Aqil ABBAS: ŞUŞAYA DİZİN-DİZİN SÜRÜNƏN KİŞİNİ MƏN GÖRMÜŞƏM, XEYRƏDDİN QOCA

Nazim Əhmədli şair-publisist

Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi

Aqil ABBAS: 

ŞUŞAYA DİZİN-DİZİN SÜRÜNƏN  KİŞİNİ  MƏN GÖRMÜŞƏM, XEYRƏDDİN QOCA     

İli dəqiq yadımdan çıxıb, deyəsən, 1977-ci il idi. Bəxtiyar Vahabzadənin  dəvəti ilə Türkiyədən Oktay Akbal adlı məşhur  bir yazıçı-jurnalist  xanımı ilə Bakıya gəlmişdi. Həmin vaxt  qanunlar  var idi,  yəni gələn qonaq Bakıdan  kənara  çıxa bilməzdi. Oktay bəy isə   Şuşaya getmək istəyirdi. Bəxtiyar müəllim  çox çətinliklə hökumətdən, daha dəqiq desək, KQB-dən qonağını Şuşaya  aparmağa  icazə ala bildi. Bəxtiyar Vahabzadə idi də, sözünün  üstünə söz  deyə bilməzdilər.

Üz tutduq  Şuşaya, mən də  müşayiət  edənlərin  arasında idim. Məni sayıb özlər  ilə götürməmişdilər ey, əmioğlu Şahmar Əkbərzadəyə  sürücü sifəti ilə gedirdim.  Kim bilirdi ki, sürücü sifəti  ilə gedirdim, elə forslanırdım ki, kimlərlə Şuşaya  gedirəm.

Dolamaları  qalxıb Tar fabrikinə  çatanda  Bəxtiyar müəllimgilin  maşını dayandı.  Təbii ki, biz də maşını saxladıq.

Oktay Akbal xanımı ilə birgə maşından yendi. Əynində də ağappaq kostyumu var. Çox  boylu-buxunlu, yaraşıqlı bir kişi idi.  Bir suyu professor  Nurəddin Rzayevə  oxşayırdı.

Və birdən Oktay bəy hönkürtü ilə dizi üstə düşdü. Elə hönkürürdü ki, elə bil  min ildi ağlamamışdı. Hamımız donub qalmışdıq. Sonra  başladı torpağı qucaqlayıb sürünməyə. Xanımı da  diz çöküb ağlayırdı.  Bəxtiyar müəllim  nə qədər  elədi yerdən qaldıra bilmədi. Lay divar Şahmar Əkbərzadə yaxınlaşıb onu qaldırmaq istədi. Oktay bəy isə ağlaya-ağlaya deyirdi:

– Dəymə, Şahmar bəy, dəymə!

Amma Şahmar qaldırdı. Qucaqladı  Şahmarın boynunu, yenə ağladı. Sonra  Bəxtiyar müəllimi  qucaqlayıb ağladı, sonra Bəxtiyar müəllimin  sürücüsünü, hətta məni də. Və nəhayət, xanımını  sıxdı bağrına və dedi:

– İndən sonra  ölsəm, dərdim olmaz!

Üst-başı da  gömgöy, otun   rəngi çıxıb.

Bəxtiyar  müəllim  təəccüblə soruşdu:

– Nə olub, Oktay bəy?

– Bəxtiyar, sənə də deməmişdim, qorxurdum ki, ağzından  qaçar, məni  Şuşaya  apara bilməzsən.  Mən Pənah xanın  nəslindənəm. Ən böyük arzum idi ki, dədəmin   tikdiyi  şəhəri görüm. Sağ ol, Bəxtiyar, bu  xoşbəxtliyi  sən mənə nəsib elədin. İndən  belə ölsəm də fərq etməz.

Təbii ki, onun  bu sözləri hamımızı kövrəltmişdi. Şuşanın  girəcəyində bizi  Rayon Partiya Komitəsinin  birinci katibi, mənim  atamın əmisi  nəvəsi, Kolanı kişisi Əhəd Kərimov qarşıladı.  Baxdı gördü ki, Oktay bəyin ağ kostyumu yaşıla boyanıb. Dedi ki, Bəxtiyar  müəllim, bəlkə təzə kostyum gətirək.  Oktay bəy razılaşmadı. Dedi ki, əvvəla, maşında başqa  kostyumlarım var, amma mən elə bunla gəzəcəm Şuşanı. Sonra da aparıb Türkiyədə bunu –  izi bir xatirə kimi  saxlayacam, sonra da hərdən  qoxulayacam.

O vaxt Cıdır düzündə  bir Qonaq Evi  vardı, getdik ora. Gözəl bir  süfrə  açmışdılar. Nə qədər elədilər mən həmin  süfrədə oturmadım. Otura  da bilməzdim.   Bəlkə elə söhbətləri  vardı ki, mən eşitməli deyildim. 

Əhəd  müəllim  daha çox israr  edirdi:

– Qardaş oğlu, əmiyin bişirtdirdiyi  plovdan  yemək istəmirsən?

İstəyirdim, amma yaşım imkan vermirdi. Mən düşdüm  Cıdır düzündəki  çayxanaya.  Uşaqlıq dostlarım gəldi, onlarla  gözəl  bir çay içdik, bir tikə də çörək yedik.

Sonra qonaqlar çıxdı və bütün Şuşanı  birlikdə gəzdik, İsa bulağına  endik. Oktay bəy elə  həmin kostyumdaydı. İlahi, qeyri-adi bir  şey idi. Bu  yaraşıqlı kişinin üzü  daha da  nurlanmışdı. Elə bil ki, Pənah xanın  nuru  çökmüşdü  onun sifətinə.  Vaqifin məzarını  ziyarət elədi, Nəvvabın məzarını  ziyarət elədi. Gəldi oturdu Ərimgəldidə, üzü  Qarabağa baxdı. Və Ərimgəldinin  nə olduğunu   xanımına  izah elədi. 

Sonra döndük Ağdama, İmarətə. Babalarının  qəbrinin  önündə diz çökdü, ruhlarına  dualar  oxudu.

Və nəhayət, qayıtdıq  Bakıya.

Bəxtiyar müəllimin də, Şahmar əminin də, Bəxtiyar müəllimin  sürücüsünün də üzü  bir az da nurlanmışdı. Özümü görə bilmədiyimə görə  bilmirəm, bəlkə də mənim  üzüm iki dəfə nurlanmışdı.

Belə-belə işlər, Xeyrəddin Qoca…

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.

Pin It on Pinterest