GenelGüncelKültür Sanat

Fəridə Köçərli

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Fəridə Köçərli

Yenə qonağım ol

Anama

Yatağın evindən qəbirə köçmüş,

İzlərin silinib, çırağın sönmüş.

Sözlərin hikmətli məsələ dönmüş;

Nurani çöhrəndən mən heç doymadım,

Yenə qonağım ol, gəl, qurban olum.

                      ***    

Uşaqtək kövrəlib dolurdun hərdən,

Gizli ağlayırdın nədənsə məndən.

Guya  ki, razıydın  öz   taleyindən,

Qıyma bulud kimi boşalım-dolum,

Yenə qonağım ol, gəl, qurban olum.

               ***             

Yurd-yuva həsrəti dara çəkirdi,

Nisgilli illəri əkib-biçirdi.

“Dörd oğlum Laçına qurban” – deyirdi,

Sənə qurban olsun mənim öz oğlum,

Yenə qonağım ol, gəl, qurban olum.

                     ***            

Elində olsan da xanım bir ana,

Burda çoxu güldü “qaçqın” adına…

Üzün qoyulsaydı öz torpağına,

Bəlkə toxtayardı yaralı ruhum.

Fəridəyə səs ver, qəmi unudum,

               ***            

Gedək qonağım ol, dur, qurban olum.

                                                       25.07.2020

Soyuma mənim

Türkiyə  dəhşətli zəlzələsinin baş verdiyi günlərdə yazılıb

Qismətlər  yazılır Tanrı  əliylə,

Sınağı tuşlanıb soyuma mənim.

Vətənim eyni can Turan eliylə,

“Təzə dərd yazılıb sayıma mənim”.

                   ***            

Osmanlı  varisi  böyük  Türkiyə,

Müsəlman ünvanı bənzər Məkkəyə.

Qoy düçar olmasın heç vaxt təkliyə,

Düşmən sevinməsin vayıma mənim.

                 ***            

İnsanlıq şükürlə, səbrlə   artır,

Şər xeyrə kamanın nəfsindən dartır,

Düşmən vardan ötrü namusun satır,

Tamahı  dənizə, çayıma mənim.

               ***            

Fəridə, sızlama, nə də ki, ağla,

Diləyək: Türkiyə, yenidən  çağla,

Qardaş, məlhəmimi yarana bağla,

Gücüm çatır  şeir  payıma mənim.

                                                 14.02.2023

 Sandıqlarda*

Nə gözəldir, nəfəs alam,

Hicri danam Sadınlarda.

Lap razıyam, ölüb qalam,

Qalam tamam  Sadınlarda.

                  ***            

Budur bizim diləyimiz,

Olmasın su-çörəyimiz.

Qoy sevinsin ürəyimiz,

İsti yuvam Sadınlarda.

               ***            

 Otuz il yaşadı qərib,

İntizara sinə gərib.

Daşı-qayası göyərib,

Bitir inam Sadınlarda.

              ***            

 Bu kənd yeddi şəhid verib,

Əvvəllər xoş günlər görüb.

Doğulubdur, ömür sürüb,

Gözəl anam Sadınlarda.

                  ***            

 Yoxdursa da mülküm mənim,

Fərəhdəndir çəkim mənim.

Yox qaçqıntək yüküm mənim,

Azad canam Sadınlarda.

               ***            

Hacılardır ana babam,

Quşçu, – o da yaxın obam.

Gur yanacaq ocaq-sobam,

Xoşməkanam Sadınlarda.

                 ***            

 Dostlarımın diləyiylə,

Fəridənin istəyiylə,

Süfrə açıb çörəyiylə,

Dostu anam, Sadınlarda.

                   15.08.24

 *Sadınlar – Laçın rayonunda yerləşən doğma kəndimin adı

 İkimiz bir gedək üzü küləyə

Sevən möhtac olur diqqət-dəstəyə,

Sən qiymət vermədin bizim istəyə.

Qızmadım istinə, koram tüstüyə;

Hələ söyləyirdin; Tutub əl-ələ,

İkimiz  bir gedək üzü küləyə.

                      ***            

Gözümün atəşin gözümdən aldın,

Sönmüş ocağıma yeni köz saldın,

Küssəm də, ruhumu özümdən aldın;

Küsüb-barışmaq da özgə rahiyyə,

İkimiz bir gedək üzü küləyə.

                      ***            

Olmadım heç zaman bəxtdən gileyli,

İlk eşqim əzəldən sənə meyilli,

Əhdimdə dəyərli, sevgimdə  dəli.

Çətin rast gələsən məntək mələyə,

İkimiz bir gedək üzü küləyə.

                        ***            

Demişdin “arxamsan” sən Fəridəyə,

Eşitdim yerimi verdin özgəyə.

Dedin; “uyma əğyar deyən hiyləyə”;

Onda dön Məcnuna, mənsə Leyliyə,

İkimiz bir gedək üzü küləyə.

 Gəlmədin qəlbimi yükün əyəndə

“Daha gözləmirəm” desəm, incimə,

Məni tək buraxdın hicran çənginə.

Demişdin, lələyi yandır,  səngimə,

Hardaydın, illərlə səni  deyəndə?

Gəlmədin qəlbimi  yükün əyəndə.

               ***            

Deyirdin, səninçün ulduzlar dərrəm,

Zülmət  gecələrdə  yoluna sərrəm…

Demədin közərən közü keçirrəm,

Küldə qor axtardım sənin sayəndə,

Gəlmədin, qəlbimi yükün əyəndə.

                ***            

Gecə-gündüz bağlamırdım qapını,

“Bəlkə”lər, “Kaş ki”lər vüsal tapımı.

Ayaq  səsin bildim,  hər tappıltını.

Ta qaçmıram kimsə qapı döyəndə,

Gəlmədin qəlbimi yükün əyəndə.

                    ***            

Fəridəyəm, ruhum kədərlə dolub,

Öz  ürəyim  öz sinəmə yad olub.

Gül çöhrə dediyin saralıb, solub…

Gəldin saçlarıma xəzan dəyəndə,

Gəlmədin qəlbimi yükün əyəndə.

 İnci məndən

         (Təcnis)

Düşünmə yazıqtək boyun burmuşam,

Yerdəyəm, sən göydə bir inci, mən dən.

Səni bir dost kimi tutub durmuşam,

KüsdünŞ səbəbini de, inci məndən.

                 ***            

Tısbağa  lağ edər  çıxdığı  qına,

Nə olsun kasıbam, nə gül, nə qına.

Sözün var sözlə vur, əl atma qına,

Xəncər yox, görərsən söz, inci məndən.

                      ***            

Çox olmuşam qarlı  yollara kürək,

Dosta çevirmədim arxa, ya kürək,

Ya barış, gözümə ya qanlı Kür “ək,”

Yoxsa saça salar bu  incimən dən.

               ***    

Fəridə, inanma çox dosta, yara,

Olur sevənlərin ürəyi yara.

Qoyma həqiqəti şübhələr yara,

Sən şübhəndən qurtar, mən inciməndən.

                                               17.10.2021

 Danışaq payızın qırx dörd günündən

Üzün qaradırsa Vətən yanında,

O gözəl  bənizin  nəyinə lazım?

Gəzə bilmirsənsə onun qoynunda,

Bu ayaq nə mənə, nə sənə lazım.

                      ***            

Verdin gözlərini, gözünə qurban,

Kor olmuş torpağı nura boyadın.

Verdin  ayağını, izinə  qurban,

Vətən qalxsın deyə, təkan dayadın.

                   ***            

Yaralı əsgərlər körpə balasın

Oxşaya bilmədi yox qollarıyla.

Dedi: Vətən bizi köksünə alsın,

Fəxr etsin qəhrəman oğullarıyla.

                 ***            

Riyakar, qaniçən düşmən xislətin

Yox etdin, ağ atlı igidim mənim.

Rəssam  əsərini  bəzər sifətin,

Daha da çox sevər səni sənəmin.

                ***            

Otuz il vətənsiz, ölüdən betər…

Diriltdiz, əsgərim,  bizi yenidən.

Qarabağ sorağı dünyaya yetər,

Danışsaq payızın qırx dörd günündən.

20.11.2020

Üzəsən

   (Təcnis)

Deyirlər dost-dosta tən olmayırsa,

Gərək əlaqəni başdan  üzəsən.

Qeybət kişiliyə heç dəlil deyil,

Bacarırsan söylə sözü üzə sən.

                         ***            

Süfrə dostu daim güdər qarını,

Əxlaqsız seçəmməz cavan-qarını.

Artıq versə Allah dağın qarını,

Əriyəndə çətin seldə üzəsən.

                       ***            

Qoyundan iş keçsə, dil öyrən, de; “mə”,

Çalış yarımçığa sən tamam demə.

Fəridə, hər sözü qoy bir az dəmə,

Səbir et, yetişmiş meyvə üzəsən.

                                      08.10.2024

Həyat musuqisi

Çalışdım bəzəyəm ötən günləri,

Düşünüb tapmadım bir xoş xatirə. 

Elə vurmusan ki sən düyünləri,

Çətin ki açıla, ola xariqə.

                           ***            

Bilirsən heyifim nələrə gəlir,

Bütün sevənlərə bir ad verilir.

Birinin sevgisi daşları dəlir,

Başqasının bəxti yoxdur deyilir.

                 ***            

Yalansız sevdalar ola hər yanda,

Görünə, seçilə dəyərləriylə.

Riyalar bilinə doğulan anda,

Ardın gətirməyə səhərləriylə.

               ***            

Məhəbbət həyatın musiqisidir,

Ədalət və hörmət onu isidir.

                                       12.04.2024

Atamın çörək ağacı

Bir şair “Qağamın şötkəsi” adlı

Şeir paylaşmışdı, çox kövrək notla.

Kədərli olsa da, xatirə dadlı,

Papamı andırdı xoş bir  ovqatla.

                          ***            

Böyüdük papamın biz nəfəsiylə,

Yatırdıq “şötkə”nin “layla” səsiylə.

Sanki dərdləşirdi doğma kəsiylə,

Ona yanaşırdı bir etimadla.

                      ***            

 Qaçqınlıq  bizi də çöllərə saldı,

Gen həyət, ev-eşik tökülü qaldı…

Dolu evdən açar, “şötkə”ni aldı,

“Yadigardı” dedi, anam inadla.

                  ***            

Hesaba çəkərdi alın tərini,

Töküb çıxarardı üzə dərini.

Özü tək çəkərdi  dərdi-sərini,

Çörək qazanardı ancaq savadla.

               ***            

Anam deyirdi: – O, pul ağacıdır,

Həm də kompüterə böyük bacıdır.

Keçmiş xatirənin bir sayğacıdır,

Olsa da əvəzi yeni icadla.

                                            02.05. 2024

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest