Hafiz İmamnəzərli – hekaye
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Hafiz İmamnəzərli:
Hafiz İmamnəzərli (Eynullayev Hafiz Minəxan oğlu) 22 aprel 1966-cı ildə Yardımlı rayonunun Ostayır kəndində dünyaya gəlib.
Orta məktəb illərindən şeir, novella, səhnəciklər yazıb. Rayonun “Yeni kənd” və “Azərbaycan pioneri” qəzetləri ilə əməkdaşlıq edib. İlk yazılarına ədəbiyyat müəllimi Mehdi Həsənov xeyir-dua verib.
9-cu sinifdə oxuyarkən kənd klubunda ədəbiyyat müəllimi Səttar Novruzovun əsasını qoyduğu dran dərnəyinin üzvləri ilə özünün birpərdəli komediya hazırlayıb kənd camaatına təqdim edib.
1991-ci ildə Əlisəmid Kürün redaktor olduğu, o dövrün məşhur dərgisi “Yol”da ilk hekayəsi çap olunub: “Dəlixananın divar saatı və şəhid”
Teatrda, kinostudiyada və müxtəlif televiziyalarda fəaliyyət göstərib. Sənədli filmlər üzrə ixtisaslaşıb.
Eyni zamanda mətbu orqanlarında teatr, televiziya, kino resenziyaları ilə çıxış edib.
2011-ci ildə ilk kitabı işıq üzü görüb. “Lider” televiziyasında hazırladığı sənədli filmlərə görə Zərdabi mükafatına layiq görülüb.
1999-cu ildən AYB-nin üzvüdür. Hazırda Dövlət Film Fondunda baş mütəxəssis kimi çalışır. Eyni zamanda İctimai Televiziyanın “Carçıfilm” yaradıcılıq birliyində xidməti müqavilə ilə fəaliyyət göstərir.
HAFİZ İMAMNƏZƏRLİ
YUMAQ
hekayə
Xocalı faciəsinin sarsıntıları yaşamış insanlara ithaf edirəm.
Köhnə radiodan Qədirin yanıqlı səsi, ahu-naləsi ərşə bülənd olmuşdu. Deyirdin, ilahi, indicə yer-göy od tutub yanacaq.
…Qırmızı yumağı axtarırdı Adilə. Yox,bu, o qırmızıdan deyildi, açıqdı bir az.Tünd qırmızı lazımdı, qan kimi laxtalanmış…
…Və əvvəl-əvvəl pəncərənin tərləmiş şüşəsinə sıçramış, sonra da dağ çayı tək üzüaşağı süzülən qanı gözü aldı, bir azdansa qan içində çabalayan, xırıldayan, son sözü deməyə macal tapmayan aman-zaman, bircə gilə qardaşım. Güllə boğazını demişdi.
Atası ilə köməkləşib qardaşının meyidini alt eyvana düşürdülər. Təzə toxuyub qurtardığı kilimi Kamilin üstünə sərdi. Bir də baxdı ki, gözündən axan qanlı yaşlar nalıyı çevrilir:
–Hana qurdum, naxış düzdüm, ilmə vurdum, əllərim qırılaydı, barmaqlarım sınaydı, qardaş! Zalım fələk, bu nə zülümdü, naxışlar qardaşımın qanlı sinəsini bəzədi.
Keşgə bunu deməyəydi. Çünki sözünü deyib qurtardıqda qardaşının yanında anasının cansız-ruhsuz bədənini gördü…
…Bəlkə də ayılmayacaqdı. Gördüklərini yuxu zənn edəcəkdi. Rus idi, ya erməni, Allah bilir, əsgər onun qolundan yapışıb nəsə demək istədi. Nişanlısı Sərvər özünü yetişmişdi artıq. Elə əsgərin bu hərəkətini gördü, bir göz qırpımında atlanıb yapışdı əsgərin boğazından. Avtomatını aldı, tələm-tələsik iki gecə bundan qabaq nişanlandığı Adiləyə “tez qaç, canını qurtar” dedi. Amma bu çox çəkmədi. Adilə də qaçmağa macal tapmadı. İkinci zavalagəlmişin atəşi Sərvərin qanını ağappaq qara yaydı. Sərvər qalxmaq, bir də atəş açmaq istədi. Tankın komandiriydi, deyəsən, onu saxladı. İçəri-tankın sürücüsünə işarə elədi.Qara canavar fısıldaya-fısıldaya qarın üstündə, qan içində çabalayan Sərvərə doğru hərəkətə başladı. Anasıölmüş bircə dəfə qışqıra bildi. Allahım, bu nə qışqırıq, bu nə səsdı? Tank irəliləyirdi və ardınca qanlı əzaları ətrafa tullayırdı. Yerdəki əsgərlər də sanki yaylım atəşi açırmışlar kimi gülə-gülə hara gəldi avtomatı tutmuşdular.
Allah, Allah, sən demə heç yerə getməyən Adilə də, üstəlik Sərvərin arası Yədulla kişi də bu tükürpıdici mənzərəni seyr edirmişlər. Adilə ağzı üstə yerə dəydi. Yerimək istəyirdi, ayaqları keyləşmişdi, ha illah eləyirdi, onları yerdən tərpədə bilmirdi. Əlləri ilə qarı cırmaqlaya-cırmaqlaya nişanlısının tikələrinin səpələndiyi yerə tərəf can atırdı, heç nə alınmırdı, səsi də çıxmırdı.
Komandir onun halına baxıb qəhqəhə çəkdi, əsgərlərə tərəf döndü:
–Ara, bu kəşfiyyat taborunda olub? Niyə sürünür? Amma heç fərli-başlı sürünə də bilmir.
Əsgərlərdən biri təpiyini Adilənin başına qoydu:
–Sürünməyəcək, komandir.
Yədulla kişi elə-belə, lal-dinməz durub baxırdı.
Yenə komandir qəhqəhə çəkdi:
–Ara, Xocalıda heykəl yox idi axı, bu hardan çıxdı?
Yədulla kişi tərpəndi. Sərvərin erməni dığasından tutub aldığı avtomat qarın üstündəydi. Heç kimin yadına düşmürdü. Yədulla kişi uşaq cəldliyi ilə özünü atdı avtomatın üstünə. Sən demə, yerə düşmüş avtomatın böyründə durmuş zabit onun hərəkətlərinə göz qoyurmuş. Avtomatın qundağı ilə nə təhər vurdusa, yazıq Yədulla kişinin qanqarışıq dişləıri əvvəl havada oynadı, sonra hərəsi bir tərəfə düşüb ağappaq qarı bəzədi. Yədullanın huşunu itirməsiynən Adilə də bayıldı. Ayılanda özünü qapalı, təmirsiz, pəncərələri sınıq-salxaq bir otaqda gördü. Amma tanıdıqlarından, qonum-qonşularından ayrı da xeyli adam vardı. Heç birinin də sir-sıfıtində salamat yer yoxdu. Erməni-rus birləşmələrinin kefləri kökdü. Deyirəm, aralarında ayıq adam yoxdu. Yarı canı getmiş azərbaycanlı zabitin dırnaqlarını kəlbətinlə çıxarırdılar. Zabit bir neçə dəfə bayıldı. Amma yenə ayıldıb işgəncəni davam etdirirdilər. İstəkləri zabitdən “Qarabağ ermənilərindir” təsdiqini almaqdı. Axırda bədbəxtin salamat yeri qalmamış əllərini şalbana mismarladılar, dəmiri qızdırıb sinəsinə xaç şəkli çəkdilər. Yenə ürəkləri soyumadı qansızlarin. Ayaqlarının arasında tonqal qaladılar.
Yədulla kişi lal sükuta bürünmüşdü. Qəfil çöl qapı açıldı, üst-başı qana bulaşmış gənci sürüyüb içəri saldılar. Komandirə nəsə pıçıldadılar. Komandir təsdiq mənasında başını tərpətdi.
Yədulla oğlunu tanıdı, bir qıyya çəkdi ki, quldurlar belə diksindilər.
–Natiq, oğlum, səni də ələ keçirib bu kafirlər?
Komandir vəziyyəti anladı. Natiq üçün nə işgəncə düşünmüşdülərərsə, deyəsən, plan dəyişdi. Pıçıldaşdılar,sonra Yədullanı təpikləyə-təpikləyə ortalığa gətirdilər. İki yekəpər erməni Natiqin qollarını və qızlarını sındırdı, gətirib Yədullanın qabağında uzatdılar. Başını qoydular Yədullanın dizi üstünə. Yədulla hönkürə-hönkürə qan içində olan oğlunun başına sığal çəkdi, gah da erməniləri söydü. Komandir əyilib Yədulla kişiyə pıçıldadı:
–Səni əzabdan qurtararam, görürəm ağsaqqal adamsan.
Və göz qırpımında cibindən bıçağı çıxarıb Natiqin boğazını kəsdi və ayağa durdu:
–Hə, ağsaqqal, sözümə əməl etdim, səni əzabdan qurtardım. Yədulla kişi bayıldı. Adilə dişlərini o qədər bir-birinə sıxmışdı ki, şıqqıltı ilə qan axırdı.
…Axşamtərəfi ermənilər sanki o biri əsirləri unutmuşdular. Oturub-durub Yədulla ilə məzələnirdilər. O danışdıqca ermənilər ruslara tərcümə edir, onlar da qəşş edib gedirdilər. Bədbəxtin oğlu Yədulla kişi ortalıqda cövlan edir, ağzından köpük aşıb-daşır, gəlib ortada əl-qol ölçə-ölçə qışqırırdı.
–Qızım, niyə darıxırsan? Elə dünən yox, srağagün elçilik olmadımı, köpəkqızı? Sənin gəlinliyin dümağdı, bizim gədə də istəyirdi ağ kostyum geyinsin toyunda, intəhası, sonradan beyninə düşüb ki, ağ pencəyin üstündə üç-dörd dənə qırmızı çırtıqlar olsun. Sağ olsunlar, bu itin belindən gəlib eşşək südü əmənlər qoymadılar uşaq çox uzağa getsin, dükan, bazar axtarsın. Nədi, köpəkqızı, niyə ağlayırsan? Əşşi, nişanlın sarıdan qəti nigaran olma. Uruslar tankı arendaya verirdilər. Baxma da, bağ-bostanda kara gələndi axı. Ermənilər götürdülər. Sonra da tankın təkəri xarab oldu. Gədə də slesardı də, özü də adlı-sanlısından, ürəyi dözməyib, girib tırtılların içinə ki, görsün harası xarabdı. Qorxma, qızım, ora burdan istidir. Hə, tikələri deyirsən? Hara gedəcək ki? Qırışmal son vaxtlar yaman kökəlmişdi. Ona görə də tırtıllara yerləşmişdi. Neynəsin, yazıq uşaq, axırda məcbur qaldı, tikə-tikə doğranıb girdi tankın içinə. Bağırsaqlarını da özü bilə-bilə açıb sərdi qarın üstünə. Deyir, qoy nə mikrobu var, qarda ölsün. Bu Natiq də heç də. Boğazında ət vardı, köpəyoğlunu neçə vaxtdı həkimə göndərə bilmirdim. Axır gördüm erməninin bıçağı itidir, ağız açdım, o da sağ olsun, komandiri deyirəm e, hə, o da de bayaq, üzdü boğazını. Gərək uşağın başını götürüb aparam Bakıya. Camal doxtora qlandaları kəsdirəm, sora qaytarıb yerinə tikəm.
Yədulla kişi sözünü bitirib hönkürə-hönkürə başını suvaqsız divara çırpdı. Dörd tərəf divarı Yədullanın qanı boyamışdı.
Adilə az-maz bildiyi rus və erməni dillərində quldurları söyür, sonda bayılırdı. Axırda komandir Adiləni göstərib göstəriş verdi:
–Bu qancığın dilini kəsin. Çox baş aparır, öldürməyin ha, sadəcə dilini kəsin!
İki erməni Adiləni bayıra çıxartdı. Dilini dartıb çölə çıxartdılar. Komandir özünü yetirdi. Natiqin başını kəsdiyi bıçaqla Adilənin dilini dibindən üzdü. Ağappaq qarın üstündə qırmızı həlqə yaranmışdı…Bir sutkadan sonra özünə gəldi Adilə. Danışmağa cəhd elədi, gördü qırıq-qırıq iniltilər çıxır boğazından. Bir də divarın dibində hələ qaynata deməyə macal tapmadığı Yədullanın meyidini gördü. O qədər danışıb, axırdaürəyi partlayıb, sən demə.
Quldurların başı içki məclisinə qarışmışdı. Bir Azərbaycan zabiti gəlib çıxdı. Sağ ayağından yara almışdı. Könüllülər batalyonundandı. Natiqin taqım komandiriymiş. Əsirləri içəridən çıxarıb Ağdam yoluna yönəltdi.
…Hospitalda gözlərini açanda ayaqlarını dizdən aşağı kəsilmiş gördü. Yolda şaxta vurmuşdu Adilənin ayaqlarını. Tam sağaldıqda onu əlil arabasında qaçqın şəhərciyinə yola saldılar.
…Darısqal bir otaqdı. Daha doğrusu, dərdin-möhnətin, iztirabların hücrəsiydi. Hana qurulmuşdu. Mini formatdaydı hana. Qarşısında oturmuşdu Adilə, toxuyurdu. Divarın hər tərəfinə toxumalar, miniatür xalçalar, krujevalar asılmışdı. Yanındakı kətilin üstünə qoyulmuş çay buza dönmüşdü. Köhnə patefondan Qədir Rüstəmovun cızdaq çıxaran səsi yayılırdı. Həyətdəki səs-küy yaman çoxalmışdı. Arabasını tərpədib pəncərəyə yaxınlaşdı. Beynəlxalq təşkilatlardan tez-tez təşrif buyurun qırmızı yanaqlı, laqeyd gözlü yağlı sifət cənablardı. Qaçqınlarla söhbətləşirdilər. Pəncərəni açıb diqqətlə qulaq asdı.Arabasını tərpədib həyətə düşdü. Nümayəndələr danışığı kəsib ağzını açıb-yuman, söz əvəzinə boğazından inilti, nalə çıxan qadına heyrətlə baxırdılar. Adilə bir qoluna ağ və qara yumaqlar keçirmışdi. Dizinin üstünə qoyduğu “Xocalı Soyqırımı” kompozisiyasını – mini-xalçanı qeyzlı atdı maşının üstünə. Sonra yumaqlardan birini keçirtdi üstündə beynəlxalq təşkilatın loqosu olan maşının uzun antenasına. Qeyri-adı cəldliklə arabasını hərəkət etdirdikcə nümayəndələrin maşınları da özləri də sanki hörümçək torun düşürdülər. Heç kəs də yerindən tərpənmirdi. Sonra darısqal həyətin ortasında saplarla 2+2=4, ardınca da sual işarəsi yazdı. Deyəsən, əcnəbilərdən biri lal dilini anladı, pörtdü, başını aşağı saldı. Tərpənib getmək istədi. Ayaqlarına dolanmış yumaq imkan vermədi.
Adilə arabasını döndərdi. Onların dayandığı yerdən şəhərə tərəf bir yol uzanırdı. Adilə düşdü yolun ağına. Özü getdikcə, ardınca ağ və qara yumaqlar açılıb paralel şəkildə uzanırdı. Nümayəndə heyəti elə-beləcə yerlərində donub qalmışdılar. Qaçqın uşaqlardan biri tərcüməçiyə qayıtdı ki, qaqam, o mamaoğluna başa sal ki, özünü çox kələfdə dolaşdırmasın e. İki üstə gəl iki dörddü dana. Ta bundan ötrü ayda filan qədər xərc çəkib ordan-ora niyə gəzirlər, gündə bir iclas keçirirlər, baş sındırırlar. Hə, bir də o şkaf gədəyə başa sal, rəhmətlik Adilə xala mənə deyib, biz yumağı açıb gəbəyə, kilimə naxış vururuq, sənət yaradırıq. Onlar da yumaqdan kələf düzəldib camaatın əlini-qolunu bağlayırlar. Görsün, necədi, xoşdu özləri də bu günə düşəndə.
… Uzun yolda yumaqlar açıldıqca Adilə gözdən itirdi…
Nümayəndələrdən biri tərcüməçiyə yaxınlaşdı:
–Uşaq nə deyir? Bu qadın kimdir? Tərcüməçi kədərli halda köks ötürdü:
–Rəhmətlik Adilə bacıdır. 92-nin fevralında ermənilər dilini kəsəndə ölmüşdü. Ruhu gəlmişdi, desin ki, biz qan yaddaşımıznan, düşüncəmiznən də diriyik.
Beynəlxalq təşkilatın nümayəndələri qorxa-qorxa ətrafa boylandılar…