Genel

Şair Nazim Əhmədlinin “Unutduğum göy üzü” adlı şeirlər kitabı

ÖTƏRXAN ELTAC
SÖNMƏYƏN MƏŞƏl
(Şair Nazim Əhmədlinin “Unutduğum göy üzü” adlı şeirlər kitabı haqqında)
Tarixin yaddaşına köçən günlərdən biri idi o gün… O gün diləyini haqdan,
ruzisini baxtdan, uğurunu vaxtdan uman istedadlı şair haqqında ürək dolusu
danışdı hər kəs. O gün söz qədri bilənlər göydən yerə baxmağa çalışdılar.
“Unutduğum göy üzü”nə baxmaq çoxlarının gözünü qamaşdırsa da şair yerlə-göy
arasında həmahəngliyin, təmasın, harmoniyanın vəhdətindən doğan cazibədarlığı
misralara köçürməklə hər şeiri bir cümlə ilə tamamalaya bilib. Bəlkə də tanıdığım
dünyada ilk və yeganə şairdir ki, hər cümləsi 5-7 bəndlik bir şeir, bir əsərdi. Kitaba
yenidən baxmaqla, görəcəksiniz ki, növbəti bənd vergüllə tamamlanır və yalnız
sonda nöqtə qoyulub. Çünki o, pedaqoq, tədqiqatçı, filoloq, ufoloq və mükəmməl
şair olmaqla yanaşı, o, bir yurd aşiqidir, Qarabağ uğrunda döyüşlərdə qanını qaşığa
qoyan bir qazidir. Nə qədər həlim, sakit, və sadə görünsə də, o qədər tədbirlidir və
şaqraq bir dağ çayının harayı, hayqırtısı var onun ruhunda. Dağ çayı düzənliyə
çıxanda lal görünsə də onun hansı gücə və sürətə sahib olduğunu çoxları bilir.
Nazim Əhmədli sakit halda da o gücün, o qüvvənin sahibidir. Çünki o həm də
qarşısına çıxan “çirkinlikləri, iyrənclikləri, eybəcərlikləri və qarşısını kəsməyə
çalışan kəltənləri” yuyub apara bilir. Çünki o, haqq aşiqidir. Ona görə də bütün
sədləri aşa bilir. Axı həm də o, dağlarda böyüyüb, dağ havası insanın ruhunu
saflaşdırır, şəfalı bulaqlar əqidə və amalı, torpaq isə ruhi bakirəliyi “qısqanc
ironiya”dan qoruyur.
Nazim Əhmədlinin əsərləri bir ovsundur, bəzən dünyadan gileylənsə də,
haqsızlığa qarşı barışmazlığı onu oxucu gözündə ən yüksək mərtəbəyə qaldırır.
Gündüşməz meşələrdə, cığırsız yoxuşlarda, ayaq dəyməyən sərt yamaclarda, insanı
bihuş edən çəmənlərdə, dərələrə layla çalan bulaqlarda, füsunkarlığı ilə ruhları

vəcdə gətirən bənzərsiz təbiət qoynunda ömrünə ömür qatdıqca duruldu, paklandı.
Elə bir məkanda söz sahibi – şair olmamaq günahdı desəm məni qınamayın. Çünki
şırıltılı çay da, quşların cəh-cəhi də bir musiqidir, ana laylası kimi. O musiqinin
sədaları altında dünyaya göz açan hər kəs təbii ki, söz sərrafı olmalıdır.
Ömrünün çiçək çağında müqəddəs sandığı yurd üzünə həsrət qalanda, ayrılıq
acısını yaşayanda yenə də qəddini dik tutdu. Qarı düşmənin məkrli və hiyləgər,
qorxaq və yaltaq olduğunu yaxşı bildiyi üçün onlara qarşı rəhmli olmağı zəiflik
sandı. Odur ki, mübarizə meydanında az qala dünya dövlətlərini bircə-bircə gəzdi,
haqq işimizi çatdırmaq üçün. Əksər hallarda nailiyyətlər əldə etsə də, bəzən
həqiqəti görmək istəməyən kar dünyanın kor sakinləri ilə də qarşılaşdı. O zaman
içindəki kövrək duyğular nisgillənib süzüldü.
hanı boz atın yəhəri,
səyirdəm, açam səhəri;
fələyin sınıq möhürü,
alnıma basılı qalıb;

Muəllifin fitrətindən süzülən duyğulu göynərtilər qafiyələndikcə könül
ovsunlayır. El-oba dərdi, vətən nisgili misralanıb bəndləşdikcə torpaq qoxulu
havacatlar yaranır. Ağrı-acıya bələnmiş bu havacatlar dildən-dilə keçərək dərdlərə
məlhəm olur. Bu dərdlərdən nə qədər uzaq qaçsaq da, qarabaqara izləyir bizi. Axı
Nazimin şeirləri dərdi dərdlə terapiya edir. Həm də bir haray, bir hayqırtı var,
birliyə, bərabərliyə çağırış var göynərtidən doğmuş misralarda:

hanı bəs, Turan deyirik,
dünyanı quran, deyirik;
can eşidib, can deyirik,
dost-doğma qardaşım gəlmir;

N.Əhmədlinin şeirləri fərqli janrların boyuna biçilib, lakonikliyi, tutumu,
sambalı ilə seçilir. Həmişə haqqın və ədalətin yanında olan, “düzü düz, əyrini əyri,
pisi həmvar” yazan, məzlumun tərəfində duran, sözü çəkinmədən üzə deyən şair
olduğu kimi misralarının da ruhuna hopub. Sözün işığında, işığın ruhunda, ruhun
saflığında, saflığın hikmətində təcəlla edib. Şairləri əbəs yerə Allahın elçisi
(peyğəmbərlərdən sonra) adlandırmayıblar ki:

ulu babalar demişkən,
dünya dağılır gərdişdən;
şahlar qızıldan-gümüşdən,
şairlər haqdan asılıb;

Təbrizi yazırdı ki, “Söz ruhun ölçüsü, ağıl isə sözün tərəzisidir”. N.
Əhmədlinin şeirləri də ruhun ölçüsündən keçdiyi üçün dəyərini itirmir. Çünki ağıl
onu qərinənin deyil, əsrin əyninə biçib. Şeirləri oxuduqca bəzən ümidsizlik içində
ümid, yoxluq içində var olmaq, tənhalıq içində qələbəlik, zülmət içində işıq
tapmaq, aydınlığa çıxmaq mümkündür. Çünki nazim Əhmədli poeziyası haqsızlığa
nifrət, insanlığa sevgidən yoğrulub. Sevgi isə kainata çilənən ətirdir. Dərdi
ovsunlamaq, ovutmaq, yaxud da kiritmək üçün ufacıq bir təbəssüm, məsum bir
gülüş qədər.

sənə bir şeir oxuyum,
sözü əridim içimdə;
üzünə bir gülüş gəlsin,
dərdi kiridim içimdə;
və yaxud:
könlüm dəymə-düşərdi,
məni yarpağa sərdi;
neynirəm axı, dərdi,
elə özüm də dərdəm;

Müəllifin tutduğu impressionist yol onun mifik obrazlar əsasında dərkinə
əsaslanan idrakın bir hissəsidir. O, bəzən kainatın bəlli olmayan hüdudlarında
zamanın şərtlərini diktə edir. Bəzən yerdən, Yer kürəsindən əl çəkib göylərin
ənginliklərinə çəkilir, buludlar üzərində dərdlərdən qurtulmağa çalışır, hətta
ulduzlarla, Ayla, Günəşlə dərdləşir. Ruhunun rahatlıq tapdığı əlçatmazlıqlar onun
ilham pərisi olsa belə dərdini söndürə bilmir, çünki o, dərdin nəşəsi, nüvəsidir. Özü
demişkən:


bir azdan yola çıxıram,
gedim, yığışdır odamı;
sən Yer üzünün mələyi,

mən göy üzünün adamı;

dərdi deyib, səri deyib,
göyü deyib, yeri deyib;
mənə dərd şairi deyib,
göy üzü verib butamı;

Nazim Əhmədli ruhu “iki cahana sığmayan” söz sahibidir. Gah dərviş olub
yer üzünü qarış-qarış gəzir, gah da ruh olub mələklər dolaşan səmalardan boylanır.
Hər iki halda da taleyin bəxş etdiyi acıları xurcunlayıb çiynində daşıyır. Sevgidən
və kədərdən tutduğu yük onun bəxtəvər günlərinin nişanəsi kimidir, yəni tutiyədir.
O, göylərin əksində özünü tapsa da, arealın darlığından çox sıxılır, çünki azad bir
quş kimi ənginliklərə qədər qanad çalmaq, məkrli düşüncələr məhsulundan –
məngənələrdən uzaq olmağa çalışır. Ona görə də istəklərinə qovuşmaq üçün hətta
tüstüyə çevrilib ərşə bülənd olmaqda israrlıdır.
yarpağam, büküləcəm,
payızdan töküləcəm;
göylərə çəkiləcəm,
boz bulanıq tüstüyəm;

və yaxud:
alnıma əkin düşüb,
sulara şəklim düşüm;
ruhum didərgin düşüb,
göylərə çəkiləcəm;

N. Əhmədli yaxşı bilir ki, dünyanın nizamı pozulub, həqiqətin tərəzisi əyilib.
Məkr, hiylə, riyakarlıq və əzazillik meydan sulayır. O yaxşı bilir ki,
şeytanxislətlilərin sayı artdıqca, dedi-qoduların, fitnə-fəsadların əhatəsi
genişləndikcə, tuğyan eləyən xəstəliklərin çarəsi də müşkülə dönəcək. Ona görə də
dünyanın bir loğmana, təbibə, dava-dərmana ehtiyacı olduğuna acı-acı təəssüflənir.

söyləmə, daha nə qalıb,
ağrı-acı yenə qalıb;
dünya yaman günə qalıb,
həsrətdi dərman üzünə;
yaxud:
dağlar kündə-kündədi,
gör Vətən nə gündədi;
canım od içindədi,
içim-çölüm bürkülü;

Con Bayron demişkən: “Ümid həyatın poeziyasıdır.” Nazim Əhmədlinin
poeziyası da elə ümiddən yoğrulub. Nə qədər haqsızlıqla, ədalətsizliklə vuruşsa da
susmur, yorulmur, usanmır. Qaranlığın sonunda güclə sezilən işığa dogru
addımlamaqda hər zaman israrlı olan şair, sonda istəklərinə qovuşur. Necə ki, uzun
illər gedə bilmədiyi ana qucağında, doğulduğu torpağa bir gün gedəcəyinə zərrə
qədər şübhə etmədi. İnandı və hər kəsi inandırdı ki, bir gün hicran sona yetəcək,
göz yaşları quruyacaq, həsrətdən cadar-cadar dodaqlarda vüsal çiçəyi bitəcək. O
zaman ümidlərin kövrək zamanında yazdığı kimi:

könül, çox da ah eyləmə,
o buludun qarı keçər;
ürəyimə səda düşər,

gəlib ahu-zarı keçər;

gedər ağıl-huş addıyar,
gözümüzdən yaş addıyar;
payız gedər, qız addıyar,
dolanar baharı keçər;

Həqiqətən də neçə-neçə payız, qış, bahar, yay keçdi ömrümüzdən. Və bir
gün payızda bahar gəldi ömrümüzə. Nisgillər silindi, diləklər gül açdı.
N.Əhmədlinin heç vaxt sönməyən ümidi nur çilədi yollara. Ana yurdu Laçın üçün
çırpınan ürək qüdrətdən vəcdə gəldi. Bu dəfə Laçını misralara büküb ətir çələngi
hazırladı şair. Qələmin iti, sözün kəsərli, dizin taqətli olsun, ey ədəbiyyatımızın
sönməyən məşəli!
düşmənin ordusunu,
cəhənnəmə yolladıq;
qolundakı qandalı,
açıb yerə tulladıq;
daha bu gündən sonra,
olmasın ağrın-acın;
o qartal baxışına,

qurban olum, ay Laçın;

şir kimi döyüşdülər,
yolunda mərd oğullar;
mərd oğullar Vətənin,
torpağından yoğrular;

istəyirəm bu səhər,
quş kimi qanad açım;
bu gözəl qələbənə,
qurban olum, ay Laçın.

18.12.2020.Bakı şəhəri.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest