GenelGüncel

Qəlbimi min para etmisən tamam

Qəhərlənib, tutuluram, doluram,
Saçlarımı yerli-dibli yoluram,
Günü-gündən saralıram, soluram,
Qəlbimi min para etmisən tamam.

Yandırmısan ciyərimi, canımı,
Tökmüsən nahaqdan, boşa qanımı,
Vurmusan, ay zalım yerə yanımı,
Dalımca min qarğış tökmüsən tamam!

Ağ günümdən, qara əksik etmədin,
Baharımdan qarı əksik etmədin,
Bircə dəfə harayıma yetmədin,
Köçümə ah-fəğan yüklədin tamam.

Dağ-dağ etdin bədənimi, dərimi,
Qançır etdin, töküb isti tərimi,
Sayını unutdum düşən sərimi,
Yüklənə bilmirəm usandım tamam.

Zülmətə bürüdün aydın gecəmi
Yarımçıq eylədin misra, hecəmi
Sürümə qəlbimi, söylə keçəmi?!
Sürümə, çaqqallar salıbsan tamam.

Pərişan etmisən şən ürəyimi
Xəncərlə deşmisən sol kürəyimi
Yıxıbsan evimi, son dirəyimi…
Dünyamı talayıb, çapmısan tamam

Dərd qaladın dərd külümün üstünə,
Zərbələr vurursan üstü-üstünə,
Hər sözümü götürərək üstünə,
Dərimə samanı təpmisən tamam.

Divan etdin bu dünyadan köçmədən,
Yaxalayıb yerə sərdin seçmədən,
Bir günahımı belə mənə keçmədən,
Fərmanı zindanlıq eylədin tamam.

Dəydirmədin əllərini əlimə,
Nə dedin ki, “can” gəlmədi dilimə?!
Toxunmadı tellərin də telimə,
Qoxunu sinəmə almadım tamam.

Yada saldım sənlə keçən zamanı,
Yandı canım göyə çıxdı dumanı,
Daha qəlbin sənə yoxdu gümanı,
Etibar, inamı itirdin tamam…!

Elsevər Hüseynoğlu
Bakı~11/04/2020

Pin It on Pinterest