Kamil İsmayılov SƏRHƏD (hekayə)
Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Kamil İsmayılov
Bu gün günəş hər günkündən daha amansız yandırsa da, işin gedişindən razı idi. «İnşallah, günortaya evdəyəm» — ürəyindən məmnunluqla keçirdi. Ömrünün qırx altı ilində fərəhli günləri çox az olan bu adamın həyatdan umacağı nəşə, sevinc payı belə cüzi şeylər idi.
Dünən işi heç gətirməmişdi. Elə sübh tezdən Qumru arvadın üzünə çıxanda ürəyinə dammışdı ki, o gün işi gətirməyəcək. Əvvəlcə getdiyi yerdə qamış güman etdiyindən çox az oldu, həm də boyları qısa və cansız idi. Axşama yaxın yükünü ancaq düzəldə bildi. Sonra da ilan məsələsi bir az qanını qaraltdı. O, ilandan qorxan deyildi, belə şeyləri çox görmüşdü. Ancaq bu lənətə gəlmiş qucağına aldığı qamış dərzinin içindən birdən çıxdı. Fışıldayıb üzüyuxarı qalxdı. Sifətində onun soyuq təmasını indi də hiss etməkdəydi. Yaxşı ki, dərzi vaxtında yerə ata bildi. Yoxsa, Allah bilir, axırı necə olacaqdı. Eh… Allaha bir can borcludur, onu da verəcək. Ancaq uşaqlara yazığı gəlir. Hələ balacadırlar. Nə isə… Bunlar ötüşən şeylərdir. Ancaq xallı Məhəmmədin onun haqqını kəsməsi lap dilxor elədi. İmkanı olmasa eybi yoxdur, o belə şeylərin çox dərininə gedən deyildi. Ancaq zalım oğlunun qapısında bir donuzu əskikdir. Yalandan da balalarının canına and içir ki, olanım budur. Yalan desən adın sənə qənim olsun. Dədən də elə var-dövləti sənin kimi yığmışdı. Çörəyin çəkərək vaxtı bir ovuc arpaya kasıb-kusubun xalça-palazını yığdı doldurdu evinə. Yaman da istirahətini elədi. İt kimi ulaya-ulaya can verdi. Sən də yığ görək, axırı necə olur… Haqqını düz versəydi, kiçik oğlanın başmaq pulu düzəlirdi.
«Yox, bu gün işlər pis deyil», — başını qaldırıb bir də günəşə baxdı. — «Hə, inşallah günortaya evdəyik». Bu dəfə «evdəyik» sözünü cəm şəklində dedi. Çünki bu dəfə sözü ürəyində yox, ucadan dedi ki, bir az aralıda otlayan qoca, çal eşşəyi də eşitsin. Əlini bir az da yeyinlətdi. Qamış çox idi. Fikirləşdi ki, sabah da bura gələrəm. Bura sərhədə yaxın olduğu üçün heç kim buralara dəyib-dolaşmır. Yazıq heyvan da qarnını doyurmağa bir şey tapır.
Tikanlı məftillərin o tərəfindən qamışlar suya yaxın olduğundan daha uca və canlıydı. Fikirləşirdi ki, əvvəllər burada sərhəd-zad yox idi. Rahatca Arazın düz yanına gedib-gəlmək olurdu. Hələ cavan vaxtarında Arazın o tayına da keçib getmişdi. Ancaq indi bu məftillərin heç həndəvərinə də dolanmaq olmaz. O saat əsgərlər tökülüşüb gələr.
Bu gen dünyada onu narahat edən şeylər çox idi. Lakin ruzigarın sərt üzü onu hər şeylə barışmağa vadar etmişdi. Ancaq tək bununla barışa bilmirdi. Axı bu sərhəd kim üçündür. O tərəfdəki də bizim kimi adamdır. Bizim dildə danışır. Bizim qan qardaşımızdır. Bəs, görəsən, biz özümüzü kimdən qoruyuruq?
Bir yerə yığıb cəm elədiyi qamışı gözdən keçirdi. Bəs olardı. Hələ bir az artıq idi. «Qoy olsun. Hacı kişi xallı Məhəmmədin tayı deyil. Kişi adamdır. Həmişə artıqlamasilə verib. Allah bərəkətini artırsın». Sonra o keçdiyi ağır yolların yoldaşı olan çal eşşəyi yükün yanına çəkdi. Eşşəyin batmış böyürlərini sığalladı. Hər günkü narahat fikir yenə ürəyindən keçdi. «Yazıq eşşək qocalıb, lap əldən düşüb. Bəlkə də bu qışı çıxarmadı». Elə bu vaxt Apazın o tayından bir eşşək anqırdı. Öz həmcinsinin səsini eşidən heyvan qulaqlarını şəkləyib başını səs gələn tərəfə çevirdi. Gərnəşirmiş kimi boynunu dala qanırdı və o taydakı səsə səs verib o da anqırmağa başladı. Eşşəyin anqırması ona təəccüblü gəlmədi. Çünki bu heyvanların xasiyyəti belədir. Bir-birilərinin harayına hay verə bilirlər.
Ancaq birdən-birə ağlına gələn bir fikir onu təəccübləndirdi. Bu da o idi ki, indi bu saat onu o taydan səsləyən, çağıran bir adam olsaydı, yəqin ki, ona cavab verə bilməzdi. Bu qadağanı pozmaq olmazdı. Bu, yasaq idi. Sərhədçi köşkündə dayanmış əsgər yəqin ki, gəlib onu aparardı.
Əlindəki ucu haça çomağı ilə yükə dayaq verib, sağ tərəfə keçdi. Sağ tərəfin də yükünü vurub rahat nəfəs aldı. Qara sətin araqçınını çıxararaq ülgüclə təmiz qırxılmış başının tərini sildi. Tər damcıları alnının qırışlarından sifəti boyunca axaraq çənəsində düyümlənir, oradan da nimdaş köynəyinin yaxasına tökülürdü. Sonra kölgə yerdə gizlətdiyi buxara papağını çıxarıb üstünə qonmuş tozu çırtmağı ilə ehmalca təmizlədi. Araqçını içinə keçirib papağı başına qoydu. Yay-qış bu papaq onun başında olardı. Belə vərdiş eləmişdi. Onun nəzərində müsəlmançılığın əsas şərtlərindən biri də kişinin buxara papaq qoymasıdır. Ona görə də hər paltarı köhnə, nimdaş olsa da, üç-dörd ildən bir borc xərc pul düzəldib papağını təzələyərdi.
Eşşəyin iplərini bir də yoxladı. Bu da onun vərdişi idi. İplər boş olsa, eşşək yükü aşıra bilər. Çomağını yuxarı qaldırdı. Bu, eşşəyə işarə idi. Yəqin ki, eşşəyi vurmağa qıymazdı.
— Hə, yeri görüm, gözünə dönüm. Tərpən.
Eşşək dartınıb ağır-ağır yeriməyə başladı. Bir az getmişdilər ki, gördü iki əsgər, qabaqlarında da it ona doğru gəlirlər. Əvvəlcə elə zənn elədi ki, sərhədçilər məftilləri yoxlayır. Sonra gördü yox, düz onun üstünə gəlirlər. Bir şey anlamadı. İt bir-iki ağız hürüb ona tərəf dartındı. Ancaq əsgər itin qayışını əlinə dolamışdı. Buraxmadı. Əsgərlərin biri ona çatmağa beş-on addım qalmış çığırdı:
— Ey, starik, stoy!
Rus dilini bilməsə də «stoy» sözünün mənasını anladı və dayandı. Eşşək də üç-dörd addım gedəndən sonra sahibinin dayandığını görüb, o da dayandı.
— Çto tut delaeş? — Əlbəttə, sözləri başa düşmədi. Ancaq onların nə soruşmaq istədiklərini anladı.
— Qamış yığırdım. Aparıram bundan həsir, səbət toxuyurlar, dama döşəyirlər, — əllərinin hərəkəti ilə onlara izah etməyə çalışdı.
Təbii ki, onun cavabını sözlərinə yox, əl hərəkətlərinə görə başa düşdülər.
— Kakie otnoşeniya imeeş s toy storonoy?
Kişi yenə bir şey anlamadı. Ancan çayın o tayını göstərmələrindən elə başa düşdü ki, ordakı kəndin adını soruşurlar.
— Siyari kəndidir. Ora çox gedib-gəlmişəm.
Əsgərlər mənalı şəkildə bir-birilərinə baxdılar. Onlardan biri ağacı kişinin əlindən aldı. O biri isə ciblərini axtarmağa başladı. Əvvəlcə müqavimət göstərmək istədi. Sonra başa düşdü ki, bütün cəhdlər əbəsdir. Onsuz da onu axtarmamış əl çəkməyəcəklər. Əllərini yuxarı qaldırıb sərbəst dayandı.
— Axtarın. Çox şey tapacaqsınız.
Cibindən bir kirli burun dəsmalı çıxdı, bir də pul kisəsi. Pul kisəsi deməsən olmazdı. İçində bir əzik üçlük və beş-altı qəpik-quruş var idi. Sonra əsgər onun döş cibinə əl atdı. Bu cibində möhür var idi. Möhürü əldə toxunmuş naxışlı möhürqabının içinə qoymuşdu. Möhürqabının üstündə ərəb əlifbası ilə müqəddəs adamların adı toxunmuşdu. Bunu həmişə yanında dolandırırdı. Çox vaxt iş elə gətirirdi ki, namaz vaxtı evə gedib çıxa bilmirdi. Harda vaxt olsaydı, orda da namazını qılardı. Onun nəzərində dəstəmaz almamış adam, xüsusən də qeyri-müsəlman şəxs möhürə əl vura bilməzdi. Bu, günah idi. Ona görə də əl atıb döş cibini qamarladı. Onun bu hərəkəti əsgərləri daha da şübhələndirdi, zorla onun qollarını ayırmağa başladılar. Kişi gördü ki, müqavimət göstərməkdən daha keçib. Onlar zorla möhürü götürüb ona hörmətsizlik edə bilərlər. Ona görə də çığırdı:
— Buraxın, ay Allahsızlar! Buraxın özüm çıxarım!
Onu buraxdılar. Cibindən möhür qabını çıxartdı. Ehmalca içindən möhürü götürüb onlara göstərdi.
— Çto eto takoe?
O, möhürü öpüb əvvəl sağ, sonra sol gözünə, daha sonra alnına qoydu. Əllərini qaldırıb Allaha işarə elədi. Deyəsən, əsgərlər bir şey başa düşdülər. Daha əvvəlki hörmətsizliklə yox, bir qədər nəzakətlə möhürü tələb etdilər. O da «Allah, keç günahımdan» — deyib möhürü onlara verdi.
— Tı doljen poyti s nami!
O yenə bir şey anlamadı. Çiyinlərini çəkdi. İt saxlayan əsgər arxaya keçidi. O biri kişini qolundan tutub irəli çəkdi:
— Davay, poşli!
Kişi indi anladı ki, əsgərlər onu aparmaq istəyirlər.
— Ay oğlu, Allah xatirinə, qoyun gedim işimə-gücümə. Qoyun gedim kasıbçılığımın dalınca. Məni hara aparırsınız?
— Davay-davay, vperyod! — əsgər onu irəli itələdi. Məcbur qalıb yeriməyə başladı. Eşşək sanki sahibinin zorla aparıldığını başa düşdüyündən yerindən tərpənmirdi. Əsgər əlindəki çomaqla iki dəfə eşşəyi vurdu. Yenə də yerindən tərpənmədi.O, bir də ağacı qaldırıb vurmaq istəyəndə kişi dözə bilmədi. Əl atıb əsgərin qolundan tutdu.
— Vurma, bala, niyə vurursan? Yazıq deyil? Allahın dilsiz-ağızsız heyvanıdır.
Eşşəyin boynunu sığalladı:
— Yeri, heyvan,yeri. Bu gün də bizimki belə gətirib.
Eşşək yerindən tərpəndi. Yol boyu ürəyindən min cür fikir keçirdi. Ancaq heç cür anlaya bilmirdi ki, onun günahı nədir. Onu hara apardıqlarını təxminən bilirdi. Yəqin ki, dəmiryol vağzalının arxasındakı yerə, böyüklərinin yanına aparırlar. Ancan niyə aparıldığını kəsdirə bilmirdi.
Gün artıq günorta yerindən əyilməkdə idi. Yorğunluq və aclıq ona təsir etməyə başlamışdı. Onu bundan daha çox günorta namazının vaxtının keçməsi narahat edirdi. Ancaq əlacı nə idi. «Allah kərimdir, görək axırı nə olur» — yenə ümidini Allaha bağladı.
Qapıda dayanmış uzun, arıq əsgər dinməzcə dəmir darvazanı açdı. İçəri grdilər. Amma eşşəyi içəri buraxmadılar. Qamışların içini, palanın yan yörəsini axtarıb, eşşəyi darvazadan bir az aralı yemişan koluna bağladılar. Kişini təzəcə rənglənmiş kiçik bir otağa gətirdilər. Havanın boğanağından və rəng iyindən içəridə dayanmaq mümkün deyildi. Əsgər otaqdakı yeganə kətili ona tərəf itələdi:
— Sadites. — dedi — və özü dərhal otaqdan çıxdı. Görünür, otağın havasına tab gətirə bilmədi. Kişi naəlac qalıb oturdu. Ancaq bir az keçmiş gördü ki, ürəyi darıxır. Hava çatmır. Eşiyə çıxmaq istədi. Qapının qabağında başqa əsgər dayanmışdı.
— Nelzya, tovariş, nelzya, zakon ne pozvolyaet.
Kişi kor-peşman geri qayıtdı. «Bu Allahsızların dilini də bilmirəm, heç olmasa bir şey başa salım».
Bir az keçmiş onu bir otağa apardılar. Buranın havası təmiz və bir nisbət sərin idi. İçəridə iki adam oturmuşdu. Geyimlərindən bəlli idi ki, bunlar əsgərlərin böyüklərindəndir. Başda oturan zəhmli adama oxşayırdı. Yəqin ki, rəisdir. Yanındakı isə qarabuğdayı, çatmaqaş cavan bir oğlan idi. Onu görəndə kişinin eyni bir az açıldı. «Yəqin bizimkilərdəndir. Müsəlmandır. Heç olmasa dərdimi ona deyərəm», — ürəyindən keçirdi. Dəsmalı, pul kisəsi və möhürü stolun üstündə idi. Möhürü qabından çıxarıb açıqda qoymuşdular.
— Neyləmisən, a kişi. Aləmi qatmısan bir-birinə. — Bunu həmin qarabuğdayı oğlan dedi. Onun türk dilində danışmağı, itirdiyini tapmış adam kimi kişini sevindirdi.
— A, başına dönüm, mən neyləmişəm ki?
— Daha neyləyəcəksən? Bir o qalıb məftilləri qırıb keçəsən o taya.
Kişi tutuldu.
— Məftili qırmaq nədir, ay oğul? Mənim o tayda nə işim var? Gəlmişdim qamış qırmağa, onu da qırmışam, gedirəm. Aparıb verəcəyəm birisinə, üç-dörd manat alıb külfətimi dolandıracağam.
— Bəs sən bilmirsən ki, bura dövlət sərhədidir, buralara dolaşmaq olmaz?
Bir istədi desin ki, bala, öz torpağımızdır da, niyə buralara dolaşmaq olmur. Biz torpağımızı kimə satmışıq? Ancaq özünü saxladı. «Lənət şeytana» dedi.
— Bilirəm, qadan alım. Mən sərhəddən çox uzaqdaydım. Mən heç ona yaxın da getməmişəm.
— Məsələ ondadır ki, o taydan eşşək anqırıb, sənin də eşşəyin ona cavab verib. Belə çıxır ki, siz nəyisə bir-birinizə siqnal vermisiniz. Sənin o tayla nəsə bir əlaqən var.
Kişi qımışdı:
— Siqnal nədir, ay oğul? Bu eşşək qisminin xisləti belədir. Kəndin bir başında biri anqıranda, o bri başında başqa eşşək ona cavab verir. Mən nə qanıram siqnal nədir.
— Bəs bu nədir? — oğlan möhürü əlinə götürüb o yan bu yanına baxdı, yerinə qoydu.
— Möhürdür.
— Bunu niyə yanında dolandırırsan?
— Namaz vaxtı çöldə oluram. Namazın ki, vaxtını keçirə bilmərəm.
Oğlan iztehza ilə başını yellədi.
— Başqa millətlər aya, ulduza uçmağa hazırlaşır, bizimkilərsə namazın vaxtının keçməsindən qorxurlar.
Oğlanın istehzası kişiyə yaman yer eləsə də, özünü saxladı. Bildi ki, cavab versə, aqibəti pis olar.
— Belə şeyləri bir də eləmə, kişi. Bunlar möhürdən şübhələnirlər. Elə bilirlər ki, bunu guya o tərəfə keçirmək niyyətin olub. Sındırıb içinə baxmaq istəyirlər. İstəyirlər göndərsinlər laboratoriyaya analizə.
— Başına dönüm. Qoyma sındırsınlar. Axı, sən özün də müsəlmansan. Necə razı olarsan ki, o müqəddəs şeyi ovub töksünlər yerə?
Qarabuğdayı zabit onların söhbətini rəisə tərcümə elədi. Rəis də narazı halda başını buladı. Sonra ondan sənəd istədilər.
— Sənədim nə gəzir, ay oğul. Bir pasportum var, onu da gördüm cibimdə tər çürüdür, atmışam evə.
Onun adını, ünvanını, qohum-əqrabasının adlarını götürdülər. Bayaq onu gətirən əsgər geri aparmaq istəyəndə kişi həmin oğlana yarvardı.
— Başına dönüm, denə məni bayaqkı yerə salmasınlar, ürəyim partlayır.
O, əsgərə nə isə dedi: yəqin dedi ki, onu daha ora salmasınlar. Ona həyətdə oturmağa icazə verdilər. Bir asudə nəfəs aldı. Bayaqkı fikir indi özünə gülməli gəldi. «Hım… qəribədir bu dünyanın işləri. Bayaq mən elə düşünürdüm ki, heç olmasa heyvanlar bu taydan o taya bir-birlərinin səsinə səs verə bilirlər. Sən demə, bu da yasaqmış».
Günəş Kəmki dağının dalına doğru çəkilirdi. Zastavanın həyətindən Araz çayı və onun yaxası boyu düzülmüş sərhəd dirəkləri apaydın görünürdü. Kişi o tərəfə gizlində, oğrun-oğrun baxırdı. Qorxurdu ki, o taya baxmağını da bir söz eləyərlər. Üstündən nə qədər keçdiyini demək çətindi. Bir eşşək sarıdan nigarandı. Özü cəhənnəm, bir təhər dözər. Yazıq eşşək yükün altında ac qalıb. Bir də ev sarıdan nigaran idi. İndii yəqin uşaqlar kənddə onu soruşmadıqları adam qoymayıblar.
Bir azdan dəmir darvaza açıldı. Kolxozun yük maşınını görəndə çiçəyi çırtladı. Kənd Sovetinin sədri maşının kabinəsindən düşüb gələnə qədər özünü ona yetirdi.
— Başına dönüm, ay Murtuz müəllim. Qurtar məni bunların əlindən!
Murtuz müəllim narazı baxışlarla onu süzdü.
— Bir bu oyunun qalmışdı da, Əmrah kişi.
— Nə oyun, ay Murtuz müəllim. Mən neyləmişəm ki?
— Yəqin bir iş eləmisən ki, iş-gücün bu vaxtında məni dartıb gətiriblər bura. Söhbət gedib raykoma çıxsa, mən batdım. Partbiletimi əlimdən alacaqlar.
Murtuz müəllim hirslə keçib bayaq onu apardıqları yerə getdi. «Çər dəymiş bir gör mənim başıma nə oyun açdı» — ilk dəfə eşşəyi haqqında pis düşünürdü.
Murtuz müəllim içəridə çox qalmadı. Bayaqkı qarabuğdayı zabitlə eşiyə çıxdı. Zabit qapıda dayanan əsgəri çağırdı:
— Otpustite etoqo çeloveka. — Sonra ona tərəf çöndü. — Bir də belə iş görmə. Yer başına qəhətdir? Cibindən çıxarılan şeylər də sədrdədir, kənddə verəcək.
Əsgər onu eşiyə buraxdı. Yazıq eşşək yük altında məlul-məlul sahibinə baxırdı. Sanki başa düşmüşdü ki, bütün bu işlərdə təqsirkar odur.
O, eşşəyin ipini açan vaxt kolxozun yük maşını tozlayıb keçdi. Eşşəyi qabağına qatıb, kəndə sarı yönəldi. Bayaqdan ürəyindən keçənləri ucadan dedi. Elə dedi ki, eşşək də eşidə bilsin:
— Qulaqlarını sallama, ay heyvan. Səndə təqsir yoxdur. Sən yazıq haradan biləsən ki, bu gen dünyada bizə hər şey qadağandır. Əvvəl Arazın suyunu, balığını əlimizdən aldılar, məftil altında qalan otlaqları itirdik. İndi də sərhədin həndəvərinə getmək olmaz. Yeri, heyvan, yeri. Görəcək günlərimiz varmış…

1988-ci il.Bakı şəhəri.

