SƏYYAD ƏHMƏDLİ (GÖYÇƏLİ)NİN YAZILARI
Dəli könül
Dəli könül nə atlanıb, düşürsən,
Tale sənə nə veribdi barış, get.
Qədərin,qismətin nə isə götür,
Çalış doğru yolçulara qarış ,get.
İnsanı ucaldan namusdu,ardı,
Əfsanə seylərdi, puldu, ya vardı
Çəkmə çox xiffətin, o, bir azardı,
Şükr elə, bəsindi qəpik-quruş , get.
Arxaya boylanıb alışma, yanma,
Namərdin yanında əyilmə, sınma,
Səni tərk edəni düşünmə ,anma,
Fələklə əbəsdi, bil ki, yarış, get.
Var-dövlət fanidi,boşdu, bil onu
Aqillər cox yaxşı bilirlər bunu,
Beşcə arşın ağdı həyatın sonu,
Arxanca gələnə ver ismarış, get.
Səyyad, bu işlərdə gəl olma naşı
Varmadın fərqinə, öturdün yaşı
Əgər ki, istəsən ağrımaz başı,
Uzaqlaş bu işdən, qarış- qarış , get.
Gələk
Ay aran gözəli gedək mənimlə,
Ulu Göyçəmizi dolanıb gələk.
Bənzəri olmayan dağlarımızda,
Bitən gül-çiçəyə bulanıb gələk.
Qoyaq izimizi hər bərəsində,
Uyuyaq qartalın qıylı səsində,
Üç daşlar, Yelli yurd,Şıx dərəsində,
Buzlu bulaqlarda sulanıb gələk.
Uşaq vaxtı bir az kənar gəzdiyim,
Qorxa-qorxa yarpağını üzdüyüm,
İncidəndə hərdən dodaq büzdüyüm,
Gicitkən kolunda dalanıb gələk.
Səyyadın saralmış-solmuş kəndinin,
Yağı tapdağında qalmış kəndinin,
Dilinin əzbəri olmuş kəndinin,
Birlikdə oduna qalanıb gələk.
Anadı
Bu dünyaya,gələn gündən, biləsən,
Həyatında, xanimanın, Anadı.
Aldığın nəfəsdi,gözünün nuru,
Çox sevdiyin şirin canın,Anadı.
Qüssədən, kədərdən sozalsan da sən,
Dilində əzbərdi,qocalsan da sən,
Hansı zirvələrə ucalsan da sən,
Şan-şöhrətin,adın-sanın ,Anadı.
Qaşqabaq sallayıb, olma acıdil,
Məhşərdə yanarsan, onu yəqin bil,
Rəftarın xoş olsun,qucaqla, de-gül,
Dost-tanışın, dördbiryanın, Anadı.
Məndən şeir uman ,a özbək qardaş,
Qulaq as, söyləyim,heç qalma çaş-baş,
Namus da,qeyrət də…həm də ki, sirdaş,
And içdiyin saf vicdanın ,Anadı.
Kəlməsi, hikmətdi, əməl et, Səyyad,
Onun göstərdiyi yolla get, Səyyad,
Peyğəmbər (s)söylədi, sırğa et, Səyyad,
Həm cənnətin, din-imanın, Anadı.
Sən bir şəmsən
Sən bir şəmsən, mən pərvanə,
Hey başına dolanaram,
Aşkar, gizli, atəşinə,
Alışaram, qalanaram.
Sən çiçək ol, mən də bağban,
Sığal çəkim ləçəyinə,
Xoş ətirin məlhəm olsun,
Bağbanının ürəyinə.
Bəd nəzərdən uzaq olub,
Biz yaşayaq ömrümüzü,
Kədər-qüssədən aralı,
Şən keçirək günümüzü.
lhamımı səndən alıb,
Cəh-cəh vurum bülbül kimi,
Aləmə bəyan eləyim,
Sənə olan saf eşqimi.
Boş verək hər deyilənə,
Sanki küləklər aparmış
Desinlər Səyyadın qəlbin,
Cananı kökdən qoparmış.
Yazım
Şeir istəyirsən məndən a dostum,
Kədərdənmi yazım, dəmdənmi yazım
Sazım köklənibdi qəmin üstünə,
Dindirim zildənmi, bəmdənmi , yazım.
Şuxluq kənar gəzir xanimanımdan,
Hansı xoş günümdən,bir xoş anımdan,
Əlimi üzdüyüm sağlam canımdan,
Saçıma tökülən dəndənmi yazım.
Özünü yalançı bəy seçənlərdən,
Süfrəmdə əyləşib yan keçənlərdən,
Sərəfə söyləyib, mey içənlərdən,
Yalançı dostlardan, səndənmi yazım.
Dəyməsin xətrinə Səyyadın sözü,
Qalmayıb heç kimin varında gözü,
Söz verə bilmirəm,söyləyim düzü,
Qabında kif tutmuş dəmdənmi yazım.
Heyif
Bacarasan yaşamağı,gözəldi,
Hər şeyi dərd edib çəkənə heyif.
Ömür karvanını vaxtsız, vədəsiz,
Tərk edib dünyadan köçənə, heyif.
Biganə ol, unut dünya qəmini,
Möhkəm saxla həyatının himini,
Sızıldadıb ömrün sarı simini,
Gözündən leysanlar tökənə, heyif.
Allahdan doğru yol dilə sən Səyyad,
Onun dərgahında köləsən Səyyad,
Var-dövlət fanidir,biləsən Səyyad,
Altundan saraylar tikənə, heyif.
Müəllif: Səyyad Əhmədli Göyçəli