İranın Cənubi Qafqaz siyasəti

Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycan beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirir. Qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi isə dövlət siyasətində prioritet təşkil edir. Bu günlərdə cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmadı. Geniş oxucu auditoriyasının bu mövzu ilə bağlı marağını nəzərə alaraq AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının İran-Azərbaycan münasibətlərindən bəhs edən elmi-tədqiqat xarakterli məqaləsini oxucularımıza təqdim edirik.

(əvvəli 25 və 26 oktyabr tarixli saylarımızda)

İranla Ermənistanın münasibətləri əsasən iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı, maşınqayırma, yüngül və yeyinti sənayesi, eləcə də hərbi sahələri əhatə edir. İndiyədək Ermənistan iqtisadiyyatına qoyulmuş xarici sərmayənin 70%-dən çoxu məhz İİR və RF-nin payına düşür. Bu ölkədə reallaşdırılan, hərbi, strateji və digər layihələr Rusiyanın, digərləri, məsələn, qaz kəmərinin çəkilişi, Mehri-Qacaran tunelinin tikintisi və başqa layihələr isə yalnız İrəvanın deyil, həm də Tehranın maraqlarına xidmət edir. Cənubi Qafqaz regionundakı proseslər və qüvvələr nisbətinin dəyişməsi nəticəsində Rusiya və İran, faktiki olaraq, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars kimi əsas layihələrdən kənarda qaldılar. Azərbaycana qarşı ərazi iddiaları və torpaqlarımızın işğalı Ermənistanı da bu proseslərdən kənarda qoydu, Qərb və ilk növbədə, ABŞ isə İranı sözügedən layihələrdə iştirakdan təcrid etdi. İrəvan da bu gün özünün Rusiya və İranla sıx əməkdaşlığını əsasən bu kontekstdən əsaslandırmağa çalışır. Ermənistanın rəsmi siyasəti bundan ibarətdir ki, “Türkiyə və Azərbaycanın tətbiq etdiyi blokada” şəraitində, İrəvan Rusiya və İranla hərtərəfli strateji əməkdaşlığa məhkumdur.

1992-ci ilin noyabr ayında Ermənistan prezidenti Levon Ter-Petrosyanın imzaladığı fərmanla Yerevanda Ermənistan-İran Əlaqələrini İnkişafetdirmə Komissiyası yaradılmışdır. Bu qurumun işinin effektivliyini artırmaq məqsədilə İran ermənilərindən olan Levon Aharonyanın rəhbərliyi ilə qurulan İran-Ermənistan Ticarət Birliyinin nəzdində iranlı və erməni iş adamlarının şurası formalaşdırılmışdır. Hər iki qurumun əsas məqsədi Türkiyənin regionda aktivliyinin artmasının və Azərbaycanın iqtisadi potensialının güclənməsinin qarşısını almaq olmuşdur. Bu siyasi məqsədi daha da qüvvətləndirmək üçün, ilk növbədə, Araz çayı üzərində iki ölkə arasında ticarətin əsas formalaşdırıcı amili qismində çıxış edən körpü tikilmişdir. Bu körpü erməniləri Qarabağ müharibəsi ərzində iqtisadi təcriddən qurtarmışdır. Daha sonra iki ölkə arasında əlaqələrin inkişafının göstəricisi olaraq Mehri-Qacaran tuneli və Araz çayı üzərində körpünün tikintisi layihələndirilmiş və Avstraliya ermənilərinin maliyyə yardımı ilə 1996-cı ildə onların açılışı olmuşdur.

1994-cü ildə İranın Ermənistandakı konsulluğu bazasında səfirlik yaradıldı. 28 dekabr 1996-cı il tarixində İranla Ermənistan arasında imzalanmış müqavilə iki ölkə arasında qarşılıqlı əlaqələrin yeni mərhələdə inkişafına təkan verdi. Bu müqavilədə əsasən qaz xəttinin çəkilişi, telekommunikasiya, ticarət, sənaye, bank və enerji sahəsində əməkdaşlıq layihələrinin gerçəkləşdirilməsi üçün müvafiq Maliyyə Komitəsinin qurulacağı qeyd olunurdu.

30 mart 1998-ci ildə Ermənistanın prezidenti seçilən Robert Köçəryan ölkənin yeni xarici siyasət kursunu “əlaqəli təkmilləşdirmə” prinsipi əsasında müəyyənləşdirərək Rusiya, İran, ABŞ və Avropa ölkələri ilə əlaqələri yaxşılaşdırmağa cəhd etdi. İran-Ermənistan münasibətlərində mühüm yer tutan digər məsələ İran, Ermənistan və Yunanıstan arasında əməkdaşlıq və ittifaqın daha da sıxlaşdırılmasıdır. 1997-ci ildən başlayaraq üç ölkənin əməkdaşlığı xarici işlər nazirləri səviyyəsində həyata keçirilmiş iqtisadi, siyasi, mədəni sahələrdə fəaliyyət birliyi formasında özünü göstərmişdir. Qeyd edək ki, bu birliyin üçüncü iclası 1999-cu ildə İrəvanda keçirilmişdir. Adıgedən dövlətlər arasında münasibətlərin təhlili deməyə imkan verir ki, Ermənistanın coğrafi, siyasi, iqtisadi mövqeyi və Dağlıq Qarabağ münaqişəsi fonunda təhlükəsizlik sahəsində vəziyyəti, İranla Ermənistanı bir-birinə bağlayan müştərək maraqlar və Tehranın xarici siyasətində Ermənistana göstərilən xüsusi diqqət İrəvanı həmişə İrana arxalanıb, onun yardımından yararlanmağa sövq etmişdir. İranın Qafqaz ölkələri, o cümlədən Ermənistanla müştərək münasibətləri, onun Qafqazda öz təhlükəsizliyini təmin etməsinə kömək edir və eyni zamanda da İrəvan özünün xarici siyasət kursunda təhlükəsizlik amilini əldə əsas tutaraq Rusiya ilə yanaşı, İrana da arxalanır. Digər tərəfdən də, hazırkı şəraitdə Ermənistan İran üçün ixracat bazarı rolunu oynadığından onun regionda təhlükəsizliyi Tehran üçün xüsusi önəm daşıyır.

Bütün hallarda Ermənistan İran İslam Respublikasına onun təhlükəsizliyini və milli mənafeyini qorumaqda böyük rolu olan regional güc kimi baxmaqdadır və bu mövqedə duran Ermənistan İranla əlaqələrini genişləndirməkdə aşağıdakı amilləri daha çox nəzərə alır: Azərbaycan və Türkiyə ilə tarixi düşmənçiliyə görə həmin ölkələrin yollarından istifadə edə bilməyən Ermənistanın daha təhlükəsiz İran limanlarından, bu ölkənin dəmir, avtomobil və digər yollarından malların daşınmasında tranzit xətt kimi istifadə etmək istəməsi; zəngin təbii sərvətlərə malik olan İranın Ermənistanın müvafiq enerji və yanacağa olan ehtiyaclarını qarşılaması; Fars körfəzi və dünyanın azad suları ilə əlaqə; Ermənistan istehsalı olan malların satışı üçün İran bazarlarından istifadə; İranda 120 min nəfərə yaxın erməninin yaşaması və onlarla hərtərəfli, o cümlədən mədəni əlaqələr saxlamaq istəyi; ərazi yaxınlığı baxımından yükdaşımanın rahatlığı və nəqliyyat xərclərinin az olması; iqtisadiyyatın müxtəlif sahələrinin qurulması və inkişaf etdirilməsində İran təcrübəsindən Ermənistanda istifadə olunması; xarici əlaqələrdə regional və dünyəvi güclərlə balansın yaradılması.

1992-ci ildə Ermənistan və İran arasında təbii qaz boru xəttinin inşası haqqında müqavilə imzalandı. Müqavilə şərtlərinə görə, dəyəri 120 mln. dollar olan təbii qaz boru xətti layihəsi üzrə inşaat işləri 1995-ci ildə tamamlanmalı və İran təbii qazı Ermənistana daşınmalı idi. İldə 1 milyard kubmetr təbii qazı nəql etmək gücündə olan boru xəttinin 100 kilometri İran ərazisindən, 41 kilometri isə Ermənistan ərazisindən keçməli idi. Ermənistan Gürcüstan vasitəsilə Rusiyadan təbii qazın alınması prosesində bəzi maneələrlə üzləşirdi. Bu səbəbdən, Ermənistan hökuməti Rusiyaya olan enerji asılılığından qurtarmağa çalışaraq İran hökuməti ilə görüşmələrə davam etdi. Bu zamanlarda İranın təklif etdiyi qazın qiyməti Rusiya qazının satış qiymətinə nisbətən 30-40 faiz baha idi. Belə ki, Rusiya 1000 kubmetr təbii qazı Ermənistana 53 dollara satdığı halda, İran Ermənistana təklif etdiyi qazın qiymətinin 85 dollar olacağını bildirmişdi.

İranın Ermənistandakı səfiri Rza Nikkar İsfahani Tehranda nəşr olunan “Orta Asiya və Qafqaz tədqiqatları” jurnalının 1994-cü il sentyabr sayında dərc etdirdiyi “Ermənistan iqtisadiyyatı rəqəmlərlə” adlı məqaləsində faktlar və rəqəmlər əsasında İİR-in Ermənistan Respublikasına etdiyi köməkləri və mal mübadiləsini şərh edərək yazırdı: “Mehri şəhərində Araz çayı üzərində müvəqqəti salınmış körpü Ermənistanı İran İslam Respublikasına birləşdirir”. Səfirin yazdığına görə, Ermənistan Respublikasının xarici ölkələrlə ticarət mübadiləsində Rusiya Federasiyasından sonra İran ikinci yerdə dayanır. Onun verdiyi məlumata görə, 1994-cü ilin 5 ayı ərzində İran İslam Respublikası Ermənistana 5681500 dollarlıq mal göndərmişdir. Əvəzində İran Ermənistandan cəmi 433 min dollarlıq mal idxal etmişdir. 1995-ci ilin yanvar ayında İran Azərbaycan Respublikasına 7 növ ərzaq malının ixracatına qadağa qoyduğu halda, Ermənistanda (hətta, işğal etdiyi Azərbaycan ərazilərində) elə rayon yoxdur ki, orada İran tacirlərinin mağazası olmamış olsun. Bununla bağlı İran nömrəli yük və minik maşınları İrəvan, Şuşa, Ağdam, Laçın, Kəlbəcər, Füzuli rayonlarında tez-tez görünürlər. Səfir qeyd edir ki, son illərdə Ermənistanın ehtiyacı olan ərzaq və yanacaq mallarını İran təmin etmişdir. O, həmin məqaləsində ariyalılarla ermənilərin həmirq və qan qohumu olduğuna işarə etmişdir. Səfir yazır: “Ermənistan sənayesinin xammala və yanacağa olan ehtiyacı nəzərə alınaraq, elə bir əlverişli fürsət yaradılır ki, İran İslam Respublikasının bütün imkanlarından Ermənistan istifadə edə bilsin”. Səfirin yazısından o da aydın olur ki, Azərbaycanın işğal edilmiş rayonlarında iranlıların sərbəst fəaliyyəti İran hakimiyyəti orqanlarının gözləri qarşısında baş verirdi.

1995-ci il mayın ilk günlərində Ermənistan Respublikasının baş naziri Baqratiyan Tehranda vergi sistemi, səhiyyə və idman barədə İran hökuməti ilə 15 maddədən ibarət müqavilə bağlamışdır. İran İslam Respublikasının sabiq prezidenti Haşimi Rəfsəncani də Ermənistan hökumətinin başçısı Baqratiyanı səmimi qarşılayaraq demişdir ki, Ermənistan ilə İran arasında əməkdaşlığı inkişaf etdirmək üçün geniş imkanlar yaradılmışdır. Baqratiyan da İrəvanda mətbuat konfransında bildirmişdir ki, İrandan qarşıdakı 20 il ərzində İrəvana qaz kəməri çəkilməsinə və Ermənistanın elektrik enerjisi ilə təmin edilməsinə razılıq verilmişdir. Halbuki, İran Naxçıvana verilən elektrik enerjisini tez-tez kəsirdi. Bizə görə, İranın belə bir rəftarı Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində iqtisadi mühasirəyə alınmış Naxçıvan Muxtar Respublikasına ağır zərbə idi.

İranla Ermənistan arasında iqtisadi əlaqələr rəsmi şəkildə Ermənistanın keçmiş prezidentinin Tehrana səfəri ilə başladı. Həmin əlaqələr iri miqyasda başlansa da, bir sıra siyasi məsələlərə görə sonralar azalmağa doğru getmişdir. İran İslam Respublikası və Ermənistan iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığa başladılar və onlar aşağıda göstərilən sahələr üzrə imzalanmış rəsmi sənədlərdə öz əksini tapmışdır: iqtisadi və ticarət sahəsində, bank sahəsində əməkdaşlıq; sərhəddə yerləşən Araz çayı üzərində daimi körpünün tikilməsi; iki ölkə arasında gömrük məntəqələrinin tikilməsi; poçt və kommunikasiya sahəsində əməkdaşlıq; iki ölkə arasında qaz kəmərinin çəkilməsi; quru və hava yolları vasitəsilə nəqliyyat (tranzit) sahəsində anlaşma; İrəvan, Tehran və Kiş arasında birbaşa uçuşların təşkili; seysmologiya sahəsində elmi əməkdaşlıq; ehtiyacı olan qida məhsullarının Ermənistana satışı.

İran İslam Respublikası prezidentinin birinci müavini H.Həbibinin Ermənistana səfəri zamanı diqqət mərkəzində olan xüsusi məsələlər iqtisadi, maliyyə, enerji və texniki əməkdaşlıqdan ibarət idi. Ermənistanın keçmiş prezidenti və İran İslam Respublikası prezidentinin birinci müavini 28 dekabr 1996-cı ildə imzaladıqları anlaşmada iqtisadi, maliyyə, enerji və texniki komitələrin yaradılmasında razılığa gəldilər: Qazın nəql edilməsi üçün kəmərin maliyyə xərclərini təmin edən komitə; Gömrük əməkdaşlığı üzrə komitə; Poçt və telekommunikasiya sahəsi üzrə əməkdaşlıq komitəsi; Ticarət əməkdaşlığı üzrə komitə; Tranzit əməkdaşlığı üzrə komitə; Sənaye komitəsi; Üçtərəfli iqtisadi əməkdaşlıq komitəsi; Bank sahəsində əməkdaşlıq üzrə komitə; Enerji üzrə komitə.

Ümummilli lider Heydər Əliyev Şərqi Azərbaycanın qubernatoru Yəhya Məhəmmədzadə ilə 2 avqust 1999-cu ildə Bakıda keçirilən görüşündə İran-Ermənistan əlaqələrinə münasibət bildirərək demişdir: “Bizim bir ümumi narazılığımız var. Uzun illərdir deyirik ki, İranla Ermənistan arasında sıx iqtisadi əməkdaşlıq vardır. Biz bunu deyirik, ancaq İran tərəfindən bizim bu arzumuz yerinə yetirilmir. Çünki deyirlər ki, biz iqtisadi əlaqələr yaradırıq, filan edirik. Ancaq iş burasındadır ki, Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan bir neçə dəfə demişdir ki, əgər İrandan iqtisadi əlaqələrlə gələn şeylər iki gün kəsilsə, İrəvan boğular. Yəni bu iqtisadi əlaqələr, şübhəsiz ki, İran üçün faydalıdır. Çünki ticarət etməlidir, öz mallarını satmalıdır. Ancaq bizimlə qardaşlıq nöqteyi-nəzərindən, bizim ölkəmizə təcavüz edən bir ölkə ilə bu qədər əməkdaşlıq etmək – mən açıq danışıram, indi ola bilər, kimsə incisin, ya inciməsin – bu bizi incidir”.

Qeyd edək ki, İran İslam Respublikasının Ermənistanla siyasi-iqtisadi və mədəni-humanitar və s. sahələrdə münasibətlərin inkişafı, ermənilərin İranda Azərbaycan əleyhinə fəaliyyəti, Tehranda ermənilərə qoyulmuş “soyqırım abidəsi”ndən, ermənilərin İranda Azərbaycana qarşı siyasi, ideoloji, dini, diaspor, elmi, mətbuat və s. sahələrdə apardıqları fəaliyyət Azərbaycan ictimaiyyətini ciddi narahat edir və bu iki ölkə arasındakı münasibətlərə öz mənfi təsirini göstərir.

İranda ermənilərin fəaliyyəti

2005-ci il may ayının 12-də ermənilərin mənəvi lideri Aran Keşişyan Tehrana səfər etmişdir. Onu burada İran İslam Respublikasının İslam əlaqələri və mədəniyyəti təşkilatının rəhbəri hüccətülislam Mahmud Məhəmmədəli Əraki qarşılamışdır. M.Əraki gənclər arasında dinə inancın artmasına diqqət çəkərək bu məsələlərə önəmin artırılmasını söyləmişdir. 15 gün İranda qalan Aran Keşişyan isə ölkənin İsfahan, Mərkəz, Şərqi Azərbaycan, Qərbi Azərbaycan əyalətlərində erməni icmasının təmsilçiləri ilə görüşmüş və onlarla Ermənistana yardım məsələsini müzakirə etmişdir.

2005-ci il iyun ayının 16-da İranın təlim-tərbiyə naziri Mürtəza Hacı İrəvanda İran-Ermənistan iqtisadi əməkdaşlıq komissiyasının sədri, Ermənistan Respublikası prezidentinin İcra Aparatının rəhbəri Artaşes Tumanyanla görüşmüşdür. Görüş zamanı tərəflər iqtisadi əməkdaşlığa dair birgə komissiyanın elm, təhsil məsələlərinə toxunaraq onun inkişaf etdirilməsinin vacibliyini vurğulamışdılar. Ermənistan Prezident Aparatının rəhbəri qeyd etmişdir ki, əməkdaşlığın genişləndirilməsindən ötrü ölkəsinin ali təhsil müəssisələrinə iranlı tələbələrin daxil olması üçün şərait yaradılacaq. Qeyd edək ki, müstəqillikdən sonrakı illərdə Ermənistanda olan iranlı tələbələrin sayı 200 nəfərdən 2006-cı ilə kimi 1400 nəfərə qədər artmışdır. 2006-cı ilin qeyri-rəsmi mənbələrinə görə, Ermənistanda 1700 nəfər iranlı tələbə təhsil alır. İran-Ermənistan yaxınlaşmasında mədəni əlaqələrə, elmə, təhsilə və birgə tədqiqatlara xüsusi diqqət ayrılır. Humanitar elmlər sahəsində hüquq elmindən sonra fars ədəbiyyatı ixtisasında təhsil alan tələbələr sayca ikinci yeri tutur.

İki dövlət arasında münasibətlərin inkişafında erməni icması xüsusi rol oynayır. İranda erməni icması XVII əsrin əvvəlində Şah Abbasın Qafqaza yürüşü dövründə yaranmışdır. Burada ermənilər əsasən Tehran, İsfahan, Təbriz, Urmiya, Əhvaz və Ərak şəhərlərində yaşayırdılar. Rəsmi məlumatlara görə, hazırda İranın erməni əhalisinin sayı 120 minə yaxındır. İranda müxtəlif peşə sahələrində ermənilərin fəaliyyəti üçün bir sıra üstünlüklər yaradılmışdır. Belə ki, çoxmillətli və çoxdinli dövlət olan İranın ali dini lideri Ayətulla Xomeyninin 1980-ci illərin əvvəllərində islam qaydalarına əməl olunması barədə verdiyi fərmanların birində qeyd edilirdi ki, ermənilərə aid dükanların və başqa belə obyektlərin onlara aid olmasına dair həmin müəssisənin girişində, görünən yerdə lövhə vurulmalıdır. Bu göstəriş müsəlmanların həmin yerlərdən alış-veriş etməsini və ermənilərə aid iaşə müəssisələrində yemək yeməsini qadağan edirdi. Bundan başqa, həmin lövhələr müsəlman əhaliyə hər hansı bu kimi əlaqələrin haram olduğunu göstərmək üçün vurulurdu.

Qeyd edilməlidir ki, İrandakı ermənilərin əksəriyyəti ticarət və sənətkarlıqla məşğul olur. Bununla belə şəhər əhalisi arasında həkimlər, mühəndislər, dövlət qulluqçuları, ali məktəb müəllimləri, biznesmenlər də vardır. Ermənilərin İran daxilində münasib və münbit bir şəraitdə yaşayıb çalışmalarına rəğmən 1978-1979-cu illər İran inqilabının qələbəsindən sonra milliyyətcə erməni olan iri zavod və fabrik sahibləri İİR-dən ABŞ-a və Qərbi Avropa ölkələrinə getmişlər. İrandakı erməni icmasının həyatında doğum, ölüm, kəbin, boşanma və s. haqqında şəhadətnamə vermək hüququ olan erməni kilsəsi mühüm rol oynayır. Burada 30-a qədər erməni Qriqorian kilsəsi fəaliyyət göstərir. Onlardan 7-si Tehranda, 6-sı İsfahanda, qalan 17-si isə digər şəhərlərdədir. Bundan başqa, erməni katolik və yevangelist kilsələri də mövcuddur. İİR-in Konstitusiyasına görə, erməni məktəblərində dinin və erməni dilinin tədrisinə icazə verilir. İranda 59 erməni məktəbi və 13 uşaq bağçası fəaliyyət göstərir ki, onlardan da müvafiq olaraq 33 məktəb və 5 uşaq bağçası Tehran şəhərindədir. İsfahan Universitetində erməni dili və ədəbiyyatı fakültəsi var. Hər il fakültəyə qəbul edilən 25 tələbədən 8-i milliyyətcə ermənidir. Burada 30-a qədər erməni cəmiyyəti fəaliyyət göstərir. Bu cəmiyyətlərdə ədəbi gecələr, konsertlər, teatr görüşləri və s. olur. Eyni zamanda, İran Erməni Yazıçıları İttifaqı mövcuddur. Hər il “Ararat” idman kompleksinin bayrağı altında ümumerməni idman oyunları keçirilir.

İranda ermənilərin Daşnaksütyun və İnkişaf partiyalarının fəalları fəaliyyət göstərir. Daşnaksütyun İrandakı erməni icmasının sosial-mədəni həyatına demək olar ki, tamamilə nəzarət edir. “Alik” qəzeti onun erməni dilində gündəlik nəşr olunan mətbuat orqanıdır. Bu qəzetdən başqa, “İran ermənilərinin milli-mədəni ittifaqı”na məxsus erməni dilində “Siasai” adlı aylıq jurnal və “Erməni Xalq İttifaqı”nın “Araz” adlı aylıq qəzeti nəşr olunur. İİR-də erməni icması üç yeparxiya – Tehran, Təbriz və İsfahan yeparxiyalarına bölünürlər. Bu yeparxiyalarda yaradılmış şuralar rəsmi olaraq icmanın əməli fəaliyyətinə rəhbərlik edir və icmanı İranın müvafiq hakimiyyət dairələri qarşısında təmsil edirlər. Şuralar tamamilə daşnakların nəzarəti altındadır. Məktəblərin əksəriyyətinə, milli-mədəni və idman ittifaqlarına da Daşnaksütyun Partiyası himayədarlıq edir. Ümumiyyətlə, tərəflər həmişə İranla Ermənistanın yaxınlaşmasına və sıx elmi, mədəni, iqtisadi əlaqələrin yaradılmasına ciddi maraq göstərmişlər.

Pin It on Pinterest