İsmayıl bəy Qaspıralını türk mətbuatına gətirən ilk yazı

Bağçasaraydan göndərilən məktub”(Tiflis,”Ziya” qəzeti,08.11.1879,№ 42)  və yaxud  bir daha Bağçasaray məktubunun  təəssüratları

  Bu yazıya yenidən qayıtmağım səbəbsiz deyil.Məsələ burasındadır ki, çox vaxt səlahiyyətli şəxslərin sözünə daha çox inanırlar. Oxucularım məni məktəb və maarif məsələlərindən, mətbuat tariximizdən müəyyən dərəcədə  ətraflı məlumatı olan, sözünü tarixi faktlarla, arxiv sənədləri ilə söyləməyi bacaran tədqiqatçı kimi tanıyırlar. Özünü tanımazlığa çəkənlər daha çoxdur. İlk cümlələrdəki “mən” lərə görə məni bağışlayın. Necə deyərlər, desəm öldürərlərər, deməsəm ölləm. Son vaxtlar elmi yazılarda  başqasının  dediklərini öz sözləri kimi deyənlərin sayı çoxalıb.

ziya qəzeti
ziya qəzeti

Ən maraqlısı budur ki, imzalardakı tanıtmalardan (filan xarici akademiyanın akademiki, filan mükafatın laureatı…) sui-stifadə baş alıb gedir. Vallah, mən ingilis dilini yaxşı bilməyənləri alim saymıram. Ərəb yazılarını oxuya bilməyən filoloqların halına acıyıram. Asiya ilə Avropanın sərhəddini tanımayan coğrafiyaçıları təbəssümlə sorğu-suala tuturam. Qırxın qırx faizini tənasüblə tapmağa cəhd edən ziyalıların riyazi təfəkkürünü təbii ki, alqışlamıram.
  Görkəmli türk psixoloqu Halil (Xəlil-N.N) Fikrət Kanadın Azərbaycanda ilkin və ardıcıl tədqiqatçılarından biri mənəm. Bu mövzuda real faktlara, zəngin arxiv materiallarına, tutarlı mənbələrə əsaslanan 10-dan çox məqalə müəllifiyəm. Yazılarımın çoxu (30 yazım) Ankarada Haldun Cezayirlioğlu Koleksiyonunun səhifələrində NAZİM NASREDDİNOVUN YAZILARI başlığı ilə dünyanın türk dilini başa düşən oxucularına ünvanlanmışdır. Bu yazıları oxuyan müəlliflərdən biri  elmi jurnalların birində mənim yazılarımdan öz tədqiqatı kimi danışanda, təbii ki, plagiatla məşğul olanların halına təəssüflənirəm
 Əslən şəkili olan türkiyəli  alim Abdulbaqi  Gölpinarlı haqqında yazı yazanlardan da bilməlidirlər ki, istifadə etdikləri mənbələri göstərmələri gərəkli görünür. Həyatda olduğu kimi elmi yaradıcılıqda da subordinasiya (burada sonra yazanın ilkin yazanı xatırlaması nəzərdə tutulur-N.N.) gözlənilməlidir.
 Etika xatirinə bəzən sözü birbaşa demək olmur. Bu xasiyyət fəsadlar da törədə bilər. Bəzən səhvli yazıları yada salmaqdan ötrü bir bəhanə ilə o mövzuya qayıtmalı olursan. Günahkar günahını başa düşməyəndə, birbaşa qaydalı  döyüşdən elmi döyüşə keçmək olar.
 Bu gün İsmayıl bəy Qaspralı haqqında yazanların sayı Həsən bəy Zərdabidən yazanlardan çoxdur. Doğrudur, H.Zərdabiyə  bizdə o qədər maraq var ki,  hətta onu ölümündən sonra 4 il də  artıq yaşadır, məşhur gimnaziya müəlliminin, ilk milli qəzetimizin banisinin ölüm tarixini  orta məktəb dərsliyində illərlə  1907-ci il yox,1911-ci il kimi göstərirdilər.Nəhayət,akademik müəlliflər  deyilən sözü eşitdilər.
  Mən həmişə demişəm, yenə də təkrar edirəm: İsmayıl bəy Qaspralı Azərbaycanın maarifçilik tarixində şərəfli yer tutan Səid Əfəndi Ünsizadəni

(1842,Şamaxı-1903,İstanbul) özünə müəllim hesab edir, onun xidmətlərini yüksək qiymətləndirirdi. Bu məşhur etirafı unutmaq olmaz. Mənə elə gəlir ki, “Ziya” qəzetinin və onun  imtiyaz sahibi S.Ünsizadənin yubileylərini keçirməklə günahımızı yuya bilərik. Yubiley tədbirlərində görkəmli maarifçinin elmi-publisistik, elmi-pedaqoji irsi, nəşriyyat sahəsindəki zəngin və səmərəli  fəaliyyəti, məktədarlıq xidmətləri layiqli yer tutmalıdır.
 ..Biz  2014-cü ildə S.Ünsizadənin redaktorluğu və naşirliyi ilə 1879-1884-cü illərdə çıxan “Ziya” qəzetinin ilk nömrəsinin 135 illik  təntənəsini – yubileyini keçirə bilmədik. Bəzi tədqiqatçılar nömrələrini oxumadan  əsərlərində “Ziya” və “Tərcüman” qəzetlərini müzakirəmüstəvisinə gətirməyə cəhd göstərirlər. Lakin,təbii ki, müzakirə üçün mövzu dərindən öyrənilməlidir.
 Nə isə..Keçək əsas məsələyə….
         Böyük və çox əhəmiyyətli  işlər üçün kiçik bir müqəddimə
   1879-1884-cü illərdə Tiflisdə  Səid Əfəndi Ünsizadənin rəhbərliyi ilə  Azərbaycan dilində nəşr olunan “Ziya” qəzetinin  2019-cu iliyanvarında140 yaşı tamam  oldu.Lakin yubiley yada düşmədi.Amma düşməli idi…

   S.Ünsizadə (1842 ,Şamaxı,Şirvan-1903,İstanbul)  1878-ci ilin sonlarında Tiflisdə Azərbaycan dilində nəşriyyat fəaliyyəti üçün litoqrafiya (daş basmaxanası) və mətbəə  açmaq üçün hökumət dairələrindən icazə alır.1879-cu il yanvarın 25-də   “Ziya” qəzetinin  ilk nömrəsi S.Ünsizadənin öz şəxsi mətbəəsində işıq  üzü görür.  “Ziya” türk dünyasının  ümidlə baxdığı və oxuduğu,inandığı və güvəndiyi həftəlik qəzet idi. “Ziya” bir müddətdən sonra öz coğrafiyasını xeyli  genişləndirmiş, “Ziyayi-Qafqasiyyə” adı ilə (bəzilərinin iddia etdiyi kimi “Ziayi-Qafqaziyyə” adı ilə yox-N.N.) çıxmışdır. “Ziya”nın İstanbul, Peterburq, Moskva,Tehran, Tiflis, Batum,Naxçıvan, Şuşa, Bakı, Şamaxı, Göyçay, Şəki, Dərbənd, Spasski (Tambov quberniyası), Bağçasaray və s. böyük, kiçik şəhərlərdə  daimi müxbirləri var idi. Ümumi  türk dili ideyası ilk dəfə “Ziya”nın səhifələrində  öz əksini tapmışdır.

   Uzun illər boyu unudulmuş bu mətbu orqanın  140  illik ildönümünün keçirməsinə  aid hazırlığa,gec də olsa,  başlamaq lazımdır. 
  Bu istiqamətdəki ilk yazımızdan birini yenidən müəyyən artırmalarla oxucuların diqqətinə çatdırırıq. 
         Ovraq və  məkatib (vərəqlər-məqalələr  və yazılanlar)
  Bu, “Ziya”qəzetindəki rubrikalardan (daimi başlıqlardan) biridir. Redaksiya burada veriləcək xəbəri oxucuya aydınlaşdırır, onu materialın yaxşı dərk olunmasına yönəldir.Bəzən də yazının özü yox, xülasəsi verilir. Oxucu redaksiya qeydlərindən anlayır ki, o, maraqlı bir mövzunun oxusuna başlayır : 
  “Bu axir vəqtlərdə Rusiyanın içərisindən, yəni Qazan və Ufa və Qırımdan  aldığımız məktubları oxuyan vəqtlərdə məlum olur ki, o yerlərin əhli “Ziya” qəzetəsinin  təb və nəşr olunmağından səmim qəlb məmnundurlar. Hərçənd onlar ilə Qafqaz müsəlmanlarının  bəzi danışıqlarında  cüzi təfavüt var isə də,  amma yazırlar ki, onlardan sahibi- savad olanlar  sühulətlə (asanlıqla-N.N. )  “Ziya”nı oxuyub, mətləblərini  fəhm edirlər. Necə ki  zeyldə (aşağıda-N.N. ) dərc olunan “Bağçasaray məktubu” sübut edir ki, Azərbaycan ilə Bağçasaray yazılarının  arasında  o qədər fərq yoxdur. Bəlkə diqqət nəzəri ilə baxan vəqtdə demək olar ki, onların təhriratı  ifadeyi-mənaya müstəidd (istedadlı,bacarıqlı-N.N. ) olmaqda Qafqaz təhriratından əskük degildir.Bu mülahizə ilə Bağçasaraydan  göndərilən məktubu təğyir və təbdil etməmiş,  kəmal-i məmnuniyyət ilə qəzetəmizə dərc elədük”.

   “Ziya”nın naşiri və  mühərriri belə materialları diqqətlə araşdırandan sonra  oxuculara çatdırırdılar. 
   “Ziya”nın o vaxt imtiyaz sahibi  və naşiri Səid Əfəndi Ünsizadə, mühərriri  isə onun  ortancıl qardaşı Cəlal  Cəlaləddin) Əfəndi Ünsizadə idi. 
   Göndərilən material diqqətlə oxunandan sonra  redaksiyanın yönəldici  qeydləri ilə fərqli, daha aydın oxunan iri şriflərlə oxuculara təqdim edilirdi.

“Bağçasaray məktubu”nda da bu qaydaya əməl olunmuşdur.

                    Bağçasaraydan göndərilən məktub

   (Bu yazının tarixini yadda saxlayın- 07.11.1879-cu il,N42,səh.4).
  Bəzi tədqiqtçılar “Tərcümanın”ın  Azərbaycan səhifələrini işıqlandırmaq istəyəndə Bağçasaraydan göndərilən məktubun  “Ziya”qəzetinin1879-cu ildəki 9-cu nömrəsində dərc olunduğunu yazırlar. Bu tarix səhvdir.  “Ziya” nın  1879–cu ildəki 9-cu  nömrəsi martın 20-də çıxmışdır -N.N.)


  Bağçasaray məktubunu oxucuların diqqətinə olduğu kimi  çatdırırıq. 

  “Məlumdur ki, Rusiya dövləti içərisində olan  millətlər, məsələn …,polyaq, latış, yəhudi və ğeyri çoxdan bərü kəndi lisanında ğazetalar və ədəbiyyata dair qeyri şeylər peyda etmişlər.  İki-üç milyondan ibatət olan Rusiya tatarları ədəbiyyatsız və dəxi  bir ğazetəsiz  olduqları çox təəccübdür. 
   Ğazeta millətin lisanıdır.

Ğazetələr  millətə  mühafiz ola bilürlər.

Ticarət və hansı səlahiyyət  (bir işi görməyə səllahiyyəti və hüququ olma-N.N.) sırasında (cərgəsində) yol göstəricisi ola bilürlər.

Millətin  aqilinə (əqlinə) və fikrinə inayə (kömək-?)  ola bilürlər.

Qısası, ğazetəsiz, və kitabsız millət  sağır (kar)  və dilsiz adama bənzər.

Bu halda tatar lisanında  “Ziya” ğazetəsi  nəşr olunması pək (çox) faidəli, iftixarlı iş olduğundan  ziyadəsilə xoşnud olduq. “Ziya” ğazetəsinin gündən-günə ilərü(irəlü)  getməsini istəriz(istəyirik)  və məmnun ediriz. Bundan sonra  bəz-bəz “Ziya” qazetəxanəsinə məktub və ğeyr kağızlar  göndərilməgini  kəndimizə borc ediriz. Bu  dəfə tərəfi-əhvalımızdan sual  olunur isə  həmd olsun bu sənə (il-N.N.) Qırım  bərəkatı  (“bərəkət” sözünün cəmidir-N.N.) pək əla olmuşdur.  Əkin, meyvə, düxan (burada “tütün” mənasındadır-N.N.   ) gözəl olub. Cümlə ticarət  pək  sırasındadır. Buğda  çox  oldusa da , qiyməti  çox bahalıdır. Şöylə ki, puti   on beş mənata satılmışdır. Hal bu isə xəlqlər karlı olduğundan  şimdilik  zəhmət  çəkməyürlər.
Bağçasaray şəhr məclisindən  İsmayıl Mirza”.


Bu, ilk baxışda adı informasiyadır.Amma İsmayıl bəyin türk dilində dilə gətirdiyi bu adi sözlər   adillikdən kamilliyə gedən yolun başlanğıcında deyilib. Bu adi informasiyadakl hikmətli sözlər, məncə,İsmayıl bəy Qaspıralının bütün tədqiqatçılarının diqqətindən yayınıb.Mən bunu təbii hesab edirəm.Belə ki, “Ziya” qəzetinin ilk 46 mömrəsi bütün tədqiqatçıların gözündən qaçıb. Məzkur 46 nömrənin  birinci ilinin  birincisi  nömrəsi 25.01.1879-cu ildə işıq üzü görüb. Bu  və ondan sonrakı ikinci nömrə indiyədək tapılmayıb,deməli oxunmayıb da…Amma bu iki nömrədəki ı bəzi materiallar haqqında “Ziya”nın bəzi nömrələrində qısa da olsa,  məlumat var. “Ziya”nın 46-cı nömrəsi  140 il bundan müqəddəm -29.11.1879-cu ildə çapdan çıxmışdır.Bundan bir həftə sonra-06.12.1879-cu ildə “Ziya”nın ikinci sənəsinin birinci  nömrəsi oxuculara çatdırılmışdır.

“Ziya”nın ikinci sənəsinin  ilk 4 nömrəsi- N1(47) 06.12.1879, N 2 (48)13.12.1879,

N 3 (49) 20.12.1879,N 4 (50) 27.12.1879 – miladi təqvimlə1879-cu ilin dekabrında çıxmışdır.  Miladi təqvimdə  4 nömrənin ikili görünməsinin fərqi məhz illərin bir təqvimdən başqa təqvimə keçidi ilə əlaqədardır.

İsmayıl bəy Qaspıralının  “Ziya”  qəzetinin  redaksiyasına göndərdiyi məktub  o vaxtların yeganə, müntəzəm nəşr ediln türkdilli mətbu orqanına axışan omlarla  məktubdan biridir.Lakin  bu məktub tarixilik,ədəbi-mənəvi baxımdan,dil qohuluğu və əqidə birliyi baxımından  tarixə  düşən ictimai-siyasi məzmunlu  proqram xarakterli məktubdur.

Bu məktubdakı fikirlər hələ çox çözələnməli,araşdırılmalıdır.O ki qaldı “Bağçasaraydan göndərilən məktub” başlığına, bu, redaksiyanın arayıb axtardığı, məsləhət bildiyi addır.Başqa sözlə, sərlövhə ,çox güman ki, yazıya Səid Ünsizadənin ərkyana müdaxiləsidir. 

                                ***
           Mən bu mövzuda yazdığım ilk yazımdakı başlığı yenə də səsləndirirəm: “İsmayıl bəy Qaspıralını tanıyırsınızmı?”

    Çətin sualdır. Hamı elə bilir ki,İsmayıl bəyi hamı tanıyır.  Hamının tanıdığı aşkarda olan İsmayıl bəydir.
    İsmayıl bəy  Qaspıralı 1851-ci il martın  8 (21) -də Tavriya quberniyasının  Yalta uyezdinin  Avçıköy (bir sıra mənbələrdə  Ulu Sala-N.N.) kəndində rus zabitinin ailəsində anadan olmuşdur.  Atası Mustafa Əli oğlu  əslən Qaspıra (bu sözü Qaspra da yazırlar) kəndindəndir. Anası  Fatma Sultan Temur qızı  Kantakurovadır.
  Əvvəlcə  ev təhsili almış, sonra ibtidai məktəbdə oxumuşdur. 
  Atası oğlunu özü kimi zabit görmək istədiyindən  İsmayıla yaxşı təhsil vermək qərarına gəlmişdir. İsmayıl ibtidai təhsilini qurtarandan sonra Simferepoldakı oğlan gimnaziyasına  daxil olmuşdur.(Oğlan  məktəblərinə ZÜKUR məktəbləri də deyirlər.Zükur – “erkək ” sözünün cəmidir,  yəni erkəklər-N.N.).
  Simferopol hərbi liseyini qurtarandan sonra İsmayıl bəy  Voronej  Hərbi  Liseyinə daxil olmuşdur.  İsmayıl  hərbi məktəbi qurtarandan sonra Moskvadakı 2 nömrəli hərbi məktəbə daxil olsa da,  burada çox oxumur, Krıma qayıdır, ibtidai məktəbdə müəllim işləyir. ). 
   İsmayıl bəy 1871-ci ildə, 20 yaşında francız dilini  və Fransa həyat  tərzini öyrənmək məqsədilə Fransaya gedir,   ( adamın yadına M.F.Axudzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah…” əsəri düşür. Şahbaz bəy də Fransaya getmək istəyəndə  təxminən bu yaşda idi, İsmayıl bəydən cəmi iki yaş böyük idi ). İsmayıl bəy Fransada cəmi bir il qalır. Burada da çox  qərar tuta bilmir, Türkiyəyə üz  tutur.  
   İsmayıl  bəy Tükiyədə də cəmi bir il  yaşayır,  sonra Krıma qayıdır, burada Bağçasarayda şəhər məclisinə rəhbərlik edir.  O, 13.02.1879-cu ildən 23.05 1884-cü ildək Bağçasaray Şəhər Məclisinin başçısı – rəisi  vəzifəsində işləyir.  Maraqlıdır ki, bu, “Ziya” qəzetinin fəaliyyət dövrü ilə , demək olar ki, üst-üstə düşür.  
   İsmayıl bəyin  Ünsizadə qardaşları ilə qiyabi ünsiyyəti  “Ziya” qəzetinin nəşr işlərinə hazırlıq  dövründən başlayır.Bu tarix 1870-ci illərin sonlarına təsadüf edir. Belə ki, Səid Ünsizadə “Əkinçi”nin nəşrə hazırlıq təcrübəsindən yararlanaraq,  tanıdığı, sorağını eşitdiyi türkdilli ziyalılara çıxaracağı qəzetin proqramını göndərmiş, onlarla qələm əhlini əməkdaşlığa dəvət etmişdir.          
  İsmayıl bəy Bağçasarayda işləyərkən, çöx güman ki, yaşadığı ərazidə “Ziya”nın  yayılmasına köməklik göstərmişdir.
   İ.Qaspıralı  bu əməkdaşlıq təklifindən sonra özü  də qəzetçilik fikrinə düşmüşdür.  O,1880-ci ilin əvvəllərində  “Faydalı əyləncə” və “Qanun ” adlı qəzet çıxarmaq  istəyi ilə  müvafiq təşkilatlara müraciət edir, lakin dövlətdən icazə ala bilmir, yeganə çıxış yolunu Tiflisdə Ünsizadələrin  “Ziya”  mətbəəsində  kiçik jurnallar nəşr etməkdə görür.Belə də edir. Onun  “Ziya” mətbəəsində  1881-ci ilin mayında çıxardığı ilk məcmuə  dörd səhifəlik “Tonğuc”dur. “Tonğuc”-ilk doğulan övlad, ailədə başqalarından əvvəl dünyaya gələn ” mənasını verir.
   Maraqlı faktdır ki, İ.Qaspralı “Tonğuc”un  “Söz-i əvvəl”ində (girişində-N.N.) Səid Ünsizadəni, onun yaradıcısı  olduğu  “Ziya” qəzetini və   türk dünyasının ictimai fikir tarixində mətbuatın tarixi  xidmətlərini yüksək qiymətləndirmişdir.
  … Azərbaycan və  türk mətbuatında  “Tonğuc” jurnalı haqqında  haqqında yazdığım yazılar   adi oxucuların və elm  adamlarının ciddi marağına səbəb olmuşdur.
  “Tonğuc”un  bəzi materialları “Ziyayi-Qafqasiyyə” qəzetinin 1881-ci ildəki 17-ci nömrəsində dərc olunmuşdur. 1881-ci ilin avqustunda  Tiflisdə S.Ünsizadənin “Ziya” mətbəəsində İ.Qaspıralının  “Şəfəq” adlı daha bir jurnalı çap edilmişdir. Bu jurnalın çapına görə “Ziyayi-Qafqasiyyə”nin növbəti nömrəsi bir həftə təxirlə çıxmışdır. “Ziyayi- Qafqasiyyə” buna görə öz oxucularından üzr istəmiş, abunəçilərin hərəsinə “Şəfəq” jurnalını məccani ( havayı,pulsuz-N.N.) olaraq göndərmişdir.
    İ.Qaspıralının “Tərcüman”a qədərki dörd səhifəlik digər jurnalları- “Günəş”, “Ay”, “Ulduz” və s. İ.Qaspıralının Bağçasaraydakı öz şəxsi mətbəəsində çap olunmuşdur.
    İ.Qaspıralı  türkdilli jurnalist  kimi peşəkarlıq vərdişlərini “Ziya”dan, onun  yaradıcıları olan Ünsizadə qardaşlarından əxz etmişdir. Mən buna işarə edərək yazılarımın birini “Tərcüman”ın təcrübə məktəbi” adlandırmışdım. Redaktor bu sərlövhəni  “Tərcüman məktəbi” adı ilə çap etməyi daha münasib görmüşdü (“Oğuz eli” qəzeti, 27.01.1993,N  2 ) 

   İ.Qaspıralı   uzun  mübarizə və çarpışmalardan sonra -1883-cü ilin aprel ayında, nəhayət ki, “Tərcüman” qəzetin nəşrinə nail olur.”Tərcüman”ın son nömrəsi 1918-ci ildə çap olunmuşdur.Artıq dörd il idi ki, görkəmli   türk aydını  dünyadan köçmüşdü: ölümündən  sonra qəzeti onun oğlu çıxarmışdır.

   İ.Qaspıralının Ünsizadə qardaşları ilə  dostluq və əməkdaşlığı  ictimai fikir tariximizin  yaxşı öyrənilməyən bir   sıra qaranlıq məqamlarını   aydınlaşdıra bilər. İ.Qaspıralının pedaqoji fəaliyyəti, türkdilli qadın və uşaq mətbuatının inkişafındakı rolu  da monoqrafik tədqiqat  yolu ilə ciddi tədqiq edilməlidir.

Nazim Nəsrəddinov
Nazim Nəsrəddinov


      Ədəbiyyat

1.İsmail Bey Gaspıralı İçİn. ( Başeditor Hakan Kırımli  ).   Ankara, Birinci Baskı.
                                                                                             ekim 2004, 697 səhifə.
2..Sona Vəliyeva.    “Əkinçi”dən başlanan yol.   “Kaspi” qəzeti-online ,23.07.2013.
3.Nazim Nasreddinov. 130 yaşlı “Tonğuc”  veya açılmatan kapılar,pencereler.
                                                  22 aralık 2011.”Halduncezayirliooğlu Kolleksiyon”

4.Nazim Nəsrəddinov.  “Tərcüman məktəbi.  “Oğuz eli” qəzeti,27.01.1993, 2.
5.Nazim Nəsrəddinov.”Ziya”,”Tonğuc”,”Şəfəq”… “Dalğa” qəzeti,18-24.05.1993 N19(125).
6.Nazim Nəsrəddinov.Unudulmuş Ünsizadə. “Həyat” qəzeti,                              09.02.1993,N 13(7748) .

7.Nazim Nəsrəddinov.  İsmayıl bəy Qaspralının “Tonğuc” məcmuəsi                                                     və yaxud “Tərcüman”ın təcrübə məktəbi.”Davam.az.,18.02.2013.

8.Nazim Nəsrəddinov.Səid Ünsizadə və M.Ə.Sabir.  “Ziya” qəzeti,

21.05.1992, N 9.
9.Aybəniz Kəngərli.      İsmayıl bəy Qasprinski. Bakı,   2005. 275 səh.
10.Vilayət Quliyev.    “Tərcüman”ın Azərbaycan səhifələri. 
            525-ci qəzet,   № 166 (4183), 13.09.2014-cü il, səh.14-15.
 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest