GenelGüncelKültür Sanat

Dəyanət Osmanlı

Nazım Ahmetli
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Dəyanət Osmanlı1965-ci ildə Gürcüstanda qədim türk yurdu Borçalıda doğuldu. 1991-ci ildə Bakı Dövlət Üniversitetinin jurnalistika fakültəsini bitirdi. Bir çox illər  qəzetlərdə reportyor  olaraq çalışdı. Azərbaycan ədəbiyatında özünəməxsus üslubu olan yenilikçi şair olaraq tanınmaqdadır. “Ağ kitab” (1997), “İlk… Və… Son…” (2009), “Nə­­fə­simin qatili” (2015), “The Sound of Blood” (İngilis dilində), (2015), “Həsrətin həzzi” (2020), “В тени слов” (rus dilində), (2024). “Seçilmiş şeirlər. I cild”(2025,) şeir kitabı və  “Anlar… Və… Anılar…” (ədə­bi, ictimai düşüncələr) (2024), “Sözdən yazıya və yad­daşa” (ədəbi tənqid) (2024), adlı ədəbi-tənqidi, düşüncə və 10-dan çox publisistik kitabı nəşr edilib. Onun müəl­lifliyi və təbbüsü ilə ardıcıl şə­kildə Azər­ba­ycanda, Gürcüstanda, Türkiyədə, ölkəmizin re­gionlarında ədəbi-mədəni irsin, milli-mənəvi dəyər­lə­ri­mizin, müa­sir ədəbiyyatımızın təbliği ilə bağlı 14 hə­yata keçirilmiş, bir neçə dildə 6 poeziya antologiyası tərtib edilib. 2008-ci ildə Azərbaycan Prezidentinin tə­qaü­dünə layiq görülüb. Əsə­rlərindən seçmələr bir neçə xarici dilə tər­cümə olunaraq Gür­cüstanda Türkiyədə, Amerika­da, Bolqqrıstanda, Ru­si­yada, İranda dərgi və al­ma­nax­larda yer alıb. Haqqında bir çox məqalələr ya­zılıb, 60 illiyinə “Salam Günbatan adlı”bir kitab nəşr olunub.
  Dəyanət Osmanlı

Utanaq

(Poetik seriya)

                1

Yata-yata əkinimiz əkildi,
heç olmasa biçin vaxtı oyanaq.
Əkmək yoxmuş, ar-namus da yeyildi,
qapımızda itimizdən utanaq.

                  ***

Yağı içib, suyumuza tüpürdü,

əsir alıb malımızı götürdü,

şeytan çaşqın ağlımızı götürdü,

uca boylu kölgəmizdən utanaq.

                     ***

Osmanlı der: var üzündən xar olduq,

abır-həya bazarında satıldıq.

vurulub da bir çöplüyə gömüldük,

bu kəfənsiz ölümüzdən utanaq.

                   2

Biz qurdların yuvasında doğulduq,

tülkülərin beşiyinə daşındıq.

haqq üstündə sırtımızdan vurulduq,

batar-gedər izimizdən utanaq.

                 ***

Qarğa-quzğun başımızı deşdimi,

ac zəlilər qanımızı içdimi.

bu kaftarlar gorumuzu eşdimi…

ruhu ölmüş dirimizdən utanaq.

               ***

Körpələri iynələrə düzdülər,

arımızın pətəyini süzdülər.

dərimizə quru saman təpdilər,

qaxac olan tənimizdən utanaq.

                 3

Vətən deyib, qılığına girdilər,

təknəsindən əkməyini kəsdilər.

öldürüb də qanlı südün içdilər,

kor olası gözümüzdən utanaq.

                  ***

Biz ölmədik, dilimizdən asdılar,

daşımıza bir “naməlum” yazdılar.

dəfnimizdə baş sallayıb susdular,

lal olası dilimizdən utanaq.

Qapı-qapı, könül-könül gəzdilər,

yaxşımızı, pisimizi seçdilər.

dərdimizin dilçəyini üzdülər,

qızıl qanlı üzümüzdən utanaq.

                 4

Ala-bağlı evlərimiz talandı,

çox kişilər əsil-kökünü dandı.

haram daddıq, boğazımız tıxandı,

bu dilənçi nəfsimizdən utanaq.

                   ***

Qız-gəlinin birçəyini qırxdılar,

erkəklərə ipək donluq satdılar.

ar-namusu, başımıza qaxdılar,

erkək ölən dişimizdən utanaq.

                  ***

Adsız məzarlığa dönür torpağı,

camiləri ilan-çayan oylağı.

gümbül-gümbül qan damcılar dodağı,

əsir düşən körpəmizdən utanaq.

                     ***

“Ölüm-dirim” – kirli oyun qurdular,

azadlığı  gözlərindən vurdular.

qatilləri nahaq şivən saldılar,

batman-batman dərdimizdən utanaq.

Qəhrim yatmış adımda

Özümdən çıxmışam, sənə gəlirəm,

qədəmim cidarda, başım dumanda.

Bir quşam – uçuram, yeləm – əsirəm,

şeytan cövlan edir dörd bir yanımda.

                        ***

Qürbət eldə yar bulmadım sevməyə,

əcəl sordu, dost bulmadım öyməyə.

yurd əsirdi, yer bulmadım ölməyə,

dərd yuva qurubdu qara başımda.

                 ***

Qürbətlərdə itmiş olsam, çaşmayın,

mən susarsam dilimə inanmayın.

ruhum uçar, məzarımı qazmayın,

Osmanlıyam, qəhrim yatmış adımda.

           Səfər üstə

Səfər saatımın uğuru yatmış,

gerisi viranə, önü gümandı.

Deyirəm: dur gedək, a başı batmış,

ta burda həyatın nəbzi dayandı.

                   ***

Düz  söz atəşinə qovrulur adım,

bəxtiylə öcəşib durur inadım.

əcəlin ağzında haqq amanatım,

halım duymaz dostlar, gendən dolandı.

                  ***

Qəlbim bir qaladı kolay alınmaz,

qan qana qarışsa daha durulmaz.

tərs yazı yazandan  soru sorulmaz,

Osmanlı der: söz satılmaz, imandı.

               Anlamazsan

Bir gün bezib məzarımı açarsan,

görərsən ki, nə ölüyəm, nə ruham.

Nahaq yerə sür-sümükdən qorxursan,

fələyin al qanı hopmuş bir ağam.

                ***

Bir adıma, torpağıma baxarsan,

daş yazımı yalan-doğru yozarsan.

gecə yatıb, səhər dəli durarsan,

çaşarsan ki, özün fani, mən sağam.

              ***

Osmanlı der: qara basar adımı,

suçum sənlə qabaq-qənşər qaldımı.

anlamazsan  ağayammı, qulammı,

bir yazılıb, yüz pozulmuş varağam.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest