GenelGüncelKültür SanatTürk Dünyası

Adı Zöhrə ulduzu ilə yan-yana  Özbək şairi Nadirə Bəyim – Minaxanım Təkləli


Minaxanım Təkləli

Prof. Azərbaycan Dövlət Pedaqoji Universiteti

Adı Zöhrə ulduzu ilə yan-yana  Özbək şairi Nadirə Bəyim

Çoxdan bir filmə baxmışdım və çox illər keçsə də o faciəni – bir kövrək qadının ürəyinə çəkilən çalin-çarpaz dağı, insanlıq adına vəhşəti unutmaq olmurdu. “İnsanlar arasında tək-tənha”(1974) adlı bu özbək filmi şair Mahlarayım Nadirə bəyimin xoşbəxt şair ömrünə, bir o bəxtəvərliklə ağırlığı tən gələn acı taleyinə həsr olunmuşdu.  Şərəfli Babur sülaləsindən Ming ailəsinə mənsub olan Özbək şairi Маhlarаyıм Nаdirə bəyim 1792-ci ildə Əndicanda Rəhmanqulu xanın ailəsində doğulmuş, Kokand hakimi Umar xanla sevgi üzərində ailə qurmuş,  1842-ci ildə faciəli şəkildə öldürülmüşdü. Kokand bərəkətli Fərqanə vadisində bir xanlıq idi.  Həyat yoldaşı olan Umar xan da onun kimi şair idi (hazırda Özbəkistan EA-nın Şərqşünaslıq İnstitutunda onun on min misralıq şeirlər divanı mühafizə olunmaqdadır), Əmiri təxəllüsü ilə yazırdı və vilayətin Fəzli Namanqani, Müqimi, Firqət, Arazi, Təcəlli kimi şairlərini, elm-irfan adamlarını lütfkarlıqla himayə edirdi. Onun vaxtında Kokand bir növ ədəbiyyat və sənət mərkəzinə çevrilmişdi desək, bu,  mübaliğə olmasın gərək.

Nadirə bəyim isə bu illərdə Özbək şairləri Cahan xatun Üveysi, Məhzunə Mehriban bəyim, Müştəri, Məhzadə bəyim, Ənbər xatunla yanaşı Kokand qadın poeziyasına ətir qatmaqda idi.

Nəsil bağları ilə Teymurilərə, oradan da Çingizilərə calanan böyük Baburlar ailəsinə məxsus olan və Əndican hakimləri ailəsində pərvəriş tapan Nadirə bəyim yaxşı təhsil almışdı; tarixə və ədəbiyyata heyranlığı vardı. Bir əsilzadə türk qızı olaraq mehri-ülfətə, ədalətə, mərhəmətə qəlbi açıq idi və şeirlərində bunları bir gözəllik olaraq təbliğ edirdi. Bununla o Əlişir Nəvayi və Mirzə Əbdülqadir Bedil irsinin sadiq davamçısı olaraq özünü tanıtmışdı. Nadirə bəyim öz yaradıcılığında  onların parlaq ənənələrini davam etdirərək yaradıcı düşüncə ilə, habelə can yanğısı və eşq ilə, nəhayət dipdiri sözlə insana məhəbbət adlı mənəvi gözəlliyi üzə çıxarırdı. Bu üzdən baş mövzusu sevgi idi; ənənəvi türk şeirinə xas olan sevgi və həsrəti həm ümman coğqusu, eyni zamanda ürək ağrıları ilə – sevgini sevgi kimi, ayrılıı ayrılıq kimi tərənnüm edirdi. Nadirə istəyəndə göz yaşı tökən, istəyəndə qəh-qəhə çəkən bir ürəyə sahib idi: “sevgini anlamayan insan deyil” deyərək keçən əsrlərin bir çox əlyazma kolleksiyasına daxil edilmiş öz divanına  elə buna görə də  “Sevginin aynası”  adını vermişdi.

Nadirənin ərinin vaxtsız ölümündən sonra meydana çıxan “Hicran nəğmələri”  adı altında birləşmiş şeirləri də  çox ürəklərdə əks-sədasını tapdığındandır ki, çox oxunur, xalq arasında geniş yayılırdı.

Ərəbü – Əcəmdə məşhur idi o şahlar şahım,

İskəndər səltənətlı şahi- Turanımı saqındım 

Tökər Nadirə qəm yolunda göz yaşın Züleyxa təki,

Kim, ol Yusuf kimi sultan Umar xanımı saqındım.

(qeyd: saqındım “özlədim, həsrətini çəkdim”).

Nadirənin şeirləri Özbək ədəbiyyatının 19-cu əsrin birinci yarısı üçün xarakterik olan mütərəqqi meylləri ilə seçilirdi. Belə ki, Nadirə yaradıcılığı bu dövrün özbək poeziyasında mütərəqqi bir istiqamətin formalaşmasına yol açmaqla müasirləri olan qələm qardaşları Munis, Ağahi, Məxmur, Gülxani, Qazi, Üveysi və Məhzuna ilə birlikdə dövrünün şeirinin inkişafına və zənginləşməsinə öz töhfəsini verən görkəmli bir şairədir. Nadirənin müasirlərinin (Həkimxan, Xətib, Müşrif və s.) tarixi və ədəbi əsərlərində şairənin sənətkarların hamisi kimi mədəni həyatda fəal iştirak etdiyi – elm və ədəbiyyatın inkişafına kömək etməsi, mədrəsə binalarının, karvansaraların, ticarət mərkəzlərinin tikintisində iştirak etmiş bir hakim qadın olması  barədə məlumatlar var.

Nadirə bəyim yaradıcılığında onun əsas xüsusiyyətlərindən biri açıq şəkildə görünür: şairə qadınların, öz müasirlərinin həyatına daim diqqətlə yanaşır, qələmilə dini xürafatın pəncəsi altında əzilən, dəlik- deşik olmuş, zərbələrdən çatlamış, sınmış ürəklərə məlhəm çəkirdi. Qadınların gözəlliyini və xeyirxahlığını tərifləyir, istəklərini tərənnüm edir, sevgiyə-sayğıya bu möhtac qadınların keçdiyi iztirablı yoldan gələcəyin parlaq günlərinə səsləyirdi. Mahlarayım Nadirə qadın hüquqlarını qorumağa çalışır, ədalətə və insanlığa səsləyir. “Sevgidə biganəliyə, dəyişkən xoşbəxtliyə, eşidilməyən an-naləyə” varlığı ilə nifrət edir. Nadirənin qəzəlləri dostluq, sədaqət və səadət ideallarını əks etdirir. Elə bu üzdən Nadirənin şeirindən təsirlənən müasirləri və davamçıları mükəmməl bədii yaradıcılıq nümunələri yaratmaqla heç onu unutmadılar. Tam bir əsr-19-cu əsri başdan-başa  yaşamış şairə Dilşad xatun heyranlıqla, ustadı sandığı Nadirəyə xitabən yazırdı: "Mənim mahnım Nadirənin misralarına bənzəyir və mən də səsimi onun səsinə qatıb mahnımızı  oxuyuruq".
Gəncliyində yaxşı bir təhsil almışdı, odur ki, yalnız öz doğma özbək dilində(cağatay türkcəsilə) deyil,  həm də fars-tacik dillərində şeirlər yaratdı. Şərq  tarixi və ədəbiyyatına dair kitablara aşina olan şair həm dəryaların dərinliyində gizlənmiş inci qədər, torpağın dərin qatlarında yatmış milyon illik almaz qədər, tapıntı qızıl külçəsi qədər nadir idi...  Ana dilində (cağatay türkcəsində) yazdıqlarını “Nadirə” və “Kamilə”, Fars-Tacik dilində yazdığı  şeirlərini isə “Məknunə” (pünhan, bərk gizlədilmiş, əsrarəngiz) təxəllüsü   ilə imzaladı. Nadirə otuz yaşındaykən əri Seyid Məhəmməd Umarxanı itirir (1822). Oğlu on iki yaşlı Məhəmməd Əli xan hakimiyyətə keçir. Özü hakim ailədən gələn Nadirə bəyim oğluna qəyyumluq etməklə əslində xanlığı idarə edir. Bu dövrdə Nadirəni xanlığın siyasi və ictimai həyatında fəal mübarizədə, oğlunun siyasi fəaliyyətinə müdaxilədə, həm də ağır keçən bu qarmaqarışıqlıq dövründə xanlıq daxilindəki üsyançı düşmən qruplarla  barış yaratmaq cəhdlərində və ümumiyyətlə,  xoşbəxt və faciəli taleyinin zirvəsində görürük. Bunlarla bir sırada şairə ömrünün sonrakı illərini ədəbiyyat həvəskarları və himayədarları arasında keçirməyə başlayır. Kokandda onun adı ilə bağlı xeyirxah işlər çoxdur, lakin tikdirdiyi örtülü bazar, məscidlər, mədrəsələr bir abidə olaraq onun adını yaddaşlara həkk etmişdir
Nadirə bəyimin ətrafında intriqa və münaqişələrin, hətta sui-qəsdlərin  dolaşıq hörümçək toru get gedə daralmaqda idi. Bunlar, ölkənin feodal parçalanması, Manqıt tayfasına mənsub Buxara əmirinin daxili çəkişmələri dövründə baş verirdi
Qarşı tərəf bütün vasitələri işə salmışdır: satqınlıq, xəyanət, qətli-qarət ... Deməli, güclü Buxara əmiri qorxunc, nəhəng hakim Bahadır xan  və onun hədəfi isə özünə qeyri bərabər hədəf seçdiyi məsum bir qadın idi, şair idi. Şair isə şəri, böhtanı bir yana qoyub onlara üstün gələcək sevgini tərənnüm edirdi:
Ne gülü seyreylə, nə fikri- bahar et,
Dünyadan keç, xəyali vəsli yar et. 
Məhəbbətsiz insan adam  deyildir
Əğər adam isən məhəbbət ixtiyar et. 

Sözün yaddaşına həyəcan və həssaslıqla köçürdüyü həyat lövhələri, insani mənzərələr, buradan da təsvir-təhqiq mərkəzinə gətirdiyi xoşbəxtlik və bədbəxtliklər – bir sözlə, aləmə fərqli münasibətin, adiliklərdən qeyri adiliklər çıxarmağı onun öz qələminə, sözünə, düşüncəsinə nə vaxtdandır ki sevgi və sayğı cəm etməkdə idi..

Ancaq belə bir zamanda Nadirə bəyimin yazdığı şeirlər hər silahdan daha dəhşətlidir, çünki Nadirə bu şeirlərdə zorun-zorbalığın, qəsbkarlığın və dərəbəylik cəhalətinin ağır mənzərəsini göstərdi. İnsanlıq öyküsünü, hər kəsin insan ləyaqəti haqqını təsdiqlədi. Azadlıq ruhuna bürünmüş, xoşbəxtlik uğrunda mübarizəyə səsləyən mahnıları sadə insanlar tərəfindən oxundu həm dillərdə, həm ürəklərdə yaşadı səssizcə. Nəsrulla Bahadır xan isə xalqın hafizəsində “əmir-qəssab” adı ilə ən qanlı, ən qəddar hökmdar kimi qalmaqdadır. Xivə, Kokand, Buxara xanlıqlarının bir-biri ilə didişməsi rusların bura gəlməsinə, “ayır-buyur” siyasətinə yaxşı zəmin hazırlayırdı. Buxara əmiri, dul qalmış, bununla köməksiz vəziyyətə düşən Nadirə bəyimdən iddiasında olduğu ərazilərin dərdindədir. Bu güclərə qarşı, fitnəkar hərəkətlərə qarşı duran isə bir zərif qadın idi. Bütün bunlar ona qarşı çevrilmişdi. Onunsa indi artıq həyəcanlı və dərdli, qayğılı  şeirləri dayanırdı bu gücə qarşı. Nadirənin acı və erkən başlamış yalqız təkliyini, ümidsiz səylərini və əzabını artıq çatdırırdı bu şeirlər.

Nadirə bəyimin həyatı faciəvi şəkildə sona çatdı. 1842-ci ildə şairə, oğulları Məhəmməd Əli və Sultan-Mahmud və nəvəsi ilə birlikdə Buxara əmiri Səid Nəsrulla Bahadır xan (hakimiyyət illəri: 1826-1860) əmri ilə vəhşicəsinə öldürüldü.  Şairin bununla da nə vaxtdı ki “bu gün-sabah” deyə gözlədiyi labüd ölümə  səmt alan iztirablı yolu bitir nəhayət. Şairin yaradıcılığı özbək ədəbiyyatında silinməz iz buraxdı. Nadirə parlaq bir gələcək xəyal edirdi və müasirlərini yanına çağırırdı. Nikbinliklə: “Xoşbəxtliyimizin günəşinin necə parlayacağını  və zindan qaranlığının necə bitəcəyini xəyal edirəm.”  Mahlarayım Nadirə bəyim Kokandda “Madəri – xan” (Ana evi) məqbərəsində dəfn edilmişdir.

Heç unudulmadı şair; Veneranın bir kraterinə məhəbbət şairi Nadirə bəyimin adı verilmişdir. Doğulduğu  Əndicanın mərkəszində adına prospekt vardır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest