Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində

Xalq şairi Ramiz Rövşənin şeirlər kitabı ingilis dilində

Xalq şairi Ramiz Rövşənin You Are Your Own Way (“Özün öz yolunsan…”) adlı şeirlər kitabı “Mütərcim” Nəşriyyat Evi tərəfindən ingilis dilində çap edilib. Şeir mətnlərini ingilis dilinə filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli çevirib. Tərcüməçi kitaba “Ön söz” də yazıb. Kitabın üz qabığının rəssamı Tehranda yaşayan tanınmış fırça ustası Ərdəşir Rostami, Layihə üzrə məsləhətçi Bakı Slavyan Universitetinin professoru Telman Vəlixanlıdır.

44 seçilmiş şeirdən ibarət topluya xalq şairinin müxtəlif illərdə yazdığı məşhur şeirləri, o cümlədən, “Qara paltarlı qadın”(Woman In A Black Dress), “Vətən”(Homeland), “Hirs” (The Anger), “İlan balası”(The Young Snake), “Göy üzü daş saxlamaz”(The Sky Holds No Stone), “Şam”(Candle), “Əllərimin yuvası”(The Nest Of My Hands),“Son görüş”(The Last Meeting), “Azad Qadın heykəli”(Free Woman Monument), “Ölü dəniz”(The Dead Sea), “Nə var Allahdan yuxarı?”(What Is Above God?), “Ayrılıq”(Parting), “Biz şirin yuxudaydıq”(We Were In A Sweet Sleep), “Kölgə” (Shadow),  və s. şeirləri daxil edilib. Kitabda xalq şairi haqqında qısa avtobioqrafik məlumat da verilir: müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub, Suraxanı rayonundakı 208 saylı şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, daha sonra isə Moskva Ali Senari Kurslarını bitirib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnalı studiyasında redaktor, senarist, kinostudiyanın baş redaktoru və daha sonra isə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində işləyib. “Bir yağışlı nəğmə”, “Göy üzü daş saxlamaz”, “Kəpənək qanadları”, “Gedək biz olmayan yerə”, “Yağışlı nəğmə”, “Sevgi məktubu kimi” və başqa şeirlər kitabının müəllifidir. Ramiz Rövşənin senariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikasında, eləcə də ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Belarus, Polşa, Bolqarıstan, Türkiyə və İranda çap olunub. Şair 2013-cü ildə “Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü”nü alıb. Avrasiya Akademiyasının akademiki və akademiyanın “Avrasiya Əfsanəsi” mükafatının sahibidir. Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.Ramiz Rövşən Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

“Müasir Azərbaycan Poeziyası ingilis dilində” seriyası ilə çap olunan növbəti kitabın nəşrində məqsəd türk dünyasının tanınmış nümayəndəsini, onun yaradıcılığından seçilən poetik nümunələri beynəlxalq aləmdə təşviq etməkdir, milli mədəni sərvətimizin bir parçası sayılan poetik düşüncə tərzimizi dünyanın bir nömrəli dilinə çevirməklə daha geniş auditoriyaya tanıtmaqdır”, – deyə layihə rəhbəri K. Nəzirli müxbirimizə bildirib.

Kitaba “Ön söz” yazan K. Nəzirlinin sözlərinə görə, müasir ədəbiyyatımızın canlı klassiklərindən biri Ramiz Rövşən bənzərsiz şairdir. “O, milli poetik düşüncəmizin əbədi və canlı abidəsidir.  “Ön söz”də də qeyd etdiyim kimi, biz dünya miqyaslı bu unikal istedad sahibini dünyaya tanıtmalıyıq, onun poetik və akademik vergisinin sərhədləri sonsuzdur. Ramiz Rövşənin şeirləri ağrılarla dolu heyrətedici müsiqidir, sevinc və kədər musiqisidir… Sözləri, obrazları, süjetləri, göz yaşları içində gülüşləri, bir sözlə, dünyanın içi və çölü haqqında fəlsəfi düşüncələri bir-birini tamamlamaqla harmoniya və ritm vəhdəti yaradır, təbii unikallıqdır. O, adi insan gözlərinin görə bilmədiyi dərinlikləri görməyi, duymağı və onları sərrast poetik sözlə mükəmməl ifadə etməyi bacaran şairdir. İnanıram ki, kitaba daxil etdiyim poetik nümunələr  ingilisdilli oxucuların böyük marağına səbəb olacaq…”

Nazim Əhmədli /Kırımın sesi qazetesinin Azərbaycan təmsilcisi

Pin It on Pinterest