ÖLÜM MƏLƏYİ
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi
Rəqibə Qəvvas
ÖLÜM MƏLƏYİ
(hekayə)
(Sevanənin və dünyadan yarımçıq köçmüş bütün gəlinlərin xatirəsinə)
İnqa bir mələkdir göydən yerə enməz.
Aranın isti avqust günəşi sanki ərşi-aləmi yandırıb yaxacağına söz vermişdi. Günortanın dolu vaxtı idi.Adama elə gəlirdi ki,günəşin qızılı telləri yerlə-göy arasında ilğım kimi yırğalanır.Ayının, gününün içində olan Xəzangül nə ev-eşikdə,nə də həyət-bacada toxtaqlıq tapa bilmirdi.Təbiətən sakit olan 2 yaşlı Yusif də anası ilə birlikdə sərinləmək üçün gah evə girir,gah da hava almaq üçün həyətə düşüb üzüm çardağının altında gəzinirdi.Günortanın istisi uşagı əldən salmışdı.Xəzangül gözləri xumarlanıb yumulmaq istəyən Yusifi qucağına alıb alnından öpdü:”Gedək ana ilə yerimizdə yataq”.Uşaq ağırlaşmış başını anasının sinəsinə söykəyib gözlərini yumdu.Xəzangül evə keçib divanda oturdu.Oyanmasın deyə yenicə yuxuya getmiş Yusifi yatağına salmadı:”Bir az yuxusu bərkişsin,sonra yerinə salaram”-deyə düşündü.Xəzangül sinəsinə qısılıb mışıl-mışıl yatan oğlunu diqqətlə süzdü.Sifətinə xəfif bir təbəssüm qondu.Öz-özünə danışırmış kimi pıçıldadı:”Dünyaya gəldiyin gündən heç məni incitməmisən.Nə başqa uşaqlar kimi gecə-gündüz ağlayıb sızlamasın, nə də acıb-susayanda haray salıb şivən qoparmısan.Sən mənim ağıllı balamsan”.
Xəzangül özündən ixtiyarsız kövrəldi.Gözündən axan yaş damlaları taleyindən xəbərsiz mışıl-mışıl yatan Yusifin üz-gözünə damdı.Uşaq üzünə düşən isti göz yaşlarını hiss edib oyandı.Gözlərini zilləyib maddım-maddım anasına baxdı.Sonra nədənsə dodağının ucunda gülümsündü.Başını yana çevirdi,gözlərini yumub yuxuya getdi.Xəzangül uşağı diqqətlə süzüb pıçıldadı:”Yusif adının mənası qəmli, kədərli deməkdir.Allah səni qəmdən,kədərdən uzaq eləsin,mənim ağıllı balam”.O, başını oğluna sarı əyib onu möhkəmcə qoxuladı.Sonra uşağı çarpayıya qoyub özü də ehmalca yanında uzandı.Hümmətin işdən gəlməsinə hələ çox var idi.Xəzangül uzandığı yerdə düşündü: “Bir az dincəlim, sonra durub axşama yemək hazırlayaram”.
Ümumiyyətlə, Xəzangül bir qadın kimi çox səliqəli və işgüzar idi.Ağırayaqlı olmasına baxmayaraq həmişə ev-eşiyinin, həyət-bacasının səliqə-sahmanı yerində olurdu.Bir insan kimi də ünsiyyətcil və xoşxasiyyət olduğundan bütün qohum-qonşular onun xatirini çox istəyirdilər.
6 yaşında atasını, 1 il əvvəl anasını itirən Hümmət də öz ailə həyatından çox razı idi.O, Xəzangüllə bir sinifdə oxuyub, bir yerdə böyümüşdü.Yaxın qonşu olduğuna görə uşaqlıq xatirələri də bir-biri ilə bağlı idi.Bir sinifdə oxumaqları onları bir-birinə daha da yaxınlaşdırmışdı.Sarışın, mavigözlü, xumar baxışlı Xəzangül qızlar bulağından su içdiyi gündən Yaşar müəllimin həyətinə gələn elçilərin ardı-arası kəsilmirdi.Dənizə bənzəyən mavi gözlərin dərinliyində çox oğlanlar itib-batsa da Xəzangül onların heç birinə əhəmiyyət verməyir, yalnız baxışları ilə danışmağı bacaran Hümmətin nə vaxt dilə gələciyini gözləyirdi.Kənd məktəbində riyaziyyatdan dərs deyən Yaşar müəllim də şagirdlərinin bu gizli hisslərindən çoxdan xəbərdar idi.O, atası rəhmətlik Sərdar kimi ağıllı, zəhmətkeş, eyni zamanda dərs əlaçısı olan Hümmətin xatirini çox istəyirdi.Bu sinifdə dərs deyən bütün müəllimlər kimi,Yaşar müəllimdə Hümmətin gələcəkdə ali məktəbə qəbul olunacağına böyük ümidlə baxırdı.
Dərs ilinin başa çatmasına az qalmışdı.Hümmətlə Xəzangül də on birinci sinifi bitirirdilər.Ancaq Hümmət hələ də Xəzangülə öz sevgisi barədə bir söz deməmişdi.Buna baxmayaraq hər ikisinin anası uşaqların bir-birinə olan münasibətini çoxdan başa düşmüşdülər.Zərifə xala Hümmətin Xəzangül kimi ağıllı, işgüzar, həmdə gözəl bir qızla evlənməsini arzulayırdı.Atasız böyütdüyü oğlunun onun zəhmətini itirməyib həm məktəbdə, həm də kənd içində tərifləndiyini görəndə qürur hissi duyur, ona belə bir övlad bəxş etdiyinə görə Allahına min dəfə şükürlər edirdi.Elə Solmaz xala da qızının Hümmət kimi ağıllı, ağırtəbiətli,tərbiyəli, əslinə, nəslinə bələd olduğu bir gənclə ailə qurmasına çoxdan razı idi.
Ancaq hələ tez olduğu üçün Hümmət bu barədə heç kimə heç nə deməmişdi.Hər gün Xəzangülə müxtəlif yerlərdən elçi gəlməsinə baxmayaraq, Hümmət dillənmirdi ki, dillənmirdi.Nəhayət,bir gün o, tənəfüslərdən birində fürsət tapıb Xəzangülün çantasına:”Məni gözlə Hümmət”- kəlməsindən ibarət bir məktub qoydu.O gecə Hümmətin gözlərinə yuxu getmədi.Elə Xəzangüldə həmin gecəni bir cümləlik məktubu ən azı yüz dəfə oxuyaraq səhəri oyaq açdı.Səhəri gün məktəbə hamıdan əvvəl Hümmət gəlmişdi.Cədvəl üzrə birinci dərsləri riyaziyyat olacağından otağın qapısında dayanıb Xəzangülün gəlməsini gözləyirdi.Elə bu zaman dəhlizin başında qızlarla birlikdə gələn Xəzangül bir gecənin içində daha da gözəlləşmişdi.Tərtəmiz dala daradığı ipək kimi sarışın saçlarını arxadan sancaqla bənd etməsi onun açıq simasını ay kimi işıqlandırırdı.Qızlar Hümmətlə salamlaşıb sinfə keçdilər.Hümmətin gözü Xəzangüldə idi.Xəzangül isə nə qədər çalışdısa utandığında başını qaldırıb Hümmətin üzünə baxa bilmədi.Sakitcə salamlaşıb sinfə keçdi.Bütün dərs boyu da başını qaldırıb Hümmətə tərəf baxmadı.Hümmət çaş-baş qalmışdı.Xəzangülün birdən-birə susmasının səbəbini ayırd etməkdə çətinlik çəkirdi.Sonuncu dərsdən çıxıb evə gedəndə Xəzangülün səsini eşitdi:”Al kitabını,oxuyub qurtardım, çox təsirli əsərdir”.
O, əlində Əlfi Qasımovun “Qağayı fəryadı” əsərini tutmuşdu.Hümmət kitabı alıb soruşdu:
-Yenə oxumağa nə isə verimmi?
