Şahpəri Abbasova Giya Paçxataşvilinin sevgi hekayəsi

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Şahpəri Abbasova

İlahi bu necə sevgidir

Giya Paçxataşvilinin sevgi hekayəsini dinləyəndə adama elə gəlir ki, sevgidən yuxarıda başqa heç nə yoxdur, o, hər şeyin fövqündə dayanır.

Yaradıcı insanların ilham qaynağı olan sevgi hər kəsin həyatına bir cür təsir edir. Qəhrəmanımız Giya Paçxataşvilinin sevgi hekayəsini dinləyəndə isə adama elə gəlir ki, sevgidən yuxarıda başqa heç nə yoxdur, o, hər şeyin fövqündə dayanır.

Azərbaycan poeziyasını o qədər sevirdi ki, elə ilk aşiq olduğu xanım da azərbaycanlı oldu. Amma ilk məhəbbətinin xəyanəti şairi çox pis sarsıdır. Giya ilə bu barədə danışmaq istəyəndə, “gəl bu barədə danışıb onu şərəfləndirməyək” – dedi. Şairin ikinci baharı Lamara ilə gəlib. Anasından, əvvəlki sevgilisindən görmədiyi məhəbbəti, isti münasibəti Lamaradan görüb. Aşırı xoşbəxtliyin ömrü uzun olmur deyirlər. Giyanın Lamara ilə birgə xoşbəxtlik dövrü 18 il çəkib. Bəşəriyyətin bəlası olan xərçəng bu xoşbəxtliyə nöqtə qoyub. Şair Lamarasızlığın ilk günlərini belə xatırlayır: “Çox pis vəziyyətdə idim. Onda heç evim də yox idi. Mənim yerimdə başqa insan olsaydı, yəqin ki, içkiyə qurşanardı, ya da intihar edərdi. Bu, dərdlə üzbəüz olan insanın əsas arqumenti ola bilərdi. Lakin mən özümdə güc tapdım, qalib gəldim. Özümü şeirlərə, tərcümələrə həsr etdim”.

Givi (dostları onu belə adlandırır) deyir Lamara onun hər uğuruna uşaqtək sevinərdi. Məhz onun ruhu şad olsun deyə gecə-gündüz çalışan şairin Lamarasının öldüyü 2014-ci ildə xeyli sayda kitabı işıq üzü görür: “Fikirləşirdim ki, özümü itirsəm, Lamaranın ruhu narahat olacaq. Mən məhz onun ruhu şad olsun deyə özümü topladım, yaradıcılıqla məşğul oldum. Mənə deyirdilər, “axı sən bu boyda dərd yaşamısan, necə işləyə bilirsən?” Mən də cavabında deyirdim ki, bunların hamısı onun ruhunun şad olması üçündür, Givi ölsə, Lamaranın ruhu da ölər.”

Şairin doğulduğu Qax rayonuna da məhəbbəti sonsuzdur. Lakin anası ondan imtina etdiyinə görə, doğma torpağından didərgin düşən şair, özünü kökündən kəsilmiş ağaca bənzədir. Givi deyir ki, onun Qax adlı yerdəki evi də, torpağı da Lamaranın qəbridir: “İnsan o zaman ölür ki, onun qəbri ziyarət olunmur. Xatirə xanımla evləndikdən sonra onu və qaynatamı Lamaranın qəbri üstünə apardım. Halbuki atası inciyə bilərdi. Mən bütün bunları göz önünə alaraq, onları Lamaranın qəbrini ziyarətə apardım. Mənim Qaxda 1 qarış da olsa torpağım yoxdur. Çünki vaxtilə anam məni atıb. Atılmış insanın da torpağı olmur. Heç kimə bunu arzu eləmirəm. Qaxlı olasan, Qaxda qalmağa yerin olmaya. Mən bu mənada kökündən kəsilmiş ağac kimiyəm. Qaxı sevən, kökü kəsilmiş və Qaxa boylana-boylana qalan qurumuş bir ağacam”.

Şəkidən başlanan, qəlbimə tuşlanan, qız kimi utanan sevgiyə “Hə” dedim…

Şairi həyata bağlayan başqa bir səbəb də var – Xatirə! Xatirə xanımla tanışlığı onu həyata bağladı. Dostunun təkidi ilə Şəkiyə gələn və Xatirə xanımla evliliyə razı olan şair deyir ki, heç ağlına belə gəlməzdi ki, Lamaradan sonra kimisə sevə bilər: “Evlənmək fikrim yox idi. Özümü ancaq yaradıcılığa həsr etmişdim. Dostum Pünhan Şükür dedi ki, evlən. Mən istəmirdim. Bir təhər razı saldı və Şəkiyə getdik. Xatirə ilk baxışdan mənə xoş təsir bağışladı və biz evləndik”.

Şair həyatına rəng qatan bu qadına kitab da həsr edib: “8 Mart ərəfəsi idi. Dedim ona nə bağışlayım ki, unudulmaz olsun. Şairin də ən böyük hədiyyəsi kitab olar da. Xatirəyə həsr etdiyim şeirlərdən ibarət “”Hə” dedim” adlı kitab çap etdirdim. Kitabımın üz qabığının rəngi olaraq da, onu ilk dəfə gördüyümdə geyindiyi paltarın rəngini seçdim və çap etdirdim”.

Söhbətimizi Xatirə xanımla davam etdirdik. Qəribə burasındadır ki, Xatirə və Lamara zahirən bir-birinə bənzəyir. Xatirə xanım bu fikrimizi təsdiqlədi. Sən demə, başqa insanlar da onların bənzər olduqlarını bildiriblər.

Keçmiş həyat yoldaşı vəfat etdikdən sonra uzun müddət özünə qapanan xanım, Givinin sayəsində həyata yenidən bağlanıb: “Həyat yoldaşım rəhmətə gedəndə 8 ayın gəlini idim. Şəkidə tibb bacısı işləyirdim. Getdiyim iş idi, gəldiyim ev. Mənə dedilər ki, facebook səhifəsi yarat, bir az başın qarışsın. Mən də razılaşdım. Çox böyük stress keçirmişdim, həkimə də getmək istəmirdim. Psixotrop dərmanları qəbul etməyi ağlıma belə gətirmirdim. Həmişə şeirlər paylaşırdım. Həmin vaxt dostluğumda olan Givinin dostu Pünhan Şükür dedi ki, gəl sən ailə qur. Dedim yox istəmirəm. Həmin vaxt Lamara artıq rəhmətə getmişdi. Givini məsləhət gördü. Dedi çox mədəni insandı, hələ sən gör o səni bəyənirmi?”

Günlərin birində Xatirə nəhayət Givi ilə görüşə razılıq verir. “Albinoslar haqqında eşitmişdim. Dedi fosfor adamdı, bir az da yaş fərqimiz var idi. Pünhan Şükürlü dedi ki, heç o da razı deyildi, amma şairə Qiymət Məhərrəmli ilə onu yola gətirmişik. Qiymət xanımla görüşdük, mənə Givinin “Dərviş” kitabını verdi. Youtube-dan Givi haqqında olan repotajları izlədim. Ailəmlə məsləhətləşdim, dedilər get ailəni qur, evdə nə vaxta qədər oturacaqsan?! Beləliklə, görüşə razı oldum” – deyir.

Bu görüş hər ikisinin də həyatında dönüş nöqtəsi oldu. Xatirə xanımı buna görə qınayanlar da az olmayıb. Onu xristianla ailə qurduğuna görə qınaq obyektinə çeviriblər: “Məni çox qınadılar, amma qətiyyən peşman deyiləm. Şəkidə gəlin olduğum ailə olduqca mühafizəkar idi. Amma Givi təbiətən azad insandır, bu da mənə müsbət təsir edib. Bakıya gələndən sonra əhatəm genişləndi, Givinin şair dostlarını tanıdım. Əvvəllər təkcə məktəb illərində tanıdığımız şairləri tanıyırdım. Givinin sayəsində hətta xarici yazarları da tanıdım”.

Müsahibə zamanı Xatirə xanım Lamaranı da xatırladı. Həmsöhbətimiz sevgi hissinin ona yad olduğunu, Givinin Lamaraya olan məhəbbətinin ona qəribə gəldiyini söylədi: “Təzə evləndiyimiz vaxtlar Givi tez-tez Lamaranı xatırlayardı. Mənə qəribə gəlirdi bu hiss. Çünki, mən keçmiş həyat yoldaşımı sevməmişdim. Dato Kençiaşvilinin “Ramdeni Malodine” mahnısı Lamara və Givinin ortaq mahnısı olub. Givi o mahnını dinləyib ağlayanda, mənə qəribə gəlirdi”.

Söhbətimizin elə bu yerində Givinin kövrəldiyini gördük. Xatirə xanım, “həmişə ondan söhbət düşəndə, uşaq kimi ağlayır, sanki həmin an uşaqlaşır” dedi. Givi Lamaranı unuda bilməsə də, bu, Xatirəni əsla incitmir. Bir qadın kimi xoşbəxt olduğunu deyir: “Nə qədər qınasalar belə, mən xoşbəxtəm. Givi öz insani keyfiyyətləri ilə özünü mənə sevdirə bilib. Bütün ailələrə bu cür sevgi arzulayıram!”

Sputnik Azərbaycan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest