Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində atılan addımlar

Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərin davamlı olaraq etnik təmizləmə siyasətinə məruz qalmışdır. Onlar tarixi torpaqlarından qovulmuş, məcburi köçkünə çevrilmiş və bütün bunlar kütləvi qırğınlarla müşayət olunmuşdur. 1905-1906-cı illərdə on min silahlıdan artıq erməni birləşmələri Bakıda, İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan (Qafan) və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında, Tiflis şəhərində və Borçalıda kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar. 1918-ci ilin mart-iyul aylarinda azərbaycan ərazisində erməni quldur dəstələri tərəfindən əlli minə yaxin insan qətlə yetirilmişdir. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı Kür-Araz düzənliyinə deportasiya olunmuşdur. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının “Dənizdən dənizə böyük Ermənistan” adlı sərsəm xülyalarını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Beynəlxalq hüquq normalarına zidd olmasına baxmayaraqtəcavüzkar Ermənistan Dağlıq Qarabağı və ətraf Azərbaycan rayonlarını özünə birləşdirmək istəyir, bunun üçün bütün vəhşiliklərə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı da bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olmaqla, əsrin Xatın, Srebrenitsa Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycanın tarixinə qədim dövrlərdən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və s. abidələri, həmçinin müxtəlif məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin, həmçinin dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri əhalisinin sayı yeddi minə çatan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin hücumu zamanıysa burada 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 63 azyaşlı uşaq, 106 nəfər qadın, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına görə, dörd gün ərzində Xocalıdan Ağdama200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Sağ qalmış insanlar üzərində ağıla gətirilməsi mümkün olmayan təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, müxtəlif orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Burada baş verənlər rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir. 

Beynəlxalq hüquqa görə, soyqırım sülh və bəşəriyyət əleyhinə yönələn əməl olmaqla ən ağır beynəlxalq cinayətlərdən biri sayılır. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində də qeyd olunur ki, soyqirim insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Belə bədnam əməllər BMT-nin məqsəd və vəzifələrinə tam ziddir. BMT Baş Məclisinin 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqirim cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi, Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (maddə 1), Beynəlxalq Cinayət           Məhkəməsinin Statusu (maddə 6) ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının beynəlxalq cinayət kimi tanınmasına tam əsas yaradır.Yuxarida qeyd elediyimiz (etdiyimiz) konvensiyaya qoşulan dövlətlər sülh və müharibə dövründə törədilməsindən asılı olmayaraq, soyqırımın beynəlxalq hüquq normalarını pozan cinayət olduğunu təsdiq edərək, onun qarşısının alınması və səbəbkarlarının cəzalandırılması üçün tədbirlər görməyi öhdələrinə götürmüşlər. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit olunmuş soyqırımı cinayətini təşkil edən bütün əməllər tətbiq olunmuşdur.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycandan başqa bu faciəni soyqırımı kimi Sudan və Pakistan da qəbul etmişdir. Faciəni parlament səviyyəsindəqətliam kimi Meksika, Kolumbiya, Bosniya və Hersoqovina, Peru, Honduras, Panama və Rumıniya tanıyır. Həmçinin ABŞ-ın 21 ştatı da Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib.Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir.

Son illərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyada geniş vüsət almış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına Azərbaycanda və xaricdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları da qoşularaq, ayrı-ayrı ölkələrin dövlət qurumlarını və ictimaiyyətini, beynəlxalq təşkilatları bu faciəyə adekvat qiymət verməyə çağırırlar.

26 fevral 2012-ci ildə İstanbulda Qalatasaray Liseyinin önündən başlayan və Taksim meydanına tərəf davam edən aksiyalarda təxminən iki yüz min iştirakçı “Hamımız Xocalılıyıq”  şüarları səsləndirilib.2012-ci ildə Azərbaycan Amerika Alyansının Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya nəticəsində, Nyu York şəhərinin ən böyük dəmiryolu vağzalı olan “Penn Station”-da, o cümlədən metro stansiyalarında xüsusi posterlər yerləşdirilib.Həmçinin avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yapışdırılıb. Vaşinqtonda 400-dən çox metro qatarlarında, 95 metro stansiyasında, “Capitol Hill”-ə gedən avtobuslarda posterlər yerləşdirilib.

Xocalı soyqırımının xatirəsinə dünyanın bir çox ölkəsində 9-dan çox abidə ucaldılıb. Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da, 2008-ci il fevralın 26-da həmin abidənin əvəzinə təzə Ana harayı” adlı abidə ucaldılmışdır.2011-ci ildə abidənin postamenti 3 metr qaldırılıb və qara qranitdən yenidən qurulmuşdur. Avropada Xocalı soyqırımına aid ilk abidə  2008-ci il fevralın 24-də  Hollandiyanın Haaqa şəhərində ucaldılmışdır. 2011-ci il mayın 30-da Berlində, Şteqlits-Selendorf inzibati dairəsində Qotfrid-Benn kitabxanasının həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmışdır.Bundan əlavəSarayevo şəhərində,sonrysa Meksikanın paytaxtı Mexiko şəhərində tikilmiş, meydanın adı isə Tlakskoake-Xocalı adlandırılmışdır. Türkiyədə Xocalı soyqırımına aid ilk abidə 2014-cü il martın 28-də Ankarada ucaldılmışdır.  Həmçinin Türkiyənin İzmit, İzmir, Sakarya və Dənizli  şəhərlərində də Xocalı soyqırımının xatirəsinə aid abidələr inşa edilmişdir.

Orxan Şahin oğlu Hüseynov,

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”

Elmi Araşdırmalar, Ekspozisiya və fond şöbəsinin əməkdaşı

Pin It on Pinterest