-Yox, bir neçə gün heç nə oxumaq istəmirəm.
Kənarda dayanıb gözləyən qızlar Xəzangülü səslədilər:
-Tez ol gəl, Xəzan.
-Acından ölürük axı.
-Qalanını evdə danışarsınız, aranızda bir çəpər var.
-Onu da götürüb tullayın,canınız qurtarsın.
Onlar Xəzangülün qolundan tutub apardılar.Yerində donub qalmış Hümmət əlindəki kitabı çantasına qoymaq istəyəndə nə düşündüsə, onu vərəqləməyə başladı.Kitabın arasında iki qatlanmış bir vərəq var idi.Ürəyi şiddətlə döyünməyə başladı.Ətrafa boylandı.Ona fikir verən yox idi.Vərəqin arasını açdı:”Səni gözləyəcəyəm”- cümləsini oxuyub tez kitabı örtdü.Sanki çiynindən ağır bir daş götürüldü.O, iti addımlarla evlərinə sarı yollandı.
…
Küçə qapısının açılıb-örtülməsi Xəzangülü xəyalından ayırdı.O, yavaşca uşağın yanından durub balkona çıxdı.Pəncərənin pərdəsini azacıq qaldırıb həyətə baxdı.Gələn anası idi.Solmaz əlində para qarpız gətirirdi.Xəzangül anasını pilləkəndə qarşıladı:
– Nə əziyyət çəkirsən, ay ana.Vallah hər şeyimiz var.Bu istifadə nə vacib düşüb, uzanıb dincəlmirsən.
-Ay bala, uzaq yol gəlməmişəm ki, burdan buradır də.Səhərdən hovuza atmışdım ki, sərinləsin.Atanla kəsib yedik, dedim bəlkə bir dilim yeyəsən, ürəyin sərinləyə.Yusifin səsi gəlmir,yatıb deyəsən.
– Hə, elə indicə yatdı.
– Ana, çöldə dayanma, istidir,gəl içəri.
O, anasının əlindəki qarpızı alıb boşqabın içinə qoydu.Solmaz tez mətbəxdən bıçaq gətirdi.Qarpızdan bir dilim kəsib Xəzangülə tərəf qoydu:
-Otur ye, sərindir.
Xəzangül arpızı yeyə-yeyə gülümsündü:” Ana ki, ana.Mən Yusifi düşünürəm, o da məni.”
Yadına ali məktəbdə oxuyarkən müəllimlərindən birinin dediyi sözlər düşdü: “Həyat həlqələrlə bir-birinə bərkidilmiş zəncirdir, çəkdikcə uazanır”.
Solmaz qızını diqqətlə süzdü:
-Nə fikrə getmisən, ay Xəzangül?Nədənsə narahatsan, deyəsən.
-Yox, elə-belə.Heç nədən narahat deyiləm.
-Bir yerin ağrımayır ki?
-Bir az ağırlaşmışam.Sən də bağışla. Ay ana, təbii haldır.Həkimin təyin etdiyi günlərdir.
-Təki salamatlıq olsun,hər şey keçib gedər inşallah.Hər ay həkim nəzarətində olmusan.Müayinələrdən keçmisən.Nə yazıblarsa müalicələri etdirmisən.Allahın köməkliyi ilə hər şey yaxşı olar, heç nəyə görə narahat olma.Özün də çölə çıxma.Özüm gedəcəyəm.Axşama da yemək bişirmə.Hümmətin sevdiyi üçü birində bişirirəm.
-Ay ana, nə əziyyət çəkirsən?
-Nə əziyyət, a bala.Sənin çətin günlərindir.Sənə kömək etmək lazımdır.Allah Zərifəyə rəhmət eləsin.Canı ağzından çıxıncaya qədər Hümməti bizə tapşırdı.Sən qızımsan, o da oğlumdur.Həm balamsan, həm də yaxın qonşumsan.Deməli, bir-birimizə ikiqat yanmalıyıq.
Solmaz pilləkənləri düşə-düşə narahatlıqla arxasınca gələn Xəzangülə:
-Ay qızım, dedim ki, gəlmə də.
-Yaxşı. Ana, get, pilləkəndə durmuşam.
O, pilləkəndə dayanıb qapıya sarı gedən anasının arxasınca baxdı.Sanki Solmaz bunu hiss edib ayaq saxladı.Çevrilib pilləkənin üstündə dayanmış qızını təpə-dırnaq süzdü.Lal-dinməz dönüb getdi.
…
Sübh azanına az qalmışdı.Sancıdan qovrulan Xəzangül heç kəsi oyatmasın deyə balkonda var-gəl edirdi.İdarələrin birində baş mühasib işləyən Hümmət çox yorğun olduğuna görə onu oyatmaq istəmirdi.Ağrıların şiddətləndiyini görüb astaca Hümməti səslədi:
-Hümmət, ay Hümmət.
Səksəkəli yatan Hümmət yerindən dik atıldı:
-Hə, nə var, nə olub?
-Qalx, xəstəxanaya getmək lazımdır.Anama da zəng etmişəm.İndi gələcəklər.
Hümmət qalxıb tələsik geyindi.O, Yusifə işarə edərək dedi:
-Bəs, uşaq necə olacaq?
-Onu da özümüzlə aparırıq.Reyhan xalada bizimlə gedəcək.
Həyətdə səsi gələn Solmaz hövləng özünü içəri atdı.Reyhan xala da onun ardınca evə girdi.Solmaz Yusifi adyala büküb qucağına götürdü:
-Di tez olun, yubanmaq olmaz.Atan maşınla həyətdədir.
Reyhan xala Xəzangülün qoluna girib həyətə düşürdü.
Xəstəxanaya az qalmış nənəsinin qucağında yatmış Yusif birdən ağlamağa başladı.Solmaz nə qədər çalışdısa, uşağı sakitlşdirə bilmədi.Şiddətli ağrılar içində qovrulan Xəzangül birtəhər Yusifi qucağına aldı.Uşağı sinəsinə sıxıb dodaqlarını onun başına söykədi.Doğma təmasdan uşaq səsini xırp kəsdi.Toppuş əlini anasının sinəsinin üstünə qoyub şirin yuxuya getdi.Reyhan xala uşağı canı ilə əlləşən Xəzangülün qucağından götürmək istədi.Xəzangül Yusifi daha da sinəsinə sıxdı: “Dəyməyin, qoyun yatsın, düşəndə gətirərsiniz”.
Maşın xəstəxananın həyətinə girdi.Yaşar müəllim maşını doğum şöbəsinin qarşısına sürüb saxladı.Burda xeyli adam var idi.Hümmət tez maşından yerə düşüb dal qapını açdı.Yusifi Xəzangülün qucağından götürdü.Reyhan xala ilə Solmaz Xəzangülün qoluna girib pilləkənləri qalxmaqda ona kömək etdilər.Xəstəxananın gözləmə otağında oturmuş qadınlar yerbəyerdən dilləndilər: “Sağ-salamat qurtarasan, ay bala.Allah köməyin olsun.Əlin-ayağın salamat qurtarsın”.
Qapıçı qadın qapını açıb Xəzangülü içəri ötürdü.Solmaz da qızı ilə birgə içəri girmək istədi.Ağxalatlılar ona imkan vermədilər:”Olmaz, ay ana.Sən narahat olma.inşallah hər şey yaxşı olacaq.Sən burda gözlə”.
Ağxalatlılar Xəzangülü götürüb apardılar.Qapıçı qadın qapını içəridən bağladı.Reyhan xala Solmazın qolundan tutub dedi:
-Gəl burda oturaq.Toxtaq ol.Birinci dəfə deyil ki.
Solmaz rəngi qaçmış halda Reyhanın yanında oturdu.Elə bu vaxt qapının dalından gülüşmə səsləri gəldi:
-Ay qız, aç qapını, görək bu Könülün adamları kimdir.
Könülün anası ilə qayınanası tez ayağa durub irəli yeridilər.
-Könülün adamları bizik.
Qapı açılan kimi kimin kim olduğu bilinməyən ağxalatlılar məmə yeyəndən pəpə deyənə qədər tut kimi töküldülər.
-Az, gözünüz aydın olsun.
-Muştuluğumu verin.
-Sapsarı xurma kimi bir qızınız oldu.
– Bəs sabun gətirməmisiniz?
-Elə eləyin ki, halallıq olsun.
Çaş-baş qalmış qız anası bilmirdi ki, kimə qulaq assın.Yazıq arvad güclə fürsət tapıb soruşdu:
-Bəs qız özü necədir?
-Özü lap yaxşıdır.Sən muştuluğumuzu ver görək.
Bir az ötkəm olan qayınana səbrini basa bilməyib çımxırdı:
-Ay Allah sizin köməyiniz olsun, bir imkan verin görək nə edirik də.
-Niyə əsəbləşirsən,ay xala, biz də əziyyət çəkirik.
-Demirəm ki, əziyyyət çəkmirsiniz, ancaq bu qədər adam orada nə işlə məşğuldur, o mənə qaranlıq görünür.
Solmazın gözlədiyi müddətdə qapı bir neçə dəfə açılıb örtüldü.Ancaq hələ Xəzangüldən bir xəbər yox idi.Solmazı həyəcan bürümüşdü.Bir yerdə qərar tuta bilmirdi.Yaxınlaşıb qapını tıqqıldatdı.Qapıçı qadın gözlükdən baxıb soruşdu:
-Nə lazımdır,ay xala?
-Qızım, bax gör Xəzangüldən nə xəbər var.
-Gözlə.
Qapıçı qadın ucadan soruşdu:
-Ay qızlar,Xəzangülü soruşurlar.
İçəridən boğuq səs gəldi:
-De ki, stoldadır.
Qapıçı qadın Solmaza baxıb dedi:
-Eşitdin də.
-Eşitdim, Allah köməyin olsun.
Solmazın dili-dodağıtəpimişdi.Gah bədəni od tutub yanır,gah da canından bir üşütmə keçirdi.Reyhan xala ona yaxınlaşıb:
-Darıxma , ay Solmaz, lap az qalıb.İnşallah hər şey yaxşı olacaq.
İçəridən dünyaya gələn körpənin “inqa” səsi eşidildi.Reyhanla Solmaz bir-birinə baxdılar.Reyhan xala sevincək dilləndi:
-Deyəsən bizimkidir.
Solmaz tez qapını tıqqıldatdı.
-Ay qızım, ay qızım, aç görüm.
Ancaq qapının o tayından bir səs-səmir eşidilmədi.Solmazın canını xof bürüdü:
-Niyə mənə cavab verən yoxdur, ay Reyhan?Niyə muştuluğa gələn yoxdur?
…
Solmazın canına od düşdüyü vaxtda Xəzangülün ruhu yuxarı qalxaraq stolun üstündə qalmış özünün və körpəsinin cansız bədəninə, onları xilas edə bilməyən ağxalatlılara küskün-küskün baxırdı.O, asta-asta çölə çıxıb dili-dodağı qurumuş anasını, təsəlli verməkdə aciz olan Reyhan xalanı, papirosu papirosa calayan atasını, yetimliyindən xəbəri olmayan Yusifini, oğlunu bağrına basıb məlul-müşkül oturmuş Hümməti süzdü.Sonra mavigözlü, hündürboylu,mütənasib bədənli Xəzangül mavigözlü qızını götürüb onun ardınca gəlmiş ölüm mələyinə qoşulub ruhların məknına, “Bərzaqa” yola düşdü.Mavigözlü adsız qızını qucağına götürüb ölüm mələyinin ardınca asta-asta haqq dünyasına gedən Xəzangül hərdən bir arxaya çevrilir,yalançı dünyada qoyub getdiyi doğmalarının sonrakı aqibətinə acı göz yaşları tökürdü…