GenelGüncelKültür SanatTürk Dünyası

28 may – Azərbaycanda Müstəqillik günü – Azer Turan

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

Azer Turan

28 may – Azərbaycanda Müstəqillik günü, Atatürkün Türkiyəni qurtuluş savaşına səslədiyi gün, Türkiyədə prezident seçkiləri və Bülənt Ecevitin doğum günü 

Səksən milyonluq Türkiyədə Azərbaycan kökənli Sinan Oğan Prezident seçkilərinə qatıldı və “Türk Milliyyətçiliyi və Atatürkçülüyü ölkənin ana gündəmlərindən birisi halına gətirdik” – deyə seçkinin sonuna Türkiyənin ən önəmli ismlərindən biri olaraq gəldi… İlk baxışda belə bir sual doğur: Atatürkün ölkəsində Atatürkçü zehniyyət siyasi həyatın mərkəzində deyildimi? Mərkəzindəydisə, bəs niyə səksən milyonluq Türkiyədə heç kəs Sinan Oğanın dediklərini təshih etmədi? Deməli, hamı razılaşdı ki, Türkiyədə Atatürkçü zehniyyəti siyasi həyatın mərkəzinə Azərbaycan kökənli bir siyasətçi daşıyır. Elə isə problem nədədir? Niyə Atatürkün qurduğu Cümhuriyyət Xalq Partiyası günümüzdə Atatürkün ideallarını təmsil edə bilməyib? Təbii ki, təmsil etsəydi, fəaliyyəti boyu Atatürk ilkələrini rəhbər tutsaydı, türk dövlətçiliyinin fiziki və mənəvi yapısını təşkil edən bütün milliyyətçilər Atatürkçü bir CHP-yə səs verərdi. Məsələ burasındadır ki, Atatürkdən sonra bu təmayül təkcə Mustafa Kamalın ucaltdığı türk bayrağını qucaqlamış Boz Qurd heykəllərinin yıxılmasına rəvac verməsiylə yadda qalmır, eyni zamanda Atatürkdən sonra, 1938-dən 1950-ci illərin sonuna qədər Türkiyədə, Arif Nihat Asya demişkən, coğrafiyamızın dışında qalmış irqdaşlarımızdan söz açanı irqçi, torpaqlarımızdan söz açanı turançı, dindaşlarımızdan söz açanı geriçi adlandırdıqları böyük bir zaman kəsimi var. 1944-cü ildə Türkiyəmizdə də Stalin metodu ilə “Turançı-İrqçi blokun” ifşası, damğalanması, yarğılanması, həbs edilməsi dövrü kimi yadda qalıb. Türkiyədə türkçülüyün simvolları olan Nihal Atsız, Zəki Vəlidi Toğan, Orhan Şaiq Gökyay kimi işıqlı simalar “şanlı rəis”in – İsmət İnönünün zamanında həbsxanalarda cəza çəkmiş, işgəncələrə məruz qalmışdılar. Hətta Adilə Ayda “Böylə idilər yaşarkən” kitabında 1944-cü ilin 19 may törənini xatırlayaraq: “Tribunadakı yerim cumhurbaşqanı İsmət İnönüyə olduqca yaxındı… Çıxışının yarısına çatdığı zaman içimi dəhşət bürüdü. Bir türk dövlətinin başqanı bu sözləri necə söyləyə bilərdi? Bunların Səbahəddin Ali-Nihal Atsız davası ilə əlaqədar ola biləcəyi ağlıma belə gəlmədi. Fəqət başqa bir şey ağlıma gəldi. Bu çıxışı İnönünün həyatında əbədiyyən silinməyəcək bir ləkə olaraq qalacaq”. Deməli, problem siyasi təsisatda – CHP-də deyil. Bu gün CHP-nin başında gerçək Atatürkçü Bülənt Ecevit kimi bir başkan olsaydı, nəinki Sinan Oğanın sözlərini təshih etmək lazım gələrdi, heç Sinan Oğan o sözü deməyə cəsarət etməzdi… Çünki Ecevit Atatürkdən sonra ilk CHP lideri idi ki, Türkiyənin türkcəsinə yönəldilməsini istəyən baş ideoloq və dövlət xadimi olmuşdu. 1974-cü ildə Kıprısa ordu çıxarıb zəfər çalmağı bacaran, Kıprıs fatehi kimi tarixə keçən, Başbakan olduğu dönəmdə isə əlləri türk qanına batmış Öcalanı türk ədalət məhkəməsinə təhvil verən Bülənt Ecevit kimi bir partiya başkanını kim sevməz?..

Qəzetimiz mayın 27-də çap olunacaq və ertəsi gün Azərbaycan Müstəqillik gününü bayram edəcək. Azərbaycan Cümhuriyyətinin 105 illiyi tamam olacaq… Türkiyədə isə həmin gün Prezident seçkilərinin ikinci turu keçiriləcək… Təbii ki, bizim həssasiyyətimiz Qarabağla bağlı vəfa borcumuzdan dolayıdır. Türkiyə Ərdoğana səs verməklə həm Turan yolunun açılmasını sürətləndirəcək, həm də təkcə Azərbaycanın deyil, bütün türk aləminin Qarabağdakı mövqelərini möhkəmləndirmiş olacaq… O ki qaldı Türkiyədəki bu seçkilərdə gündəmə gələn Azərbaycansız ipək yoluna… Kılıçdaroğlunun əlindəki natamam xəritəyə rəğmən, yaddaşımızda 1000 il əvvəl İbn Hövqəlin cızdığı və bizim üçün çox əziz olan bir xəritə var. İbn Hövqəl min il əvvəl Həmədandan Dərbəndə qədər, Ermənistan da daxil olmaqla, bütün əraziləri “Azərbaycan xəritəsi” adı ilə təqdim etmişdi. İpək yolu, Elxanilərin zamanında da, Səlcuqluların dövründə də İrandan deyil, Azərbaycandan keçirdi. Tarixən İran deyil, tarixçi Hellin dediyi kimi, xüsusən Elxanilər dövründə Azərbaycan ərazisi millətlərarası iş birliyinə səhnə olmuşdu. Hələ üstəlik, o zamanlarda nəinki Təbrizsiz, eləcə də Dərbəndsiz ipək yolu olardımı? Əli bəy Hüseynzadə demişkən, “Qafqaziya Asiya ilə Avropa arasında əzim bir bərzəx, cəsim bir körpüdür. Qədimdən bütün cahanın qapısı bu körpü üzərində idi, o qapının adı ərəblərcə babül-əbvab, yəni “qapılar qapısı” idi ki, bugünkü Dərbənddən ibarətdir. Bu gün Qafqazın bu qapılar qapısından belə mühüm daha iki qapısı vardır ki, birinin adı Bakı, digərinin adı Batumdur. Qədim atəşpərəstlərin qibləgahı, cədid petrolçu zərpərəstlərin səcdəgahı olan şu Bakı bütün Avropanın Asiyaya olan qapılarından biridir.” Belə bir qapıdan keçən ipək yolunu Kılıcdaroğlu görəsən niyə təsəvvür edə bilmir? Amma onun seçkilərdəki rəqibi Ərdoğan bunu dəmir ipək yolu adı ilə gerçəkləşdirməkdədir… Bu, həm də bilavasitə Azərbaycandan keçməklə Avropanı Asiya ilə bağlayan dəmir ipək yoludur…

Mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu, burda isə Azərbaycan Cümhuriyyətinin quruluşunun 105 illiyidir. Bu sayımızda Cümhuriyyətimizin Azərbaycan adlandırılmasının səbəbləri ilə bağlı Nəsiman Yaqublunun dəyərli bir yazısını dərc edirik. Maraqla oxunacağına şübhə etmədiyimiz həmin yazıda unudulan bəzi məqamlar var ki, bu da Azərbaycanla bağlı Əli bəy Hüseynzadənin fikirləri ilə əlaqədardır. Bəzi müəlliflərin haqsız iddiasına görə, guya Əli bəy Hüseynzadə üçün 1918-ci ilə qədər Azərbaycan problemi olmayıb. Olmayıbsa, bəs 1906-cı ildə yazılmış aşağıdakı sətirlər kimin qələmindən çıxıb? Əli bəy Hüseynzadə səhvən tatar adlandırılan qövmün məskənlərini, başqa sözlə xəritəsini cızaraq “Qafqaziyanın qonşu xalqlar tərəfindən səhvən tatar təsmiyə olunan türkləri… Qafqaz sıra dağlarının cənub səmtində sakin Azərbaycan türkləri ki, şirvanlı, bakılı, qarabağlı, gəncəli, irəvanlı və sairədən ibarətdir. İranın şimal-qərbindəki sakinləri də bunlardandır” – deyirdi. Beləcə, 1918-ci ildə yaranmış Azərbaycan Cümhuriyyətinin adı çoxdan siyasi leksikona daxil olmuşdu, hətta 1917-ci ildə Cəlil Məmmədquluzadə “Azərbaycan” məqaləsini yazmışdı. Və Əli bəy Hüseynzadənin 1906-cı ildə, Mirzə Cəlilin isə 1917-ci ildə təqdim etdikləri Azərbaycan bütöv Azərbaycan idi. Siyasi müstəvidə çoxdan ikiyə bölünsə də o, ədəbiyyatda, ictimai düşüncədə bütöv qalmışdı. Elə Hüseynzadənin də nişan verdiyi coğrafiya bütöv Azərbaycanın xəritəsini ehtiva edirdi. Hələ üstəlik, Əli bəy Hüseynzadəyə görə, “İştə, görünür ki, Qafqaz hürriyyət aləminin tarixində mühüm rollar oynayacaqdır. Bu rolların da ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir. Buralarını anlamalıyız da, ona görə hazırlanmalıyız!” Göründüyü kimi, söhbət istiqlala, azadlığa hazırlanmaqdan gedirdi və Hüseynzadə 1906-cı ildə bunu açıq mətnlə ifadə edirdi.

Hüseynzadədən daha əvvəl, hələ 1869-cu ildə rus tarixçisi P.Butkov Sankt Peterburqda çap olunmuş “Материалы для новой истории Кавказа сь 1722 по 1803 годь” kitabının xüsusən, Qarabağ və Şuşa barədə olan səhifələrində faktiki olaraq, Azərbaycandan, Azərbaycan xanlıqlarından bəhs edirdi… Daha əvvəl, XVII yüzilin ortalarında Övliya Çələbi “Səyahətnamə”sində Qarabağı “kiçik Azərbaycan” adlandırırdı.

…Azərbaycan muxtariyyəti ideyasının gündəmə gətirliməsi də 1917-ci ilə aid məsələ deyil. Hüseynzadə 1906-cı ildə “Həyat” qəzetində dərc etdiyi “Bakı vilayəti məbusları” məqaləsində Rusiya Dövlət Dumasına vəkil seçilən Əlimərdan bəy Topçubaşova, Əsədulla bəy Muradxanova, Məhəmməd Tağı Əliyevə səslənirdi: “Ey məbuslar! Millətimiz bütün ümidlərini indi sizə bağlamışdır… Biz insanız: Hər şeydən əvvəl… insanlıq hüququnu müdafiə ediniz. Məzlum olan sinifləri zalım siniflərin təcavüzündən azad etməyə çalışınız, tam müsavat, bərabərlik istəyiniz. Yersiz-yurdsuz əkinçilərimizə, kəndlilərimizə yer, torpaq tələb edin, fəqirlərin, kasıbların həyat şəraitini təshihə çalışınız. Biz qafqazlıyız: Qafqaz əhlinin özünü sərbəst idarə etməsinə özü baxa bilmək üçün lazım gələn muxtariyyət tələb ediniz. Biz müsəlmanız: Binaənəleyh öz dini əqidəmizdə vicdan azadlığımız üçün hər nə lazımsa onu istəyiniz, onu tələb ediniz. Biz türküz: Dilimizin, lisanımızın tərəqqisinə mane olan hər növ sədlərin, divarların yıxılmasına qeyrət ediniz!..” Azərbaycanın məfkurəvi-siyasi əxlaqının ideya və hərəkat şəklində təzahürü Əli bəy Hüseynzadənin bu sözlərindən və tələblərindən sonra gerçəkləşməyibmi? Hüseynzadənin siyasi və milli-ideoloji xəttini bütün çılpaqlığı ilə ifadə edən bu mövqeyi sonrakı mərhələdə də milli özünütəsdiqin və Azərbaycan istiqlal savaşının ən işıqlı yollarını nişan verməyibmi? Milli müstəqillik ideyasının ilk rüşeymi kimi görünən müxtariyyət tələbi, ərazi və torpaq istəyi, azadlıq fəlsəfəsi Əli bəy Hüseynzadənin siyasi qayəsi və hürriyyət konsepsiyası şəklində təzahür etməyibmi?

Yenidən seçkilərə qayıtmaq istəyirəm. Türkiyədə keçirilən ilk prezident seçkisidir ki, Azərbaycan məsələyə bu qədər yaxından təmas edir…

2017-ci ildə İstanbulda Milli Birlik ve Beraberlik simpoziumunda çıxışım zamanı (Milli Birlik ve Beraberlik Sempozyumu – Doç. Dr. Azer Turan’ın Bildirisi) türk düşüncəsində Azərbaycanın yeri məsələsinə toxunarkən, “Bayraq” şairi Arif Nihat Asyadan və Nihal Atsızdan da örnək vermişdim. Asyanın “Dilimizin qaynağı Türküstan və Azərbaycan torpaqlarıdır… Gələnəklərimizin, görənəklərimizin qaynağı Türküstan və Azərbaycandır” sözləri salondakılar üçün yeni olmuşdu və ardıyca Nihal Atsızın 1975-ci ildə yazdığı bu sözlərini xatırlatmışdım: “Azərbaycan Türkiyəni quran türklərin ilk yığınaq bölgəsiydi. Anadolu, İraq və Suriya buradan irəliləməklə ələ keçirilmişdi. On üçüncü yüzildə Xorasandan Akdənizə qədər uzanmış Böyük Türkiyəni idarə edən İlhanlıların mərkəzi bölgəsi Azərbaycandı. Yəni, bir baxıma Türkiyə bu gün qədim paytaxtını qeyb etmiş bir dövlət kimidir. Qüzeyi rus, güneyi əcəm əlində qalmış olan Azərbaycan bu gün də türkdür. Batı türklərinin bir bölümüdür. Qırğınla, kültürlə və hiyləylə yox edilmək istənməsinə rəğmən böyük bir diriliklə dirənməkdə və güclənməkdədir… Böyük keçmişi və mədəniyyəti olan böyük millətlər necə olsa zincirlərini qırarlar. O gün umulmaz dərəcədə yaxın da ola bilər. İstək və inanc hər güclüyü devirir. İnanalım və bəkləyəlim”.

İndi Türkiyədəki seçkilərə bir az da romantik kontekstdə Azərbaycanın belə ilginc və isti münasibəti, Nihal Atsız demişkən, həmin qədim paytaxtın münasibətidir. Ən əsası isə məsələnin mənəvi tərəfidir. Bunu isə Niyazi Yıldırım Gəncosmanoğlu dəqiq təfsir edib: “Ta ezelden hür milletiz, Soyu-sopu gür milletiz, Kandan, candan bir milletiz, Bir temel, bir duvar, bir taş Alevi, Sünni, Kızılbaş…” Bu, Anadolu ilə Azərbaycanı bütün məsələlərdə birləşdirən ən qırılmaz xətdir. Bizi siyasi coğrafiyalar ayıra bilməz: Səlcuqluların Malazgirddəki zəfəri Anadolunun qapılarını türklərin üzünə açdığı kimi, Azərbaycanın qapılarını da Bizansın üzünə ömürlük bağlayıb… Hətta səlcuqlulardan sonrakı dönəmdə, yəni Səlim və Xətai dövründə də birliyimizi sona qədər qoruyub saxlayan, Atatürkə “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” dedirdən, Heydər Əliyev vasitəsilə “Bir millət iki dövlət” düşüncəsini çağdaş siyasi düşüncəyə dövr etdirən də həmin inanc xətti oldu…

Tarixlər bir nöqtədə – mayın 28-də birləşdi…

İki gün sonra Azərbaycanda Müstəqillik günü qeyd olunacaq, Azərbaycan Cümhuriyyətinin 105 illiyi… Türkiyədə isə Prezident seçkilərinin ikinci turu keçiriləcək… Başqa bir 28 may da var. Türkiyənin xilasına səsləyən Havza Genelgesinin yazıldığı günü nəzərdə tuturam. Atatürk 1919-cu ilin 28 mayında ilk dəfəydi ki, həmin təmimnamə ilə, yəni yazılı təlimatla (genelgə ilə) türk millətinə səslənir, türkləri ayağa qalxmağa, yunan, fransız, italyan işğalına qarşı dirəniş göstərməyə, mitinqlər keçirməyə çağırırdı. Və 1919-cu ilin 28 mayından etibarən, yəni həmin gənəlgənin yazılmasıyla başlayan böyük mücadilənin və savaşın sonunda 1923-cü ildə Türkiyə cümhuriyyəti quruldu.

Mən Azərbaycansız İpək Yolu xəritəsi ilə həyatının idealını anladan siyasətçiyə deyil, Azərbaycanda zəfər paradına qatılan Ərdoğana güvənirəm. Dünya siyasətinin çağdaş durumu, təqiyyəni sevmir. Sözünü və sevgini ürəyində gizlətməyəcəksən, hər şey açıq-aydın ortada olacaqdır. Azərbaycan kökənli Sinan Oğanın Ərdoğanın xeyrinə dönüş etməsi orada necə görünür bilmirəm, amma Azərbaycan baxımından bu, qürurvericidir. Doğrudur, belə bir dönüş Sinan Oğana asan başa gəlmədi. Amma Oğan haqlıydı. Ən azı, vəfa borcu baxımından o, bir Azərbaycan əsilli türk olaraq belə davranmalıydı. Digər tərəfdən, ortada iki amil vardır: Azərbaycanın haqq savaşında ilk Türkiyə prezidenti oldu ki, Ərdoğan dünyada Azərbaycanın maraqlarını qeyd-şərtsiz önə çəkdi. Tarixdə ilk Türkiyə prezidenti oldu ki, Türkcə danışan Ölkələr Birliyi anlayışını Türk Dövlətləri Təşkilatına dönüşdürə bildi.

Mayın 28-i həm də əski CHP lideri və əski Başbakan Bülənt Ecevitin doğum günüdür. “Soyunmuş seslerimiz tenden / boşlukta bir aşk örüyor” kimi həssas və estet misralar nə xoş ki, şair olan bir başbakanın – Bülənt Ecevitin qələmindən çıxıb… Biz Eceviti siyasətçi olaraq sevmişik. Kıprısın fəthindən, əlləri türk qanına bulaşmış Öcalanın zərərsizləşdirilməsinə qədər… Ecevit “adam kimi bir adam” ömrü yaşadı. İki oğlu PKK tərəfindən şəhid edilmiş ana “Nəvələrimdən birinin adı Büləntdir, digəri Ecevit” deyə ona sayqısını ifadə etmişdi… Görəsən, Türkiyədə Öcalan aşiqi yaşıl solların Ecevitə münasibəti necədir?

                                       ***

2008-ci ildə Ecevitin Kiplinqdən (ingiliscədən Türkcəyə) çevirdiyi “Adam gibi bir adam” adlı şeiri Bülənd Ecevitin – tərcüməçinin üslubunu qorumağa çalışaraq Azərbaycan türkcəsinə uyğunlaşdıranda düşünürdüm: Bir Baş Bakan necə olur ki, bu qədər şaircəsinə yaşaya və bu dərəcədə həssas düşünə bilir?

Türkiyədəki seçkidə qələbə Türkiyənin və Azərbaycanın xeyrinə olsun. Atatürkün Türkiyəsi əbədi yaşasın. Türkiyə Atatürk milliyyətçiliyinə hər zaman sadiq qalsın.

Seçkidən sonra isə həyatımızı bu şeirdəki kimi davam etdirək…

 25 may 2023

 Adam kimi bir adam

Çevrəndə hər kəs şaşırsa bunu da səndən bilsə

sən ağlı başında qala bilərsənsə əgər

hər kəs sənə şübhə etsə həm şübhəyə yer buraxıb

həm özünə güvənə bilsən əgər

                   ***

gözləyə bilsən usanmadan

yalanla qarşılıq verməsən yalana

özünü övliya sanmadan

kin tutmaya bilsən sənə kin tutana

                    ***

röyalara qapılmadan röya qura bilsən

yolunu sapdırmadan düşünə bilsən əgər

nə qazandım deyə sevinib,

nə yıxıldım deyə acımasan

ikisinə də dəyər verməyə bilsən əgər

                    ***

söylədiyin doğrunu və gerçəyi əyib bükən hiyləgər

inandıra bilsə safları, dərd etməsən bunu özünə

ömür verdiyin işlər pozulsa da usanmayıb

yenidən işə başlaya bilsən

                    ***

töküb ortaya varını yoxunu

bir püşkdə itirsən belə

itirdiklərin nə idi bunu almadan dilinə

yenidən başlasan yoluna

                    ***

ürəyinə, sinirinə “dayan” deyərək

dirənişindən başqa bir şeyin qalmasa

hər kəsin yarıda qoyub da dönüb getdiyi nöqtədə

sən duruş gətirə bilsən tək başına

                    ***

hər kəslə qalxıb-enib yenə də ərdəmli qala bilsən

unutmaya bilsən xalqı, krallarla gəzsən də

dost da, düşmən də incidə bilməzsə səni

nə kiçildib, nə də böyütməsən çevrəni

                    ***

hər saatın hər dəqiqəsinə

əməyini qatarsan alın tərinə

haqcasına bölüşsən vicdanındakı ədaləti

Hər şeyilə dünya önünə sərilər

qorxduğun yerdə əl öpməz

hökmran olduğun yerdə əzməsən

oğlum adam oldun demək

üstəlik adam kimi bir adam.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest