Zirəddin Qafarlı Şiirleri
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Zirəddin Qafarlı
Keçirsən
Sənsiz ömrüm-günüm gör nə gündədi,
Özün əhvalımı bilib keçirsən
Başımı qoymuşam sənin yolunda,
Başını aşağı salıb keçirsən.
***
Bil ki, hər gəlişin bahar, yazımdı,
Sazımdı, sözümdü, – təzə yazımdı,
Toxunma könlümə, sənə lazımdı,
Sən ki, hər gün ordan gəlib keçirsən!
***
Doymuram nazından, ərkindən sənin,
Halını soruram hər gündən sənin,
Mən dəli olmuşam dərdindən sənin,
Sən isə bu dərdə gülüb keçirsən.
***
Zirəddinin eşqi deyil səngiyən,
Nə küsən oğlanam, nə də inciyən,
Sənin xəyalınla təkəm indi mən, –
Sən də yüz xəyala dalıb keçirsən.
Səndən sonra…
Susuz çiçəyə dönüb
Solmuşam səndən sonra
Xəbərin yox, – lal-dinməz
Olmuşam səndən sonra.
***
Nə deyim o illərə? –
Kaş dönəydi bir kərə…
Ürəyimi çöllərə
Salmışam səndən sonra…
***
Sızıldaram sim kimi,
Gör itirdi kim kimi?!..
Dünyada yetim kimi
Qalmışam səndən sonra.
***
Qaçdım Haqdan, nahaqdan,
Doymuşam yaşamaqdan,
Yoxam elə o vaxtdan, –
Ölmüşəm səndən sonra.
***
Zirəddini ha qına,
Hara, kimə tapına?!
Hər gün bağlı qapına
Gəlmişəm səndən sonra…
Məni
Qara yuxular gördüm
Basdıqca qara məni,
Görən bu baxt, bu tale
Aparır hara məni?!
***
Gedir ömür-gün hədər,
Dözmək olmaz bu qədər,
Sonu bitməz bu kədər
Qoydu avara məni!
***
Yoxdur hökmüm, hünərim,
Allah Kərimdir, Kərim!
Bax bu sənsiz günlərim
Çəkibdir dara məni!
***
Həsrətin gözü doydu,
İki ürək soyudu.
Qara günlərə qoydun
Sən günüqara məni!
***
Zirəddin il, ay bilmir,
Soruşulmur, sayılmır,
Nə yatmısan, ayıl bir,
Dur, axtar, ara məni!
Ömrün payız əhvalı
Ömrün də yorulan vaxtı varıymış,
Yolun ortasında yorulub qaldım.
Həsrətin qolları mənə sarıymış,
Mən onun boynuna qolumu saldım.
***
Aşdıq yoldaş olub dağı, dərəni,
Gördüm ki, dostluqda etibarı var.
Bir an da gözündən qoymadı məni,
Sən demə, onun da öz qubarı var.
***
Təklikdən çəkindim illər uzunu,
Amma, bu təklikdə hər şey varıymış.
Mən orda dünyanın gördüm üzünü,
Dünyanı sevənə dünya darıymış.
***
Yaşın bu vaxtından gileylənmədim,
Bir ona yandlm ki, hamıya yandım,
Hər gəlib-gedənlə mən əylənmədim,
Axırda özüm öz halıma yandım.
***
Qəlbin yarasını sözlə sarıdım,
Əlacı tapıldı hər dərd-sərimin,
Daha qələmimin rəngı sarıdı, –
Gəldi payız fəsli şeirlərimin.
Ay ömrüm-günüm
Sevirəm –deyirdin, – uydun hər sözə,
Sevdin bəs beləmi, ay ömrüm-günüm?!
Axı evlər yıxan o söz-söhbəti
Sevən kəs eləmir, ay ömrüm-günüm!
***
Bu yolda özünü salma çətinə,
İnsanlıq şamildir mərdə, mətinə,
Ürəyin bir dünya məhəbbətinə
Ömür bəs eləmir, ay ömrüm-günüm!
***
Çatlayır sinəsi dolu Zirəddin,
Bu yağış Zirəddin, dolu Zirəddin,
Arxası hay-küylə dolu Zirəddin
Dönüb səs eləmir, ay ömrüm-günüm!
Gedənlər
İtirdim o qədər dostu, doğmanı, –
Qanımdır su təki axıb gedənlər.
Elə bil ömürlük olmayıblar heç
Ömrümdən-günümdən çıxıb gedənlər.
***
Əriyən şam olur ürəyim gecə
Axı, necə dözsün ürəyim, necə?!
Ağrıtək qalacaq ürəyimdəcə
Kövrək ürəyimi sıxıb gedənlər.
***
Həyatım nə zaman sevindi mənim?!
Zirəddin, oğulsan sev indi məni!
Deyirdin, bu dünya evimdi mənim, –
Bildimi bu evi yıxıb gedənlər?!..
Nağıldı…
Hanı qaynayan oğullar? –
Soğuldu getdi hamısı.
Bu dünya bir dəniziymiş, –
Boğuldu getdi hamısı.
***
Vayınıymış, toyunuymuş,
Ömür də bir oyunuymuş,
İllər südlü qoyunuymuş,
Sağıldı getdi hamısı.
***
Qaldı neçə dərdin, sərin,
Aşılmayan gədiklərin…
Bu görüb-görmədiklərin
Nağıldı – getdi hamısı.
***
Arxan dostuydu, yarıydı,
Demək, hər şeyin varıydı,
Bu da belə bazarıydı, –
Dağıldı getdi hamısı.
***
Qaldın od ilə, köz ilə,
Zirəddin, sözsən, söz, elə!..
Qatdın başını söz ilə,
Ağıldı – getdi hamısı.
Bilirəm
(Mehri, bu gün Sənsizliyimin 17-i yaşıdır -17.01.2017)
Sən yox olub, çəkilmisən göylərə,
O göylərdə hələ təksən, – bilirəm!
Mən gələndə baxıb elə doyunca
Bu gəlişə güləcəksən, – bilirəm!
***
Heç duymadım axırımdı, əzəlim?!
Burda hələ öz başımdı, öz əlim…
Mən yazığı yetim qoydun, a zalım,
Qəbrim üstə gələcəksən, – bilirəm!
***
Burdayamsa, bura gələn deyilsən,
Zirəddinlə bir dərd bölən deyilsən,
Mən ölməsəm, sən də ölən deyilsən,
Mən öləndə öləcəksən, – bilirəm!
Keçmədi
İllər boyu bu könlümə
Könlündən qayğı köçmədi.
Fəsillərin nə istisi,
Nə bir soyuğu keçmədi.
***
Gül yağırdı bənizindən,
Həm yolundan, həm izindən…
Bu məhəbbət dənizindən
Eşqin qayığı keçmədi.
***
Zirəddinin hər yaşında
Sənsən ağlında, huşunda…
Səndən sonra bir quşun da
Ordan ayağı keçmədi.
Yox olub gedəcəyəm…
İşığıydı gəlişin
Qəlbə qürur gəlirdi.
Dilindən söz eşitsəm
Gözümə nur gəlirdi.
***
Bu işıq düşən təki
Kölgəni daşıyardım.
Özüm yaşamırdım ki,
Mən səni yaşayardım.
***
Səniydin söz-söhbətim,
Bəs nədən gedər oldun?!
Ömür yaşamasan da
Bir ömür qədər oldun!
***
Dön-dedim, eşitmədin,
Axı səsim yoxuydu.
Arxaya, önə baxdım
Heç bir kəsim yoxuydu.
***
Yox olub gedəcəyəm
Beləcə, bax, beləcə…
Demə, səni görməyə
Gəlmişiydim eləcə.