QƏDİM TÜRKLƏR VƏ AMERİKA HİNDULARI: GENETİK PARALELLƏR
Sənan Qılıncarslan Qacar – Kırımınsesi – Azerbaycan
Beynəlxalq tədqiqatçılar qrupu belə bir nəticəyə gəlmişdir ki, hər iki toplumun ümumi əcdadları təhminən 25 000 il əvvəl Altayda yaşamış və oradan dünyanın başqa yerlərinə köçmüşlər. Onların ayrı-ayrı qrupları e.ə. 12 minilliyə qədər Yeni Dünyaya gəlməkdə davam edirdi. Məhz bu qohumluğa görə hər iki bölgədə yaşayan insanların Y xromosomunda Q haploqrupu mövcuddur 1.
Amerika hindularında Q haploqrupu faizinin daha yüksək olması onlunla bağlıdır ki, onlar 25 000 il bundan öncə Altaydan heç bir əhalisi olmayan Amerika kontinentinə köçmüş və bu səbəbdən başqa xalqlarla qarışmayaraq, əvvəlki genotiplərini daha təmiz saxlaya bilmişlər 2, 3.
Altay bölgəsi türk dünyasının beşiyi sayılır. Lakin 25 min il bundan əvvəl altaylılar Amerikaya köçəndə müasir dil ailələrinin heç birisi, o cümlədən türk dil ailəsi, hələ mövcud deyildi. İnsanlar tamam başqa dillərdə danışırdılar. O dövrdə yazı sistemi olmadığına görə, bizim o dillər haqqında heç bir məlumatımız yoxdur. Buna baxmayaraq, bəzi müəllflərin fikrincə, türk dillərində və lakota siu dilində bəzi oxşar sözlər var: vakan – xaqan, xan; tanı – tanımaq; yudek – boğaz; içu – içmək; kuva – qovmaq; yasu – yasaqlamaq, məhkum etmək; yuta – yemək (yutmak, udmaq); kan – damar; miye – mən; ma – mənim; sue – süd; baha – baba, qoca adam; ik – iki; bebela – uşaq; hang – hə, və s.
Perunun dövlət dillərindən biri olan keçua dili də türk dilləri kimi aqlünativ dildir və tərkibində türk sözlərinə oxşayan kəlmələr var: kok – göy; tata – ata, dədə; as – az; arı – arıq; qo – qovmaq; saqla – saqqal; qarvin – qarın və s. 4.
Sözsüz ki, müasir hindu dillərinin heç birisi həqiqi türk dili deyil və bu söz oxşarlıqları təsadüfi də ola bilər. Lakin dil qohumluğuna şübhə etmək olsa da, qan qohumluğu şəkksizdir. Genetik tədqiqatlar uzaq keçmişdə hinduların və Altay xalqlarının ümumi əcdadının olmasını inkaredilməz dəlillərlə sübut edib. Beləliklə, genetik araşdırmalar filoloji tədqiqatlarla müqayisədə daha tutarlı və inandırıcı faktlar üzə çıxarır.
Q haploqrupu qədim hunlar arasında da geniş yayılmışdı. Onun müasir Macarıstan əhalisinin genotipində də mövcud olması da diqqəti cəlb edir. Bu, müasir macarların əcdadlarının arasında hun və qıpçaqların olması ilə bağlıdır.
Adı çəkilən haploqrupun Avropa yəhudilərində (aşkenazlarda) aşkar edilməsi də maraqlı faktdır və onların etnogenezində xəzərlərin iştirak etməsi ilə izah oluna bilər.
Yenisey dil ailəsinə aid ket xalqı genetik cəhətdən hindulara çox yaxındır. Ketlərdə Q haploqrupunun nisbəti 95%-ə çatır və hindularda olduğu qədər yüksəkdir. Ural dil qrupuna aid selkuplarda da Q haploqrupunun daşıyıcıları əhalinin 70% təşkil edir. Türkdilli xalqlar arasında bu haploqrup daha çox qaraqalpaqlarda (73%), İran türkmənləri (43%) və Əfqanıstan türkmənləri (34%) arasında yayılmışdı 5.
Qədim yenisey xalqlarının əksəriyyəti Sibir-Altay türkləri ilə qarışaraq və onların içində əriyərək, yakut, tıva, xakas, altay xalqlarının etnogenezində iştirak etmişlər. Yenisey dillərinin çoxu artıq unudulub. Yalnız azsaylı ket xalqının dili hələ ki “diri” qala bilət. Cünki təhminən on il əvvəl 10-15 nəfər yaşlı insan bu dildə danışmaqda davam edirdi.
Sibir-Altay bölgəsində yaşayan bütün avtoxton (yerli) xalqlar – türkdillilər və qeyri-türkdillilər eyni kökə bağlıdırlar. Söhbət 25 000-illik tarixdən gedir. O zamanlarda biz bugün danışdığımız müasir dillərdən heç birisi mövcud deyildi. Dil differensiasiyası nəticəsində müasir dillərin və dil ailələrinin yaranması daha sonrakı dövrlərə təsadüf edir. Amma qan və gen birliyi dil birliyindən daha öncə mövcud idi.
Antropoloji cəhətdən Şimali Amerika hinduları bəzi monqoloid cizgilərini daşısalar da, iri gözlərə, burunlara və avrpoidlər üçün səciyyəvi olan bir sıra başqa fiziki əlamətlərə malikdirlər. Bu səbəbdən alimlərin əksəriyyəti hinduları monqoloid irqinə deyil, xüsusi amerikanoid irqinə aid edirlər.
Hindularda avropoid və monqoloid cizgilərinin kombinasiyası onların yalnız irqi cəhətdən qarışıq olmasından irəli gəlmir, xüsusi arxaik irqə aid olmaları ilə bağlıdır. Hinduların əsas hissəsinin Asiyadan Amerikaya köçdüyü dövrdə klassik monqoloid irqi hələ tam formalaşmamışdı. Ona görə də amerikanoidlər daha qədim antropoloji tipin daşıyıcılarıdır. Amerikanoid irqindən bir qədər fərqli, lakin ona oxşar irqin əlamətləri müasir Tibet əhalisində də müşahidə olunur.
Hindular Sibirdən Amerikaya köçdükdən sonra bir neçə min il başqa xalqlardan təcrid olunmuş halda yaşayıblar. Hindulardan əvvəl Amerikada əhali olmadığına görə hindular başqa irqlərlə qarışa bilməzdilər. Bu səbəbdən onlar 25 min il əvvəl mövcud olmuş qədim Altay genotipini günümüzə qədər qoruyub saxlamışlar.
Babək Cəfərov
_________________________________
1 Родиной американских индейцев следует считать Алтай. http://www.gumilev-center.ru/rodinojj-amerikanskikh…/
2 Malhi, Ripan Singh et al 2008, Distribution of Y Chromosomes Among Native North Americans: A Study of Athapaskan Population History. AM J Phys Anthropol. 2008 December ; 137(4): 412–424. doi:10.1002/ajpa.20883
3 Bolnick, Deborah A. et al 2006, Asymmetric Male and Female Genetic Histories among Native Americans from Eastern North America. Mol. Biol. Evol. 23(11):2161–2174. 2006
4 Kaya, Polat, Search For a Probable Linguistic and Cultural Kinship Between the Turkish People of Asia and the Native Peoples of Americas”. Belleten, Cilt: L, Sayi 198, Aralik 1986, Turk Tarih Kurumu Basimevi, Ankara.
5 Скляхо, Р.А., Жабагин, М.К., Юсупов Ю.М. и др. Генофонд туркмен Каракалпакстана в констексте популяций Центральной Азии (Полиморфизм Y-хромосомы). Вестник Московского университета. Серия XXIII. Антропология. No 3/2016: 86–96
Fərdi Ələkbərli