XIX ƏSRİN ƏN HƏYƏCANLI ƏFSANƏSİ – TAHİRƏ QÜRRƏTÜLEYN
XIX əsr Orta Şərqin ictimai-siyasi mühiti Tahirə Qürrətüleynin yaratdığı qadın azadlığı hərəkatının vüsəti və tərəqqisi ilə də əlamətdardır. Bu baxımdan Tahirə Qürrətüleynin fəaliyyətini, mübarizəsini və şəxsiyyətini əsrin ən həyəcanlı əfsanələrindən biri kimi səciyyələndirmək lazımdır.
O, bir şairdir, o bir ilahiyyatçıdır, o bir inqilabçıdır. Onun üstün məziyyətlərini ayrı-ayrılıqda da təhlil etmək olar, amma bu onun tarixi şəxsiyyət kimliyinə xələl gətirə bilər. Çünki Tahirənin şairliyi dini əqidəsinin izharına və təbliğinə xidmət edirdi, dini inancı isə onu həqiqət yoluna yönəltmişdi. Bu yol dövrün sərt və acı həqiqətləri ortaya qoyaraq onu inqilabçı olmağa vadar etmişdi.
Əsil adı Zərrintac Bərəğani, (bəzi mənbələrə görə Fatimə, künyəsi Ümmü Səlimə) sonradan Babın ona verdiyi Tahirə (təmiz, saf) Qürrətüleyn (göz nuru və ya gözün təsəllisi) adı ilə tanınan bu qadın dövrünün ən tanınmış ailələrindən biri olan Qəzvin müctəhidi Hacı Molla Saleh Bərəğaninin qızı idi. Uşaq yaşlarından atasından və atasının təyin etdiyi müəllimlərdən tarix, ilahiyyat (din fəlsəfəsi), ictihad, hüquq, fars ədəbiyyatı və xüsusilə şeir sahəsində mükəmməl təhsil almışdı. 13 yaşına çatanda artıq qızlardan ibarət qruplara müəllimlik edirdi. Qeyri-adi yaddaşı və inttellekti vardı. Atası onun barəsində üzülərək deyirdi: Əgər bu qız oğlan olsaydı evimi, ocağımı aydınladardı, mənim yerimi (vəzifəmi) tutardı.
Tahirə təxminən 14 yaşlarında ailəsi tərəfindən əmisi Qəzvin Cümə İmamı Molla Tağının oğlu Molla Məhəmmədlə evləndirilir. İki oğlan, bir qız olmaqla üç övlad sahibi olur, ancaq dini inancı, əqidəsi səbəbilə övladlarından uzaqlaşdırılır.
Tahirə Qürrətüleynin bir qadın dini lider kimi bənzərsizliyini bizə gəlib çatan şeirlərinin dinamizmində görmək olar. Əfsuslar olsun ki, onun az sayda şeirləri qalıb. Tədqiqatçıların fikrinə əsasən, Babi sənədlərinin əksəriyyəti 1852-ci il qırğınlarında məhv edilmişdi. Buna görə də, Tahirənin ancaq şifahi olaraq yayılan, sonradan qələmə alınan şeirləri qalıb. Babilər o şeirləri dildən-dilə ötürərək yayırdılar və təbii ki, bu da bəzi şeirlərin qismən təhrif olumasına səbəb olurdu.
Tahirə Baba (əsil adı Seyid Əli Məhəmməd Şirazi – Babilər hərəkatı¬nın rəhbəri, Bəhai dininin iki peyğəmbərindən biri və birincisi) məktublarını adətən şeirlə yazıb. Məktublarda gizli mətləblərdən söz edildiyi üçün başqa şairlərdən də sitatlar gətirilmiş ola bilərdi, bu səbəbdən ilk şeirlərindən bəzilərinin başqa şairlərin şeirləri ilə qarışdığı da məlum olub. Şeirlərinin əksəriyyəti klassik və bir az da çətin üslubda, ərəb sözlərindən olduqca az istifadə edilməklə fars dilində yazılıb. Müasirləri onu çox vaxt bombardmançı deyərək, tənqid ediblər. Bu da yəqin ki, onun reallığa inqilabçı baxışlarından irəli gəlirdi. Ruhunda, təbiətində bir qaynarlıq olan şairin zərif ritmlərlə səslənən şeirlərində belə ecazkar bir ilham var idi. Tahirənin şeirləri sanki diskussiya şəklindədir.
Oxucuya qarşılıqlı söhbətin mətni təsirini bağışlayır. Ya Tanrıya, ya da ona görə, Tanrının təzahürü olan Baba ünvanlanan şeirləri vəcd dolu sevgi, əzab-əziyyətin izharı, amma bu əzabdan qətiyyən şikayəti olmayan, əksinə, əqidəsi yolunda çəkdiyi əzaba, o yoldakı şəhidliyə heyranlıq duyulur. Tahirə Qürrətüley¬ni ruhanilərə qarşı düşmənçiliyi dini qayda-qanunların yenilənməsi, ümumi-ictimai nizamın qorunması, xalqın rifahı, xüsusilə də qadın azadlığının təmin olunması naminə idi. Tahirə bu uğurda meydana atılan ilk və yeganə qadın idi. Hələ o dövrdən bəlkə də bir əsr sonra belə İranda ikinci belə inqilabçı qadın, xüsusilə şair qadın yetişmədi. Tahirə həm əqidəsi, həm intellekti, həm də poeziyası ilə misilsiz idi.
Onun zülflərinin sorağı üçün,
Onun ay üzünün fərağı üçün,
Onun yol üstündə torpağı üçün,
Tökülür beləcə bu qanım mənim.
Tahirə Qürrətüleyn bir ilahiyyatçı olaraq, Babiliyi qəbul edən ilk 18 nəfərdən biri idi. Baba ilk inananlardan olması onun eyni zamanda ilk idealları olan hərəkatçı olmasına zəmin yaratdı. Tahirənin uğuru onda idi ki, o, öncə özünü dəyişdi, cəmiyyəti dəyişmək üçün özündən başlamağın əsas olduğunu göstərdi. İdeallarına doğru irəlilədikcə əhatə dairəsi qismən genişləndi. Bəlkə də bu qism onun ideyalarını daha çox inkişaf etdirirdi. Çünki tərəqqini boğan və maneə törədən konvensiya əhatə dairəsinin genişliyindən asılıdır, bir də problemin həlli yönündəki cərəyandan. Bəhai dininin yayılmasındakı həmin önəmli cərəyan, elə Tahirə Qürrətüleynin özü idi.
Ümumiyyətlə, hər dinin yayılmasında bir ideal qadınla əlaqəli paradiqma var. Məsələn, induizmdə fədakar qadın Sita, xristianlıqda İsa anası Məryəm, İslamda Məhəmməd peyğəmbərin qızı, cənnət xanımlarının seyyidəsi həzrəti Fatimə (təbliği sahəsində Hz. Rəbiyyət xanım) olduğu kimi, bəhai dinində də Tahirə Qürrətüleyn önəmli yer tutur. Amma bu qadının öncəkilərdən fərqi vardı – Tahirə digərləri kimi hadisələrin xaricində deyildi, bilavasitə içində və aparıcı fiqurlarından biri idi.
Ey uymuş olan, sevgili gəldi, oyan,
Silkələ bir özünü, bir az tez oyan.
İndi O, sevgiyə lütfə gəldi,
Ey sevgilinin aşiqi-zarı, oyan.
Gəldi baş ucuna tabibi-canın,
Ey könlü yorgun düşmüş,oyan.
Ey sevgilinin sərxoşu olan,
Qəmi aparan şərab gəldi,oyan.
Ey ayrılığa düşmüş olan,
İştə yara qovuşma dövrü, oyan.
Ey xəzandan solmuş olan,
İndi bahar zamanı oldu,oyan.
Yepyeni il, yepyeni yaşamdır artıq,
Paramparça olmuş ey ölü,oyan.
Tahirə Qürrətüleyn son dərəcə gözəl qadın idi. Yaxşı təhsil almışdı, natiqlik onun xüsusi sənəti idi. Babın yaratdığı yeni dinlə tanış olduğu anda qəbul etmişdi, bununla kifayətlənməyib “Bəyan”ın təbliğatçısı olmağa qərar vermişdi. Babilik bütün dinlərin vəhdəti idi və bu din qadınların çadra bürünməsinə gərək duymurdu. Belə olan təqdirdə Tahirə çadradan imtina edən ilk qadın oldu. Lakin onun gözəlliyini, səsinin bəlağətini görənlər ona doğru bu və ya digər şəkildə yaxınlaşmağa başladılar. İnsanların bu dinə rəğbəti və inamı bir az da Tahirənin gözəlliyinə rəğbət idi.
Tahirə artıq ailəsini və uşaqlarını tərk edib tamamilə Babilərə qoşulmuşdu. İslam qanunlarının əksinə Babilər üçün gündəlik ayinləri yerinə yetirmək (namaz qılmaq) məcbur deyildi və Tahirə ilk olaraq bu ayinləri yerinə yetirməkdən imtina etdi. O, minbərə çıxıb öz doğmalarını da xalqa zülm edən digər saray nökərləri mollalar kimi lənətləyir, xalqı üsyana çağırırdı. Qısa müddətdə Tehrana, Təbrizə, Kərbəlaya, sonra Bağdada səfər edərək Babiliyi yayırdı.
Tahirənin coşqun nitqi və fövqəladə qabiliyyətləri xalqı həqiqətlərə mollaların dediklərindən daha çox inandırırdı və getdikcə Babi cərəyanının sırası genişlənirdi. Bu durum ilk növbədə onun atasının, əmisinin və əri Məhəmmədin zərərinə idi. Çünki onların hər üçü İslam dininin təbliğçiləri idi. Atası və əmisi din üzrə yüksək mövqelər tutmuşdular, əri Molla Məhəmməd şair, tarixçi və təbliğatçı idi, amma vəzifə etibarı ilə müəllimlik edir, din dərsləri verirdi. Belə olan halda onların Tahirəni dəstəkləməsi mümkün deyildi, Tahirəni dəstəkləmək islamı inkar etmək idi, bu isə həm onların işlərini itirməsinə gətirib çıxarar, həm də cəmiyyətin nəzərində yalançı və xain damğası ilə təhdid edərdi. Bu səbəbdən hər üçü öncə Tahirəni yolundan döndərməyə çalışdılar, bir nəticə hasil olmayacağını anladıqlarında qızın ölümünə razı oldular, hətta özləri bu işin icrasına dəfələrlə təşəbbüs etdilər.
Babiliyin getdikcə daha çox yayıldığı bir vaxtda Bağdad valisi müftisinə məktub yazaraq İraqi-ərəbin, xüsusilə Kərbəla, Bağdad, Nəcəf və Kazımeynin şiə və sünni ruhaniləri Zərrintac Tahirə Qürrətüleyn adlanan o qadının İraqdan çıxarılmasını tələb etdiyini bildirmiş və bu işin tez bir zamanda yerinə yetirilməsini əmr etmişdi. Müfti Şeyx Mahmud Tahirəni və əqidədaşlarını qaçırmağa çalışarkən yaxalanmış və onları təkrar İran sərhədindən yola salmışdı.
Tahirə insanları cahillikdən çıxarmaq, nadanların qaranlığından qurtarmaq üçün Babın açdığı həqiqət qapısından keçmişdi. Bu keçid həm də poetik qələmlə dramatik bir ömrün birləşməsi idi. 1850-ci ildə Babın edamı ilə Tahirənin yaradıcılığının ən məhsuldar dönəmi başlamışdı. Tahirə ustadının yolunu davam etmək üçün sətiraltı mənalar kəsb edən şüarlardan – şeirlərdən istifadə etməli idi. Edirdi də.
Tahirə Qürrətüleynin şeirləri Babiliyin yayılmasında böyük rol oynadığı kimi, Babilərin özlərinin də fikirlərini üstüörtülü olaraq izhar etməkdə köməyə yetirdi. O şeirlərdə mistik abı-hava vardı, eynən Tahirənin özündə olan mistik cəhətlər kimi.
Necə ki, öz Həqiqətinə etiqad edən Bab – Seyyid Əliməhəmməd (1819-1850) 31 yaşında əynində ağ ərəbi köynəyi – kəfəni ilə ölümə gedərkən, göz bəbəyim – Qüttətüleynim dediyi o pak, təmiz qızın yazdığı şeiri söyləyirdi:
Sən bir İsgəndər mülküsən,
Mən yolların qələndəri.
O, xoşdursa sənin olsun,
Bu, pisdirsə -mənim yerim.
Ətaullahla birgə ölümə addımlayan müridi Hacı Məhəmmədəli də Tahirənin şeirini oxuya-oxuya mürşidinin başına dolanırdı.
Nöqtə dairədə axtaran oldu,
Səndən özgəsini görə bilmədi.
Ağıl bu ailəmdə axtaran oldu,
Səndən özgəsini görə bilmədi.
Məsud da axtardı Bahirə kimi,
Səndən özgəsini görə bilmədi.
Axtardı qatbaqat, pərdə-bə pərdə,
Səndən özgəsini görə bilmədi.
Tahirə Qürrətüleyn Quranı təfsir etməklə təkcə öz qabiliyyətini göstərmirdi, əksinə, öz əqidəsini və yolunun həqiqət olduğunu təsdiq etdirirdi. İndi də Bəhailiyin geniş araşdırılmasını qeyd edənlər var, mənə görə, bu aşkar bir nəticəni yenidən təcrübədən keçirməkdir. Allahın varlığına şahidlik edən insan onun davamlı vəhylərinin olmasını da qəbul etməlidir. Bu Quranın təfsirində və hədislərdə qeyd olunur. Diri olanın – Əbədi Varlığın fəaliyyəti haqqında mübahisə etmək məntiqsizdir.
Tahirənin fəaliyyəti, əlbəttə, dövrün iqtidarının xidmətində olan, çirkli əməllərinin təmizlənməsində vasitə rolunu oynayan məscid imamlarını, sözdə dini liderləri narahat etməyə bilməzdi. Çünki Tahirə Quranı düzgün təfsir edirdi, xalqı inandırırdı ki, Quranda xalqa edilən haqsızlıqlar yoxdur, bunlar mollaların yalanı, işlərinə gəldiyi kimi təfsir etdikləridir ki, onlar Qurana, dolayısı yolla Allaha iftira atırlar. Dini qanunlar adı ilə insanların, xüsusilə qadınların azadlıq haqlarını əllərindən alırlar.
Ailə həyatındakı boşluqlar, ictimai qınağın təsiri, cəsarətindən dolayı qarşılaşdığı çətinliklər onu İranda nə qədər gözdən salsa da, əqidəsi uğrunda edama qədər getdiyi yol onu Babilikdə ən əhəmiyyətli şəxslərdən biri etdi. İranda qaranlıq sarayların kölgəsində “uyuyan” məscidlərin arasına bir işıq seli kimi düşən Babilik və onun parlaq təbliğçisi, Şərq qadınlarının azadlıq lideri 33 yaşında (bəzi mənbələrdə 35 yaş göstərilir) boğularaq öldürüldü.
Böyük Britaniya şərqşünası Eduard Qranvil Braun (eyni zamanda yazıçı, tərcüməçi, alim, Bəhai dinini qəbul etmiş, Babın “Bəyan” kitabını ingilis dilinə tərcümə etmişdir) “İnqilabi-İran” əsərində Tahirə haqqında yazırdı: “Fars ölkəsində Qürrətüleyn kimi gənc bir qadının ortaya çıxması nadir hadisədir, demək olar ki, bir möcüzədir. Möhtəşəm gözəlliyi, intellektuallığı, bəlağətli danışığı, qorxmazlığı, sədaqəti kimi şəhidliyi də əzəmətlidir və bu ona həmfikirləri arasında da misilsizlik və ölümsüzlük qazandırmışdır. Bəhai dininin özündə bir əzəmət var, olmasaydı belə, bu kifayət idi ki, Babilik Tahirə Qürrətüleyn kimi bir qəhrəman çıxardığı üçün o əzəmətə iddia etsin”.
Nəsrəddin şahın özəl doktoru, tibb professoru dr. Blank “İranlılar” adlı kitabında yazır. “Tahirəni sarayda bir gün həbs etdilər, ertəsi gün Ayna Sarayında şahın hüzuruna çıxardılar. Nəsrəddin şah öncə onu mədh etdi, özəlliklə şeirlərini çox bəyəndiyini ifadə etdi, sonra “Sizin kimi bir qadının yeri sarayda olmalıdır, siz saraya layiqsiniz. Əgər dininizdən əl çəkib Babilərlə bir daha görüşməyəcəyinizə söz versəniz, Şahənşahın xatunu ola biləcəyinizi də mən söz verəcəyəm”, – dedi. Tahirədən rədd cavabı aldı və onun edamına qərar verənədək Tehranda müftinin evində zindana atılmasını əmr etdi.
Avstriyalı yazıçı və şair Marie von Najmájer (əslən Macarıstan kral ailəsindəndir) “Curret-ül-Eyn” (Vyana, 1874, 211s.) poemasının sonundakı qeydlərində yazır: “…düşmənləri tərəfindən ilk ictimai çıxışları onun şəxsi hisslərinin ən kobud şəkildə açıqlanması kimi dəyərləndirilirdi. Halbuki, tədqiqatlar onun Babı şəxsən tanımadığını, ideyalarını təbliğ etdiyini təsdiq edir. Onların özlərinin də bəziləri Qürrətüleynin mübarizəsini tam olaraq Babilərin qanlı mübarizəsi ilə əlaqələndirmirdilər. Babdan sonra sektada birinci nüfuzlu şəxs Tahirə idi.
O, mübarizəsini davam etdi, digərləri isə sabun köpüyü kimi yoxa çıxdılar. Qeyd edim ki, “Gurret-ül-Eyn” adını alması onun xarakterinin yüksək qiymətləndirilməsi və əlbəttə, göz oxşayan gözəlliyinə əsaslanırdı. Fars ölkəsində o dövrdə mövcud olan klassik frazalar işlənirdi ki, şəxsin qeyri-adi sadəliyini bildirirdi. Həmin frazalar onun haqqındakı digər məlumatlarda da xatırlanır. “Une simplicité presque cho quante“, “Gobineau”da bu frazaların özünəməxsusluğu, varlığın böyüklüyünü bildirdiyi qeyd olunur, bu da mənə haqq qazandırır deyim ki, istifadə olunan frazalar aydın olmayan və yarıdərkolunmuş şəkildədir, çünki onun öz düşüncələrini və əqidəsini fars ölkəsində açıqcasına söyləməyə gücü çatmazdı.”
Diyarbəkirli yazar Süleyman Nazıf Əziz “1923 – Kanaat Kütübhanəsi” kitabında yazır: “Babiliyin təsiri İranda hələ də mənəvi olaraq davam edir. Qaldı ki, hərəkat, bu din XIX əsrin dava, iman, ideal, cəsarət, elm və gözəllik baxımından Janna De Arkdan daha üstün olan Zərrin Tac adlı bir qəhrəman yaratmışdı ki, əsli türkdür. Babilərin təmizlər təmizi mənasına gələn Tahirə adlandırdıqları bu xariqüladə gözəl qız dünya tarixində az ərkəyin göstərdiyi cəsarət və təmizürəkliliklə ölümə gedib”.
Həzrət Əbdül Bəhanın Tahirə haqqında yazdığı tarixçədə oxuyuruq: “Ah, ya Qürrətüleyn! … Sən min Nəsrəddin şaha dəyərsən. Cəlladlar sənin külünü Tehranın üfüqlərinə deyil, o üfüqlərdən bəşəriyyətin ürəyinə səpələdilər. Hər ürək sənin məzarındır!” (farscadan tərcümə: Süleyman Nazif Əziz)
İslam tədqiqatçılarına görə Tahirə çox fərqli arxetipdir. O, cəmiyyət üçün təhlükəli bir fiqurdur, elə bir fiqur ki, onda bütün elmi, dini, ədəbi biliklərlə birgə cazibədar fahişənin paradiqması var. Tahirənin fəaliyyəti qadınlara həddindən artıq sərbəstlik verməyin təhlükələri mövzusunda bir dərsdir. Fars tarixçilərinin biri Tahirə Qürrətüleyn haqqında yazır:
“Allah qadınları kişilər üçün bir növ imtahan olaraq yaradıb. Müsəlmanlara şərab necə qadağan edilibsə, belə qadınlar da qadağan edilməlidir. Gözəl qadınlar təvazökar olmurlar, onlar ya yağış gətirərlər, ya da quraqlıq – hər ikisi viranlıq yaradır. İranda belə bir qadın var idi – Tahirə Qürrətüleyn”.
İslam məmləkəti İranda Tahirə Qürrətüleynin əkdiyi toxumlar özündən sonra göyərməyə başlayır. Ondan sonra mübarizəsini davam edən Həzrət Bəhaullah (Tehran, Qacarlar 1892, əsl adı Mirzə Hüseyndir (ərəbcə “Allahın Nuru”), Bəhai dinini ilk qəbul edənlərdən, Seyid Əliməhəmməd Babın ardıcıllarından biridir. Babın və Tahirə Qürrətüleynin edamından sonra həbs edilir. 1863-cü ilin baharında Bəhaullah Özünü Babın vəd etdiyi İlahi Zühur elan edir. Hazırda Bəhai dininin banisi sayılır. 40 il məhbəs və sürgün həyatı yaşadıqdan sonra 1892-ci ildə dünyasını dəyişir) buyurur: “Şeytan o kəsdir ki, insan övladının ruhani tərəqqisinin yüksəlişinə mane olur və onu saxlayır”.
Bəli, Tahirənin niqabını atması namussuzluq deyildi, qadın hüquqlarının müdafiəsi idi. Niqab qadının üzündə yox, əxlaqında, davranışında, düşüncəsində, fəaliyyətində olmalıdır. Qadın təhsil almalı, cəmiyyətin elmi, mədəni inkişafında rol oynamalıdır. Tarix sübut etdi ki, üstünlük əzələ gücündə deyil. Fiziki güc Tahirəkimilərin sayəsində əhəmiyyətini itirdi. Ağıl, düşüncə və elm güc ölçüsünün meyarı sayıldı.
Azərbaycanın istər keçmiş, istərsə də müasir tarixində dərin iz qoymuş, həqiqi milli mübarizə yolu keçmiş maarifçi qadınların sayı elə də çox deyil. XX əsrin barmaqla sayılası bir neçə qadın ismi istisna olmaqla, axtaran nəzərlərimiz adətən bizə mifik Koroğlu və Nəbilərin zövcələrinin adını gətirir. Tahirə Qürətüleyn kimi bir üsyankar mücahidin, haqq və ədalət carçısı olan türk qadınının həyat və fəaliyyəti cəmiyyətimizdə yetərincə araşdırılmadığı üçün örnək səviyyəsinə qalxmayıb. O, həm haqsız saydığı dini qaydalara, xalqı və insan azadlığını əzən rejimlərə qarşı savaşdı, meydanlara atıldı, həbslər, işgəncələr gördü, edama qədər mübarizəsindən dönmədi. Bu baxımdan Tahirənin həyatı tariximizin həqiqi qəhrəmanlıq səhifələrindən biri kimi öyrənilməyə layiqdir.