Postmodern Azərbaycan nəsrində dekonstruksiya: “Koroğlu” – eposdan romana

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Elnarə QARAGÖZOVA

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Postmodern Azərbaycan nəsrində dekonstruksiya: “Koroğlu” – eposdan romana

        “Kitabi-Dədə Qorqud” dastanı kimi, “Koroğlu” dastanı da ədəbiyyatımızın kanonik mətnlərindəndir və hər iki dastanın motivləri həm şifahi, həm də yazılı ədəbiyyatımızda daim işlənmişdir.

        Üzeyir Hacıbəyovun “Koroğlu” operası, Sabit Rəhmanın ssenarisi əsasında Hüseyn Seyidzadənin çəkdiyi “Koroğlu” filmi, Səlahəddin Əcəminin “Koroğlu” poeması, Vüqar Əhmədin “Koroğlu” romanı, İlqar Fəhminin “Çənlibel tülküsü” trilogiyası “Koroğlu” dastanının motivləri əsasında yaradılmışdır. Bu əsərlər içərisində İlqar Fəhminin “Çənlibel tülküsü” ədəbi layihəsi postmodern siqləti ilə seçilir. 

        İlqar Fəhminin üç romandan ibarət “Çənlibel tülküsü” ədəbi layihəsinə daxil olan, müəllifin “yarım-tarixi dedektiv” adlandırdığı “İlk sui-qəsd”, “Qarğa yuvası” və “Kölgədə əqrəb” əsərlərində oxucuya “Koroğlu” eposunun dekonstruksiya olunmuş variantı təqdim edilir. “Postmodern Azərbaycan nəsrində dekonstruksiya” məqalələr silsiləsinə daxil olan digər məqalələrimizdə də qeyd etdiyimiz kimi, postmodernizmdə dedektiv süjet və elementlər mətnin ilk qatı olaraq istifadə olunur. “Yarımçıq əlyazma”, “Qızılgülün adı” romanlarında olduğu kimi, “Çənlibel tülküsü” ədəbi layihəsinə daxil olan romanlarda da klassik dedektiv, qapalı məkanda təhqiqat üsulundan istifadə edilmişdir. İlqar Fəhminin bu üç romanında təzahür edən dekonstruktiv elementləri aşağıdakı kimi sıralaya bilərik: 

         1. Eposdan fərqli olaraq trilogiyada Koroğlunun nərəsi, gücü və qılıncı mistik-magik effektdən məhrumdur. “İlk-sui qəsd” romanında Qoşabulağın suyunun qüdrətinin, Misri qılıncın ildırımdan düzəldilməsinin Aşıq Cünunun Koroğlunun təbliği məqsədilə uydurduğu və yaydığı feyk hekayət olduğu aydın olur. 

          2. Koroğlu trilogiyada tez özündən çıxan, ancaq fiziki gücə güvənən, tədbirsiz bir qəhrəmandır. 

           3. Eposda dəlilər güclü, qorxmaz, ədalətli təsvir olunsalar da, trilogiyada onlar incə duyğulardan məhrum, ancaq savaş, yemək və kef məclisi arzu edən kobud “döyüş maşınları” kimi təqdim olunurlar. Dəyişməyən cəhət dəlilərin hiyləgər olmaması və Koroğluya sonsuz sədaqətləridir. 

             4. Eposdan fərqli olaraq trilogiyada Aşıq Cünunla yanaşı, Molla Həbib obrazının, dərvişlərin iştirak etməsi, sufi simvollardan istifadə olunması mətndə əlavə qatların yaranmasına səbəb olmuş, polifonik effekt təmin olunmuşdur. Dastanda dini mənsubiyyət hiss olunmur, ancaq trilogiyada bütün Çənlibel əhli müsəlmandır, bəzi məqamlarda isə cinə, caduya inanan cahil müsəlmanlardır. Qeyd etməliyik ki, İlqar Fəhminin “Qarğa yuvası” romanında dərvişlər sadəcə tərki-dünya insanlar deyil, həm də fiziki cəhətdən güclü, hazırlıqlı əsgərlərdir. Romanda dərvişlər Səfəvi dövlətinin gizli polis qüvvələri, əks-kəşfiyyatçılar kimi fəaliyyət göstərirlər. Sufi simvollarından biri olan yüsuç təsbeh də dövlət işlərində gizli kodlaşdırılmış məlumat daşıyıcısı kimi istifadə edilir. 

          5. Dastanda olduğu kimi, trilogiyada da magik-mistik elementlərdən istifadə olunmuşdur. Buna misal olaraq Qara Mahmud tutulandan sonra Çənlibel məscidinin mollası Molla Həbibin Keçəl Həmzəyə hədiyyə etdiyi iri dənəli mərcan təsbehi göstərə bilərik. Əgər dərvişlərin təsbehi gizli, kodlaşdırılmış məlumatın daşıyıcısıdırsa, Molla Həbibin Keçəl Həmzəyə bağışladığı təsbeh daha çox mifik-mistik səciyyəlidir. 

            6. Eposda Keçəl Həmzə ilə bağlı məqamlar onun Toqatda Qıratın üzəngisini basaraq üzrxahlıq etməsi sayəsində Koroğludan halallıq alması ilə yekunlaşır. Trilogiyada isə Keçəl Həmzə Koroğlunun ən etibarlı adamı, məsləhətçisi, əks-kəşfiyyatın rəhbəri kimi göstərilir və Koroğluya, Çənlibelə qarşı olan təhdidlərin qarşısının alınmasında, düşmənlərin ifşasında mühüm rol oynayır.   

           7. Keçəl Həmzə obrazı trilogiyanın əsas qəhrəmanıdır. Trilogiyada hadisələrin cərəyan etdiyi zaman  Koroğlunun Toqat səfərindən sonrakı fəaliyyət dönəmini əhatə edir və yazıçı məhz Koroğlunun Keçəl Həmzə ilə qarşılaşmasından sonrakı dövrü dekonstruktiv elementlərlə təsvir edir. Bununla da, müəllif eposun sonundakı finalı da dəyişdirmiş olur. Müəllif bu əsər vasitəsilə oxucuya eposun sonunda tüfəngi görüb qılıncı atan, dəliləri buraxan, sonradan Çənlibeli mühafizə etmək üçün yenidən silahlanan qoca qəhrəman Koroğlunun yerinə Çənlibeldə struktura, müəyyən ierarxiyaya malik kiçik dövlət qurmuş, Səfəvi xanədanı ilə bağları olan, öz yanında xüsusi məsləhətçi – Keçəl Həmzəni saxlayan, yalnız qəhrəmanlıqla deyil, siyasi fəndlərlə də Çənlibeli mühafizə edən hakimi-mütləq Koroğlunu təqdim edir. 

          8. Qeyd edək ki, “Koroğlu” dastanında təsvir olunan hadisələrin xronotopa, səfərlərin coğrafiyasına, obrazların titullarına əsasən Səfəvilər dövlətinin və Osmanlı dövlətinin hakimiyyəti zamanında cərəyan etdiyini güman etmək mümkündürsə, romanda tam əminliklə hadisələrin məhz Səfəvilər dövründə baş verdiyi iddia olunur. Yalnız obrazlar və süjetlər deyil, romanın dilinə daxil edilən ərəb-fars mənşəli sözlər, bəlağətli nitqlər də bunun sübutu kimi çıxış edir.             lqar Fəhminin “Çənlibel tülküsü” trilogiyasında “Koroğlu” dastanı süjet, qəhrəman və mətnin dili səviyyələrində dekonstruksiyaya uğrasa da, dastanın əsas ideyası (vətənpərvərlik), qəhrəmanların səciyyəvi xarakteristikası (qəhrəmanlıq, sədaqət, təmizlik), məkan (Çənlibel) toxunulmaz qalmışdır. Beləliklə, trilogiya milli-mədəni mətni inkar etmir, sadəcə olaraq yeni dekonstruktiv variasiyanı təmin edir. 

Pin It on Pinterest