GenelGüncelKültür Sanat

Ziyəddin Şimşək – ŞEİRLER

Nazım Ahmetli

Kırımınsesi Gazetesi

Azerbaycan Temsicisi

Ziyəddin Şimşək

Şeirlər

Gedək

Ay əmioğlu, dur hazırlaş,

Qoşasuya qoşa gedək.

Qanad açaq qartal kimi,

Dönək qızıl quşa, gedək.

         ***

Bulaqların cərgəsində,

Çadır quraq bölgəsində.

Ağacların kölgəsində,

Dirsəklənib huşa gedək.

               ***

Görəcəksən kəndi-şəhəri,

Orda açaq al səhəri.

Görsə bizi xan Həkəri,

Vallah gələr cuşa, gedək.

             ***

Alxaslıdan enək çaya,

Yormaz bizi Qara qaya.

And verirəm günə, aya,

Vur işləri başa, gedək.

              ***

Dadın qalıb dodaq, dildə,

Ətrin qalıb hər bir güldə.

Ziyəddinəm, qərib eldə,

Çevrilməmiş daşa, gedək.

Yorulmuşam

Etibarsız bu dünyada,

Yaşamaqdan yorulmuşam.

Hər çiynimdə ağır yüklər,

Danışmaqdan yorulmuşam.

             ***

Nanəcibdən qisas alıb,

Boğazına kəndir salıb.

Nadürüstü başa salıb,

Danışmaqdan yorulmuşam.

               ***

Hikmət yoxdu ozanında,

Cürət yoxdu yazanın da.

Nakişinin qazanında

Qarışmaqdan yorulmuşam.

             ***

Ürcah oldum bir ovuna,

Düşdüm dağın qırovuna.

Didərginlik alovuna,

Alışmaqdan yorulmuşam.

             ***

Ziyəddinəm, çiynim yağır,

Kədər yüküm daşdan ağır.

Boynubükük olub fağır,

Qırışmaqdan yorulmuşam.

Əksimə baxdım

İllər öncəki əksimə baxdım,

Tanıya bilmədim özüm özümü.

Tökülüb saç-saqqal, alnım qırışıb,

Ağrılar taqətdən salıb dizimi.

              ***

Bir qədər fikirə, xəyala daldım,

İllər nə tez keçdi, bu hala qaldım.

Axı cavan vaxtı şəkərdim, baldım,

İndi kölgə basıb qara gözümü.

              ***

Bir ona sevindim mərd yaşamışam,

Vətənsiz sinəmdə dərd yaşamışam.

Namuslu, qeyrətli, mərd yaşamışam.

Kimsə tapdalamaz mənim izimi.

               ***

Şimşək Ziyəddinəm, cavanlıq getdi,

Məni qocalığa ta əsir etdi.

Əzablar içində bu ömrüm bitdi,

Tufanlar söndürdü yanan közümü

Ərdoğan

Yaman gündə harayıma yetişən,

Mənim böyük qardaşımdır Ərdoğan.

Niskilimi, dərd-sərimi bölüşən,

Vallah ürək sirdaşımdır Ərdoğan.

               ***

Sıyırmışdı qılıncını belindən,

Nə gəlirdi o eylədi əlindən. 

Yalan sözlər duyulmadı dilindən,

Dar günümdə yoldaşımdır Ərdoğan

                     ***

Bir atanın, bir ananın oğluyuq,

Hər məclisdə alnı açıq, doğruyuq.

Qırılmırıq, polad simlə bağlıyıq,

Ata yurdda yoldaşımdır Ərdoğan.

                       ***

Ziyəddinəm, harayına çataram,

Düşmənləri bir-birinə qataram.

Yeri gəlsə səngərlərdə yataram,

Həm ürəyim, həm başımdır Ərdoğan.

Dağların

Bilməmişik yaylaqların qədrini,

Qurban olum torpağına dağların.

Meşəsində kef eyləyib gəzərdik,

Kaş qayıdaq o çağına dağların.

                 ***

Yaz gələndə zirvəsində durardıq,

Çadır tikib alaçıqlar qurardıq.

Əmlik kəsib, yeyib-içib vurardıq,

Dolanardıq sol-sağına dağların.

                    ***

Kölgəsində uzanardıq, yatardıq,

Çəmənində gül-çiçəyə batardıq.

Bal-qaymağı bir-birinə qatardıq

Tamarzıyıq bulağına dağların.

                          ***

Ziyəddinəm, bağlanıbdır bazarım,

Əskik olmur dərd-möhnətim, azarım.

Vaxt  çatanda, qazılanda məzarım,

Qismət olam qucağına dağların.

Gözlərin aydın

Bəhmən, nə yatmısan, qalx məzarından,

Alınıb Kəlbəcər, gözlərin aydın.

Qurtardıq köçkünlük dərd-azarından,

Alındı Kəlbəcər, gözlərin aydın.

                       ***

Çağır Şücaəti qalxsın yataqdan,

Susubdur Dəmirçi, dinmir nə vaxtdan.

Yanında yer saxla mənə ayaqdan,

Alındı Kəlbəcər, gözlərin aydın.

                         ***

Necə qoyum gedim səni, a qardaş,

Sənsiz qan hər qaya, hər daş.

Yanımda dayanıb sevinəydin kaş,

Alındı Kəlbəcər, gözlərin aydın.

                          ***

Ziyəddin, sən görən Ziyəddin deyil,

Qəmkeşsiz dağları döyməyir meyli.

Düşmənin xoşuna gəlməz bu şeiri

Alındı Kəlbəcər, gözlərin aydın.

Atam

Kişilik məktəbi, elm adamı,

Mərdlərin arxası, dayağı atam.

Qapısı qonaqlı, başı yığnaqlı,

Müqəddəs Quranın varağı atam.

                     ***

Çatardın dadına yazıq olanın,

Çəkərdin nazını yetim qalanın.

Böyüdüb, yekəldib yeddi balanın,

Parlayan ulduzu növrağı atam.

                     ***

Köhnə kişilərin qoxusu səndə,

Bu ətri saxlaram yurdunda mən də,

Zülmət gecələrdə, dumanda çəndə,

Əlimin məşəli, çırağı atam.

                       ***

Ziyəddin səndən alıbdır dərsi,

Getməz haqq yolunu, ölüncə tərsi.

Dostun əzabkeşi, qohum hərisi,

Başımın baş tacı, papağı atam.

Mən Şair Ziyəddinəm

Kimliyimi soruşan insanlara deyirəm,

Məni yaxşı tanıyın, siz bilin ki, mən kiməm?

Elin şair övladı, mən şair Ziəyəddinəm.

                       ***

Avazım haqdan gəlir, kəlmələri çaşmaram,

Böyüklərin önündə dinmərəm, danışmaram,

Mənəm-mənəm eyləyib, öz həddimi aşmaram.

Yurd-yuvamdan didərgun, el-obamdan sürgünəm,

Elin şair övladı mən şair Ziyəddinəm.

                     ***

Kasıba əl tutub qazanıram savabı,

Çəkiləcək nə vaxtsa bunun haqq, hesabı.

Müqaddəs Quranımdır ədalətin kitabı,

Peyğəmbərim  Məhəmməd əhli islam bir dinəm,

Elin şair övladı mən şair Ziyəddinəm.

                             ***

Alnı açıq, üzü ağ dolanıram obada.

Şükür edirəm Allaha gecə-gündüz duvada.

Aslan kimi qalmışam dar qəfəsdə, yuvada

Taleyimdən narazı bəxtimdən də küskünəm,

Elin şair övladı mən şair Ziyəddinəm.

                                 ***

Şeytanlara uymaram, haqqyolunu azmaram,

Qonşuya tələ qurub, dost quyu qazmaram.

Ziyəddinəm, bu şeiri bil yalandan yazmaram,

Muğamata köklənib, orta segah, zil bəməm,

Elin şair övladı, mən şair Ziyəddinəm.

Ya Əli

Bu çətin günümdə, tənha çağımda,

Gəl yetiş haraya, dada, ya Əli!

Mənim sığındığım ulu tanrıdır,

Qurbanam müqəddəs ada, ya Əli!

                 ***

Səni çağırıbdır düşən çətinə,

İsadır qeybdən düşən bətninə.

İnsan susayıbdır insan ətinə,

Qoyma ki, verilək bada, ya Əli!

                       ***

Sən arxa bilmisən özünə mərdi,

Vermə yaxşılara çəkilməz dərdi.

Çəkib Zülfüqarı, qırıb namərdi.

Tulla cəhənnəmdə oda, ya Əli!

                            ***

Şimşək Ziyəddinəm, xudru canımdı,

Mənim alovlanıb yanan anımdır.

Məhəmməd Peyğəmbər din-imanımdı,

Aldanıb uymaram yada, ya Əli!

Allahdır

Əməlləri saleh olan hər kəsin,

Dar gündə qeydinə qalan Allahdı!

Harınlıq eyləyib, yolun azanın

Başına qılıncın çalan Allahdı!

                   ***

Hökm etdi Nuha, Düzəldi gəmi,

Yaratdı insana taxıldan zəmi.

Tutanda qəzəbi, çəkildi dəni,

Sünbülü başağa salan Allahdı!

                     ***

Firoun car çəkib, atdı oxunu,

Aldadıb Allaham deyib çoxunu .

Zerdi-zever edib varın-yoxunu,

Eyləyən yurdunu talan allahdı!

                   ***

Qul olma nəfsinə, dəyanətli ol,

Cəfərü-Sadiq tək cəsarətli ol,

İbadət eyləyib səxavətli ol,

Ruhunla ruhuna calan, Allahdı!

***

Şimşək Ziyəddinəm, islamdı dinim,

Allahdan savayı yoxdu bir kimim.

Gedim qüsul verim, and içim, çimim,

Hər gecə yuxuma gələn Allahdı!

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest