GenelGüncelKültür Sanat

QURBAN ƏHMƏD (Hekayə)

Nazım AHMETLİ

Kırımınsesi Gazetesi

Azerbaycan Temsilcisi

QURBAN ƏHMƏD

 ƏGƏR ALLAH İCAZƏ VERSƏ

                 (Hekayə)

 Qızmar yay günəşi şaxıyaraq önünə keçən hər kəsi, sanki öz odlu nəfəsi ilə qarsıdırdı. Günəş qalxdıqca ağacların yarpaqları bürüşüb öləziyir, gün axşama doğru gedəndən sonra isə öz əvvəlki hallarına qayıdırdılar.

Taxıl zəmilərinin yetişmiş sünbülləri başlarını torpağa əyərək günəşin odlu nəfəsindən buğda dənələrini qoruyurdular ki, qaralmasınlar. Sapsarı zəmilərin içərisində aramla hərəkət edən konbaynlar, dənizin göy sularını yara-yara gedən nəhəng gəmilərə bənzəyirdilər. Kənd adamları kənddə biri-biriləri ilə qonşu olduqları kimi, onlara verilən pay torpaq sahələrində də qonşu idilər. Günəşdən qorunmaq üçün kimisi biçilmiş taxılın küləşindən pələmə düzəldib altında oturur, kimisi biçilən buğdanı evlərə aparacaq maşın və ya traktorların qoşqusunun altına düşən kölgədə azacıq sərinləmək üçün dirsəklənərdi. Yekə termoslarda evlərindən gətirdikləri dəmli çaydan içə-içə, şirin-şirin söhbət edirdilər. Kimi öz əkin sahəsini necə gübrələməsindən, kimi aqrotexniki qaydada əkin əkməsindən, kimi də siyasətdən növbə ilə danışırdılar. Fikirlər üst-üstə düşməyəndə də biri-biriylə höccətləşərdilər. Bu minvalla günorta yeməyinin vaxtı çatana yaxın konbaynçı kimin taxıl sahəsini biçirdisə həmin adam evində günorta yeməyi hazırlatdırıb sahəyə gətirərdi. Konbaynçılarla, buğda daşıyan traktor və maşınların sürücüləri günorta yeməklərini yedikdən sonra yenə öz işlərində olardılar.

Pinti Kərimlə, Şalağ Vəli qonşuları Qismətin öz sahəsində küləşdən qurduğu pələmədə, dirsəklərinin altına küləşdən, samandan yığıb, böyrü üstə uzanmışdılar. Pinti Kərimin 25 yaşı, Şalağ Vəlinin isə 30 yaşı var idi. Cavan və subay olmaqlarına baxmayaraq hər ikisi kənddə öz ləqəbləri ilə yaxşı tanınırdılar.

Pinti Kərim atasını hələ uşaq ikən itirmişdi. Kiçik qardaşı Səlim daş karxanalarında yük avtomobillərinə mişardaşı yükləyib pul qazanaraq anası Səlminazın və qardaşı Kərimin dolanışıq güzəranını edərdi. Şalağ Vəlinin isə atası şəhərdə mikroavtobus sürüb qazandığı pulla ailəsini dolandırırdı. Şalağ Vəli iki bacının bir qardaşı idi. Böyük bacısı Vəsilə qonşu kəndə gəlin köçmüşdü. Kiçik bacısı Cəmilə anası Pərinazla əl-ələ verib, ev-eşiyin bütün işlərini həll edirdilər. Cəmilə dayısı oğluna nişanlanan gündən anası ona cehizlik hazırlayarkən yorulmaq bilməzdi.

Taxıl zəmilərinin ortası ilə kəndə gedən maşının torpaq yolda toz-dumanı ərşə qalxırdı. Havada buğanaq kimi asılı qalan toz-dumanı Pinti Kərimlə, Şalağ Vəlinin uzandıqları küləş pələməyə doğru gəlib çatanda , “Niva” markalı avtomobilin nəriltisi kəsildi. Maşının təkərlərinin yaratdığı toz-dumanı asta-asta dəniz görünüşlü sapsarı taxıl zəmilərinin üzərinə qonurdu.

Avtomobilin qapısı guppultu ilə örtüldü. Gopçu Xasay skletə oxşar tüklü qollarını yelləyə-yelləyə özünəməxsus ədayla salam verdi:

– Səlamun-əleküm, igidlər, necəsüz, işləriniz necə gedir?

– Ay Əleyküm-salam, gopçu qardaş, yaxşılıqdı – deyə Pinti Kərim cavab verdi.

Qismət öz zəmisinin biçilmə növbəsinin nə vaxt çatacağını öyrənmək üçün taxıl sahələrinin aşağı başına getmişdi. Toz-dumanın onun qurduğu küləş pələməsində dayandığını görüb, yuxarıbaşa , pələməyə gəldi. Gopçu Xasayla salamlaşıb, Pinti Kərimlə, Şalağ Vəliyə dedi:

– Ay bədbəxt tənbəllər, siz buraya nə üçün gəlmisiniz? İki növbə qabaq Vəligilin növbəsi olub, onlardan bir adam olmadığı üçün o birilər biçdirib.

Şalağ Vəli dodaqaltı mızıldandı:

– Əşii.. nə vaxt olsa biçdirəcəyik, qaçhaqaç döyül ki?

Gopçu Xasay sağa-sola baxa-baxa dedi:

– Bircə saatın qədrini bilməyən həyatın tam qiymətini başa düşə bilməz.

Pinti Kərim uzandığı yerdəcə üzünü Gopçu Xasaya tutaraq gülə-gülə dedi:

– Özün inanmadığın şeyi, başqasına təbliğ eləmə, qaqaş…

Gopçu Xasay çiyinlərini arxaya dartaraq hind toyuğu kimi sinəsini irəli qabardaraq ciddi görkəm alıb, Pinti Kərimə cavab verdi:

– Qaqaş, insanlar öyrənərək öyrədirlər. Bir də hamıya məlumdur, mənim atam Sovetlər birliyi dövründə idarə rəhbərlərinin sürücüsü olub. Mən isə indi İcra Hakimiyyəti müavinlərinin sürücüsü işləyirəm. Özüm də ki, göz qabağındayam.

Qismət gördü atmacalı söz-söhbət uzanacaq odur ki, dedi:

– Şit tərif nə onu deyənə, nə də aid olduğu adama hörmət qazandırmır.

Şalağ Vəli yüksək tonlu səslə dedi:

– Ay, o kəlmələri deyən ağzuva qurban olum, qızıl kimi sözlər dedin. Əyə, Xasaycan sənə niyə Gopçu Xasay deyirlər, – izah eləyə bilərsən?

Gopçu Xasay əsəbi halda özündən çıxaraq dedi:

– Bütün el-obaya məlumdur ki, vəzifəlilərin hamısı yalan-palan danışırlar. Qardaş məni də məcbur edirlər ki, yalan danışım. Məsələn, mənim yanımda hər hansı vətəndaşa söz verirdilər ki, sənin məsələn həll olunacaq, lakin onun işi həll olunmur. Həmin vətəndaş idarələr arasında futbol topu kimi oyan bu yana göndərilir. Axırda da vətəndaş bezikib hirsini və acığını mənə töküb, soruşur: – Bilərsən filan müavin nə üçün mənim işimə əncam çəkmədi? – Bəli, indi gəl cavab ver görüm, necə cavab verirsən ay başı xeyirli Xasay? Mən də başlayıram yalanla, gopun sintezini qurmağa, yəni nəzakətlə desək goplamağa.

Qismət bu arada özünü saxlaya bilməyib, başını bullaya-bullaya dedi:

– Zahiri, süni nəzakət əslində nəzakət deyildi, üstü pərdələnmiş təhqirdir.

Pinti Kərim istehza ilə:

– Ay Qismət nə təhqir, nə nəzakət, bu da o birilər kimi onların tərəsini duzlayır.

Şalağ Vəli bu dəm avazla oxuyur:

– Əzizim, beləyəm mən,

Sevinci bölərəm mən.

Əmrinə müntəzirəm,

Öl, desən ölərəm mən.

Qismət gördü söhbətləri yavaş-yavaş dava dalaşa çevriləcək dedi:

– Kişinin qiyməti əməliylə ölçülür. Bu sözlərdən sonra hər üçü bir-birinin üzünə baxır.

Araya bir xeyli sükut çökür. Qismət gözlərini uzaqda bir nöqtəyə zilləyib, dumuxa getmişdi. Birdən özü-özünə pıçıltı ilə: – Allah-Təalanın möcüzəsinə baxın. Hər yer istidən od tutub yanır. Amma oraya baxın, bir topa bulud dağın başında durub. Dağdakı ağacların Günəşə daha yaxın olduğunu hiss edərək bulud onları günün yandırıcı şüalarından qoruyur.

– Yer üzündə cənnət mümkündür, hərgah rəhm olsa, insaf, mürvət olsa, vicdan olsa.

Gopçu Xasay başının işarəsi ilə Pinti Kərimlə, Şalağ Vəlini göstərərək dedi:

– İndi tənbəllər üçün alimlər yeni-yeni ixtiralar ediblər.

Sən də deyirsən, cənnət belə gəldi, vicdan belə getdi, nə bilim rəhm olacaq, olmayacaq.

Qismət səksən beşinci ildən Gəncə şəhərində Aqranomluq Texnikomunu bitirmişdi deyənə Gopçu Xasaya inamla baxıb dedi:

– Alimlər hər şeyə qadir olmaq istəyirlər. Mən aqranomluğu oxuyanda bir neçə eyni mənşəli bitki toxumlarını biri-birinə calaq edib, qəribə bitki növləri yetişdirirdilər. O bitkilərə də qəribə-qəribə adlar qoyurdular. Ona görə də, mən inanıram sənin sözlərinə.

Pinti Kərim görəndə ki, Qismət Gopçu Xasayın dediklərinə inamla yanaşır, marağı daha da artdığından söruşdu:

– Alimlər nə ixtira edirlər ki, sən onları bu qədər tərifləyirsən?

Gopçu Xasay Pinti Kərimə üzünü tutaraq:

– Ayə Kərim, sənin canın üçün tərifləyib-zad eləmirəm. Həqiqətən də belədir. Göz hərəkətləri ilə bütün işlərimiz həll olacaq.

Qismət bu deyilənlərə bir az qəribə şəkildə baxıb, soruşdu:

– Sən heç bilirsən nə qatığlayırsan?

– Mən nə qatığlamıram, nə də ayranlamıram. Mən sizə izah edim, siz də yaxşı-yaxşı qulaqlarınızı şəkləyib eşidin. 1960-cı ildə də aya peyk uçanda çox insanlar inanmırdılar. Ancaq indi isə ayda torpaq sahəsi alırlar inanmayan adamlar və onların övladları. Biz əzəldən beləyik, əvvəl-əvvəl inanmırıq, sonralar da həmən işlərin iştirakçılarının birincisi oluruq.

Bu dəmdə Gopçu Xasayın mobil telefonuna zəng gəldi. Gopçu Xasay mobil telefonunu cibindən çıxarıb kimin ona zəng etməsinə baxdı. Sürücülük etdiyi müavinin nömrəsi olduğunu görüb tez özünü yığışdırıb kənara çəkildi, telefonun “hə” düyməsinə baş barmağını basaraq, – bəli – dedi.

Zəng edən müavin Gopçu Xasaydan nə isə soruşdu. Gopçu Xasay telefonda izzahat verməyə başladı.

– Bütün taxılbiçən konbaynların yanına da öz adamımızı qoymuşam. Özüm də sahədəyəm, nəzarət edirəm. Sizə çatacaq taxılların hamısını kənd bələdiyyə sədrinin həyətindəki anbarına yığdırıram.

Yenə telefonda nə isə deyildikdən sonra Gopçu Xasay:

– Oldu, baş üstə, oldu, – deyə-deyə pələməyə yaxınlaşdı.

– Bağışlayın, boss idi.

Şalağ Vəli onun sözünün üstünü gələrək dedi:

– Baxın, yetmişinci, səksəninci illərdə kim desəydi ki, heç bir naqilə qoşulmadan burada durub Amerika və yaxud Çinlə danışacaqsan, özü də biri-birini canlı görə-görə.

– Düz deyirsən, mən sənə inanıram. Pinti Kərim Şalağ Vəlinin dediklərinə əlavə olaraq dedi:

– Bu yazıq elə düz danışır, ancaq mənə çatmır ki, buna niyə Gopçu xasay deyirlər?

Gopçu Xasay da bu xoş sözlərdən və hamının onu diqqətlə dinləməsindən daha da qürrələnərək yarımçıq qalan söhbətinə davam edir.

– Alimlər senserli göz pərdəsi icad ediblər. Hələ yoxlayırlar ki, görsünlər necə effekt verəcək.

Beş nəfər könüllünün gözünün pərdəsinin altına həmin cihazı yerləşdiriblər və yoxlayırlar görsünlər nəyi düzgün ediblər, nəyi səhv ediblər. Eşitdiyimə görə, məsələn, taxıl zəmisini biçmək istəyənlər, gözünü yavaş-yavaş zəminin gövdəsində süzdürəcək, zəmilər də lazer şüası ilə biçiləcək.

Şalağ Vəli ötkəmlik edib soruşdu:

– Tutalım, zəmi gözdə yerləşdirilən lazerlə biçildi. Bəs onun toplanması, onun döyülməsi, onun buğdasıyla samanının biri-birindən ayrılması, nə bilim nələri?

Gopçu Xasay özünü o yerə qoymayıb, cavab verdi:

– Adə, ay zalım oğlu zalım, deyirəm axı hələ yoxlayırlar, üzərində işlər gedir. Bayaq demədim ki, ha… peyk… məsələsi. Yüz ildən bir dünyəvi dəyişikliklər baş verir. Məsələn, avtomobil icad olubsa yüz ilin tamamında daha yaxşısı konfortlusu, icad olur. 2060-cı ldə də bu dediklərim olacaq.

Qismət bığaltı gülümsəyərək soruşdu:

– Alimlər bu icadı təkcə taxılın biçilməsində edirlər, yoxsa hər bir işdə?

Gopçu Xasayın dili topuq vura-vura cavab verdi:

– Yooxx… bilirsən… Qismət, necə deyim sizə?

Qismət dilləndi:

– Necə bilirsən, eləcə də başa sal bizi.

Gopçu Xasayı tər basdı, tər damcıları saqqızdığından üzü aşağı süzülməyə başladı. Əlinin arxası ilə tərini silə-silə danışmağa başladı:

– Mənə elə gəlir ki, bütün işlərdə, məsələn ev tikmək istəyirsən, yer şümlamaq istəyirsən, maşın sürmək istəyirsən, qısası hər bir işi gözə qoyulan o göz sensoru ilə həll etmək mümkün olacaq.

Pinti Kərim dedi:

– Ay Gopçu Xasay, day, deynən kef edəcöyük dayna. Evdən çölə çıxmayacox, elə nəyə baxsax həll edəcöyük.

Şalağ Vəli dedi:

– Gopçu Xasayın deməsinə görə biz 2060-cı ildən sonra o dövrün durğunluq illərin yaşayacağıq. Hazıra buyruq, ağzıma quyruq – deyərək şaqqanaq çəkib güldü.

Qismət hamının üz mimkasına baxıb dilləndi:

– Allahdan bixəbər danışmayın. Bütün kainatın, möcüzatın yaradanı Allahdır. Əgər Allah icazə verməsə alimdi, filosofdu, nə bilim kimdi, onlar heç bir ixtira-mixtira eləyə bilməzlər. Mənə bax, sən də gopuvu yığışdır.

Kırım'ın Sesi Gazetesi

27 Şubat 2015 Tarihinde hizmet bermege başlağan www.kiriminsesigazetesi.com maqsadı akkında açıklama yapqan Mustafa Sarıkamış İsmail Bey Gaspıralı’nıñ bu büyük mirasına sahip çıqmaq ve onun emellerini yaşatmaqtır. Qırımtatar Türkleriniñ ananevî, körenek, ürf, adet kibi yaşamlarında ne bar ise objektif şekilde Dünya cemiyetine taqdim etilmektir.

Pin It on Pinterest