Genel

Xəyalə ZƏRRABQIZI

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Xəyalə ZƏRRABQIZI

Filologiya üzrə fəlsəfə doktoru

Həyat  Öyrətməni…

Öyrətmən sadəcə elm öyrədən deyil, hərarətiylə isidən,  mərhəmətiylə sığal çəkən, şəfqətiylə sahiblənən mənəvi valideyndir həm də…

Öyrətmən Aydındır! Günəş kimi yetirmələrinin yolunu və düşüncələrini aydınladandır.

Yəmənlə bağlı bir şəkil görmüşdüm illər öncə… Bəlkə də Yəməni əks etdirən yeganə işıqlı foto o idi… Şəkildə təsvir olunur ki, məlum bombardman nəticəsində sinif otağının arxa divarında böyük bir dəlik yaranıb.Gənc bir müəllim sarı-qızılı rəngli qələmlə o bomba dəliyinin ətrafını Günəş şüaları kimi xətləyib. Öyrəncilər hər dönüb geriyə baxdığında bombalanmış divarı yox, o bombalanmış yerdən içəri boylanan Günəşi görürlər. Bəli, Öyrətmən dediyin bomba dəliyini Günəş yapan Bilgə insandır….

Bu yazımda mən insanlığın “bombalanmış”, işıqsızlığa qərq edilmiş  güvəninin, inamının çevrəsini “Soyuq röya”sının ən isti hərfləri ilə əhatələyib nəhəng bir boşluğu uca bir  Günəş yapan Aydın düşüncəli Müəllim, Bilgə yazar İmdat Avşardan və onun “Soyuq röya” hekayəsindən danışacağam…

“Soyuq röya” elə adının soyuqluğu qədər də soyuq bir təsvirlə başlayır: “Qaranlıq idi…” Fəqət İmdatın insan kimi, yazıçı kimi ən böyük uğuru – Yolu Qaranlıqdan başlayan adamları işığa çıxarmaq missiyasıdır, nəfəsiylə soyuq röyalara hərarət qatmaq cəhdidir… Əsərlərinin bir çoxunda olduğu kimi, bu hekayədə də oxucu İmdatın əlindən yapışıb uşaqlıq dünyasına – yazarın ana vətəninə,  sərhəd tanımayan, süsənləri heç solmayan bozqırın ənginliklərinə səyahət edir.

Uşaqlığının keçdiyi ev ədibin həm mənəvi güc aldığı , həm də xatirələrini qoruduğu gizli xəzinədir sanki. Körpə İmdatın o evdə yaşadığı ilk qorxu – itirmək qorxusudur… Qaranlıq gecələrdə güvənlə sığındığı, səsiylə qorxularından xilas olduğu böyük qardaşının bir gün oxumaq üçün qürbətə  getməsi müəllifin həyatında dərin bir boşluq yaradır. Elə oxucunu İmdatın qələminə bağlayan bir incə məqam da yazarın içindəki məhz bu mənəvi axtarış ehtiyacıdır.
məsələn: yatılı məktəbə gedən böyük qardaşını arayış, onun evdə yoxluğu, hətta yatağının sağ yanında axtarması bu duyğunun izahıdır…

“Soyuq röya”da anasını gəzən uşaq sanki Tanrıyı axtaran Ruhdur…
Azadlığını arayıb bütövləşmək ehtiyacında olan bir aşiqdir! Hekayədə uşaqların analarını axtarma ehtiyacı geniş anlamda Ruhun Tanrı arayışı kimi də qavranıla bilər… Və İmdatın fərqi, bənzərsizliyi üz tutduğu ünvanı bir ilahi eşqlə axtarmasındadır.

Müsahibələrinin birində deyir ki: “dolayısıyla… kənara çəkilib anlatmaq sanki duyğuların hərarətini azaldacaqmış kimi daha donuq,daha soyuq bir mətn olacaqmış kimi içimdə bir hiss yaratdığından hadisələrin birbaşa gedişatına daxil olur, olayı yaşayaraq içindən anladıram”. Həqiqətdir ki, incə müşahidələri olan həssas bir Öyrətməni Bilgə yazar edən sirrin özəyi məhz bundadır.

