Salam Sarvanın şeirləri Kırımınsəsi Gazetesində
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi

Kırımınsəsi Gazetesi Azərbaycan ədəbiyyatının tanınmış simalarının yaradıcılığını Türk dünyasının oxucularına təqdim etməyə davam edir. Bu dəfə qəzetimizin səhifələrində görkəmli Azərbaycan şairi Salam Sarvanın seçilmiş şeirləri dərc olunacaq.
1966-cı ildə anadan olan Salam Sarvan müasir Azərbaycan poeziyasının özünəməxsus üsluba malik nümayəndələrindən biridir. Dərin fəlsəfi düşüncəsi, insan duyğularını incə poetik dillə ifadə etməsi və fərqli bədii yanaşması ilə oxucuların rəğbətini qazanıb.
Şairin “Sənə deyiləsi deyil sənə deyiləsi sözüm”, “Mən gələr olmadım, yolu qarşıla”, “Heykəl tənhalığı” və “Fikir oyunları” adlı kitabları Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. Onun əsərləri ingilis, fransız, rus, ukrayna, polyak, bolqar, gürcü, özbək və Türkiyə türkcəsinə tərcümə edilərək müxtəlif ölkələrdə oxuculara təqdim olunub.
Salam Sarvan yaradıcılığına verilən yüksək qiymətin göstəricilərindən biri də 2019-cu ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Qızıl kəlmə” mükafatına layiq görülməsidir. Bu mükafat onun müasir Azərbaycan poeziyasına verdiyi mühüm töhfələrin təsdiqi hesab olunur.
Hazırda Salam Sarvan Azərbaycan Dillər Universitetində fəaliyyət göstərir və elmi-pedaqoji işi ilə yanaşı, ədəbi yaradıcılığını da davam etdirir.
Kırımınsəsi Gazetesi olaraq inanırıq ki, Salam Sarvanın şeirlərinin dərc edilməsi Azərbaycan və Kırım Tatar oxucuları arasında ədəbi-mədəni əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək. Qəzetimizin oxucuları yaxın günlərdə şairin seçilmiş şeirləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Salam Sarvan
MƏN GƏLƏR OLMADIM, YOLU QARŞILA
Alın yazısında imza yeri boş –
edam fərmanıdı, qollamaq olmur.
Nifrət elədiyin ayağını da
bir addımdan uzaq tullamaq olmur.
***
Dayan bir dəqiqə bir «yox» de mənə,
hər gecə yuxuma girib yatan qız.
Adamı arxadan gəlib ötərlər,
ay məni qarşıdan gəlib ötən qız.
***
İndi bu qış ömrü sürüşmək gərək…
Bizi qar ötürər, dolu qarşılar.
Bu da ki sonuncu teleqramım:
mən gələr olmadım, yolu qarşıla.
HÖRÜYÜN ƏLİMDƏ TƏSBEH ƏVƏZİ
Hörüyün əlimdə təsbeh əvəzi…
üstündə duamı oxudum, ayıl.
Sənin məhəbbətin mənim gözümdə
tərsinə yozulmuş yuxudu, ayıl.
***
İndi sən mənimçin heç nə deyilsən,
indi nə dərdimsən, nə nəşəm, qadın!
Mən səni sevmirəm, sənin qoynuna
səndən gizlənməyə girmişəm, qadın…
***
Hələ gizli-gizli ovuram səni,
gah daş daşıyıram, gah qum atıram .
Mən səni atmıram, səndən qaçmağa
ömrüm uzunluqda lağım atıram.
31 YAŞIN ŞERİ
Təkəm lap otuzbir rəqəmi kimi.
Yel əsir əsəbdən titrəyir qapım.
Bir stol açmışam, süfrəmin üstə
bircə qab çatışmır – mürəkkəb qabı…
***
Vaxt axır, otuzbir yaş damcıları
aram-aram düşür hələ üstümə.
Elə üşüyürəm, O da yoxdu ki,
gəlib ƏLLƏRİNİ sərə üstümə.
