Aytac İbrahim – Şeirler
Nazım AHMETLİ
Kırımınsesi Gazetesi
Azerbaycan Temsilcisi
Aytac İbrahim 1997-ci ilin avqust ayının 19-unda Qax rayonunun Qıpçaq kəndində dünyaya göz açmışdır.
Kiçik yaşlarında müxtəlif şeir, mahnı, rəqs müsabiqələrində iştirak etmiş, nəaliyyətlər qazanmışdır.Orta məktəbi müvəffəqiyyətlə başa vurduqdan sonra Şəki Dövlət Pedoqoji kollecinin məzunu olmuşdur.Daha sonra repetitor kimi fəaliyyət göstərmişdir.İctimai fəal və gənc yazar olaraq tanınmaqdır.
Azərbaycanda fəaliyyət göstərən Müstəqil Yazarlar konfederasiyasının “Yazarlar” jurnalının redaksiya heyəti üzvüdür.Yazıları və şeirləri müxtəlif saytlarda, xarici dərgilərdə dərc olunmuşdur.
Aytac İbrahim
Şeirlər
Sən olmasaydın…
Sən olmasaydın,
ölərdi mənim son hisslərim …
Yaşı quruyardı, kirpiyi tökülərdi,
kor olardı, bu gözlərim …
Gəlməzdi dünyama baharlar, qışlar
inan,
heç səmamda uçmazdı da quşlar.
Sən olmasaydın,
bilməzdim ki, eşq nədir, aşiq kimdir,
yuxular ilandır, zəhəri bətərdir …
Sən olmasaydın,
yıxılardı başıma, bu uçuq dünya .
Sökə-sökə, tikə-tikə, ölə-ölə
dünya tikərdim mən özümə guya …
İndi elə bil ki yoxsan,
yoxsanmı, əzizim, daha ?
Yaşı qurumur, kirpiyi tökülmür,
donub qalıb bu kor olası mirət.
Yenə uçmaq istəyir səmamda,
qanadı qırıq, ürkək quşlar,
Amma heyif ki, yağır göydən daşlar.
Bahar da gəlir e, gözümün işığı,
sevdiyimiz həmin fəsil,
sevdiyimiz həmin hava …
Eh, əzizim …
Əzizim,
mən hara, dünya hara, sən hara …
İşdir, birdən alınmaz,
baxma, nakam gedərəm .
Sən Allah,
mən sənsiz ölsəm,
məni çoxdan bağışla …
Darıxan qız…
Necəsən, a darıxan qız?
Yenə kim ötdü xəyalından,
Kimə şah libası geyindirib,
Gileyləndin öz baxtından.
***
Sənin öz dünyanda,
Yenə havalar şıltaqmı,
Yaralı könül qapında,
Dəstək yeri sağdımı?
***
Oxşayırmı zərif telini
Arzu qoxan diləklər?
Yazdığın o şeirini,
Aparırmı küləklər?
***
Nə təhərdi gecələr?
Solun yenə ağrımır?
Ağrımağı bir yana,
Qəlbini yenə darlamır?
***
Sehir çubuğun hanı?
Hansı səmtə boylanıb.
Fırlat görüm işləyir?
Ya öz pasında qalanıb?
***
Gedənlər də qayıtmır,
Adamlar da yarıtmır.
Sevgi qoxan xəyallar,
Yuxuları dağıtmır…
***
Ay da göydə dillənir,
Səndən ümid diləyir.
Susqun durma din görüm,
Dan da səni dinləyir.
***
Dinləyir ki, deyəsən;
Azadlıq mənim ruhum,
Sərhədsiz bir qanunum,
Bir kəpənək ömrü tək,
Deyil mənim vurğunluğum…
Məndən sonra…
Sənə əta edirəm ;
Bütün gələcəyimi,
keçmişimdəki hər şeyi…
Məndən sonra,
yandırın yazdıqlarımı …
Sağlığımda dinləmədiklərinizi,
yoxluğumda oxumayın …
Sənə diktə edirəm ;
Bütün ölmüşlərinin ruhu !
Uzaq durun dincliyimindən !
Yalnızlığım zövq verir ,
çoxluqda özüm də ağrıyam…
Deyirəm ki,
yaxınlaşmayın bir addım !
Sənə lütf edirəm ;
Gecələrin hüznünü oğrayıram,
gündüzlərin nəşəsini …
Saçımın hər telini yoluram,
qəlbimin hər döyüntüsünü …
Eybi yoxdur ,
bu da olsun sizə ərmağanım …
Sənə şübhə edirəm ;
Bundan sonra edəcəklərinizdən …
Sənə ümid edirəm ;
Ümid edirəm,
pozmayacaqsız bu andı ..
Sənə inanıram ,
İnanmaq da istəmirəm …
Bilirsənmi,
bu paradoksallığın içindən,
mən 4 il əvvəl getmişəm …
Sənə əmanət edirəm ,
bilmirəm bu neçənci şeirimi …
Yox edəndə,
elə ilk bundan başla …
İndi isə hamınıza,
kiçik qızdan “əlvida” …
Türkiyəm…
Ey mənim şərəfli, qürurlu yurdum,
Sənə körpəlikdən məhəbbət duydum.
Böyük Turanın həp xəyalın qurdum,
Nazlı hilalının aşiqiyəm, Türkiyə!
Başına gələnlər üzdü halımı,
Bir təlaş bürüdü, sarsdı canımı.
İstəsən lap verrəm bütün varımı,
Tək çəkmə qəm yükünü, Türkiyə!
Keçəcək bu günlər buludlar kimi,
Açacaq güllərin sabahlar kimi,
Güləcək insanlar dünənlər kimi,
Məğrur dayan, qan qardaşım,Türkiyə!
Acını dindirən məlhəm çox olsun,
Tanrı həmişə Türkə yar olsun.
İtkilər ağırdır, başın sağ olsun,
Sarıldım boynuna, canım içi, Türkiyə!
10.02.2023
Şəhid…
(Şəhid Nəzir Osmanova ithafən)
Dinmir buraların göz yaşı…
Damcı-damcı, asta-asta “sən” axır …
Həsrət yağır küçənizin küncündən,
Elə bilirəm, dilə gəlib ad çağırır …
– Axı hardadır dünən gördüyüm?
Yollarımda gülə-gülə gəzdiyim,
Qoxusuna həsrət qalıb bitdiyim…
Eh….Ləpir izi…
A ləpir izi?
Sənə qurban, yadlaşma…
Yağış yuyub aparmasın,
Külək olub uçurmasın ,
İstəmirəm, istəmirəm …
Toxumasın,
İgidimin ayaq izinə …
Maşınlar şütüməsin,
Adamlar təntiməsin,
Qoy itməsin qədəmləri …
Yoxsa böyük dərd olar,
Bu sərsəri başıma…
Ey, sən !
O küçədəki həmin ağac…
Daha yığılmayacaq xəzəllərin
Uçacaq uzaqlara,
Elimizdən lap uzaqlara…
Görən apararmı sədamızı
Bilinməyən sonsuzluqlara,
Görünməyən adamlara….
A torpaq …
İsitdiyin canlara ömür qurban,
Qoru, oğlunu …
Qoru, körpəni …
Qoru …
Qoy qəribsəməsin qoynunda…
A başdaşı,
A daşlar,
Bir az yüngül olun,
Çökməsin ağırlıq …
Axı yaraşmır,
Siz daşların, qara mərməri,
Onun düz 23 yaşına…
1.01.2021
Salam, Payız…
Salam, payız!
Yenə bizə xoş gəlmisən!
İstin yoxdur,
Soyuqlarla bol gəlmisən!
Mənə danış,
Sarı, ölmüş yarpaqlardan.
Xəzəl olub,
Ayaq altda qalanlardan.
Külək vurub,
Sındırılmış budaqlardan,
Canı yanmış,
Tənha qalan qadınlardan!
Danış mənə, şairlərdən,
Gecəyarı sərxoş olub,
Yuxarıya deyənlərdən.
Əcəl olub yuvamızda,
Şirin-şirin gülənlərdən!
Söylə mənə kimliklərdən,
Beş köpüklük mütilərdən!
Səsin yoxdur, a payız,
Bilirəm ki, gəlməyəcək.
Sənə yazdım gördüyümdən,
Ölə-ölə, bilə-bilə
Damarıma gömdüyümdən…
Di gəl, payız,
Ağrın alım…
Onsuz sən də gedəcəksən!
Salamat ol, qal hələlik
Bir gün sən də bezəcəksən…
Dostum…
Yadındadır o günlər?
Sizə gələrdik …
Gülərdik, əylənərdik,
sonra qəfildən
hamımız bircə-bircə susardıq…
Bir də görərdik ki,
uzaqların lap uca məqamından
gözlərimizə baxırsan…
Gizlətmə məndən ;
Ha tərəfə dalırdı gözlərin?
Şəhid qardaşının,
hələ cavan yaşda,
beli bükülən ananın,
sənə həyan olan,
o sadə atanın yanına ?
Uzaqlara?
Çox darıxırdın, gözünə qurban?
kimsəsizliyin çox mu dərd olurdu,
ömrün boyu yük daşıyan başına?
Səninləyəm e, torpağına həsrət,
Cavab ver …
Çoxmu əzab çəkirdin ölüm yatağında?
Susma …
Yaxşı,
sus…
Sən sus,
mən danışım…
Xatırlayırsan?
bir konfeti,
bir almanı,
bir çörəyi
yarı bölərdin,
düz üçümüzün arasında.
Götürməsək, söz edərdin…
Bəs indi dillən görüm,
son istəyin nə oldu ?
Nəyi dadmaq istədin?
Kimi görmək istədin ?
Hansımızın adı əzbərində idi?
Lənət oxudun mu bizə ?
İncidinmi, bu yad doğmalardan,
küsdünmü, biriciyim?
Necə dirəndin bu səfalətə,
necə dirəndin bu ağrılara,
bu səfilliyə,
bu alçaqlığa ?!
Çox yaxşı xatırlayıram…
Son görüşlərimizdə,
divarları nəmdən paslanmış,
soyuq xəstəxananın bir küncündə,
astadan danışdın;
Dedin, aparın məni…
Çox aciz idim,
çox uşaq idim,
yanında idim,
amma əlim çatmırdı sənə.
Görərdin xeyir yoxdur kimsədən,
bir sığal çəkərdin,
İndi əllərinə möhtac qalan,
ucu qırıq-qırıq saçıma.
Sən gedəndən küsüb e,
uzanmır ki bu mirət…
Yoxluğundan 3 həftə əvvəl,
burnumun ucu göynədi sənə;
baxışına,
duruşuna,
sözlərinə kimi.
sözlərinin hərflərinə kimi .
Varlığını düşündüm hər gecə,
hamıdan xəbərsiz.
Amma bağışla,
hamı ilə birgə
yoxluğunu düşünə bilmədim.
Ağrını,
Xəstəliyini,
sənin də darıxdığını,
düşünə bilmədim …
Bilmədim sənsizliyə az qalıb…
Yuxuma girdin dəfələrlə,
yuxularda mesajlaşdıq biz…
Əl etdin,
qaçdın,
gəldin,
amma birdən getdin …
Bu dəfə röyalarda yox,
reallıqda heçə döndün…
Sən onları bağışlayarsan,
körpədir sənin qəlbin,
incədir,
qıymaz heç kimə,
bilirəm…
Amma mən bağışlamayacam heç kimi ;
Özümü,
Onu,
Bunu,
heç kəsi,
heç bir kəsi,
heç vaxt bağışlamayacam….
Son dəfəki gülümsəmən,
bir iz qoydu beynimin
sağ yarımkürəsində.
Hansı ki,
çarəsizlikdən,
kimsəsizlikdən,
yetimlikdən
kinayə ilə gülürdün…
Neçənci gündür yoxsan?
Neçənci yuxundasan?
Gəlim, oyadım səni?
gəl, yuxuma…
Gəl elə yuxumdaca,
səssizcə apar məni öz yanına…
Qayıtmayaq bir də…
Görməyək heç kimi,
kimsəylə danışmayaq…
İnsanlar pisdir, dostum…
Gəl ruh olaq,
dalaq göy üzünün ənginliklərinə,
gülək bir-birimizin üzünə…
Bu dəfə kinayə ilə yox,
daxildən gülək,
qəhqəhə ataq,
dolaşaq göy üzündə…
Amma nə olar,
haçansa,
bir də,
əsla,
buralara enməyək …
Qayıtmayaq, dostum,
qayıtmayaq ….
22.01.2021