Giya PAÇXATAŞVİLİ (GİVİ)

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Giya PAÇXATAŞVİLİ (GİVİ)
Ədəbi ictimaiyyət onu çox gözəl tanıyır.
Azərbaycan, Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin üzvü, “Sükutun rəngləri”,
“Oğul ata itirdi”, “Son əvvələ gedən yol”, “Hə” dedim”, “Tut ağacı” kitablarının
müəllifi olan şair-tərcüməçi 50-dən artıq müəllifi rus və gürcü dillərinə tərcümə
edib. Givi Azərbaycan Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Azərbaycan
Mətbuat Şurasının “Ümid işığı” mükafatlarına və “Səməd Vurğun” Qızıl Medalına
layiq görülüb. “Tut ağacı” kitabına görə “VEKTOR”un Şahmar Əkbərzadə adına
Xalqlararası Ədəbiyyat Mükafatını alıb. İki il öncə Özbəkistanda çapdan çıxmış
“Müasir Azərbaycan Poeziyası Antologiyası”nda Giyanın da bir neçə şeiri özbək
dilində və həmin ildə ingilis dilli antologiyada şairin bir neçə şeiri yer almışdır.

Giya Paçxataşvili

BU MUSİQİ
İqbal Ağayevin bəstələrini dinləyərkən
Bu musiqi
Məni məndən alırdı.
Ruhumu bəşəri eşqin
İlğımına salırdı…


Bu musiqi
Cismimi göylərə qaldırırdı.
Silinməz həyat himnini
Allaha çaldırırdı…


Bu musiqi
Çirkabları uçururdu,
Və qəlbimdə
Saf bir məkan qururdu…


Bu musiqi
Duyğu-duyğu bəstələnirdi.
Bakirəlik simfoniyası kimi
səslənirdi…


Bu musiqi
Şeiri doğan bətn idi.
Səs-səs, ölkə-ölkə
yayılan həzin mətn idi…


Bu musiqi
Bəstələrin xoru idi…
Kövrəkliyin ən mükəmməl
Dirijoru idi…


Bu musiqi
Qələmə alına bilməyən
əhval idi.
İçindən not-not boylanan
İqbal idi…

  1. 2021 METRO

Metro – O dünyamızın,
Yeraltı həyatımızın
maketi…
Yalnız əzrayıl girə biləcəyi
İnsan nəfslərinin, nəfəslərinin
super marketi.
8.11.2017

“XALQIN ŞAİRİ” yarışmasına

Ekran dalğalarının
səddini aşa-aşa,
Ev xəyalları arzularında
dolaşa-dolaşa,
Şair həyasından utana-utana
Şeir gəldi İmtahana…


Münsiflərdəki zadlara –
O, hissiyyatı yadlara
Şeir özünü göstərməyə çalışırdı…
Şeirin əvəzinə
müəllif çaşırdı.


Aparıcının ironik atmacalarından,
Münsiflərin nəzəri sancmalarından
Şeir itirirdi özünü…
Şair unudurdu sözünü.
Evə aparan yol bəlli –
Finala “sürət” 40, 50…


“Xalqın şairi” “Xalq şairi”
Meyarı ilə ölçülürdü…
Beləcə yaxşı şeirlərin çoxu
bayıra ötürülürdü.


…Şeirlərin xətrinə dəyməyin,
Şairlərin qamətini əyməyin.
Gözünüzü həqiqətə dikin –
“Şeir binaları” tikin!


…Şeirlə gözəldir ölkə.
“Şeir binaları” tikilsə,
Şairlərin ömrü
uzandı bəlkə…
25.12.2017

ELEGİYA

Sabir Sarvan və Mövlud Mövluda

Olum – gözəl insanların
bakirə həyatıdır…
Ölüm –
ruhların
göylərdəki təqdimatıdır…

16.03.2017

XANƏLİ TƏBRİZ
Dost təsəllisi
Sən oğlunu, mən yarımı,
Sən yazı, mən baharımı
İtirdik,
Xanəli Təbriz.


Sormadıq öylə, böyləmi,
Qələmlə gəzdik aləmi.
İçimizdə qəm, ələmi
Bitirdik,
Xanəli Təbriz.


Var “Qızılgül ləçəkləri”…
Birləşdirdi gerçəkləri.
Bizi qocaldan illəri
Ötürdük,
Xanəli Təbriz.


İndi ruhları haxdadır,
Saatlıda, həm Qaxdadır.
Ağrı, acılar toxdadır –
Götürdük,
Xanəli Təbriz.


Əcəllə olduq qolboyun,
Xoş gəldi ölümə oyun –
Bu da xəncər, bizi soyun
Gətirdik,
Xanəli Təbriz.


“Ağ nər”dən bir şey qalmadı,
Dar gündə sənlə olmadı.
Gözlər doldu, boşalmadı –
Biz bitdik,
Xanəli Təbriz.
BİR ŞƏKİL ANAYA
Tiflisdən Qaxa gənc bir anayla yol
gəlirdik…

Ehtiyac dolu çemodanı
yük edib özünə,
Yol yorğunluğunu çəkib üzünə
Evə dönürdü gənc ana –
Sevinc payı aparırdı
qızına, oğluna…
Yuxunu yadırğamışdı gözləri,
Tövşüyürdü hərəkətləri,
sözləri…


Vaxtını avtobuslarda ötürə-ötürə,
Kömrükçülərin minnətini
götürə-götürə,
Beləcə gəncliyini itirə-itirə
Elə hey evinə tələsirdi…
Qazancı –
əlləri kimi əsirdi.


…Övladlarını böyüdə-böyüdə,
Öz səhhətini üyüdə-üyüdə
Yol ölçür gənc ana
Bodrum – Tiflis – Şəki –
Balaları tox olsun təki…


Bükülüb soyuğa , istiyə
onun illəri
Para gözləyir
İşsizlikdən əriyən
diplomlu əri…


Çatırıq Qaxa
Tabuta oxşar arabada…
Nə vaxt analar rahat olacaq
Gəliri neft qoxuyan,
Efiri hey mahnı oxuyan
Bir günəşli
xa – ra – ba – da?!
10.11.2013

YENƏ SƏNƏ

Xatirə,
xatirələr yaşadacaq adını,
Ey saf sevgi zirvəsi –
Qadınları qadını!
Gəlişin nurlandırdı
öləziyən həyatı,
Dodağımda nəğməsən,
ən təzə-tər bayatı.
Qeyrətinlə qorunur ailə səltənəti,
Ey əsərlər əsəri,
qəlbin incəsənəti!
…Şeirim vəsf edəməz
Sənə ehtiramını,
O, təbrik eləməkdə
ilk Bahar bayramını!

08.03.2021

DOĞUM GÜNÜN

Xatirəyə

Sənin doğum günün
Mart bayramlarının
sırasını açır…
Bunu görən qış
Buluda bürünüb
günəşə sarı qaçır.
Və…
Səmalara
Sevgi bayraqlarını sancır!

01.03.2021

MARTIN 31-İ
Rəhmət sənə, Əli Kərim
“Yarıçılpaq, qədim insan
Düşmənə bir daş atdı”.
Torpaq, sərvət
hərisliyi yaratdı,
Yer üzü qana batdı –
Sükut, dinclik kiridi:
O vaxtdan Dünyada
Martın 31-dir…
Tutdu başını Adəm, Həvva,
Kainatı başına götürdü
“Siyasi dava”.
Elmi kəşflər
İnsanlığa əl uzatdı,
Həyatı öldürmək üçün
Fövqəldövlətlər yaratdı –
Yalanı düzə “büküb” yaşatdı…
Torpaq ölü “qəbul etməkdən” yoruldu:
Beləcə yeni nəsil
nifrət genindən yoğruldu,
Saxta tarixlər “dəyirmanı”nda
Martın 31-i doğuldu,
Qan qan olduğuna görə
elə qanda boğuldu…
Bax o vaxtdan
Bütün təqvimlər düşdü “taxtdan”.
Tanrı məəttəl qaldı
bu vəhşətin sirrinə…
Kainat çevrildi Martin 31-nə.


Siyasət qan yeridir,
Ətraflar – qan yeridi.
Planetlər təqvimində
Martın 31-dir.
31.03.2018

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest