Şahnaz Şahin – Şeirler
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Şahnaz Şahin
ŞUŞA HAQQI
Poema
…
Dilimdə söz çiçəkləyir,
Boynumda Şuşa haqqı var.
Ana haqqı, bacı haqqı,
Yurd haqqı, yurddaş haqqı var.
…
Bayrağımın kölgəsində,
Çiçəklərin açmaq haqqı…
Quşların uçmaq haqqı var!
Otların cücərmək haqqı,
Göylərin ovutmaq haqqı,
Yerin ovunmaq haqqı var!..
…
Ay yerində bərqərardı,
Gün yerində bərqərardı.
Duman yerə yaraşıqdı,
Çən yerində bərqərardı…
…
Zülmün dağılmaq haqqı var,
Yolların sevinmək haqqı.
Arzuların, ümidlərin
Bir də doğulmaq haqqı var!..
…
Adi çəkiləndə ürəyim əsir,
Hüsnünə sözlərdən çələng hörürəm.
Yollara çıxıram güllü-çiçəkli,
Baxıb hər tərəfi Şuşa görürəm.
…
Arabir gecələr yuxyma gəlir,
Keçən günlərini sərir önümə.
Uzaqdan əl edir dağlar, yamaclar,
Indi hər tərəfi Şuşa görürəm.
…
Əlində səhəngi gözəllərə bax,
Suda güzgülənir, şəkillənirəm.
Heç vaxt görmədiyim yerlərə gedib,
Indi hər tərəfi Şuşa görürəm.
…
Bu da bir yazıdı, qəza-qədərdi,
Çox arzum toxunur daşa görürəm.
Irəvan,Ərdəbil, Təbriz, Zəngəzur,
Xankəndi, Xocalı gözü yol çəkir…
Mən indi hər yeri Şuşa görürəm!
…
Hər yerdə bir şəhər salıb keçirəm,
Xəyal yelkənimi açıb keçirəm…
Nə ürək dincəlir, nə gözüm doyur,
Yollar qucaq açır, ellər “gəl” deyir…
…
Qələbə ətrini yayır küləklər,
Qanımda dolanır, ruhumdan keçir.
Şəhid qardaşımın son vəsiyyəti,
Könlümdən od alır, ahımdan keçir…
Mən indi hər yeri Şuşa görürəm…
…
…Ətrini gətirir külək,
Uzaqdan Xarı bülbülün,
Şuşanın yarı bülbülün,
Yarı gül, yarı bülbülün…
Nə olsun ki, payızdı…
…
Hələ mən,
çiçəkləyən əsgər çəkmələrini demirəm.
Hələ mən,
xəzəllərin sinxron rəqsindən danışmıram.
Hələ mən,
çılpaq ağacların gövdəsində
yem axtran qarışqalardan
söz açmıram…
…
Bu gecə
ürəyimin aritmik döyüntüləri də
qarışıq ahənglə
Şuşa qışqırır…
…
Bülbülün, Üzeyirin, Natəvanın
yaralarından axan qan da
Şuşa deyir…
Bu saat
dünyanın düz mərkəzində bir
Şuşa doğulur…
Və ilin dörd fəsli də Şuşadır…
Yağış tökür,
qar yağır,
külək əsir,
Günəş doğur Şuşa!..
…
Əlimi nəyə vursam,
Burda ağrı-ağrıdı.
Ayağımı basdığım,
Torpaq ağrı-ağrıdı.
…
Ağrı tutub dörd yanım,
Ağrı oxuyur canım.
Ağrı qaynayır qanım,
Yollar doğram-doğramdı.
…
Yollarını pusduran,
Yağıya qan qusduran
Mübarək cavanlara
Döşəkdi ana Torpaq,
Uca Göylər yorğandı…
…
…Bu gücə yuxunun əsir gecəsi,
Mən də ki, yuxudan didərgin adam.
Uçub bu gecənin qaranquşları,
Səngərdə oyaqdı qan qardaşları…
…
Uduşlu, uduşsuz lotoreyalar
Hərəsi bir adı qaralayır bax…
Hərəsi bir qəlbi yaralayır bax…
Bu tinin başında iki cavan da,
Guya ki, başını girələyir, bax…
…
Dağıtdı bir xəbər yüz evi getdi,
Ovuda bilmədim bir ürəyi də
Soyuda bilmədim bir kədəri də…
Atıb pencəyimi qolumun üstə,
Əvvəlki yerişlə, qabaqkı tərzlə
Qayıda bilmərəm daha o kəndə…
…
Cəbhədən alovlu xəbərlər gəlir,
Qarşıdan narahat səhərlər gəlir.
Geyinib qələbə paltarlarını
Yenə adamların başları üstə
Fəxri Xiyabana şəhidlər gəlir…
…
Bu Fəxri Xiyaban yenə köç dolu,
Ürəklər düşmənə qəzəblə dolur…
Kimsə pıçıldayır qulaqlarıma:
-Sinəsi üstündə medalı varmış…
Indi yüz sualın bir cavbı da
Allahdan asılıb, Allaha qalmış…
Bu şəhid oğlanın-bu bəxtəvərin,
Deyirlər, deyəsən “adamı” varmış…
…
Yenə bu gecədən bir yuxu keçir,
Yenə ürəyimdən bir qorxu keçir…
Kimsə güllələnmə verib gecəyə-
Endirib səmanın ucalığından
Üçrəngli bayrağı asıb gecəyə…
…
Gəl gedək, boz atlı oğlan, gəl gedək,
Gedək atımızı dəyişdirməyə
Gedək adımızı dəyişdirməyə
Gedək haqqımızı dəyişdirməyə…
Anam od almağa göndərib məni.
Gedək odumuzu dəyişdirməyə…
…
…Vətən, sənin hər bir küncün əzizdi,
Amma Şuşa köksündə dağ yeriydi.
Xana, bəyə baş əyməyən dağları,
Ərənlərin fəxr, uğur yeriydi.
…
Dərdi dağıtmağa dağa çıxarlar,
Könül ovutmağa dağa çıxarlar.
Çiçək toplamaağa, gül toplamağa,
Xoş hava almağa dağa çıxarlar…
…
Başı qovğadaydı uca dağların…
Min dərd gəzdirirdi canında dağlar,
Min dərd gəzdirirdi qanında dağlar.
Köksündə həsrətin damğası vardı,
Könlündə azadlıq yanğısı vardı…
O günə inanıb yol gözləyirdi,
Hər düşən axşamı, gələn sabahı,
Hər gülü, hər kolu yol gözləyirdi…
…
Kefinə düşüb oxuyur,
Bu quş da qələbə marşı.
Güllə güllələnib düşür,
Ölümdən oluma qarşı.
…
Yağır toyda şabaş kimi,
Düşür üstümə daş kimi.
Asılıb qalıb yaxamdan,
Bağrı mənlə badaş kimi…
…
Candan keçir, can aparır,
Gecə çəkib dan aparır.
Müxənnət zalıma qarşı,
Tutub məni qan, aparır…
…
Min il əvvəlki dünyadı,
Gördüyüm köhnə röyadı…
Dər-divarı oyuq-oyuq,
Oddan isti, buzdan soyuq
…
O taydan bir səs ucalır,
Bu taya sədası düşür.
Hər gün mələklə şeytanın,
Göylərdə davası düşür…
…
Daha ürəklə oxuyur,
Güllələr qələbə marşı,
Çiçəklər qələbə marşı,
Ürəklər qələbə marşı…
…
Allah, bu günü də gördük,
Şuşaya yollar açılıb.
Ana kimi hər tərəfdən,
Şuşaya qollar açılıb.
Ulu Tanrı dərgahına
Gör necə əllər açılıb!..
…
Üzlərdən sevinc tökülür,
Gözlərdən sevinc tökülür,
Dillər xoş xəbər daşıyır,
Səslərdən seinc tökülür…
…
Pənahəli xanın
Gözü aydınlığa çıxıb,
Sözü aydınlığa çıxıb…
Söndürülən ocaqların
Közü aydınlığa çıxıb…
…
Şuşada vaxt da dəyişib,
Gecə, gündüz yoxdu indi.
Günəşin, Ayın camalı,
Üzü aydınlığa çıxıb…
…
Kəbə yolları açıqdı,
Oyaqdı ocağım, pirim,
Oyaqdı yeganəm, birim.
Oyaqdı igidim, nərim…
…
İlahi, nə gözəl yerdi,
Bu kənd kəndimə oxşayır.
Yoluna, izinə kimi,
Dağına, düzünə kimi,
Oduna, közünə kimi
Bu kənd kəndimə oxşayır…
…
Qışı palçıq, yayı tozdu,
Toyu əlvan, vayı bozdu.
Adamları da eynidi…
Bir az sudu, bir az közdü
Bu kənd kəndimə oxşayır.
…
Davası davamdı elə,
Havası havamdı elə,
Qucaq açıb gəl-gəl deyən
Nəvası nəvamdı elə..,
Bu kənd kəndimə oxşayır…
…
Nə zaman ki, yağı vurdu,
Viran qaldı evi, yurdu.
Dağların bəri üzündə,
Kəndimiz boynunu burdu..
Bu kənd kəndimə oxşayır.
…
Yetişdi qisas vaxtımız,
Quruldu zəfər taxtımız…
Açıldı bağlı baxtımız.
Köç başladıq o dağlara,
Torpaq azad, könüllər şad…
Bu kənd kəndimə oxşayır…
…
…Hələ də özünə gəlməyib Şuşa,
Boylanır göylərin daman yerinə.
Deyirəm, ta qəlbi qübar görməsin,
Mən bayraq çəkirəm duman yerinə.
…
Yellənib Günəşin üzündən öpür,
Torpağa düşən qan izindən öpür.
Şəhid anasının gözündən öpür,
Mən bayraq çəkirəm duman yerinə.
…
Mən bayraq çəkirəm duman yerinə…
Üç rəngə bürünür dərə, təpə, düz,
Üç rəngə bürünür həm Ay, həm Ulduz,
…
O yandan fırçanı götürür Səttar…
Bir nəhəng tablodu bax, Cıdır düzü.
Yenə havalanır Xan şikəstəsi,
Yayılır dörd yana xoş zənguləsi.
…
Oyanır yuxudan Pənahəli xan,
Igidlər atlanıb cövlana gəlir.
Mən bayraq çəkirəm duman yerinə,
Torpaq dinə gəlir, imana gəlir…
…
Bu da bir taledi, qismətim oldu,
Qalamdı, dinimdi, məzhəbdi Şuşa.
Beytül-müqəddəsdi, Hüsnü-əladı,
Həcdi, Kərbəladı, Məşhəddi Şuşa.
…
Sədası Tanrının qatından gəlir,
Sorağı Doğudan, Batıdan gəlir.
Düşməni də bilir, dostu da bilir,
Necə bir nemətdi, sərvətdi Şuşa.
…
Tarixdən gələndi, tarixdə qalan,
Pirdi, müqəddəsdi hər tin, hər dalan.
Başından keçsə də yüz qovğa, bəla,
Ən uca sərhəddi, son səddi Şuşa.
…
Sıyrılıb canından neçə can çıxıb,
Şahlara layiq bir ərməğan çıxıb.
Hər daşı, qayası zühurdan çıxıb,
Möhürdü, məbəddi, əhlətdi Şuşa,
Həcdi, Kərbəladı, Məşhəddi Şuşa!..
…
…Mənim əziz Şuşam, bir az da gözlə,
Bir az dərd tapmışam, ağrı çəkirəm.
Davadan yaralı qayıdıb gəlib,
Mən hələ bu quşa yuva tikirəm.
…
Oturub qapımın barısı üstə,
Sarğı sarıyıram yarası üstə.
Körpə dümdiyinin sarısı üstə,
Mən hələ bu quşa yuva tikirəm.
…
Itirib kimi var, nəyi var, Şuşa,
Sultanı, xanı var, bəyi var, Şuşa.
Yaralı köksündə neyi var, Şuşa,
Mən hələ bu quşa yuva tikirəm.
…
Qan tökür sərasər nəm gözlərindən,
Kim öpmüş yol çəkən dəm gözlərindən…
Mən yolumdan oldum, sən gözlərindən,
Mən hələ bu quşa yuva tikirəm.
…
Qanadı sınıqdı, ürəyi para,
Saçları bəyazdı, günüsə qara.
Çör-çöp toplayıram çıxıb yollara,
Mən hələ bu quşa yuva tikirəm.
…
Bir yuva tikirəm..,
yuva eyy, yuva…
Yaşasın, şad olsun, xoş etsin nəva.
Könlümə məlhəmdi, ruhuma dəva,
Mən hələ bu quşa yuva tikirəm…
Mənim əziz Şuşam, bir az da gözlə…
…
Gözlə, görüşünə gələcək ellər,
Saçını darayıb hörəcək ellər.
Ev-ev, yuva-yuva isinəcəksən,
Söz-söz, dua-dua sevinəcəksən.
…
Suların çağlayıb axacaq yenə,
Gözəllər seyrana çıxacaq yenə.
Dağların başında bəyaz örpəyi,
Çəmənlər toyxana, bulud sərpayi…
…
Yenə igidlərin kəhər beilində,
Yarışa çıxacaq Cıdır düzündə.
Təzə sevdalılar bəxtiyar, azad,
Həyat başlayacaq, ömr edəcəklər…
…
Sünbülün dən tutub un eyləyəcək…
Ruzi-bərəkətli təknənə şükür.
Torpağına şükür, suyuna şükür.
Dağlarına düşən qarın var olsun,
Ocağın tüstülü, bağın bar olsun.
Mənim əziz Şuşam, bir az da gözlə…