GenelGüncel

Cavanşir Feyziyev: “Suverenlik dövlətimizin əsas atributlarından biridir”

Cavanşir Feyziyev
Milli Məclisin deputatı
Fəlsəfə doktoru
Cavanşir Feyziyev: “Suverenlik dövlətimizin əsas atributlarından biridir”
2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər təkcə döyüş meydanında deyil, həm də diplomatik cəbhədə Azərbaycanın gücünü və potensialını göstərdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 27 il kağız üzərində qalmış qətnamələrin icrasını Azərbaycan döyüş meydanında təmin etdi. Ötən il 19-20 sentyabr tarixində həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə ölkəmiz öz suverenliyini tam bərpa etdi. Əgər üç il bundan əvvəl Vətən müharibəsi nəticəsində rəşadətli və nizami ordumuz işğala son qoymuşdusa, ötən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi yaratmaqla ərazi bütövlüyümüzü bərpa etmişdisə, sentyabrın 20-də tarixi ərazi bütövlüyümüzü tamamlayan bu növbəti parlaq Qələbə nəticəsində Azərbaycanın suverenliyi tam təmin olundu.

Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.

Mahiyyət etibarilə, dövlət əhalinin öz ərazisi üzərində sərhədləri aydın şəkildə müəyyən edilən, lokal, regional və qlobal müstəvidə digər dövlətlər tərəfindən beynəlxalq səviyyədə tanınan, dünya dövlətləri ilə diplomatik-siyasi münasibətlər quran, hüdudları bəlli olan quru, su, hava məkanına nəzarəti həyata keçirən müstəqil, suveren qanunverici, qanunicraedici və qanunmühafizəedici hakimiyyətlər sistemidir. Bu ali sistemin ən dəyərli sərvəti isə onun suverenliyidir.

Funksiyası etibarilə suveren dövlət konstruktiv əsaslar üzərində qurulan, obyektiv qanunlarla öz müqəddəratını özü təyin edən, ictimai-siyasi taleyini özü müəyyənləşdirən, başqa bir dövlətdən asılı olmayan, dövlət əhəmiyyətli hər hansı qərar qəbul etdikdə azad fikirli, müstəqil düşüncəli vətəndaşlarının könüllü rəyinə əsaslanan, əhalinin təbii tələbat və ehtiyaclarının ödənilməsi mexanizmini təşkil edən, bütövlükdə insan hüquqlarının təmin və müdafiə edildiyi bir təsisatdır.

Beynəlxalq hüquq normalarına əsasən dövlətə dair göstərilən hər bir parametrin ayrı-ayrılıqda öz növbəsində toxunulmazlığı dövlət suverenliyini şərtləndirən və reallaşdıran mühüm prinsipdir. Təəssüf ki, siyasi və ideoloji əsarətə söykənən  Azərbaycan SSR tarixində Azərbaycanın dövlət suverenliyi hüququ birmənalı olaraq kobud şəkildə pozulmuşdur. Azərbaycan SSR sovetlər birliyinin tərkibində hakimiyyət sisteminin əsas tərkibinin mütləq əksəriyyətinin antimilli olmasına baxmayaraq, əsrlərlə siyasi şüuru və dövlətçilik ənənəsi olan bir xalqın dövləti idi və bu dövlətin konstitusiyası var idi. Nəzərdə tutulan konstitusiyanın müvafiq maddələrinə əsasən, Azərbaycan dövlətinin əraziləri xalqın iradəsi olmadan dəyişdirilə bilməzdi. Lakin tarixi ədalətsizliklə dolu olan faciəli reallıqlar bunun əksini göstərməkdədir. Sovet hakimiyyətinin mərkəzi siyasi aparatını təmsil edən aktorlar tapındıqları və mənsub olduqları kommunist ideologiyasının əksinə getməklə yanaşı, qəbul etdikləri konstitusion prinsipləri pozmuş, bununla da həm mərkəzdə, həm ittifaq respublikalarında totalitar mühit yaratmışdılar.

 Məsələn, de-yure olaraq hökumət başçısı Nəriman Nərimanov olduğu halda, de-fakto səlahiyyətləri Orconikidze və ya Çiçerin icra edirdi. Həmin totalitar mühitdə əziyyət çəkən sovet xalqları arasında əhalisinin kütləvi surətdə  deportasiyasına, irimiqyaslı ərazisinin çapılmasına görə ən çox itkilər verən və mərhumiyyətlərə məhkum edilən məhz Azərbaycan xalqı olmuşdur.

Dövlət suverenliyinin qazanılmasına gətirən yolda ulu öndər Heydər Əliyevin uzun illərin təcrübəsinə əsaslanan əvəzsiz xidmətlərini, Ali Baş Komandan İlham Əliyevin 20 illik siyasi və ideoloji mücadiləsini xüsusi vurğulamalıyıq.

Bu gün Dövlət başçımızın qətiyyəti, yüksək diplomatik səriştəsi, həmçinin bütün məsələlərdə beynəlxalq hüquqa və ədalətə istinad edən prinsipial mövqeyi sayəsində Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş, 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına, eyni zamanda 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv qəbul edilmişdir və hazırda təşkilata uğurla sədrlik etməkdədir. Digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq Azərbaycana inteqrasiyanın dərinləşməsinə, ölkə reallıqlarını dünya ictimaiyyətinə obyektiv və dolğun çatdırmağa imkan vermişdir. Azərbaycan Prezidentinin sülh və humanizm, birgə geniş əməkdaşlığı təmin edən xeyirxah missiyası qlobal məkanda birliyin, tolerantlığın, sivilizasiyalararası dialoqun, multikulturalizmin dərinləşməsinə töhfə verir, dövlətlərarası səmimi münasibətlərin təmas nöqtələrinin trayektoriyasını müəyyən edir.

Azərbaycanın xarici siyasət institutunun qarşısında duran bir nömrəli məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli idi ki, dövlət başçısının diplomatiyası, cəsarəti, siyasi iradəsi sayəsində bu məsələ bütün beynəlxalq və hüquqi normalara söykənərək ən yüksək səviyyədə həllini tapmış oldu.

Bu gün Azərbaycan tam müstəqil, suveren dövlət kimi istər siyasi arenada, istərsə də beynəlxalq aləmdə söz sahibidir. Dövlət suverenliyimizin qazanılması isə 200 ildən sonra xalqımıza bəxş olunan böyük və müqayisəyə sığmaz bir ərməğandır. Suverenlik özü də gerbimiz, bayrağımız, himnimiz kimi dövlətimizin əsas atributlarından biridir.

azerbaycan devlet suverinliyi günü
azerbaycan devlet suverinliyi günü

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Pin It on Pinterest