***
Bu köhnə kirayə evin yiyəsi
yenə «qulağını» burur saatın:
– Fikirdən neçədə ayılacaqsan,
ay oğul, neçəyə qurum saatı?
BAĞIŞLA, OTAĞIM TÖR-TOKÜNTÜDÜ
Yuvam dimdiyimdə gəzirəm hələ…
Sənsiz yer də yoxdu, dərbədər mənə
Gəl e, gəl qırılıb qırağa düşmüş
o qol budağımdan meyvə dər mənə.
***
Bilmirəm keçirim hansı halını –
Oynayım toyuna, batım yasına?..
Hər gün neçə məktub yazıb cırıram,
cırıb tullayıram… poçt qutusuna.
***
Gözləməkdən gözüm çuxura düşüb,
gör heç soruşursan, nə çöküntüdü?
Sənli xatirələr dağılıb evə –
bağışla, otağım tör-toküntüdü.
SƏN DƏ GƏL GET CƏZANI AL
Üç-üçün neçə eyləyər?…
Nəsə səndə düz eləmir.
Durub deyirsən, ay Allah,
bə niyə doqquz eləmir?
***
Sən də gəl get cəzanı al –
sən də qoşul hamımıza:
Tanrı ölüm hökmü kəsib
doğulmaq günahımıza.
***
Ha çalsan qəmgin havalar
qəmi oynatmaz, ay uşaq.
Adam göz yaşı içində
gəmi oynatmaz, ay uşaq.
DEYİRƏM QÜRBƏTDƏNƏM
Noolsun bu vətəndənəm,
noolsun bu kənddənəm.
Soruşurlar haralısan,
deyirəm Qürbətdənəm.
***
Bu ruh bu cannan əlbirdi,
bu sümük bu dəriynən…
Gedən ömrə ƏL eləyir
saat öz KƏFKİRİYNƏN.
***
Bir ağır qəzaya düşdük
bir gündə, bir saatda –
Kimi maşın altda qaldı,
kimi Allahın altda.
BU GÜN VAXTIM YOXDU, BU GÜN ÖLÜRƏM
Yaranın üstü tək açıldı gözün –
indi bu yaradan axan qandı su.
Dərdin doquzuncu mərtəbəsində
bizim gözümüzdə saatnandı su.
***
Səni necə atım, necə, bilmirəm –
bir zərsən düşmürsən heç üzü üstə.
Şəklini asdığım mıx qalıb ancaq
sinə divarımın iç üzü üstə.
***
İki tərəfin var – gözlərin, dilin:
bu işıq gələndi, o da it hürən…
Gələ bilməyəcəm sənnən görüşə,
bu gün vaxtım yoxdu, bu gün ölürəm.
GÖRÜNÜŞ
Miz üstə şair başı
başda şer havası…
Siqaret kötüyüylə
dolmuş sərçə yuvası.
***
Saatın əqrəbləri
biri-birinin üstə:
qıfılnan bağlanıblar
üçü də «bir»in üstə.
***
O körpənin alnında
iki kəlməlik yazı:
bax, elə beləcə də
yazılıb ki «nə yazım?»
AY NARAHAT, DARIXMA
Sən mənim yolayrıcımdın,
səndən yüz yana döndüm.
Gah sağa döndüm, gah sola
və bir gün sona döndüm.
***
Ağla göz yaşlarınla yu –
sifətini ağ saxla…
Məni dilinin ucunda
dişindən uzaq saxla.
***
Ay mənsiz dözə bilməyən,
ay narahat, darıxma.
Səhər-axşam başına döy –
başını qat, darıxma.
DÜNƏN TOYUMDA İDİM
Neynək, iş-işdən keçib,
olan-olub, deyirlər…
Sən məni öldürəndə
görən olub, deyirlər.
***
Gir tabutum altına –
çətirlən çıx gəzməyə…
Qanımı səp üstünə –
ətirlən çıx gəzməyə.
***
Təki kefin kök olsun,
mənim zalım sevdiyim…
Dünən TOYUMDA idim –
yerin məlum, sevdiyim.
SƏNİ VURMAĞA DA QALXMAZ ƏLLƏRİM
Buludlar tozdurmu belə qopular
yağışın yol keçib axdığı yerdən?…
İlahi, indicə bir gül çıxacaq
dag öz ürəyini sıxdığı yerdən.
***
Səni vurmağa da qalxmaz əllərim
atılsa üzünə ləçək tellərin…
səndən vəfalıymış sənin yolların –
hələ də keçirlər baxdığım yerdən.
***
Əh… birin bilirsən sən də, birin yox –
daha yıxılıram, heç xəbərin yox…
Gördüm ki tutmağa özgə yerim yox,
tutdum yıxılmağa qorxduğum yerdən.
GÜNDÜZDÜ, QARANLIQ İÇİNDƏN KEÇİR
Hər gün ad günüdü dünyada bəlkə –
hər gün bu dünyada il tamam olur.
Gündüzdü qaranlıq içindən keçir,
yalandı deyirlər ki, axşam olur.
***
Gecə ki yuxuda axşam görürsən,
səhər gündüz olur – yuxun çin çıxır…
Yatırsan ayılıb xoş gün görəsən,
ayılıb görürsən yenə gün çıxıb.
***
Baxdım, nə qapısı, nə bacası var,
baxdım çöl-bayırı görməyən evə:
Bəs axşam haradan girir qaranlıq
gündüz gün işığı girməyən evə?
QORXUT UŞAĞINI SALAM ƏMİYNƏN
Sancıldı köksünə oxun itisi –
hayıf pozdu köynəyinin ütüsün…
Arzum yox, pulum yox, nəzir qutusu
mən nə niyyət tutum, nə salım sənə?…
***
Həkiməm xalatım kəfən, qəm iynəm,
qorxut uşağını Salam əmiynən…
Qollarım bağlanıb qopuz simiynən,
həə, ərə gedən qız, nə çalım sənə?
***
Boğulub üzürəm, batıb gedirəm…
Başımı əsa tək tutub gedirəm…
Səni həmişəlik atıb gedirəm,
işdi dönər olsam, nə alım sənə?
GƏL GEDƏK OTURUB SAATA BAXAQ
Neynirdim bu boyda ömrü ilahi,
bu boyda yırtıq yox bu yamaq üçün…
Bir göz qırpımınca ömür verəydin –
o da ki gözümü qapamaq üçün.
***
Mən ki GÜNÜN gecə gözətçisiydim,
niyə basdı yuxu, nooldu yatdım?..
Bir uzaq yol gəldi bu baxt mənəcən,
o da gələn kimi yoruldu yatdı.
***
Söndür ekranları, ta bundan belə
nə filmə, nə də ki həyata baxaq.
Deyirlər saatda yaxşı vaxt gedir –
gəl gedək oturub saata baxaq.
BİR QIZ ÜSTÜMDƏ SAÇ YOLUR
Bizə dərd gələndə bu it
hürmür, ilahi, hürmür.
***
Keçib korlamaq istəmir,
qıymır ömür yoluna –
bir adam sən verən ömrü
sürmür, ilahi, sürmür.
***
Mən də qəbir qapısını
döyürəm nəfəs ilən.
Bir qız üstümdə saç yolur
hörmür, ilahi, hörmür.
YOLLAR KÖRPƏ BÜKMƏYƏDİ
Körpələr yollar açmağa,
yollar körpə bükməyədi…
Bu dünyanın daxılları
içndə gül əkməyədi.
***
Bir azdan bel də əyilər
ki əllər çəliyə çatsın.
Tanrı bizi böyüdür ki,
başımız tələyə çatsın.
***
Belə… nə sevinc gülməyə
və nə dərd ağlamağadı…
Bu dünyanın çiçəkləri
süpürgə bağlamağadı.