İmdat Avşarın “Soyuq röya”sının hərarəti elə müəllifin nəfəsinin istiliyindəndir. Ədibin yazıya sirayət edən ilıq nəfəsidir. Yazıçı təkcə əsərə daxil olaraq hadisələrin cərəyan edən axarına təsir etməklə kifayətlənmir, yaratdığı obrazları xoşbəxt etmək üçün hətta gözlərini qapayıb onların yuxularına da girir və adı kimi əmin olur ki, indi onların yuxularında çiçəklər uçuşur: “Bu uşaq indi yamyaşıl, bənövşəyi çiçəkli bir yaylaqda uçur. Hər yanı çayır, çəmən, çiçəkdi… Yanağında məsum bir təbəssüm var. Hərdənbir arxasına baxaraq qaçır. Onu qovan digər uşaqlar ona yetişə bilmirlər… Birdən üzü gərilir, arxasınca gələn uşaqlar onu tutacaq. O, indi dərə ilə şırıl-şırıl axan çayın qarşıdakı sahilinə keçəcək. Gülür, daha sürətli qaçmağa başlayır, yataqda vurnuxur, indi atlanacaq… Gözlərimi yumub bu uşağın xülyalarına qapılıram. Qaçaraq dərə yatağına yaxınlaşıb onun əvəzinə qarşı sahilə atlanıram. Bədənim bir quş kimi yüngüldü, uçuram, ayaqlarım boşluqdadı. Yüksəklikdə başım fırlanır, yerə enmək istəyir, enə bilmirəm. Böyür-başımda çayır quşları, qaranquşlar, kəpənəklər…”

Bədii əsərin dili yazarın həyatı duymaq qabiliyyətidir, onun istedadıdır. İmdat Avşarın əsərləri məna tutumu, məzmun dərinliyi ilə bərabər, həm də dilinin ahəngdarlığı, gözəlliyi, canlılığı, şirinliyi ilə seçilir. İmdatın bədii dilinin mükəmməlliyi Tanrının yaratdığı təbiətin mükəmməlliyi kimidir, qüsursuzdur, bənzərsizdir. Dilin və duyğuların bu cür harmoniyası sənətkarın həyatı düzgün dərk etməsindən qaynaqlanır. Dilin gözəlliyi duyğuların gözəlliyi, həyatın poeziyası deməkdir. 

Professor Nurulla Çətin “Soyuq röya” kitabına yazdığı ön sözdə də məhz bu qənaətə gəlmişdir ki: “…Ədəbiyyat piyasasını… müsəlman türk millətinin ruh kökünə yabançı söz yığınları istila etmiş vəziyyətdədir. Yabançı ruhların Türk bədəninində dolaşdığı bu ortamda İmdat Avşar hekayəsi, bir iç aydınlığıdır… Çağdaş Türk hekayəsində gerçək Anadolu yaşantısınını İmdat qədər canlı bir şəkildə çizən başqa bir hekayəçi yoxdur…”

İmdatın qələminin ustalığı ondadır ki, o, həm də Anadolu yaşantısını Anadolu və Azərbaycan şivələrinin qovuşuğunda qələmə alır. Kilometrlərlə uzağında olan bir hadisə öz həmkəndlin Mirseyidin taleyi kimi doğma gəlir adama. Bu mənada sanki müəllifin obraza verdiyi ad da təsadüfi deyil. Mirseyidin adının və yaşantılarının doğmalığı bədii əsərdəki zaman məhdudiyyətini və məkan sərhədini aradan qaldırır. Bu məqamda təkcə əsərdəki zaman və məkan qavramı yox, həm də oxucu ilə yazıçı arasındakı sərhəd də itir, oxucu mətnin içində, hadisələrin axarında tapır özünü, yazıçıyla vahid bir düşüncədə qovuşaraq olayların tərkib hissəsinə çevrilir.

“Alışacaqsan, Mir Seyid! Əvvəl soyuq yataqlara girəcək, anasız yuxulara dalacaq və qorxulu yuxular görəcəksən. Bəzən altını isladacaqsan, paltarını bədəninin istiliyi ilə qurudacaqsan. Dərsdə turşumuş iy verəcəksən. Nazan müəllim səni sinifdən çıxaracaq, kameraya göndərəcək. Paltarlarını özün yuyacaqsan, yəni soyuq suya salıb çıxaracaq, sıxıb çarpayının dəmirlərinə, ya da qızdırıcının üstünə sərəcəksən. Bəzən sevdiyin bir yeməyin dadı qalacaq damağında, doymayacaqsan. Bir az da yemək istəyəcəksən, yemək qurtarmış olacaq, verməyəcəklər. Bəzən loxmalar boğazında qalacaq, uda bilməyəcəksən. Bir parça quru çörəyi gəvələyərək yeməkxanadan çıxacaqsan. Xəstələnəcəksən. Qapısında tibb məntəqəsi yazılan həkimsiz, tibb bacısız otaqda yatacaqsan. Hansı dərmanı nə vaxt içməyi bilmədən udacaqsan həbləri. Öskürəcəksən, ciyərlərin söküləcək. Zəng səsləri ilə yuxuların qaçacaq, alaqaranlıqda səksənərək oyanacaqsan. Təlaşlı, narahat halda qaçacaqsan. Yolları qar örtəcək, həftə sonu anan görüşünə gələ bilməyəcək, divarların dibində boynu bükük qalacaqsan. Atan sağ olsa, gələrdi. Atan daha heç vaxt gəlməyəcək, Mir Seyid. Yetimliyə alışacaqsan. Mir Seyid, unudacaqsan!”

Bədii əsərin ümumi ruhuna uyğun təhkiyə tonunun tapılması yazıçının ən uğurlu işidir. Bu baxımdan İmdat Avşarın dili güclü psixoloji səciyyə daşıyır. İmdatın dilində emosional və idraki effektlər vəhdət təşkil edir. Ritm, ton, ahəng təkcə şeir dili üçün yox, nəsr dili üçün də əsasdır. Bunu tapmaq uğurun başlanğıcıdır. Bəlkə ona görə də ritmik nəsr istilahını qəbul edənlər və ədəbi-tənqidi yaradıcılıqda işlədənlər var. Bu mənada, İmdat Avşar nəsri məhz ritmik nəsrdir, şeirlə hekayənin, poeziya ilə prozanın bir-biri ilə qaynayıb-qarışdığı, bir-birinin içində əriyib qovuşduğu nəsrdir. Bu, “Süleymanın quş dili”nə bənzəyir, oxucu bu sirli dilin sehrinə düşməyə bilmir.

“Zəng səsi… Qırx dəqiqəlik bir hücrə həbsi: üçbucaq, kvadrat, düzbucaqlı, sahə, perimetr, hündürlük… Kədəri böl, hüznü vur, həsrəti topla, qürbəti çıx… Zəng səsi… Beş dəqiqəlik azadlıq…”

İmdadın təsvir etdiyi hadisələr sanki düz xətt boyunca deyil, çevrə – dairə qavramındadır. Yazarın dairəni çizərkən pərgarı döndürdüyü zaman sənətkar arayışları gerçəklə illuziyanın, həqiqi olanla mücərrədin, xəyalla yuxunun, qeyri-adi olaylarla həyat reallıqlarının iç-içə girməsində tamamlanır…

“Gözlərim Mir Seyidi axtarır. Ordadı, ziyarətçisinin gəlməyəcəyini bilir. Divarın dibinə çökmüş, əlini yanağına söykəmiş, gözünü qırpmadan velosipedi izləyir. Pansionatdakı uşaqlardan bir hissəsinə icazə verirəm, azadlığa buraxılan məhkum sevinci ilə anaları, atalarıyla bərabər uzaqlaşırlar. Qalan uşaqlar bağçada gəzişirlər. Tunç velosipedini atıb uşaqlarla oynamağa başlayır. Mir Seyid oturduğu yerdən qalxıb velosipedə doğru gəlir, yanında çömbəlib oturur. Velosipedə toxunur, sükanından yapışır, əliylə pərini çevirir, pedalını hərlədir, əzizləyir, oxşayır velosipedi…”

İmdat Avşarın nasir qələminin bir uğurlu cəhəti də, detallarla görümlülük yarada bilməsidir. Hərdən adamda belə bir təəssürat yaranır ki, film izləyirsən, çünki hadisələr kino lenti kimi gözlərin önündə canlanır.

İmdatın bədii dili diqqətlə düşünülmüş dildir, amma bu diqqətlə düşünülmüşlük o qədər ölçüsündə, qədərində təqdim olunur ki, hadisələrin tam təbiiliyinə qətiyyən əks təsir etmir. Bu dil özünəməxsus loqarifması, ahəngi və koloriti ilə oxucu yaddaşında dərin iz açmış olur.

Akademik Ziya Avşar yazır ki: İmdat Avşarın ən önəmli özəlliyi, İlahidən fitri istedadı, Allah vergisi bir nüfuz qabiliyyətidir. O, hekayələrində yer alan canlı-cansız hər şeyin daxilinə nüfuz edərək, həmin obrazın diliylə danışır. Bu, çox təəccübləndirici qabiliyyətdir və bir də ən önəmli məqam odur ki, bütün hekayələrdə ən əsas obraz, əsl qəhrəman İmdatın özüdür.

“Mir Seyid bir qarşısındakı dağa, bir də dönüb arxasına baxır. Nə şəhər, nə məktəb, nə kameralar var… Əllərini ağzına aparıb nəfəsiylə isitməyə çalışır, amma Mir Seyidin nəfəsi də donur. Qar dənələri dayanmadan üzünə çırpılır, yanaqları ağrıyır. Qız Qayası qarşıda, bir neçə yüz metrlikdədi. Qara batıb çıxa-çıxa gedir, amma bu zaman dizlərinin taqəti kəsilir. Sanki ayaqlarından tonlarla yük asılır…”

Həmin səhnəni təsvir edə-edə İmdat Avşar, əslində, dünyanın əzablarının Mirseyidin  körpə çiyinlərinə, balaca ayaqlarına necə ağır yük olduğunu böyük ürək ağrısı ilə, nəhayətsiz bir yanğı ilə qələmə alır. Əsərdəki anlatıcı obraz (hadisələri nəql edən) Ziya bəyin də vurğuladığı kimi, müəllif özüdür. Bütün hekayə boyu qanadlarını açıb Mirseyidi (Mirseyidləri) qoruyur İmdat Avşar. Gahdan onun əlindən yapışıb xəyal aləminə varır, gahdan özü atı mahmızlayır, Mirseyidi isə velosipedə mindirərək yarışa çıxır, gahdan dərdləşir, göz yaşına təsəlli olur, gahdan da susqunluğundan anlayır Mirseyidi… Yaratdığı obrazı beləcə sevir və himayə edir İmdat Avşar… Terrorun qurbanı olan müəlliminin acısını anlatır Ona Mirseyid… və həyatın ironiyasına baxın ki, özü də elə “Nazan müəllimlərin” mənəvi terrorunun qurbanına çevrilir. “Soyuq röya” əslində, insan dənizinin içində tənhalaşan insan ruhunun faciəsidir. Və bu “İnsan dənizi”ndə Nazan müəllim kimi yaşayan “ölü canlar”la Mirseyidin bir namərd gülləyə qurban gedən müəllimi kimi “haqqa qovuşmuş əbədiyaşar insanlar” daimi mübarizədədir. Bu haqq mübarizəsidir və bu mübarizədə Mirseyidlərə göğüs gərən, imdadına yetişən (bütün xarakteriylə adının haqqını verən) İmdatlar da vardır ki, onların varlığı dünyanın ədalət tərəzisini əyilməyə qoymur…Elə dünyanın oksigen balansı da məhz İmdatların nizamlayıcı ruhu sayəsində tənzimlənir…

İmdat Avşar təkcə Tanrıya və insanlığa ilahi sevgiylə bağlanan yazıçı deyil, həm də içi-dışı sevgiylə süslənmiş bir “hal əhli”dir. O, “Soyuq röya”da hadisələrin axarınca izlədiyimiz, öyrəncilərinə  mənəvi valideyn şəfqətiylə qucaq açan mərhəmətli  müəllim, eyni zamanda yaratdığı obrazların hər birini bir ayrı məhəbbətlə ərsəyə gətirən,  mayəsi sevgidən yoğrulmuş  hekayəçi, nasirdir..

Filosof-şair Hüseyn Cavid də böyük müəllim idi, uzun zaman pedaqoji fəaliyyətlə məşğul olmuşdu və məktəbə millətin əhvali-ruhiyyəsinin inikası kimi baxırdı… “Həsb – hal” məqaləsində yazırdı ki, “bu gün məktəbimiz və ədəbiyyatımız necədirsə, gələcəyimiz də elə olacaqdır”. Bu günün məktəbi mütləq gələcək həyatın, nəsillərin necə yetişməsinə  öz təsirini göstərəcəkdir.

Bəli, insanlığın yetişdiyi cığır sözün bütün mənalarında məktəbdən keçir. Məktəb müəllimindən tutmuş kitabınacan ona aid olan bütün nəsnələriylə müqəddəs bir ocaqdır.Əslində, bütün milli düşüncəli aydınlarımız – Mehmet Akif Ersoy, Namiq Kamal , Əbdülhaq Hamid, Kamal Tahir, Ömər Seyfəddin, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə və adını çəkə bilmədiyim maarifçi ziyalılarımızın hamısı məhz bu amal  üçün çarpışırdılar ki, bu gün məktəblərimizi Mirseyidlərin gülüş səsləri bəzəsin, körpə fidanlar boy verib çiçəkləsin, məktəbin divarlarından bahar ətri gəlsin.

Bizim böyük ziyalılarımız həm də işıqlı müəllimlər olublar və Müəllim adı, peşə vicdanı onlardan ötrü həmişə bütün adlardan, mərtəbələrdən uca olub. O  müəllimlərin Mirseyidlərindən ötrü etdikləri isə həm də millətin sabahı üçün özlərini fəda etməyə bərabər olub…

Bəli, bu gün əhatəmizdə körpə fidanların hər hansısa şıltaqığına təhəmmül edə bilməyib üsyan edən “Nazanlar” və o nazanların qaranlığa qərq etdiyi dünyanı  nura boyamaq üçün özünü kibrit əvəzi yandıran, ömrünü şam kimi əridənİmdatlarımız var… Və bu məmləkətin dəyərləri kimi, mənəvi sütunu hələ də dağılmayıbsa, bu, əlbət ki, bütün varlığıyla Mirseyidləri qorumaq üçün çabalayan, peşə vicdanını hər şeydən uca qılan, çiyinlərini – ruhunu cəmiyyət üçün sütun edən İmdat kimi müəllimlərin – aydınların, ziyalıların sayəsindədir…

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest