Karvan

Karvan

Günahla, savabla dolu bu karvan,
Qocası, cavanı bir yol gedəcək.
Bir kimsə boş yerə qürrələnməsin,
Əcəl gəldiyində nəfəs bitəcək.

Dərd bitməz görünür fani dünyada
Əbədi dünyaya biz hazırmıyıq?!
Xoş olan, olmayan hər şeyi yazdıq,
Haqqı dərk eyləsək, haqq yazarmıyıq?

Tapmasaq, tükənsə bütün çarələr…
Çəkərmi ürəklər bu imtahanı?
Yenə arzularmı şirin xəyallar,
Yığarmı tamahdan cümlə cahanı?

Bütün sualların bir cavabı var,
Dolayı cavablar yorar adamı.
Həqiqət parlayar illər ötsə də,
Günahkar kim deyə arar adamı.

Günahla, savabla dolu bu karvan,
Qocası, cavanı bir yol gedəcək.
Bir kimsə boşuna qürrələnməsin,
Əcəl gəldiyində nəfəs bitəcək.

Elsevər Hüseynoğlu
Bakı~07/05/2021

Pin It on Pinterest