpaq uğrunda savaşmır. Azərbaycan Ordusu təyinləri dəyişir, mifi dağıdır, epik siqlətli süjetyaratma ənənəsini cilalayır, hərb, qəhrəmanlıq və barış tarixinin janr və üslubi keyfiyyətlərini yeniləyir.

Xüsusi təyinatlı xalq Göylərin uca qatında “Allahın süvariləri” kimi şərəfləndirilmiş Türkün və Can Azərbaycanın qüdrətini Yeni Dünya nizamının Bayraqdarı yüksəkliyinə aparan yolları həm də həqiqətdən güc alan diplomatiya səriştəsi ilə təkcə ermənilik şərindən yox, eləcə də, erməniliyə rəvac verənlərin erməni xislətindən təmizləyir. Hələliksə, xalqı bir Bayraq altında birləşdirmiş xüsusi təyinatlı söz – “Qarabağ Azərbaycandır!” – Azadlıq ümidlərini Böyük və Sarsılmaz Qələbə inamına səfərbər etməkdədir. Bu yolda Azərbaycan şeirinin savaş yaddaşı da bu günün ovqatına güc verir, ahəngi tamamlayır.

Azərbaycan şeirində müharibə mövzusu ötən əsrin 40-cı illərindən daha işlək, aparıcı mövqeyə keçsə də, 30-cu illərdə də, Böyük Vətən deyilən SSRİ müharibədə tərəf olmasa da, dünyada sülhün pozulduğu ölkələrlə həmrəylik ifadə edən şairlərimizin yaradıcılığında bu mövzu aktual olub. Əlbəttə, ideoloji müharibə səviyyəsində, kapitalizm dünyası ilə sosializmin qarşıdurmasında “azad ölkənin azad sənətkarı” kimi onun mövqeyi aydındı. Amma bu da mühümdür ki, müdafiə etdiyi, təbliğ etdiyi dəyərlər təkcə ideoloji yox, həm də bəşəri dəyərlərdi: humanizm, sülhsevərlik, hər cür ayrı-seçkiliyə etiraz… Bu mənada müharibə mövzulu şeirləri qruplaşdırarkən, müharibə təhlükəsindən xəbər verən şeirləri və müharibə dövrünün şeirlərini ayırmaq olar. İkinci qrup şeirlər təkcə düşmənə qarşı mübarizəyə, səfərbər olmağa səsləmirdi, qələbəyə inam təlqin edən, müharibədən sonrakı dinc quruculuq təntənəsinin sevincini yaşayacaq insanı tərənnüm edən, arxa cəbhə ilə döyüşən əsgərlərin birliyini alqışlayan şeirlərdi. Buraya şücaətilə fərqlənən ayrı-ayrı əsgər və zabitlərin şəninə qoşulmuş poetik nəğmələr də əlavə olunmaqla, bütövlükdə müharibənin fəlakətlərini eyni ağrı və hisslərlə yaşayan müharibə insanının obrazı, duyğu və düşüncələri bir kökdə-ahəngdə səslənirdi. Bütün bu nümunələrsə, bir məqsədə – Böyük Qələbəyə xidmət edirdi.

Azərbaycan sovet ədəbiyyatının birinci nəslinə mənsub olub, 37-nin vəbasından salamat çıxa bilmiş şair və yazıçıların birbaşa döyüşən ordu tərkibində olmasa da, hərbi müxbir kimi, ideoloji təbliğat cəbhəsində “döyüşməsi” məlum faktlarını sadalamağa ehtiyac yoxdur.

Anamızın saf südünə and olsun!

Alqışına, öyüdünə and olsun!

Zəfər adlı böyük günə and olsun!

Azadlığın bayrağını hər zaman

Azərbaycan qoruyacaq yağıdan! (R.Rza. 1942)

Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Əhməd Cəmil, Zeynal Xəlil, Nigar Rəfibəyli, Mirvarid Dilbazi və neçə-neçə şairlərin şeirlərində Böyük Vətən anlayışında Azərbaycanın, Azərbaycan insanının obrazı, adı parlaqlığı ilə seçilirdi. Savaşın çağırış (“Bilsin ana torpaq, eşitsin Vətən, / Müsəlləh əsgərəm mən də bu gündən”) və zəfər (“Yazılsın tarixə bir qızıl xətlə, / 45-ci ilin 9 May Günü!”) himnini yazmış Azərbaycan şairi Səməd Vurğunun “Ananın öyüdü” şeiri 1943-cü ildə ABŞ-da keçirilmiş müsabiqədə dünyada müharibə əleyhinə yazılmış ən yaxşı iyirmi şeir sırasına daxil edilmişdi. Səməd Vurğun Azərbaycan şeirinin və həm də Azərbaycan insanının düşüncəsini dünya səviyyəsində təqdim edə və bəşəri bədii dəyərə çevirə bilən azsaylı şairlərimizdəndi. Səməd Vurğunun şeirlərini təyyarə ilə cəbhə bölgələrinə səpələyirdilər. Ukraynalı bir şairin qeyd etdiyi kimi, Səməd Vurğun Ukrayna torpağı haqqında elə yazmışdı ki, elə bil öz doğma torpağını tərənnüm edirdi. Yaxud Ukraynanın faşistlərdən azad olunmasında müstəsna igidliklər göstərmiş başqa bir gənc şair – Böyükağa Qasımzadə cəbhədən həyat yoldaşına yazırdı ki, Şevçenko şeiri uğrunda döyüşməyi şərəf bilir.

İkinci nəslə aid edilən gənclərin döyüşçü-şair kimi müharibə cəb­hələrində uzun və şərəfli yol keçməsi ilə bağlı xeyli adlar sadalaya bilərik. Bu şairlərin şeirlərində müharibə çoxdan başlamışdı. Müharibəni yaxınlaşdıran, labüd edən ab-hava, iki dünyanın açıq-gizli qarşıdurmasında ümumbəşəri dəyərlərin: humanizmin, sülhün, əmin-amanlığın təbliği, hər cür ayrı-seçkiliyi rədd etmək, şərəf, sevgi, azadlıq… kimi uca əzəli-əbədi dəyərlərin təhlükədə olduğunu çar çəkir, insanlığı xilasa səsləyirdilər. Elə ilk gündən könüllü şəkildə döyüşən ordu sıralarında faşızmə qarşı vuruşmağı üstün tutan gənc şair Böyükağa Qasımzadənın İspaniyanın azadlığı uğrunda vuruşan ispan qızına, ispan döyüşçüsünə xitabən yazdığı şeirdə elə tək bircə // Mən səni sevirəm azadlıq qədər // misrası Azərbaycan şairinin hansı hisslərlə yaşadığını ümumiləşdirirdi. Onun qələm dostları Abdulla Faruq, Ənvər Əlibəyli, Zeynal Cabbarzadə də ön cəbhədə vuruşmaqla bərabər, şeirləri ilə həm döyüşçülərə, həm də arxada qoyub gəldiklərinə qələbəyə inam aşılayırdılar. Və bu sözlərin səmimiyyətinə zərrə qədər şübhə etmək olmur; sözü – şeiri belə qiymətləndirən insanlar onun müqəddəsliyini və dəyərini uca bilirdilər.

İkinci Dünya müharibəsindən ötən illər ərzində çox sular axıb, çox dəyərlər fərqli məzmun qazanıb. Yaradıcılığında bu müharibənin mövzusunun yer aldığı yazıçılarımız, demək olar ki, bu gün həyatda yoxdurlar. Mövzu isə bu gün də aktualdır. Bu gün “Böyük Vətən” coğrafi baxımdan sərhədləri çox kiçilmiş Azərbaycandır, daha dəqiqi, Qarabağdır. Amma həmin şairlərin poetik səsi bu gün də eşidilir.

Təəssüf ki, siyasi müstəqilliyini əldə etmiş Azərbaycanın ədəbiyyatı “Böyük Vətən” müharibəsindəki kimi səfərbər ola bilmədi, öz gücünü, potensialını “süngüyə çevirə bilmədi”. Bu müharibədə yurdu yağmalanmış, didərgin salınmış yazıçı döyüşçü, əsgər olmalı ikən, didərgin, köçkün oldu, “mənim yurdum” “bizim yurdumuz” ola bilmədi, məğlub heysiyyət acısını qarşı tərəfə yox, “öz rotasına” tuşladı. Əlbəttə, haqsız da deyildi, arqumenti də inandırıcı idi:

Qınayıram mənə qaçqın deyəni,

Özüm öz yuvamdan uçmamışam ki.

Tülkü hiyləsinə salıblar məni,

Aslan qabağından qaçmamışam ki… (Şərif Ağayar)

Azərbaycanın zorla cəlb olunduğu bu müharibə daha namərd və amansız oldu; “qaydasız döyüş”ün bütün qəfil və gözlənilməz fəndləri kimi. Bundan da betəri, “adil hakim” yoxluğu oldu… Bu qorxu “Allahım, mənə bir ağsaqqal yetir” (Zəlimxan Yaqub) iltimasında,

Bir xalqın başında aqil, mötəbər,

Tədbirli bir başçı durmasa əgər,

O xalqı, qurd nədir,

Tülkülər yeyər” (Mirvarid Dilbazi)

 – nigaranlığında ifadə olunurdu.

Bu ölkənin səngərdə vuruşan yazıçısının gözü arxada qaldı, torpaq uğrunda, vətənin şərəfi uğrunda döyüşən əsgərin arxada qoyduğu ailəsindən rahatlığı yoxdu, bu məsuliyyətin qarantı olmalı olan “başdakılar” vəzifə, hakimiyyət uğrunda bir-birinin və ən dəhşətlisi, zavallı xalqın qanını içməyə hazır hərisliklə düşmənlə, onun dəyirmanına su tökənlərlə gizli sövdələşməyə gedib, Qacara baş əyməyən Şuşanı gədalığa əydirdilər.

Bu müharibə “üçkünc məktublar” gətirmədi, bu müharibə qara məktublardan daha yaxıcı olan utanc yazdırdı Azərbaycan şairinə:

Yaşamağa yurdum,

Oynamağa yerin yox, oğlum.

Güllələ məni, güllələ,

Qoyma bu günahla qiyamətə qalım… (Rəfail Tağızadə)

90-cı illər savaşında şair Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” misraları hadisələrin məntiqi dönümünü sosial keyfiyyət aşılamağa səfərbər edirdi. Amma bu səyin alt qatında bir ümidsizlik çaları da sezilirdi ki, şəxsiyyətin – liderin olmaması ilə yanaşı, səfərbərlikdə təklənmə, təbəqələşmə – qütbləşmənin (varlı – kasıb, imkanlı – imkansız) yaratdığı inamsızlıq az qala taleyin ümidinə buraxılmış əsgərin – icraedicinin səmti tuta bilməmək qorxusu pıçıldayırdı. “Kim verib, kim alar yurdunu, qardaş,// Əlləri dizində qalan nə bilsin?//Qolu kəsilmişin qolunu, qardaş,// Qolları yerində olan nə bilsin? Bakdan baxanda çadır görünmür.(Vahid Əlioğlu)

İkibaşlı-üçbaşlı oyunların, siyasi səbatsızlığın çeşid-çeşid adlarını, ağrılarını gətirdi, dilimizə-ruhumuza yatmayan sözlər gətirdi bu müharibə, bu yad sözlərin, terminlərin aramıza saldığı yadlığın – ögeyliyin nəticələri bu oldu ki, torpağımızı daha uzaq məmləkətlərdə, daha yüksək kürsülərdə “azad edəcəklərinə” inandırmaq cəhdləri işlədi, elə bununla da ruhumuzu yaralamağa, məğlub etməyə hesablanmış qara niyyətlər “importnı” çadır, “beynəlxalq yardım”, ”demokratik prinsiplər”, “sülhməramlı missiya” bihuşdarısını qanımıza, bu fikri iliyimizə yeritdilər. Yurdu yağmalanmış, perik salınmış elin övladlarının şeirə – sözə sığınanları öz yerlərinin adına – şəninə dastan bağladılar.

2016-cı ilin aprelindəki dönüş anı – “Dördgünlük müharibə” adlandırılan yaxın tarixin müqayisəedilməz səciyyəsi millətin ruhunun şahə qalxması oldu. Bu dörd gün ruhumuzun məzmununu, ritmini, intonasiyasını o qədər sürətlə və kəskin şəkildə dəyişdi ki, bu dəyişikliyin poeziyada inikasını gözləmək təbii idi. Bu sürətin diqtəsini tutmaq günün nəbzini tutmaq qədər sərvaxtlıq və vətəndaşlıq mövqeyi tələb edirdi. Amma sənətin təlqin və ilhamverici köməyi yenə də Səməd Vurğun şeirini manşetlərə çıxarmaq səviyyəsindən irəli gedə bilmədi.

Milli ruh, iki addımlığında olduğumuz qələbə əzmi əvvəl yazıçının ruhunda oyanmalıydı ki, şeirə köçə bilsin. Görünür, illərdi davam edən “Gözəl Qarabağın acı həsrəti,//Ömrümü talayır, könlümü didir.//Orda uşaqlğım əsirlikdədir,// Burada qocalığım xəcalət çəkir.” (Əşrəf Veysəlli) sızıltısının yuxulu ahəngindən oyanmaq heç də asan deyilmiş. Və şeiri, sözü, şairi – yazıçını günahlandırmaq ədalətsizlik olardı, günah olardı.Və bu günah, döyüşkən və döyüşən xalqı ruh düşkünlüyünə, ümidsizliyə sürükləyən siyasi səriştəsizlik, idarəçilik bacarıqsızlığı və bununla heç uyğun gəlməyən xalqın, vətənin taleyinə cavabdehlik daşımalı olanların hakimiyyət hərisliyinin vicdanına yazılmaldır. Buna sözü, tələbi, yalvarışı yuxarılra çatmayan şairin içində boğulan “Atın məni tank altna,// Didin məni didim – didim,// Qundaqdakı bir körpəni// xilas edim” (Məmməd Araz) səsi əl qaldırır.

Amma məhz bu günlərdə gərək olan mədəni-mənəvi resursların “bir bayraq altında” birləşməsi əvəzinə, kütləvi kommunikasiyada sənətin vətəndaş mövqeyinin “şou səviyyəsini” müşahidə etmək ondan da çətindi. İnanmaq istəmirsən ki, tarixin ucalığını bədii ucalığa çevirə bilmək niyyəti yazıçının bacarığına ekvivalent deyil. Psixoloji ovqatın müxtəlif çalarlarının şeirdə “rəng – kölgə effektində” təzahür etməsi, görünür, vətən, xalq, milli təəssübkeşlik duyğusunun fərdi duyumla, qavrama ilə, anlayışla obrazlaşdırılmasına bağlıdır. “Can Azərbaycan !” deyibən//Şarkılar yazdıq adına. “Yaşa! Yaşa! Yaşa!”// Şüarlarında basdırıdıq səni.// Şuşa deyib – Şuşadan,//Laçn deyib – Laçndan// asdırdıq səni.//Biz bir bəla kimi// doğulduq sənə,//sevgili yurd! (İbrahim İlyaslı).

Bu küskün heysiyyəti qəhrəmanlığın dinamik məzmununu daha parlaq boyayan şəhid Mübariz İbrahimov silkələdi.

O, Vətən kəlməsini

şah kəlməyə çevirdi,

Qorxunu, vahiməni

öz taxtından devirdi.

Adının mənasına qıydı

cavan adını,

Ləkədən təmizlədi o,

əsgər vicdanını.

Şəhidlərin ruhunu o,

darlıqdan qurtardı,

Koroğlunu, Nəbini

şüarlıqdan qurtardı!

(Musa Ələkbərli.”Mübarizlik dərsi” poemasından)

Allahverdi Bağırovun, Mübariz İbrahimovun, Vəzir Orucovun, Fərid Əhmədovun… adı məlum – naməlum yüzlərlə igidin şəhidlik dərsləri ədəbi gəncliyin şeirinin ünvanını dəqiqləşdirdi: “Mənim şeirlərim Qarabağlıdır!” (Ruslan Dostəli).

2016-cı ilin aprelindən – dönüş anından bu yana şeirimizdə əsaslı bir dəyişikliyin müşahidə olunmaması (adda-budda bir-iki şeir göründü) redaksiya poçtuna daxil olan şeirlərlə tanışlıqda “köhnə hava üstündə oxunan bayatıların məğlub, küskün ovqatının “aktuallığını” nəinki itirdiyini, əksinə, millətin ruhuna xəyanət olduğunu düşünmək dərəcəsində təəssüfü də üstə gələndə… iddiaları yeri-göyü dağıdanların “içində vurnuxmaları”, öz qayğıları ilə “baş sındırmaları”… da bir yandan qorxu doğururdu.

Görünür, ədəbiyyatın “xüsusi təyinatlı vətəndaşlıq” statusu müstəsna şərait və vaxtın verəcəyi bir səlahiyyətdir. Zorla cəlb olunduğu bu müharibədə atəşkəs humanizminin erməni təfəkkürü üçün olmadığını sivil dünyaya çatdırmağın mümkün variantlarını işlətsə də, erməninin xislətini və niyyətini “görməyən” dünya təklənmiş Azərbaycanın səbrini sınamaqdan zövq almaqda davam edirdi. “Ermənilik kiminin canındadı,// kiminin qanında,// kiminin də vicdanında (Fikrət Qoca).

Və nəhayət, saatların “Bakı vaxtı ilə” qurulması anı gəldi:27 sentyabr.2020 – ci il, saat 06:00! Azərbaycan qətiyyətini “Qarabağ Azərbaycandır!” nidası ilə düşmən səngərinə cavab zərbəsi göndərdi. Bu nida xalqın 30 illik səbrinin son damlası oldu. Azərbaycan şeiri də barometri döyüş havasına köklədi. Üzərindən süstlüyü, ruhundan küskünlüyü soyunub, sözün həqiqi və məcazi mənasında döyüşə atıldı və elə ilk addımda ən vacib və uca yüksəkliyi – “Ruh yüksəkliyini” (Qulu Ağsəs) ələ keçirdi. Neçə-neçə söz adamı azad olunan torpaqlarımızda həm zabit, əsgər, döyüşçü kimi vuruşdu, həm də müharibə ovqatını, müharibə psixologiyasını şeirə gətirdi. I Qarabağ savaşının iştirakçısı olmuş, “Sözə güllə işləməz!” deyib qabağa düşən zabit Emin Piri, Oğuz Alparslan, Ramil Mərzili, Aqşin Evrən, Qabil Ədalət, Tural Turan… bu adlar mətbuat şəhifələrindən oxuyub bildiklərimizin bir qismidi “Azərbaycan” jurnalı şəhid və qazi şairlərin şerlərini”Sözü Vətən olanlar” layihəsində təqdim etdi və bu layihə 100 illik ədəbiyyat jurnalının  daimi rubrikasına çevrildi. 

 Bu gün müharibə mövzulu şeirlərdə, belə demək mümkünsə, ideyaların ideallara yönləndirilməsi arxa plandadır, sanki, bu gün yaranan şeirlər deklorativ məcazdan qaçmağa cəhd göstərir. Eyni zamanda, Savaş ovqatı üçün gərəkli olan pafos, patetikaya ironik yanaşma da görünür. Nəyin yaxşı, nəyin pis olması ilə bağlı mühakimə ədasına ehtiyac duymuruq. Amma sələflərin və xələflərin şeirlərində birləşdirici amili görməmək mümkün deyil: Azərbaycan ədəbiyyatı, sözü və şairi dünən də, bu gün də bu əqidədədir ki, torpaq, yurd, vətən, hər şeydən əvvəl, namus, şərəf işidir, onu heç bir qərar, əmr, sərəncamla, izmlə,cərəyanla… tənzimləmək olmur; ya var, ya da yoxdur. Və Vətən, torpaq, namus, şərəf pasifizmin anlayacağı və daşıyacağı dəyər deyil! Nə milli, nə fərdi anlamda! Hansı ictimai-siyasi quruluşda yaşamağın da heç bir fərqi yoxdur.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest