Qayıdaq
Xəyalə Sevil
Qayıdaq
Qayıdaq ta əvvələ,
Ta o günə qayıdaq.
Mən ona, sən özünə,
Bəs biz kimə qayıdaq?
… Üzün hayana dönsə də,
Yolun ömrümdən düşəcək.
Şəkilçəkən gözlərində
Yanaqlarım nəm düşəcək.
Nə getməklə getmək oldu,
Nə qalmaq xeyir eylədi,
Sənin sevgin, mənim sevgim
Üst-üstə şeir eylədi.
Adı ayrılıqdısa…
Bəs əgər bu gedişin,
Adı ayrılıqdısa…
Böyütdüyüm duyğular
Ürəyimi sıxdısa…
Bəs əgər, ömrüm-günüm,
Tale bizə baxdısa…
Göyün günəş üzündən
Əllərimi yıxdısa…
Bəs sürdüyüm ömür-gün
Bir gün yoldan çıxdısa…
Və bunların səninçün
Bir önəmi yoxdusa…
Ömrü qaralama qoydum
Gördüm yaman darıxıram,
Dedim bir azca dərd çəkim.
Əlimi sinəmə qoydum
Ki, hissimə sərhəd çəkim.
Olmur ee, belə də olmur,
Yenə həvəsdən düşdüm mən.
Vaxtımı aldı yaşamaq,
Yoxsa çoxdan ölmüşdüm mən.
Niyə orda gözlətmisən
İlahi, o cür üzünü?..
Ömrü qaralama qoydum,
Sən götür köçür üzünü.
Həyat bu qədər təkrar
Bu küçə də
Axırıncı vaqon kimi
Boşaltdı adamlarını.
Və bu gecə də
Qaranlıq qara kəlağayını
Saldı şəhərin boynuna.
Yol boyu uzanan gecə işıqları
Açdı gözlərini.
Külək deyinə-deyinə
Oyatdı yuxudan yarpaqları.
Yəni,
Həyat bu qədər sadə,
Həyat bu qədər təkrar,
Amma ürəyimdə
Təkrarlanmayan biri var.
Qəfil ürək tutması tək
Necə dəyişmişəm?
Ürəyincəmi?
Bu ruhsuz,
Duyğusuz halım necədi?
İndi, yoxsa öncəmi”
Qəfil ürəktutmasıtək
Tutmuşam ürəyimi,
Hara qoyum, küncəmi?
Təzə-təzə sevinirdim,
Təzə-təzə sevirdim,
Dağıtmısan,
Qoparmısan qönçəmi.
Özünü bir özgəsiylə
Nə vaxt dəyişir insan,
Nə vaxt?
“Böyüyüncəmi?”
Bir bəhanə tap, zəng elə
Heç kim məni səndən soruşmayacaq,
Nə də heç kim səni məndən.
Nə gözəl ayrılıq oldu.
Dərdi yığdım gözlərimə,
Yanaqlarım qayıq oldu.
Əllərimdən soruşuram səni tez-tez,
Gözlərimdən tökülürsən.
Eh! Yenə də bir yol tapıb
Ürəyimə çəkilirsən.
Elə gücüm də yoxdu,
Ürəyimi bədənimdən yıxam ki…
Bir bəhanə tap, zəng elə,
Elə darıxıram ki.
İçimdə bir sıxıntı var
İçimdə bir sıxıntı var,
Bir ah çəkdirir adama,
Gəl görəsən!
Buludlar ağ çiçək kimi
Açılıb göy üzündə,
İndi bir yağış yağacaq,
Sel görəsən.
İlahi, hərdən nəfəs al,
Boğuluram bu havada.
Boynum bir nazik ipdədi,
Sıxılıram bu havada.
Anlayıram hər şeyi,
Ürəyimdə əndişə var…
Eh, bu nə ruh düşkünlüyüdü?
Seçim axı həmişə var:
Pis, yoxsa daha pis?
Əllərim qoynumda dustaq
Gözüm ürəyimin suyunu çəkdi,
Quruda qaldım sənsiz.
Mən səninlə var olmuşdum,
Yarıda qaldım sənsiz.
Gözümdən düşən dünyanı
Kim qoyacaq yerinə?
Xəyallarım qız uşağı,
Qoşulub qaçıb birinə.
Əllərim qoynumda dustaq,
Səni saxlamıram ki.
Pəncərəmi açıq qoydum,
Bulud doldu gözümə,
Yoxsa ağlamıram ki.
Mənsiz şəkil çəkdirmə
Mən səni sevə bilərdim,
Sevmirəm… Guya sevmirəm.
Elə səndən danışıram
Ulduza, aya, sevmirəm.
Əllərim darıxır bir az,
Əlimdən o yana yox.
Sakit danış ürəyimin içində,
Ürəyim oyanar, yox.
Hər gün gözlərimdəsən,
Gözlərimdən çəkil dəə,
Sənə bir söz də deyim,
Mənsiz şəkil çəkdirmə,
Pis düşürsən şəkildə.
Bir göz sıxım gedişinə
Bir göz sıxım gedişinə,
Bir söz düşsün dodağımdan
Şeir olsun.
Yenə yadıma düşmüsən
Gücə vaxtı,
Aman, Allah, xeyir olsun.
Vaxtına çəkir həsrətin,
O gün də şər qarışanda
Gördüm Tanrı əllərimi
Üstümə tullayıb gedir.
İçimdəki quyunun
Dibindən gəlirdi sən:
Unut! Unut”
Üçüncüdə –
Sözünü ağzında qoydum.
Başını üzdüm ümidsizliyimin,
Bıçağı boğazında qoydum.
İntihardı bu ayrılıq,
İntihardı biləyəcən.
Axı biz danışmışdıq sənlə,
Danışmışdıq: Çəliyəcən!
Susarsan
Sonra
Səssizlik çökər gözlərinə,
Kirpyindən asdığın
Yaş da quruyar,
Əllərin qoynundan yarıyar.
Gözəl-göyçək ümidlərlə
Aranı vuran tapılmaz.
Hər yerin elə ağrıyar,
Bir dənə yaran tapılmaz.
Susarsan,
Elə susarsan,
Bircə gözlərin səs edər…
İlahi, nə çox düşündün?
Mənə ölüm də bəs edər.
Ürəyin də cəzası var.
Qəfil gözlərimdən düşən
Kim idi o?-səs elədi.
Tanrı tək gətirdi məni
Səbir kimi, nəhs elədi.
Bir mənəm, bir də yoxluğu-
Özümüzük – bəs elədi.
Ürəyin də cəzası var.
Gör kimə həvəs elədi.
İçim yandı, üzüm qara,
Üst-başımı hiss elədi.
Getdi, unutdu, söhbəti
Gör necə təmiz elədi.
Soyuyuram hər şeydən
Soyuyuram hər şeydən,
Tamam ruhdan düşürəm.
Göyün mavi üzündə
Qalan ruhum qəribdi.
Bir quşun dimdiyində
Yerə düşən dən kimi
Yetişibdi əllərim,
Tanrı mənim əllərimi dəribdi.
Bekara qayğılar başımı qatır,
İş-güç, ev-eşik, bir də-
Nə yaxşı var- uşaqlar.
Ömrüm boyu darlxdığım
Kimdir, nədir- bilmirəm,
Yanağımın divarından asılıdı uzaqlar.
Ona nə qədər qalıb
Burda hava soyuqlayıb.
Yalın fevral ağacları
Əsir küləyin altda.
Topa-topa buludların
Səsi yağır yollara,
Hərə bir küncdə gizlənib,
Mənsə, ürəyin altda.
Pəncərəmin iç üzünü
Çöl üzünün soyuqluğu ağladır,
Əllərim nəm divar kimi
Tökülür dizlərimə.
Burda göyə baxıram,
Göy də ögeydi mənə.
Eh1 Mənim yer dərdimdən
Göyə nə?
Hə…
Göyə nə?
Burda hər şey qarışıb,
Burda yollar dolaşıb.
İlahi, bilirsənmi?
Sona nə qədər qalıb?
Ürəyim yol üstədi,
Ona nə qədər qalıb?
Gəl təzədən hesablayaq
Gəl təzədən hesablayaq.
Neçənin üstünə neçə gəlirik?
Həə!
O dolaşıq yolun sol tərəfinə
Üzü sizə gedən küçə gəlirik…
Ordanmı başladı?
Bəs harda bitdi?
Ürək hansı ağrılara qərq oldu?
Azalanı mənəm,
Çıxılanı sən,
Əcəb fərq oldu.
Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi