GenelGüncelKültür Sanat

Qədim ortaq türk ədəbiyyatı (VI-IX) Tofiq MƏLİKLİ

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Tofiq MƏLİKLİ

Qədim ortaq türk ədəbiyyatı (VI-IX) 

Bu günə qədər bizdə hazırlanmış və çap olunmuş Azərbaycan ədəbiyyatı tarixi kitablarında ədəbiyyatımızın tarixi-xronoloji yolu XII yüzildən başlamaqdadır. İstər-istəməz sual olunur, bu dövrə qədər bizim ədəbiyyatımız, tariximiz olmayıbmı? Əlbəttə, olubdur. Sadəcə biz, siyasi-ideoloji səbəblər üzündən, varislərindən biri olduğumuz VI-IX əsr ortaq qədim türk ədəbiyyatı və tarixini nə öyrənmişik, nə araşdırmışıq, nə də ona sahib çıxmışıq. Uzun illər Azərbaycanda ortaq türk-oğuz tarixi, ədəbiyyatı, dili, etnogenezi yox sayılmış, real elmi həqiqət uydurma, qondarma siyasi xarakterli konsepsiyalarla əvəz olunmuşdur. Məqsəd – ortaq türk tarixi, mədəniyyəti və ədəbiyyatına qarşı çıxaraq türkləri bir-birindən ayıran konsepsiyaya dayanaraq qondarma bir tarix, tarixi-ədəbiyyatşünaslıq yaratmaq idi. Akademik Nizami Cəfərovun bu yaxınlarda “Ədəbiyyat qəzeti”ndə (27.08.2022) çap etdirdiyi “Azərbaycan tarixi: qədim dövr haqqında yeni konsepsiya” məqaləsinin birinci hissəsində akademik İqrar Əliyevin yuxarılardan gələn “ustanovka” əsasında məlum konsepsiyanı hazırladığına, üç və yeddi cildlik “Azərbaycan tarixi” kitablarının onun bu konsepsiyaya dayanılaraq yazıldığına, orada bir dəfə də olsun türk sözü işlənmədiyinə diqqəti çəkir. Nizami Cəfərov eyni zamanda maraqlı bir məqama da toxunur: “Mərhum akademik (İqrar Əliyev) “Tənqidçilərə cavab”ın əsasında dayanan “Yeddicildlik Azərbaycan tarixi”nın birinci cildinin işıq üzü görməsilə bağlı bir neçə söz”ünü də xatırlatır: “Bir vaxtlar midiyalıların dil mənsubiyyəti məsələsində günaha yol vermişdim (mənim “Midiya tarixi”mə baxın) ki, o da, əsasən, dilçilik, xüsusilə iranistikada kifayət qədər hazırlığımın olmamasından, bir də konkret materialın çatışmazlığından irəli gəlirdi. Leninqrada uzunmüddətli elmi ezamiyyətdən, orada bir neçə il sami və İran dillərini öyrənib əsaslı dilçilik hazırlığı keçdikdən sonra artıq bir sıra məsələlərə ayrı gözlə baxmağa başladım” (səh. 39)… Nizami Cəfərov haqlı olaraq yazır ki, bu sətirləri oxuya-oxuya adamın ağlına gəlir ki, rəhmətlik o zaman Leninqrada getmişkən sami və İran dilləri ilə yanaşı, gərək bir neçə ay da türk dillərini öyrənəydi… Çünki ən azından, sami, yaxud İran deyil, məhz türkdilli bir xalqın tarixini araşdırmalı idi”.

Yuxarıda bəhs edilən siyasi-ideoloji basqı üzündən Azərbaycan ədəbiyyatının gerçək dövrləşmə prinsipləri də həll olunmamışdır. Əslində, ortaq ümumtürk ədəbiyyatının etkisi ilə formalaşan Azərbaycan ədəbiyyatının inkişaf yolu dörd perioddan: 1. Qədim türk ədəbiyyatı (VI-IX), 2. İslam dininin qəbulundan sonra formalaşan erkən klassik Oğuz-türk ədəbiyyatı (IX-XIV), 3. Milli-klassik Azərbaycan ədəbiyyatı (XV-XVIII) və 4. Yeni dövr Azərbaycan ədəbiyyatı (XIX-XXI) ibarətdir.

Bilindiyi kimi, qədim türk ədəbiyyatının formalaşmasında Oğuz türkcəsi önəmli rol oynamışdır. Beş cildlik “Sravnitelnaya qrammatika tyurkskix yazıkov” (“Türk dillərinin qarşılıqlı qrammatikası”) toplusunun baş redaktoru və yazarlarından biri, görkəmli türkoloq, akademik Əthəm Tenişev kitabın giriş sözündə yazır ki, “qədim türkcə (göytürkcə – T.M.) qıpçaq və uyğur ləhçələrinin qatılımı ilə Oğuz türkcəsinin əsasında formalaşmışdır”. Başqa sözlə, qədim Türk ədəbiyyatının dili Oğuz türkcəsi olmuş və bu dildə yaradılan əsərlər gələcəkdə təşəkkül edəcək türk-oğuz ədəbiyyatının inkişafında önəmli rol oynamışdır.

Aparılan bir çox tipoloji qarşılaşdırmalar da qədim türkcənin ilk ədəbi dil variantının məhz Oğuz türkcəsinin təməlində yarandığını təsdiqləməkdədirlər. Beləliklə, oğuzcanın bir qolu olan Azərbaycan türkcəsinin qədim ədəbi türkcənin varislərindən biri olduğu meydana çıxır. Bu da bizim ədəbi dil tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin öyrənilməsi baxımından geniş perspektivlər açır.

Heyiflər olsun ki, bu böyük mədəniyyət abidəsinin qədim türk ədəbiyyatı açısından incələnməsi indiyə qədər lazımi səviyyədə aparılmamışdır. Kül Tiqin, Bilgə Kağan, Tonyukuk kimi böyük abidələrin mətnləri, heç şübhəsiz, qədim türk ədəbiyyatının çox qiymətli və önəmli örnəkləri olmaqdadırlar. Ancaq bu dəyərli mətnlərin öyrənilməsi və incələnməsi yerinə, onların şeir və ya nəsr olması ətrafında uzun illərdir dartışmalar aparılmaqdadır.

Bəzi türkoloqlara görə, poeziya, bəzilərinə görə isə epitafik nəsr kimi dəyərləndirilən Türk runik yazmaları – qədim ortaq türk ədəbiyyatının misilsiz örnəkləridir. Maraqlıdır ki, Bilgə Xaqan, Kültəkin, Tonyukuka həsr edilmiş və yüksək daşların üzərinə həkk olunmuş runik yazmalarının geniş incələnməsindən və mənim də qatıldığım uzun dartışmalardan sonra tanınmış türkoloqlar mətnləri ədəbi nəsr adlandırmağa başlamışlar. VI-IX yüzillərdə yaranmış runik yazmalar, Uyğur ədəbiyyatı, manihey dininin etkisiylə yaranmış fəlsəfi-etik şeirlər, adı bizə bəlli olan ilk lirik türk şairi Aprın Çor Tikinin əsəri, heç şübhəsiz, VI-IX əsr türk-oğuz ədəbiyyatlarının təkamülünə və inkişafına önəmli ölçüdə təsir etmişlər.

Aralarında rus türkoloqları A.Şerbak, P.Melioranski, Türkiyə türkoloqu Tələt Təkinin və mənim də olduğum bir qrup alim, Kül Tiqin, Bilgə Kağan, Tonyukuk mətnlərini nəsr əsəri olaraq görmüş, F.Korş, A.Bernştam, İ.Steblyeva kimi alimlər isə yuxarıda adı keçən mətnləri şeir olaraq ələ almış və incələmişlərdi. Sonuncu qrupa daxil olan alimlər səs təkrarlarına və paralelliklərə dayanaraq Kül Tiqin, Bilgə Kağan, Tonyukuk mətnlərini şeir kimi dəyərləndirməyə çalışmışlardı. İşin maraqlı tərəfi ondadır ki, orijinalda bu mətnlər misralara ayrılmamış, nəsrdə olduğu kimi yan-yana həkk olunmuşdur. Lakin pofessor İ.Steblyeva bu əngəli ilginç bir şəkildə aşmağa çalışmış, Orhon-Yenisey yazılarının strukturunu dəyişdirərək, onları misralara bölmüş və mətnə nəzm şəklini vermişdir. İ.Steblyevaya görə, runik mətnin hər bir sətri bir tək cümlədən ibarət deyil. Ana fikir, bir qrup sadə və mürəkkəb cümlələr vasitəsilə dilə gətirilməkdədir. Mətnlərin mənası cümləylə deyil, bir qrup cümlələrlə açıqlanmaqdadır. Bu prinsipə dayanaraq, Steblyeva cümlələri parçalara bölüb qitə yaratmaqda və beləliklə də onları şeir halına gətirməkdədir. Süni şəkildə şeirləşdirilən bu runik mətnləri İ.Steblyeva daha sonra mənzum əsər kimi ələ alaraq incələmişdir. Məsləkdaşımızın bu görüşünü və metodikasını qəbul etmək mümkün deyil. Bilindiyi kimi, şeiri şeir edən əsas özəlliklərin başında misranın ritmik ünsürü gəlməkdədir. Halbuki runik yazılarda belə bir ünsür yoxdur. Professor Tələt Təkinin də qeyd etdiyi kimi “bu mətnlərdə şeirin vazkeçilməz xüsusiyyətləri olan ölçü və qafiyəyə rast gəlinmədiyi kimi, inversiya və ibarələr də yoxdur”.

Qədim türk runik mətnləri, heç şübhəsiz, ədəbiyyat nümunələridir. Bu mətnlərdə istifadə olunan üslub, təkrarlar, obrazlı dil qarşımızda ədəbiyyat əsərinin olduğuna dəlalət etməkdədir. Lakin bu mətnlərin ədəbi növü, janrı alışdığımız ədəbi növlərə bənzəməməkdədir. Qədim türklər runik mətnlərin məzmununa, şəklinə uyğun və yalnız onlara məxsus olan janr meydana gətirmişlər. Ədəbi fikri, düşüncəni ən gözəl şəkildə ifadə etmək üçün onlar mükəmməl bir ədəbi struktur, kompozisiya yaratmışlar.

Bilindiyi kimi, böyük runik abidələr xaqanların, sərkərdələrin, əsilzadələrin, şahzadələrin, tanınmış dövlət adamlarının xatirəsinə ucaldılmışdır. Bu abidələrdəki runik mətnlər ölmüş insanların dilindən yazılmışdır. Mətnin sonunda onu yazan adamın adı həkk olunmuşdur. Bilgə Kağan abidəsinin cənuba baxan üzündəki mətnin ədəbi strukturu belədir: Bilgə Kağan əvvəlcə qardaşlarına, övladlarına, bəylərə və sərkərdələrə səslənir, daha sonra Türk xaqanlığının nə qədər geniş torpaqları ələ keçirdiyini göstərir, müharibələrdə tabqaçların türklərə verdikləri zərərdən, Kağanın türk ulusunu (xalqını) yenidən ucaltmağından bəhs edir. Abidənin sonunda mətnin yazarı runiq yazının yaradılma səbəbini açıqlayır və öz adını həkk edir. Bu mətnin Tələt Təkin tərəfindən Türkiyə türkcəsinə edilmiş tərcüməsinin azəricələşdirilməsinə dayanaraq bir neçə örnək vermək yerində olar:

“(Mən), Tanrı kimi (və) Tanrı’dan olmuş Türk Bilge Kağan, bu dövrdə taxta oturdum. Sözlərimi başdan sona eşidin, öncə (siz) qardaşlarım (və) oğullarım, birləşmiş boyum və (xalqım)…

doğusuna, güneydə gün batısına qədər, geridə gün batısına, quzeydə gecə ortasına qədər… bu sərhədlər içindəki (bütün) xalqlar ancaq mənə tabedir. Bu qədər xalqı mən qaydaya, düzənə qoydum. Onlar indi (heç də) pis vəziyyətdə deyillər. Türk Kağanı Ötükən dağlarında oturur (və oradan hökm edər) isə ölkədə (heç bir) sıxıntı olmaz. İrəlidə Şantung ovasına qədər səfər etdim, dənizə az qalmış durdum; güneyde Doqquz…

Ersin’ə qədər səfər etdim, Tibet’in yaxınlığında durdum; geridə Dəmir Qapı’ya qədər səfər etdim, quzeydə Yir Bayırku ölkesinə qədər səfər etdim, bir çox diyara (ordu) sevk etdim (və anladım ki), Ötükən dağlarından daha yaxşı (bir yer) əsla yox imiş! Dövlətin yönəldiləcəyi tək yer Ötükən dağları imiş! Bu yerdə oturup Çin xalqı ilə (əlaqələri) düzəltdim. (İndi onlar bizə) qızılı, gümüşü, ipəyi, ipək qumaşları bolluca verirlər…

(Çinlilərin) şirin sözlərinə (və) yumşaq ipək parçalarına aldanıb (ey) Türk xalqı, çox sayda öldün! (Ey) Türk xalqı, (sən) mütləq öləcəksən! Güneydə Çuğay dağlarına (və) Töyültün yaylasına yerləşək desən, Türk xalqı, mütləq öləcəksən! Ötükən ölkəsində oturub (buradan) karvanlar göndərsən, heç bir dərdin olmaz. Ötükən dağlarında qalsan, sonsuza qədər dövlət sahibi olub hökm edərsən…

…Tanrı lütfkar olduğu üçün, özüm (də) talehli olduğu üçün (Kağan olarak) taxta oturdum. Taxta oturub yoxsul (və) fağır xalqı bir yerə topladım. Yoxsul xalqı zəngin etdim, az xalqı çox etdim…”.

Yuxarıdakı parçadan da göründüyü kimi, bu mətn poetik əsər deyildir. Tam tərsinə sağlam bir nəsr əsəridir. Məntiqə, özünəməxsus ifadə tərzinə, müəyyən bir ədəbi şəklə dayanan bu əsərin janrını, biz yazılarımızda “epitafik hekayə” adlandırmışıq. Heç şübhəsiz, bu tip qədim runiq mətnlərin “epitafik hekayə” janrı çərçivəsində incələnməsi, türk nəsr gələnəyinin çox qədimlərə dayandığını göstərəcəkdir.

Şeir gələnəyinə gəlincə, qeyd etməliyik ki, qədim türklər alliterasiya sisteminə dayanaraq əsərlərini yaradırdılar. Bu şeir sistemi başda qafiyə, anafora, alliterasiya, daxili qafiyə, assonansa dayanmaqdadır. Qədim türk qaynaqlarına dayanaraq, şeirdəki morfoloji və sintaksis şəkilləri, Altay şeirində qitənin quruluşunu araşdıran akademik V.Radlov başda qafiyənin, anaforanın qədim türk şeirinin əsas özəllikləri olduğunu yazmışdır.

Adı bizə məlum olan ilk qədim türk şairi Aprın Çor Tiqinin VII əsrdə yazmış olduğu şeir bu baxımdan çox maraqlıdır:

Kaşınçıgımın ö (yü)

Kadgurur men

Kadgurduk(ça) kaşı körtlem

Kavışıgsayur men

Öz amrakımın öyür men

Öyü evirür men ödü…çün

Öz amrak(ımın)

Öpügseyür men.

Bayarın tiser

Bac amrakım

Baru yime umaz men

Bagırsakım.

Kireyin tiser

Kiçigkiyem

Kirü yime umaz men

Kin yıpar yıdlıgım.

Yavruk tengriler

Yarlık kazunun

Yavaşım birle

Yakışıpan adrılmalım.

Küçlüg priştiler

Küç birzünin

Közü karam birle

K(ül)üşüp (en)onuralım.

Yavuklumu (sevgilimi) düşünüb,

Qayğılanıram;

Qayğılanaraq, …Gözəlim

(Sənə) qovuşmaq istəyirəm

Öz sevgilimi düşünürəm

Düşünüb durduqca                

Öz sevgilimi

Öpmək istəyirəm

Gedim desəm,

Gözəl sevgilim,

Gedə bilmirəm,                      

Mərhəmətlim!

Girəm desəm,

Balacam mənim,

Girə bilmirəm,

Mis və ənbər ətirli (sevgilim)!

Nurlu tanrılar

Lütf edib buyursun:

Yumşaq xasiyyətlim ilə

Birləşək (heç) ayrılmayaq!

Qüdrətli mələklər

Güc verin:

Gözləri qaram ilə

Gülüşərək (şən) yaşıyaq!

Lirik qəhrəmanın sevgilisinin gözəlliyini mədh etdiyi, onunla ayrılıqdan hüznləndiyi, yarına qovuşmaq həsrətində olduğunu dilə gətirən və səmimiyyətilə fərqlənən Aprın Çor Tiqinin bu şeiri strukturuna, formasına görə, əsas özəlliyi “şaquli”, yəni anaforik alliterasiya, səs təkrarları sistemi, misraların heca sayının sərbəstliyi olan alliterasiya poeziyası sistemində yaradılmışdır. Onu da qeyd etmək lazımdır ki, bu alliterasiya şeiri qədim türk dilinin təbii qanunlarına dayanılaraq formalaşmışdır. Şair əsərin hər bəndinin ilk misralarını aaaa; bbbb və s. şəklində alliterasiyaya tabe tutur. Şeirdə “şaquli” alliterasiyadan başqa, “maili” alliterasiyadan, yəni misra içində samitlərin təkrarından (kadguruk(ça) kaşı körtlem) və feil tipli qafiyədən də istifadə olunmuşdur. Bu əsərin bir başqa özəlliyi də ondan ibarətdir ki, o, qədim türklərin İslam ədəbiyyatı ənənələrini qəbul etməzdən çox-çox əvvəl məhəbbət lirikasına sahib olduğunu göstərməkdədir. Bu şeirdə istifadə olunan “kozü kara”(“qara gözü”), “kaşı körtlem” (“qaşı çatma”) kimi bənzətmələrin günümüzə qədər gəlib çıxması, türklərin yüzillərlə formalaşan gözəllik, estetik anlayışlarının öyrənilməsi baxımından da ilginçdir.

Alliterasiya şeiri qədim türklərin əsas poetik sistemi olmuşdur. Sibirdə tapılan türkcə yazılmış anonim şeirlər bunu isbatlamaqdadır.

Tünerig tünçüle basar tiyür,

Tunumlug tegir tiyür.

Töş öz-e olurup tültürür tiyür.

Tanmış üz-ütler taşıkar tiyür.

Yuxarıda verdiyimiz və ölümü təsvir edən qədim türk şeirindən alınmış bu dördlükdə göründüyü kimi, “şaquli” (tö/tu/tö/ta), “maili” (tü/tü/; tı/te/ti; tö/tü/ti/; ta/ti) alliterasiyalar, misraların sonundakı təkrarlar əsərin başlıca səs sistemini təşkil etməkdədirlər.

İslam mədəniyyətinin təsiri altına düşməmiş Tuva, Xakas, Altay, Yakut ədəbiyyatlarında bu gün də alliterasiya şeirindən geniş ölçüdə faydalanılmaqdadır. Müsəlman mədəniyyətindən uzaqda qalmış Altay xalqlarında qafiyə Oğuzların poeziyasından fərqli olaraq xeyli primitivdir, əvəzində birincilərdə alliterasiya güclü inkişaf etmişdir. Qafiyənin inkişafı nəticəsində alliterasiyanın zəifləməsi, şübhəsiz, qafiyəni bilən, alliterasiyanı bilməyən fars-ərəb poetikasının təsirinin nəticəsi idi. Tuva alimi A.Toguyool “Tuva şeirinin poetik formaları” əsərində yazdığı kimi, alliterasiya istər xalq ədəbiyyatında, istərsə də çağdaş tuva şeirində başlıca səs vahidi olaraq, qitə içində yeni misranın başlandığını göstərən bir növ səs işarətidir və başqa dillərdəki kimi qafiyənin rolunu üzərinə almaqdadır.

İslam mədəniyyətinin təsiri altına nisbətən az düşmüş Qırğız, Qazax, Başqırd poeziyasında yeni dövrə qədər alliterasiya əsas şeir sistemlərindən biri olmuşdur. XV yüzil qazax yazılı ədəbiyyatının ünlü şairi Dospambet aşağıda verilən örnəkdə olduğu kimi, şeirlərində bu sistemdən geniş ölçüdə faydalanmışdır:

Toğay, toğay, toğay-su

Toğay kondım, ökinber

Tolğamalı ala balta kolğa alıp,

Top basmadım, ökinben,

Tobırşığı buik jay salıp

Tuşban attım, ökinben.

“Oğuz dilində yazılmış “Dədə Qorqud Kitabı”nda alliterasiyadan sistemli şəkildə istifadə olunmur, onlara yalnız bəzi söyləmələrdə rast gəlinir. Aşağıda verdiyimiz örnəkdə “şaquli” və “maili” alliterasiyalardan faydalanıldığını görürük:

Karşu yatan karlı kara tağlar

            karıyupdur otı bitmez

Kanlı kanlı ırmakları

            karıyuptur suyu bitmez…

İki misralı bu örnəkdə səs uyumunun müxtəlif şəkillərindən – alliterasiyadan (karşu yatan karlı kara tağlar karıyupdur), anaforadan (karşu\ kanlu), təkrarlardan (karuyupdur\ bitməz) yararlanılmışdır.

Qədim türk şeirindən fərqli olaraq, “Kitab”dakı söyləmələrdə kompozisiya paralelizmlərinə dayanmaqdadır. Bu şeirlərdə paralelizm sayəsində meydana gələn rədifli qafiyə, ritmi təşkil edən əsas elementə çevrilmişdir.

“Dədə Qorqud Kitabı”nın şeir mətnlərində yeni sillabik poetik sisteminin yaranma prosesini görmək mümkündür. Paralelizm və amebeyn kompozisiyasının təsiri ilə 4+3 ölçüsüylə yazılmış yeddi hecalı beytlər buna misal ola bilər:

Vay göz açup/ gördüğüm

Könül verip/ sevdigüm                       

Yeddi hecalı şeirlərdən başqa “Dədə Qorqud Kitabı”nda səkkiz, on bir, on iki hecalı mətnlərə, bəzi söyləmələrdə isə müxtəlif hecalı və qafiyəli hikmətli beytlərə də rast gəlirik:

Dünya benüm diyenler

Ecel aldı yir gizledi

Yaxud:

Gelimli gidimli dünya

Ahır son ucu ölümlü dünya.

Heç şübhəsiz, bu beytlər türk şeirində dörd misralı bəndə keçid rolunu oynamaqdadır. “Dədə Qorqud Kitabı”nda elə söyləmələr vardır ki, tam formalaşmış olmasalar belə, onları dörd misralı heca şeiri kimi dəyərləndirə bilərik:

Yücelerden yücesin

Kimse bilmez niçesin

(Görklü Tanrı)

Niçe cahiller seni gökte arar yirde ister.

Sen hod mü’minler könlindesin.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, “Dədə Qorqud Kitabı” oğuzlarda bədii təfəkkürün formalaşması və gəlişməsində də böyük rol oynamışdır.

“Dədə Qorqud Kitabı”ndakı şeir mətnlərinin incələnməsi, onların qədim türk şeirinin nümunələrilə tipoloji qarşılaşdırılması türk poeziyasının oluşma, gəlişmə yolunu izləməyə və belə bir nəticəyə gəlməyə imkan verir ki, oğuz eposundakı söyləmələr, qədim türk poetik gələnəyinə dayanaraq və İslam mədəniyyətinin təsirilə yeni bir poetik sistemin yaranmasına münbit bir zəmin hazırlanmışdır.          

Bilindiyi kimi, İslam mədəniyyəti türk şeirinin yenidən formalaşmasında olduqca böyük rol oynamışdır. X yüzildə İslam dinini qəbul etdikdən sonra bu mədəniyyətin təsirilə türklər tamamilə yeni bir şeir sistemi yaratmalı olmuşlar. Ancaq bu təsirdən bəhs edərkən onu da unutmamaq lazımdır ki, türklər ərəb-fars şeir sənətinə kor-koranə yanaşmamış, öz genetik düşüncə tərzinə, tarixi yaddaşına, gəlişmiş ədəbi dilinin strukturuna, qanunlarına uyğun bir şəkildə onu həzm etmişdilər. Yeni sillabik şeir sisteminə keçid daxili inkişaf prosesi sayəsində baş vermişdir. İslam mühitində yazılmış ilk türk şeirlərində alliterasiya və yeni formalaşan şeir sisteminin iç-içə olmasını Turfanda yazılmış bu şeir də aydın göstərməkdədir.

Aklar bulut örlep kükirep

Alkuka mu kar yağurur

Ak bir saçlıg karı anam

Açıyu mu yaşların akıtur

Karalar bulut özlep kükirep

Kar mu yağmur ol yagurur

Karı yaşlıg ol anam

Kayguda mu yaşın akıtur

Yazkı bulut yaşlap kükirep

Yagmurlar mu ol yagurur

Yaşı kiçig olganlarım

Yaşların mı akıtur

Küzki bulıt, örlep kükirəp

Köp mü yagmur ol yağurur

Köngül iki kiçig taşım

Köz yaşların mu ol akıtur.

Hər bəndi 4 misradan ibarət olan bu ağıda, “şaquli” alliterasiya – anafora, hər bəndin 1-ci, 2-ci, 4-cü misralarının sonunda təkrarlanan kükirəp/yağurur/akıtur kəlmələr, bənd içində 2-ci və 4-cü misraların qafiyələnməsi, 3-cü misraların səs bənzərliyi sayəsində bu şeirdə maraqlı bir ritmik sistem meydana gəlmişdir. Şeirin misralarında heca sayı 7-10 arasında dəyişir. Rəşit Rahmeti Aratın da qeyd etdiyi kimi, “nəzm şəkli və ifadə tərzi ilə daha sonrakı xalq ədəbiyyatını xatırladan bu mənzumələrin, qədim və yeni arasında bir bağ vəzifəsini oynadığı fikri irəli sürülürsə, bu həqiqətdən çox da uzaq olmaz”.

Heca vəznində yazılmış ilk xalq şeirlərinin örnəkləri, Qaşqarlı Mahmudun 1072-1074-ci illər arasında hazırladığı və nəşr etdirdiyi “Divan-ü Lugati`t-Türk” əsəri sayəsində bizlərə gəlib çatmışdır. 289 ata sözünün, 764 misralıq mənzum parçaların yer aldığı “Divan” kitabı Tələt Təkinin də qeyd etdiyi kimi, yalnız Türk dili tarixi baxımından önəmli bir sözlük və ya sadəcə türk dili araşdırıcılarının baş vuracağı olduqca qiymətli elmi bir qaynaq olmayıb, eyni zamanda türk xalqlarının ədəbiyyatını tədqiq edənlərin də yararlanacağı zəngin bir qədim Türk şeiri antologiyasıdır.

“Divan”dakı mənzum parçalar araşdırılırkən, orada heca vəznilə yazılmış dördlüklərlə bərabər, heca vəznindən və alliterasiyadan bərabər faydalanılaraq yazılmış dördlüklərə də rastlanılmaqdadır:

Keldi esin esneyü

Kadka tükel osnayı

Kirdi bodun kasnayu

Kara bulut kükreşür.

Baharın gəlişini təsvir edən bu dördlük 4+3 ölçülü, 7 hecalı, son qafiyəli ve eyni zamanda “şaquli” alliterasiyalı (keldi/kadka/kirdi/kara) bir şeirdir.

Kuydı bulıt yagmurun

Kerip tutar ok torın

Kırka Kodtı ol karın

Akın akar engreşüz

4+3 ölçülü, 7 hecalı bu dördlükdə isə 3 misra “şaquli” alliterasiyalı (kuydı/kerip/kırka); üçüncü ve dördüncü misralar ise “maili” alliterasiyalıdır (kırka/kodtı/karın; akın/akar).

Verdiyimiz örnəklərdən də göründüyü kimi, X-XI yüzillərdə İslam mədəniyyəti və ərəb-fars ədəbiyyatlarının təsirinə daha çox düşmüş bir çox türk xalqlarının, o cümlədən oğuz türklərinin prosodiyasında, ilk növbədə şeirin quruluş sistemində struktur dəyişiklikləri görünür, alliterasiya və anaforanın əhəmiyyəti yavaş-yavaş azalır, qafiyənin rolu isə yüksəlir. Bunun nəticəsində qədim türk şeirində ciddi transformasiya baş verir və heca vəzni formalaşmağa başlayır.

Beləliklə, heca vəzninin qədim türk şeiri olan alliterasiya sisteminin İslam mədəniyyətinin təsiri altında və daxili inkişaf nəticəsində meydana çıxdığını deyə bilərik. Yeni yaranan heca şeir sistemi zamanla Əhməd Yəsəvi və Yunus Əmrənin şeirləri sayəsində daha da mükəmməlləşir və geniş coğrafiyaya yayılır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest