GüncelKültür SanatTürk Dünyası

Kamalə Abiyeva bədii yaradıcılığının problematikasında cəmiyyəti düşündürən aktual problemlərə poetik dillə münasibət bildirir

KAMALƏ ABİYEVA
KAMALƏ ABİYEVA
Kamalə Abiyeva bədii yaradıcılığının problematikasında cəmiyyəti düşündürən aktual
problemlərə poetik dillə münasibət bildirir. Onun Vətən mövzusunda qələmə alınmış şeirlərinin
problematikasının ana xəttində Qarabağ həsrəti, Zəfər təntənəsi, Vətən müharibəsinin
tərənnümü, Vətənə, xalqa məhəbbət duyğuları, həm də Azərbaycan torpaqlarının bölünməsinin
acısının ifadəsi diqqətdən yayınmır. Eyni zamanda yalnız ictimai-siyasi məsələlər deyil, təbiətlə,
peyzajla bağlı hisslər də əksini tapmaqdadır.
Kamalə Abiyevanın poetik nümunələri zəngin və müxtəlif olması ilə seçilir. Şairin
obrazlar qalereyasında şəhid, Vətən, müəllif məni, Azərbaycan, ana və s. obrazlarla üzləşmək
olar.
Kamalə Abiyevanın bədii yaradıcılığının problematikası zəngin olduğu qədər,
rəngarəngdir. Şair yaradıcılığında cəmiyyəti düşündürən aktual problemlərə poetik dillə
münasibət bildirir. Vətən mövzusu “Azərbaycan-qalibiyyət dünyası”, “Qarabağım”, “Vətən
savaşı”, “Sən elə azadsan”, “Doya bilsəydim”, “Vurğunam” və s. şeirlərinin problematikasının
ana xəttini təşkil edir. Və bu ana xəttdə Qarabağ həsrəti, Zəfər təntənəsi, Vətən müharibəsinin
tərənnümü, Vətənə, xalqa məhəbbət duyğuları və s. əsas yer tutur. Kamalə Abiyeva Cənubi
Azərbaycanla bağlı düşüncələrini də bədii yaradıcılğının əsas problematikasına çevirir. “Urmu
gölünə”, “Araza” kimi şeirləri bu baxımdan maraqlıdır.“Ağrı” şeirində həm vətənə olan sevgisi,
ehtiramı, həm də Azərbaycan torpaqlarının bölünməsinin acısını ifadə etməsi diqqəti çəkir:
İllərdi Borçalım gözü yaşlıdı,
Dərbənd həsrətində bəndə düşmüşəm.
İllərdi elə bil başım daşlıdı,
elə bil çarəsiz dərdə düşmüşəm…
Qarabağ hadisələri ilə bağlı yazdığı şeirlərdə xalqın mənəvi-əxlaqi dəyərləri
prizmasından mübarizəyə çağırış bədii detallarla təqdim edilir. Qarabağ haqqında düşüncələrini,
Qarabağ yanğısını, Vətən sevgisini poetik dillə təqdim edir. Məsələn, Gülşən Rafiqqızının
bəstəsində mahnıya dönən “Qarabağım” şeirində Qarabağ nisgili ilə yanaşı, Zəfər təntənəsi yer
almaqdadır:
44 günə sənin boyda böyüdüm mən,
böyüdüm ki, səni görəm, səni sevəm.
heç doyunca görməmişdim səni axı,
Gördüm səni əsgər-əsgər, igid-igid,
gördüm səni Qarabağım.
Heç doyunca sevməmişdim səni axı,
sevdim səni şəhid şəhid,
sevdim səni Qarabağım
Qarabağa sevgi, Zəfərin tərənnümü, Vətən Müharibəsinin təntənəsi şairin digər poetik
nümunələrində də yer alır. Belə nümunələrin nəğməyə çevrilməsi təsadüfü deyil. İqbal Ağayev
tərəfindən bəstələnən “Vətən savaşı” (ifa Kənan Qədimov), “Vətəni anlat” ( ifa Samir Cəfərov)
kimi poetik nümunələrdə bunun şahidi oluruq. Göründüyü kimi, Vətən müharibəsi Kamalə
Abiyevanın yaradıcılığında ana xəttə çevrilmişdir. Bu onun yaradıcılığında ictimai-siyasi
mövzulu şeirlərin çoxluq təşkil etməsini təsdiqləyir.
“Son sevgimsən” şeirində şair Vətənə olan sevgisini maraqlı ədəbi priyomla təqdim edir.
Şeirin problematikasında sevginin sual axtarışına cavab verilməsinə cəhdi maraq doğurur. Şair
sevginin ümumi məhfum olmasına rəğmən, onların fövqündə Vətənə, torpağa olan sevginin ali
hiss olmasını poetik dillə təqdim edir. Son sevgi deyərək vətənə olan insan sevgisini təbliğ edir.
Kamalə Abıyevanın “Azərbaycan”, “Vurğunam”, “Vətən”, “Doya bilsəydim” və s. bu
kimi şeirlərində Azərbaycanın bütövlüyünə olan duyğuları əksini tapır. Məsələn, “Azərbaycan”
şeirində Azərbaycana olan sevgi və ehtiram incəliklə tərənnüm edilir.
Sevgi dolu ürəyimsən,
möhtacınam sənin hər an.
Qovuşaram torpağına
sevgin ilə Azərbaycan

“Araza”, “Urmu gölünə” kimi şeirlərində Kamalə Abıyeva Cənubi Azərbaycana
bağlılığını əks etdirir. Şair Cənubi Azərbaycanı bütöv Azərbaycan kimi poetik dillə təqdim
etməyə nail olur. Şair “Urmu gölünə” şeirində Cənubi Azərbaycanın Şimali Azərbaycandan
qoparılmasının sağalmaz yara olmasını (əsrlərlə davam etməsini də) əks etdirir:
Azərbaycan, bu nə tale yazısı,
Hər tərəfdə canının bir parası.
Yüz illərdi dərmanım yox dərdinə
sağalmır ki, ürəyinin yarası
“Araza” şeirində də bir xalqı ikiyə bölən sədd kimi qiymətləndirilən Arazın Azərbaycanı
ikiyə bölünməsinin poetik dillə təqdimi özünü göstərir:
Kamalə Abiyeva Araz çayını bir milləti iki yerə bölməsinə rəğmən ona kin-küdurətini
ifadə etmir, əksinə böyük sevgi ilə təqdim edir. Düzdür baş verən hadisələrə hiddətini poetik
dillə əks etdirir, ancaq Araz çayının möhtəşəmliyinə, məğrurluq rəmzi olmasına xələl gətirmir:
Tarixin ən qübarlı
səhəri sənə düşüb.
Bölünən ürəklərin
kədəri sənə düşüb…
Kamalə Abıyevanın şeirlərində yalnız ictimai-siyasi məsələlər deyil, təbiətlə, peyzajla
bağlı hisslər də yer alıb. Onun “Yağış” şeiri bu silsilədəndir. “Yağış yağır,,, bu ki göyün
sevgimizə heyrətidir” deyə sevgini simvollaşdırmağa cəhd edir. Sevginin hər şeydən
təmizlənərək paklanmasına, paklığına işarə etməklə yanaşı, nakam sevgi üçün göz yaşlarının
böyüklüyünü yağışla, təbiətin ağlaması ilə müqayisə etməsi maraqlı ədəbi priyom kimi təqdim
edilir.
Kamalə Abıyeva “Görəsən” adlı şeirində insan hisslərini təbiət hadisələri fonunda
tərənnüm edir:
Ürəyim buludludu, ürəyim dolub yenə.
Könül həmdəm olubdu
göylərə bu gün yenə…
Əgər göylər ağlasa, ürəyi boşalacaq,
buludlar dağılacaq, üzü güləcək yenə.
Hönkürüb ağlasam mən,
qan-yaş töksəm gözümdən
qəlbimdəki buludlar dağılarmı görəsən?
Peyzajla bağlı poetik tərənnüm şairin “Bir payız” şeirinin problematikasında da yer alır:
Bir payız gecəsində
evimin bir küncündə
payız gecəsinə düşdüm, üşüdüm…
Şair payız fəslinin fonunda hisslərini sonuncu misrada yekunlaşdıraraq münasibətini
sərgiləyir: “bir payız gecəsi adam özünə bənzəməz…”
Kamalə Abiyevanın yaradıcılığında Bakı haqqında şeirlər silsilə təşkil edir. Şair Bakıya
olan sevgisini, ehtiramını “Bakı haqqında nağıl”, “Bakım”, “Bakıma”, “Xəzərim” və s.
şeirlərində oxucusuna çatdırır.
“Bakı haqqında nağıl” şeirinin problematikasının nağıl başlanğıcı xalq yaddaşına işarədir.
Kamalə Abiyeva şeirini “Bu dünyada nağıl çoxdur, Hamısı da belə başlar, Biri vardı, biri
yoxdur…” misraları ilə başlaması nağıllardakı nağıl başlanğıcını yada salır. Bu da şair tərəfindən
xalqın qan yaddaşı ilə bağlı olmasını əks etdirir. Xalqın tarixi yaddaşına əsaslanaraq şairin
Bakıya olan sevgi və ehtiramı şeirdə ifadə edilir:
Mənim də öz nağılım var.
İstəyirəm danışım mən
bir dənizin sahilində
nağıl olan şəhərimdən

Nağılla bağlı məqamlara Kamalə xanımın başqa şeirlərinin problematikasında müraciət edilir.
Məsələn, “Mənə nağıl danış” şeirində də bunun şahidi oluruq:
Mənə nağıl danış, nağıl, nə olar,
Gecənin zülməti məni sıxmasın.
O Simurq quşunu çağır nə olar,
İşıqlı dünyaya məni aparsın.
Qeyd etmək lazımdır ki, “Bakı haqqında nağıl” şeirinə Aygün Səmədzadə tərəfindən,
“Bakım” şeirinə Elçin İmanov tərəfindən musiqi bəstələnmiş, hər iki mahnı da Eyyub Yauqbov
tərəfindən ifa edilib.
Kamalə Abiyeva bir qadın kimi ana, qadın sevgisinə biganə qalmır. Şeirlərinin
problematikasında bu məqamı geniş açıqlayır. Məsələn , “Qocaldım, Ana!”, “Bir layla de”, “Bir
körpə yatırdı” və s. şeirlərinin problematikasınsa anaya olan sevginin, qadın böyüklüyünün və s.
aparıcı yer tutmasının şahidi oluruq. Kamalə Abıyeva “Bir layla de” adlı şeirində ana obrazını
canlandırarkən onu keçmiş və bu gününün prizmasından təqdim edərək, şeirin mövzusunda
anaya olan məhəbbəti, onun fədakarlığını tərənnüm edir:
Bir layla de, layla, ana,
bir az sakit, bir az rahat yata bilim,
o nağıllı uşaqlığın əllərindən tuta bilim,
Gecələrin sükutunu ürəyimdən ata bilim
“Bir körpə yatırdı” şeirində də şair ananın möhtəşəm obrazını yaratmaqla yanaşı, şeirin
problematikasında ana müqəddəsliyi ilə yanaşı, ana zəhmətini, ana qayğısını tərənnüm edə bilir:
Bir körpə yatırdı,
bütün kainat
bir ülvü müqəddəs yuxu görürdü.
Bir körpə yatırdı arxayın, rahat,
çünki keşiyində Ana dururdu.
Kamalə Abiyevanın bədii yaradıcılığında sevgi hisslərini tərənnüm edən poetik
nümunələr çoxdur. Bu sevgi özünü müxtəlif aspektdən göstərir. Doğma insanlara, yəni ataya,
anaya, övlada olan sevgi, Vətənə, torpağa, xalqa olan sevgi və s. baxımından özünü büruzə verir.
“Ürəklərdə ölməyin” şeirində isə insanlara, onların etdikləri yaxşılıqlara, yəni xeyirxah əməllərə
sevgi tərənnüm edilir.
Ey insanlar,
bir arzum var hamınıza
Yaşamağı çox da asan bilməyin siz.
Bu dünyadan köçəcəyik əvvəl-axır,
Çalışın ki, ürəklərdə ölməyin siz.
“Son sevgimsən” şeirində “son sevgimsən” deyə müraciət etdiyi tərəf diqqəti cəlb edir:
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən – Son sevgimsən
Bu bənddə “son sevgimsən” deyə ünvanladığı sevginin ünvanı isə hamımızın əzizi, şərəfi,
müqəddəsi olan Vətəndir. F.e.d.Vaqif Yusiflinin vurğuladığı kimi “bu sevginin obyekti İnsan
deyil, sevgili deyil –Vətəndir”.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdir .
Yad əllərdən səni almaq and yerimdir.
Kamalə Abiyevanın sevgi məfhumu yalnız insanların bir-birinə olan sevgisini deyil,
onları aşa bilən daha böyük bir məfhumu əhatə edir: Vətənə, torpağa, xalqa olan sevgini…
Tədqiqatçıların vurğuladığı kimi “Bu sevgi onun şeirlərində yaşayır”.
Filologiya elmləri doktoru, prof. Salida Şərifova

Kamalə Abiyevanın poetik nümunələrində obrazlar
Kamalə Abıyevanın poetik nümunələrində bədii obrazlar özünü həm geniş, həm də qısa,
bəzən isə açıq-aydın şəkildə, bəzən üstüörtülü, eyhamlı şəkildə təqdim edilir. Bu amillərə
baxmayaraq, şairin poetik dünyasında görünən obrazlar zəngin və müxtəlif olması ilə seçilirlər.
Şairin obrazlar qalereyasında şəhid, Vətən, müəllif məni, Azərbaycan, ana və s. obrazlarla
üzləşmək olar.
Kamalə Abiyevanın şəhidlərə məktub şəklində yazdığı “Sən elə azadsan” adlı şeirində
canını dogma Vətəninə fəda etmiş şəhidlərin ümumiləşdirilmiş obrazı canlandırılır. Şeirdən bir
bəndə diqqət yetirək:
Bu torpaq uğruna fəda etdiyin
həyatına qurban, özünə qurban.
Bağrımı yandıran son nəfəsinin
“Vətənim sağ olsun” sözünə qurban
Şair Vətən uğrunda canından keçən bu ölməz qəhrəmanların fiziki məhv olmalarına
rəğmən, əbədiyaşar olmalarını açıqlamağa nail olur. Şairin “Şəhidlərə”, “Sənin arzuların”,
“Vətən savaşı” və s. şeirlərində ölməz şəhidlərimizin obrazı yaşadılır. Kamalə Abiyeva
şəhidlərin Vətənə dönməsini poetik dillə tərənnüm etməsi şairin sənətkarlığının təsdiqləyicisidir:
Sən ki arzuladın Vətən olmağı,
Qəlbin bu arzuyla məşələ döndü.
Sən elə sevdin ki, ana torpağı
Torpağa qarışıb Vətənə döndün.
Şairin əksər şeirlərində obraz kimi müəllif məni çıxış edir. Bu müəllif məni Ana Vətən də
ola bilir, ana da, körpə də ola bilir, şəhid də… Müəllif məni şairin şeirlərində bir çox obrazlarda
çıxış edir. Məsələn, “Mənə nağıl danış” adlı şeirdə müəllif məni nağıl istəyən bir şəxsin obrazı
kimi təqdim edilir. Bu yaşlı insan da ola bilər, körpə uşaq da. Məsələn, şeirdən bir bəndə diqqət
edək:
Mənə nağıl danış, nağıl, ay ana,
Yatım bu dünyadan bir az xəbərsiz.
Yatım yuxularda nağıllar görüm,
Yatım körpə kimi qəmsiz, kədərsiz.
“Azadlıq” şeirində isə azadlıq arzusunda olan müəllif məni vətəndaş qismində çıxış edir:
Ruhun azadlıq sevər.
Azadlıq istər.
Azadlığı geyinər, sevinər.
Kamalə Abiyevanın “Anladığım həqiqət”, “İnanmadım” və digər şeirlərində kamil,
dolğun ana obrazı canlandırılır. “İnanmadım” şeirində anasını fiziki itirmiş, lakin mənən onunla
yaşayan qadının ana sevgisində ananın obrazı canlandırılır.
Ana, səni özlədim
Ana, səni gözlədim…
Hey yol çəkdi gözlərim
Bu yol gedər-gəlməzdi,
Kimsəni də bir daha
Geriyə gətirməzdi.
“Anladığım həqiqət” şeirində də şairin anayla bağlı nisgilli dünyasının olmasına rəğmən,
ananın əvəzolunmamazlığı, həyatda tutduğu mövqeyi obraz səviyyəsinə qaldırılaraq təqdim
edilir:
Eşidərək səsini, duyaraq nəfəsini,
Açan çiçəyə, gülə baxmaqdan daha gözəl,
 heç nə yoxmuş dünyada.
Elə sənin yanında gözəl imiş dünya da.

Şair bütün gözəlliklərin fövqündə ana varlığının olması ilə yanaşı, onunla bir olma
məqamının səadət olmasını, həyatı dərk etməyimizə yol göstərmələrini sərgiləməyə də qadir
olur.
“Qocaldım ana” şeirində Anaya olan sevgi fonunda ana obrazı təqdim edilir:
Sənsiz sevinmək də necə çətindir
Bölünmür sevincim, artır ağrılar
Dərd-sərin içimdə gəzirəm indi
Tək sənə deməyə ehtiyacım var
Kamalə Abiyevanın ana obrazı içərisində şəhid anasının obrazı diqqəti cəlb edir. “Şəhid
anası” şeirində şair şəhid analarının ümumiləşdirilmiş obrazını canlandırır:
Ağlama gözünün yaşını sil sən
Sənin göz yaşında Vətən boğular.
Ay müqəddəs qadın sənin bətnindən
oğul doğulmayıb Vətən doğulub.
F.e.d. Lütviyyə Əsgərzadənin vurğuladığı kimi “Kamalə xanımın şeirləri bütövlükdə
Vətənimizə, Şəhidlərimizə, şəhid analarına sitayişdir, duadır”. Kamalə Abiyeva şeirlərində də
ana əzəmətini üstün tutaraq, anaya məhəbbəti qüvvətli şəkildə səsləndirir. Şairin ana ilə bağlı
şeirlərindəki ana obrazı ilə onun şəxsiyyətinin birləşməsinin də şahidi oluruq. Ana obrazının
simasında özünün də bir ana kimi arzu və istəklərini, düşüncələrini səsləndirir. Bunu ən çox
müəllif mənində özünü büruzə verən xoş niyyətin təbliğində müşahidə edirik.
Kamalə Abiyevanın poetikasının bədii dil özəllikləri
Kamalə Abıyevanın bədii yaradıcılığından bəhs edərkən poetik nümunələrinin bədii
dilinə toxunmamaq qeyri-mümkündür. Şairin bədii əsərlərinin dil özəllikləri, istifadə etdiyi bədii
dilin tərkibi, bədii təsvir və ifadə vasitələri özünəməxsus xüsusiyyətlərə malik olması ilə diqqəti
cəlb edir. Bu zaman obrazlılıq, emosionallıq, ekspessivlilik, şeirilik və s. kimi xüsusiyyətlər və
fərqliliklər özünü göstərir. Obrazlılıq zamanı Kamalə Abiyevanın şeirlərində istifadə etdiyi söz
və ifadələr daha çox məcazi məna daşıyır, metafor, metonimiya, təkrir, bədii təzad, bədii sual,
xitab, arxaik sözlər və s. vasitəsilə canlı və təsirli ifadə edilir. Şeirlərinin bədii dilində fikri və
hissləri ən təsirli şəkildə ifadə etmək üçün müxtəlif üslubi vasitələrdən istifadə edən şair səs
uyğunluğu, alliterasiya, assonans yaratmaq üçün fonetik xüsusiyyətlərdən, arxaik, dialekt
sözlərdən, terminlərdən və s. istifadə edərək leksik xüsusiyyətlərdən sənətkarlıqla yararlanır.
Kamalə Abıyevanın poetik nümunələrində xüsusi intonasiya və fasilə ilə ayrılan, ismin
adlıq halında işlənən xitaba müraciəti maraq kəsb edir. Məsələn, şairin “Vətənim” adlı şeirində
xitaba müraciət diqqətdən yayınmır.
Eşqin ilə alışım,
torpağına qarışım,
hər daşı, hər qarışı
bol sərvətsən, Vətənim.
Müəllif bu poetik nümunəsində “Vətənim” deyə xitabdan istifadə edir. Bəllidir ki, xitab
əsasən isim və ismi birləşmələrlə ifadə olunur, ismin adlıq halında olur. Şeiri oxuduqca, məhz
Vətənim sözünün xüsusi intonasiya ilə deyilməsini, cümlə üzvlərindən kiçik fasilə ilə ayrılmasını
da müşahidə edirik. “Vətənim” şeirində şair xitabı cümlənin sonunda işlədir. Kamalə Abıyeva
“Bu sevgidir” adlı şeirində isə “əzizim” deyə xitaba müraciət edir:
Haray salıb sevincdən
İndi sənli günlərim.
Necə deməyim ki, mən,
Bu sevgidir, əzizim.
Şairin istifadə etdiyi xitabın cümlə ilə məna əlaqəsi olsa da, sintaktik əlaqə olmamasının,
nitqin qüvvətləndirilməsi üçün işlənilməsinin şahidi oluruq.

Kamalə Abıyevanın arxaik sözlərə müraciət etməsi ilə də üzləşirik. Məsələn, şairin türk
dillərində “ər” (igid, qəhrəman) sözündən yaranmış “Ərən” sözünü “igid”, “cəsur insan”,
“mənəviyyat sahibi” mənalarında işlətməsini “Qarabağım” adlı şeirində müşahidə edirik:
Ərənlərim…
Sizdən sonra yağış yağır…
Sizdən sonra dayanmır yağış,
dəyişib yağış da…
Ana, ata, bala,
sevgili səsi var yağışda .
Bəllidir ki, türk xalqlarının inanclarında ərənlər, həm döyüşçü, həm də mənəvi dərinliyi
olan şəxslər kimi qəbul edilmişdir. “Ərən” sözünün “dünyagörmüş”, “müdrik”, “ağıllı” adam
mənasında da işlədilməsi ilə üzləşirik. Kamalə Abıyevanın bu poetik nümunəsində işlədilən
“Ərənlərim” ifadəsi hər məqamda yerini tutur. Poetik nümunənin məğzinə vardıqda isə əsasən,
döyüşçü kimi təqdim edilməsinin şahidi oluruq.
Bədii ifadə vasitəsi kimi istifadə etdiyi ritorik suallardan məharətlə istifadə Kamalə
Abıyevanın bədii yaradıcılığına xasdır. Şairin “Unut” adlı şeirində bədii suallardan istifadə
edilməsi diqqətdən yayınmır:
O gözlərdən həyatına boylandınmı?
O saçlarda dolandınmı?
Sən kədəri heç gördünmü?
Bu bənddə ünvanlanan “həyatına boylandınmı?”, “saçlarda dolandımı?”, “kədəri heç
gördünmü?” və s. sualları cavablandırmaq əvəzinə sadəcə “bütün dərdlərini unut” deyə təsəlli
verir. Poetik nümunədən bir hissəyə fikir verək:
Böynubükük bir tanın
Gözlərində cığır salan,
Bir ananın saçlarında dən-dən olan
Dərd gördünmü? [3, s. 39].
Bədii suallardan poetik nümunənin emosional təsirini artırmaq məqsədilə fikirlərini sual
tərzində çatdırmaq istəyən şair bunu digər şeirlərində də əks etdirir. Məsələn, “Axı” adlı şeirində
şair ünvanladığı suallara cavab almaq məqsədi güdmür, hər hansı bir məlumatı dəqiqləşdirmək
məqsədi daşımır:
Biz eyni əzabla oyandıq axı…
Bircə ayrılığın əsiri olduq.
Bütün əzablarla barışdıq axı,
Niyə xoşbəxtlikdən küsülü qaldıq? [2, s. 39].
Kamalə Abıyeva sevən insanların ayrılıq səbəbinin ağırlığını, faciəsini canlandıra bilsə
də, cavablandıra bilmədiyi ritorik suala müraciət etməklə fikrini daha emosional şəkildə ifadə
etməyə cəhd edir.
Kamalə Abıyevanın şeirlərində məzmunca bir-birinə zidd iki anlayış və vəziyyəti
qarşılaşdırlması ilə də üzləşmək mümkündür. Bakıya həsr etdiyi “Bakıma” adlı şeirində şair
Bakını bədii təzadla təqdim edir. Şairin antiteza, yəni əks mənalı sözlərin qarşılaşdırılması ilə
təqdim etdiyi bədii təzada nəzər salaq:
Köhnə Bakım, təzə Bakım
tarixindən qoparılan,
sökülən daşların kimi
başıma yağan kədərim .
Bu bənddə köhnə və təzə sözləri əksmənalı anlayışların, yəni antonimlərin
qarşılaşdırılmasıdır.
Kamalə Abıyeva “Son sevgimsən” adlı şeirində də bədii təzaddan istifadə edir:
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan

  • ana Vətən.

Bu misrada şair bir-birinə zidd iki vəziyyəti təqdim etməklə kontrast yaradır. Bu kontrast
“uğruna öləcəyim”, “uğruna yaşadığım” sözlərlə zidd iki vəziyyət kimi hərəkətlər qarşılaşdırılır.
“İnanmadım” şeirində də dünyasını itirmiş ananın yoxluğunu çatdırmaq üçün şair bədii
təzada müraciət edir:
nağıllarda gedər-gəlməz yollar vardı
Amma o nağıllarda gedənlər qayıdardı .
Şair bir sətirdə gedər-gəlməz kimi bədii təzada müraciət edərək fikirlərini sənətkarlıqla
ifadə edir.
Kamalə Abıyevanın şeirlərində təkrirlərdən istifadə məqamı da diqqətdən yayınmır. Belə
ki, eyni sözün və ya söz qrupunun bilərəkdən təkrar edən şair təkririn əsasən iki növünü, yəni
anafora və epiforadan istifadə edir. Bədii əsərin təsir gücünü artırmaq məqsədi ilə sözləri təkrar
edən şair bunu həm ayrı-ayrı poetik nümunələrinin tərkibində, həm də eyni poetik nümunənin
içərisində təkririn anafora və epifora kimi növlərindən istifadə edir. Məsələn, şairin “Doya
bilsəydim” adlı şeirində Kamalə Abıyeva həm anaforaya, həm də epiforaya müraciət edir:
Eşqində yuyuna-yuyuna,
Köksümdə döyünə-döyünə,
çöl-çəmənini görə-görə,
gül-çiçəyini dərə-dərə həsrətəm,
Bu bənddə yuyuna, döyünə, görə, dərə sözləri misraların sonunda işləndiyindən epifora
hesab edilir.
Həsrətim bircə damcı azalardı,
həsrətim bircə damcı az olardı,
“Həsrətim bircə damcı” ifadəsi ilə başlanan misradakı bu ifadə isə təkririn anafora
növünə aiddir.
Kamalə Abıyevanın şeirlərində predmetin müəyyən əlamətinin başqa bir predmetinin
üzərinə köçürülməsinin tez-tez şahidi oluruq. Şairin istifadə etdiyi istiarəni “Görəsən” şeirində
işlənilməsi məqamına diqqət yetirək:
Əgər göylər ağlasa, ürəyi boşalacaq,
buludlar dağılacaq, üzü güləcək yenə [9].
Kamalə Abıyeva “göylər ağlasa, ürəyi boşalacaq” misrasında ağlamağı insana xas olan
əlamət kimi buluda, təbiət hadisəsinin üzərinə köçürür. İnsanın ağlamaq kimi əlaməti buludun
üzərinə köçürülsə də, amma insanın adı çəkilmir. Şairə bənzədilən, yəni insan sözündən istifadə
etmir, çünki göylər yox, insan, hər hansı bir canlı ağlaya bilər.
Kamalə Abıyevanın poetik nümunələrində predmeti bildirən söz əvəzinə, onunla əlaqədar
başqa söz işlətməsi maraqlı alınır. Şairin metonimiyaya tez-tez müraciət etməsi ilə üzləşmək
mümkündür və metonimiyanın işlənilməsi sənətkarlıqla həyata keçirilir:
Torpağını geyinərəm əynimə,
Kür, Arazı axıdaram könlümə.
Xəzərimi məlhəm edib gələrəm,
Ey Vətənim, dəyən olsa könlünə
Burada Kür, Araz, Xəzər metonimiya kimi işlənilir.
Şair yalnız Vətəni, Bakını, Vətən müharibəsinin zəfərini, ananı şeirlərinin problematikasında
qabartmır, onları obraz səviyyəsinə də qaldırır. Kamalə Abiyevanın bədii yaradıcılığında şəhid,
şəhid anası, müəllif məni kimi obrazların kamil şəkildə təqdimi ilə də üzləşirik. Şairin poetik
nümunələrinin bədii dil özəllikləri, xüsusilə də istifadə etdiyi bədii dilin tərkibi, bədii təsvir və
ifadə vasitələri kamilliyi və dolğunluğu ilə şeirlərində əksini tapır.
Şairin bədii əsərlərinin dil özəllikləri, istifadə etdiyi bədii dilin tərkibi, bədii təsvir və ifadə
vasitələri özünəməxsus xüsusiyyətlərə malik olması ilə diqqəti cəlb edir. Bu zaman obrazlılıq,
emosionallıq, ekspessivlilik, şeirilik və s. kimi xüsusiyyətlər və fərqliliklər özünü göstərir.

Filologiya Elmlər doktoru, prof. Salida Şərifova

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest