Genel

Aida Adıgözəl – Şeirlər

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Aida Adıgözəl

        Şeirlər

Səslərin rəngi

Elə kövrək yağış yağır,

həzin-həzin, narın-narın.

Elə şirin səsi gəlir

nazlı-nazlı rəqs eləyən

muncuq-muncuq damlaların.

Mən hamısını tanıyıram o səslərin…

                ***

Darıxmağın səsi ayrı,

kədərin boz hıçqırığı.

Hələ, hələ tənhalığın

nəm qoxuyan otaqlarda

o dəhşətli qışqırığı…

Mən hamısını tanıyıram o kəslərin…

                  ***

Gözlər var ki kimlər düşmüş,

ürək var ki qırıq-qırıq.

Hey çığırırır öz içində

– “üşüyürəm, qış qurtarmır,

pəncərələr sınıq-sınıq”…

Mən hamısını tanıyıram “əbəs”lərin…

 Gecikmiş qonaq

Bilirdim,

ürəyimə dammışdı

qayıdacaqsan bir gün.

Əllərin ətəyindən uzun,

gözlərimin kökü saralanda…

Çox şeylər deyərdim sənə,

çox şeylər yazardım sənə…

Amma indi nə faydası?

Daha sevdiklərindən

Tanrı yaratmağı unudub qadınlar…

 Sözsüz titrlər

Bu filmi də bitirdik,

izlədik son sıradan…

Mən söz verdim özümə,

hamını unudacam!

Bədənimdə kök salmış,

illərin yaraları,

dəmir, paslı qəfəsim, – səni də sındıracam!

O sızlayan sətirlər…

köhnə,

keçmiş eşqimə həsr etdiyim şeirlər,

gecə – gündüz ağlama ürəyimin içində, –

“məni unutma” – deyə,

səni də susduracam!

Səni,

səni,

bax səni,

bütün könlümdən keçən, –

bir küçənin tinində haçansa toqquşduğum,

bir içki məclisində deyəsən vuruşduğum,

teatr foyesində söz üstə boğuşduğum,

bəlkə də dağ başında,

hansısa unudulmuş çökmüş yolayrıcında,

rastlaşdığım adamlar,

hamınızı unudacam!

Qəflətən gələn qonaq

səni lap unudacam,

əvvəlcə külək olub

gümüşləmiş saçını alnına dağıdacam, 

sonra

sənə yazdığım sonuncu şeirləri

könlümə qanad edib havaya uçuracam…

Qoy uçsun hara gəldi,

xallı kəpənək kimi

bir gün qonar ovcuna

bəlkə xatırlayarsan sonuncu şəklim kimi…

Mən söz verdim özümə,

bütün sevdiklərimi, hamısın unudacam!

Sonra,

sonra özümü

götürüb zirzəmiyə

bütün köhnədən qalan

yaddaşımda nə varsa,

hamsın töküb üstümə gizlincə yandıracam!

Xəbəriniz olmadan

bir gün belə

səssizcə,

hamınızı unudacam…

Ölüm yolçuluğu

Bu payıza da tənha girdik,

beş-altı sərçə,

üç-dörd qaratoyuqla

keçinəcəyik yazacan.

Damında məhzun gözlərlə

yemək gözləyən yaşlanmış köpək

və saralmaqda olan təbiət.

Beləymiş insan ömrü və arzuları,

yarısı boz, yarısı rəngli.

Ən ağrılısı içimizdəki payızdır,

içimizdəki xəzandır,

bir də geri qayıtmayacaq bahardır.

Açmayacaq yaşıl yarpaqlar,

cücərməyən,

gül açmayan arzulardır.

Hər doğuş günəşlə başlayır,

hər yaşam işıqla böyüyür.

Ölümün xəbərçisidir qaranlıq,

günəş bizi tərk edəli

başlayır ölüm yolçuluğu…

Mənasızlıq

Hər cürə yetimlik yaşadım…

əvvəlcə arzularım məni tərk etdi.

Beşikdəcə öldülər körpə ikən,

bir cüt geyilməmiş uşaq əlcəyi,

bir cüt sahibsiz kişi çəkməsi

köçüb qaldı xəyallarımda.

Sonra da gəncliyim intihar etdi,

asdı özünü ömrümdən.

Hər gün bir ömür ağacım yoldu saçlarını,

yarpaq-yarpaq yağdı üstümə

içimdəki erkən payız.

Sonra,

sonra

sən demə

ən pis yetimlik ürəkdən qalmaqmış.

Bir gün ürəyimdən yetim qaldım,

onda bildim

hər kəsin içimdə öldüyünü,

hər kəsin məni tərk etdiyini…

Ümid

Nə fərqi,

sən indi dünyanın harasındasan?

Təyyarə ilə

Ərəbistan səhrasının üstündən keçirsən,

ya da qatarla uzaq Sibir çöllərindən?

Bəlkə də gəmi ilə Reyn çayında üzürsən,

ya da Qalata körpüsündən

martıları seyr edirsən…

Əgər ac quşları yemləyərkən,

pişik balasını tumarlayarkən

ürəyində mərhəmət

və ağrı hiss edirsənsə

demək Somalidə bir ac uşaq,

Suriyada evsiz qarı,

Kabildə yaralı əsgər

hələ də gələcək üçün

xəyallar qura bilər.

Aida Adıgözəl - azerbaycan
Aida Adıgözəl – azerbaycan

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest