GenelGüncelKültür Sanat

İlham Qəhrəman – Şeirlər

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

İlham Qəhrəman

 Şeirlər

KİMİ BİLƏR, KİMİ BİLMƏZ

Bu dünya sevgi üstədi,

Kimi bilər, kimi bilməz.

Allah da bilən istədi,

Kimi bilər, kimi bilməz.

           ***

Desinlər xoş qılığından,

Qalmaz ol yaxşılığından,

Ummaz ol qarşılığından,

Kimi bilər, kimi bilməz.

              ***

Yalın əynin geyindirmək,

Bir xoş dil ilə dindirmək,

Olar yetim sevindirmək,

Kimi bilər, kimi bilməz.

              ***

Quşu cələdə görsən aç,

Qurdu tələdə görsən aç,

Qarnın doyur görəndə ac,

Kimi bilər, kimi bilməz.

             ***

Bu küçədi, bu da divar,

İlham dolanıb o ki var,

Yaxşı işdə gül ətri var,

Kimi bilər, kimi bilməz.

30.03.2023

XOYLU KÖRPƏYƏ

Siz tərəfə baxmaz oldu,

Kor olsun gözü dünyanın!

Ədalət deyilən yerdə

Qalmayıb üzü dünyanın.

               ***

Axşamları oynayardın

Yorğan-döşəyin üstündə,

Anan təzə yer açacaq

Qardan döşəyin üstündə.

           ***

Evlər dağılıb tanınmır,

Uşaqlar məhlə axtarır.

Ac qarnına anan qurban,

Gözlərin təhnə axtarır.

            ***

Bəxtinə şairlik düşən

Belə şeir yazmaz, balam,

Üşüyən körpə əllərin

Hoxurarsan qızmaz, balam.

           ***

Sizin də dövlətiniz var,

Qayğı, keşiyiniz hanı?!

Bu sual yıxar dünyanı:

-Ana, pişiyimiz hanı?!

            ***

Bir gələn yoxdu, qapının

Zəngini yenə gəzirsən.

Öləndən kürrüy edirsən,

Hələ də nənə gəzirsən.

             ***

Atana de pəncərəni

Çıxartsın uçqunun altdan,

Bir gün görərsən doğmalar

Gəldilər düşdülər atdan!

11.02.2023

ETDİM

Sədi üçün

Vəhy salamını çox aldım,

Şeir yazdım əleyk etdim,

İçimdə qəmin eşqi var

Bütün eşqləri tərk etdim.

         ***

Sözlə dünyanı unutdum,

Necə mutlu, necə qutdum,

Haqq qapısına üz tutdum,

Bircə Allaha ərk etdim.

          ***

İlham bir dərd ötürmədi,

Bağları bar gətirmədi,

On qoydum, bir götürmədim,

Aləmə bunu görk etdim.

12.04.2023

OCAQ KİMİ

Mən də ömrümü xərclədim,

Yanıb sönən ocaq kimi.

Gün görmədim bu sarayda

Bir künc kimi, bucaq kimi.

           ***

Bəxdən görəcək adamam,

Unudulmuş qara damam,

Tərin içindəyəm tamam,

Nehrədən çıxmış yağ kimi.

              ***

İlham, bir bazara düşdüm,

Çox dərdə, azara düşdüm,

Nə öldüm məzara düşdüm,

Nə də diriyəm sağ kimi.

18.03.2023

ADIM

Sən yazanda xoşum gəlir,

Adımı bir kağıza yaz,

göndər mənə…

Deyim agah ol qəsdimdən, –

Balacalığımda nənəm

köynəyimdən asdığı dua kimi

sancaqlayıb asacam üstümdən.

05.04.2023

DƏRZİYƏ XİTAB

Ey dərzi, mənim oxşarımdı

əlindəki iynə, bəlkə də əkiztayı…

Mən də o iynə kimi

naxış işlədim, köhnə yamadım,

it-batları gün işığına çıxartdım,

Nələr yazdım, yaratdım.

O iynə gəlin bəzəyi vurdu,

mən el bəzəyi.

İndi o iynəyə də bax, mənə də.

Aqibətdə fərqimiz yoxdu məncə…

Ey dərzi, iş bununla bitmir,

bunu düşünmək də bir işgəncə.

10.04.2023

QARA MAĞARA

(təcnis)

Qoşulub qaçana çöl evi olub,

Sevənlər gizlədib qara mağara.

Mənki bura qədər bir gün görmədim,

Çətin indən belə qaram ağara.

             ***

Reyhandı, nanədi göyün arası,

Tutmaz səxalıyla göyün arası,

Görünmür Yer ilə Göyün arası,

Tamam üstü-başı qaram, a Qara.

               ***

Sarının butası Yaxşı deyənlər,

Haqqın buyruğuna “Yaxşı!” deyənlər,

Gələndə üz-üzə yaxşı deyənlər,

İlham, söylədilər qarama qara.

06.04.2024

ÇƏKƏ BAŞINI

(təcnis)

Könül istəyir ki, bir rəssam ola,

Eləcə dağların çəkə başını.

Əhdim var bir usta yar gələnətən,

Gələ bu divarın çəkə başını.

             ***

Məclis tutmayanda heç baş açmadım,

Qışı soyuq keçdi, heç baş açmadım,

Bir işə mat qaldım, heç baş açmadım,

Kimsə də demədi: -Çək e başını!

              ***

Nə bağa dolmusuz, “mollaharaydı?”

İlham, biz tərəfdə molla hər aydı,

Getdiyin evi de, molla, haraydı? 

Yedəkçi atının çəkə başını.

03.04.2023

ÇOX ALACAQLAR

(təcnis)

Əsgər, hesaba bax, qisas adına –

Düşməndə qalıbdı çox alacaqlar.

Qara günümüzə marığa yatan

Payını çox alıb, çox alacaqlar.

                ***

Atlanan atından düşüncə, baba!

Adamda gərəkdi düşüncə, baba,

Bu yurd qaydasına düşüncə, baba,

Başımız çəkibdi çox olacaqlar.

              ***

Ay İlham, o gələn ağırayaqdı,

Yüngüldən götürüb ağıra yaxdı,

Tükəzban yenə də ağırayaqdı,

Nə gözəl! Tirəmiz çoxalacaqlar.

31.03.2023   

CAN AVARDILAR

(təcnis)

Türk ilə qol-qola halay vurubdu –

Can ləzgi, can talış, can avardılar,

Yağı dinc durmasa, cınqırı çıxsa,

Hər biri şirdilər, canavardılar.

               ***

Könül bu sözünü türkə car elər –

Türkün əlindədi türkə çarələr,

Bizə soyuq dəysə, türkəçarələr

Keçinin piyiylə can ovardılar.

              ***

Bir yiyə tapmışam – nə yiyəsidi?!

Təknə boş – on ağız nə yeyəsidi?!

İlham baş sındırır nə yiyəsidi,

Qəmlər ariz olub cana vardılar.

30.03.2023

YAPIŞ AÇANA

(təcnis)

Gülə gül dərəndə mərhəmət eylə,

Qönçəni bağışla, yapış açana.

Canın qədrini bil – seçim anında

Kim sənə can desə, yapış o cana.

                  ***

Ov anı səssiz ol – ov sənə gəlməz,

Göl dolu ördək, qaz – ov sana gəlməz,

Harın yediyindən ovsana gəlməz,

Ehsan süfrəsində yapış acana.

                    ***

Plovda bir qazmaq, bir də istə dad,

Çox umsunma, İlham, bir qab istə, dad.

Bir az vergi ola, bir az istedad,

Yazanda sözlərin yapışa cana.

29.03.2023

YA DAYA QOLA

(təcnis)

Hazır süfrə üstə çıxanda, çoban,

Çomağı yerə qoy, ya daya qola.

Davada qorxaq dost ağlın kəsməsin

Ya irəli dura, ya dayaq ola.

            ***

Oynayıb hamını a yordunuz a,

Uşaq lopux vursun ay ordunuza,

Canımız qurbandı ay ordunuza,

Qoymaz bu torpaqda yad ayaq ola.

                  ***

Gəl, yalan söyləmə, iştə halısan,

Haldan hala düşür – iştə halı san,

Bu səhər, ay İlham, iştahalısan,

Bal üstə ya qaymaq, ya da yağ ola.

28.03.2023

QULAĞA, YATA

(təcnis)

Durub ağlayanda çağa yuxudan

Məlhəmi qoyasan qulağa, yata.

Yoxsa çığıracaq səhərə kimi

Dəng olar baş-beyin, qulaq, ay ata.

                ***

Adına deyilə qələm adamı,

Nə günə qoyurmuş qələm adamı?!

Qəlbinə damanlar qələmə damı

Söz də şirin ola, qulağa yata.

                  ***

Sevgisiz ürəkdə bayquş gecələr,

İlhama xoş günü Fələk gec elər,

Yarın vədə verə bağa gecələr,

Sən bağa girəndə qul, ağa yata.

27.03.2023

ÇALA DƏRDİMİ

(təcnis)

Elə beş günlükdən gözə görünür,

Udmaz dərə, çökək, çala dərdimi.

Fələk oğlu Fələk köməyim ola,

Götürə daşlara çala dərdimi.

              ***

Yalquzaqsan get, örüşün tap, ula,

Bəxt ki, yatıb əlim yetməz ta pula,

Allahın altında oğru tapıla,

Qəfildən canımdan çala dərdimi.

              ***

Bu xəstə sağaldı, cana gəldi hey,

Qaç gizlən, qəmzəsi cana gəldi heyy!

Bir ucdan yol aldı cana gəldi hey,

İlham, ilan ola çala dərdimi.

26.03.2023

BU ŞƏHƏRDƏN ÇIXIB GETSƏM

Bu şəhərdən çıxıb getsəm,

Görən heç darıxarsanmı?!

Dolanıb küçəbəküçə

Adımı çağırarsanmı?!

                ***

Girinc qoyacaq bir sual 

Adam hara getmiş ola?!

Səni peşman görən deyə:

– Gəmiləri batmış olar!

                ***

Ha baxasan şəhər boşdu,

Gözə dəymir inni-cinni.

Yadına düşə o günlər

Şəhər vardı sənni-mənni.

              ***

Yatıb vayğada görəsən

Çayda bir adam axırdı.

Səhər duranda görəsən

Yastıq sal kimi ağırdı.

               ***

Məəttəl qalasan,  fələk,

Yastığı kim suya çəkib?!

Bax qızarmış gözünə de,

 Yəqin şeytan boya çəkib.

30.08.2022

              SÖZ

Dülgər taxta yonur mən söz yonuram,

Misranı göz qıyıb milləyirəm də.

Çörək bişirənlər sac külləyəntək

İlhamdan qələmi külləyirəm də.

                  ***

Şair kimdir deyən yanıma gəlsin,

Söz necə qayıdır mənzilə görsün.

Arını çiçəklə görən gözünüz

Eynilə şairi söz ilə görsün.

                  ***

Sözlər qat-qat olur – bəzisi ruhdan,

Bəzisi ağıla bilikdən gəlir.

İliyə işləyən sözlər ki var ha,

Yol alır şeirə ilikdən gəlir.

              ***

Sözünkü odur ki, qanad verəsən,

Sonra da durnatək səfə salasan.

İlahi lütfüdür bir şair kimi

Şeir havasında nəfəs alasan.

                  ***

Elə bil bu canım söz bulağıdı,

Canımda ilhamın durur yuvası,

Yaxşı söz şairi göyə ucaldar,

Yaxşı söz şairin qürur yuvası.

                    ***

O gün kitabımı oxuyan biri

Necə dolanırsan? – məndən soruşdu…

Nə bilsin şeirlər qanım bahası,

Alıcı yanında qəpik-quruşdu.

                       ***

Qələm miyanadı, qələm dartınır,

İstəyir arada söz sözdən düşə.

O uca cəlalın xətrinə, Allah,

Qoyma bu ölkədə söz gözdən düşə!

26.01.2023

XALAM OĞLU KÖÇƏRİNİN ÖLÜMÜNƏ

Oğlan, xan yerişin vardı,

Çiyinə qalxmağın nəydi?!

Hamını çarəsiz görüb

O məzlum baxmağın nəydi?!

                  ***

Həkəri üstü sırsıra,

Mərkizin başı çən olsun!

Narlarını doğradılar

Mağarın yeri gen olsun.

             ***

Məni bağışla narından

Bir budaq da mən kəsmişəm.

Bacımı tək qoyub getdin,

Zalım, ta səndən küsmüşəm.

               ***

Səni tanıyan kim olar –

Üzündən yaşı axmasın?!

Bilirik niyə tələsdin –

Zaman orda darıxmasın.

              ***

Nazim cavan heyvan aldı,

Hər kəs ehsanından yesin.

İsi dayı dizə çöksün,

Xalam laylanızı desin.

              ***

Hələ yolunu gözləyir

Dikdə “Laçın pavilyonu”.

İki oğul böyütmüşdün,

Edə bilmədin toyunu?!

***

Qəşəng güllər becərmişdin,

Qaldılar boynubükülü.

Mağarından asmışdılar,

Zamanla qoşa şəklini.

02.02.2023

GEDƏR

Hər bahar gələndə bizim dağlara

Daşdanar el yolu sürülər gedər.

Təpilər sürüyə qismət dalınca,

Mübarək üzüylə börülər gedər.

                ***

Eşqin yarasına nə əlac eylər?!

Ayrılıq aşiqi naəlac eylər.

Arılar çiçəklə izdivac eylər,

Pətəkdə şan ağzı hörülər gedər.

                 ***

Ocaqda yaş odun hey ətəklənər,

Dost qorxaq olarsa, igid təklənər.

İlham, xeyir-şəri bir gün yüklənər,

Səninlə divana hürülər gedər.

06.02.2023

AKSİOM

Buğdanı şuma at, sünbülə dönür,

Şüşəyə qara çək, güzgü yaranır.

Kəklik ovlanırsa, azuqə olur,

Ürək ovlanırsa, sevgi yaranır.

24.01.2023

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest