Xəyal Rza
Nazim Əhmədli şair-publisist
Kırımın sesi qazetesinin Azərbaycan təmsilçisi
Xəyal Rza
Meşəbəyinin canavar qonaqlığı
(hekayə)
Ona qədər biz nə meşəbəyi görümşdük, nə canavar…
- Hazırlaşın! Sabah lagerə gedirsiz!
Özü bilə-bilə son gün xəbər verirdi ki, heç kim etiraz etməyə fürsət tapmasın. Biz
ilk dəfədir evimizdən, atamızdan, anamızdan uzaqda yaşamalı olacaqdıq. Həm də
az qala əsgəri xidmətə bərabər bir yerə göndərilirdik. Anam acıqlanmışdı,
kədərlənmişdi. Amma cürət edib, qəti şəkildə etiraz edə bilmirdi. Yaxşı bilirdi ki,
atam bununla bağlı qərar veribsə, üstəlik hər şey hazırdırsa, sabaha bizi aparmaq
üçün dostuna maşınla gəlməyi belə xahiş edibsə, deməli, heç nə dəyişə bilməz.
Bilmirəm, bu fikri onun başına kim salmışdı?! Bəlkə də bundan əvvəl lager
haqqında elə-belə söz salıb, biz də gic kimi görmədiyimiz bir şeyi həvəslə
istəmişik… Ya da hansısa dostundan gəlib belə bir fikir, yeyib-içmək məclisində
kimin nə planı olduğu, yay tətilində uşaqlar üçün nə düşündükləri müzakirə edilir,
axı, bəzən, kimsə dilini dinc qoymayıb, lagerdən danışıb, bizimki də həvəsə gəlib,
elə bilib, ürəyimiz gedəcək bu təklifə. Lager… Evdən-eşikdən uzaqda. Dünaynın o
başında. Hələ anamsız qalmaq… Nə yaşım var idi ki, mən yazığın?! Lagerə
Düşərgə də deyə bilərik… Öz dilimizdə. Nə gərək var, hamı lager deyirdi, biz də
lager desək, dünya dağılmaz ki. Üçüncü variant da vardı. Kişini bezdirmişdik
nadincliyimizlə. Əslində o qədər də nadinclik etmirdik. Sözəbaxan uşaqlar idik.
Yaxşı oxuyurduq. Amma hərdən bir xalxın uşaqları kimi uşaqlığımızı da
yaşayırdıq. Velosiped istəyirdik almırdı, qonşunun oğlu velosipedini “kruqa
verirdi”, biz də ona xiyar-pomidor verib, velosipedini alıb sürürdük. Sonra pinəçi
Nurəddinin oğlu, ciqan Niyazinin bandasına qoşulduq bir ara. Şəhərin altından
girib, üstündən çıxırdıq. Bir qarış boyu olan Niyazidən qorxmayan yox idi. Herti-
perti gədələr qarşısında diz çöküb, ağlayıb yalvarırdılar bağışlanmaları üçün.
Niyazi gözünə döndüyüm də belində gəzdiriyi bıcağını çıxarıb, diz çökənləri
əməllicə sındırmasa, yalvartmasa, əl çəkmirdi. Deyilənə görə, nə vaxtsa bir iksini
vurubmuş, bir iksinin də üzünə “şram” atıbmış. Ona görə kim Niyazinin adını
eşitsə, şalvarını batırırdı. Mənə görə Ağdam ləhçəsində ən yaxşı danışan elə
Niyaziydi. Xüsusi pafosla danışırdı, bizdən fərqli, hamıdan fərqli danışırdı.
Danışanda da alt dodağı sola doğru əyilirdi. “Qaqa saa deməmişdiiim?” – deyəndə
bəs edirdi qabağındakı adamın titrəməsinə. Biz də Niyazinin bandasında kef
edirdik. Kimin həddi var idi “gözünün üstündə qaşın var” deyə. Daha sonra Sünbül
kafesinə dadandıq. Dünyanın dadı-duzu, ləzzəti Sünbülün xəngəlindəydi. Bal idi,
ilahi, qaymaq idi, ləzzət idi. Yarpaq xəngəli, yanında da ayranı. Yazıq anam bir
dəfə gəlib, bizi orda tutmuşdu. Dərsdən qaçıb getmişdik deyə. Sonra demişdi ki,
sizin ürəyiniz nə vaxt xəngəl istəsə, deyin, mən bişirim də. Bu sözü sonralar da tez-
tez eşidiridik. Amma biz Sünbülün xəngəlindən ötrü ölürdük. Həm də
kişilənirdik… Özümüz gedirdik, özümüz “şot” verirdik. Bu da ləzzət eləyirdi. Nə
yaşımız var idi ki?! Bizim taylarımız qapının ağzına çıxa bilmirdi icazə almamış.
Elə biri bizim dayıoğlu. Nənəsi, anası təpəsin əzərdi qapıdan on metr uzağa getsə.
Onu da biz pozduq. Hər onlara gedəndə onu evdən oğurlayıb gəzməyə aparırdıq.
Balaca bacısını qapıda keşikdə qoyurduq. Deyirdik, biz döngənin başına çatanda,
qaç mamangilə de ki, Rəşadı apardılar. Belə-belə dayıoğlu da kişilik məktəbini
oxumuş oldu. Hə, kim nə deyir desin, bu, kişilik məktəbi idi, sadaladığım bütün
pisliklərin içində yaxşı şeylər görmək lazımdır. Sonradan bunlar bizim
formalaşmağımızda, xarakterimizdə xüsusi rol oynadı. Mən atamın cibindən pul da
oğurlamışam, amma böyüdükdən sonra kiminsə bir manatına göz dikməmişəm. O
uşaqlıq idi. Uşaqlıqda qaldı. Biz – qardaşım da mən də, sanki hər şeyin dadına,
ləzzətinə dərs çıxara-çıxara, analiz edə-edə, bir nəticəyə gələ-gələ baxırdıq.
Velosipet də aldım. Gizlətdim. Gizlincə sürürdük. Oğurluq pulla alınmışdı deyə.
Kişinin cibindən ilk dəfə çəkdiyim pula qəribə də olsa qab-qacaq almışdım. Anam
pulu hardan aldığımı soruşanda yerdən tapdığımı demişdim. Pulun cibimdə
qalmasından qorxduğumdan, guya yönlü iş görüb, qab-qacağa verib, gətimişdim
evə. Daha sonralar isə pulumun olması uşaqların arasında ən bahalı siqareti mənim
çəkməyimə şərait yaratmışdı. Hə, deməmişdim, hə? Siqaret də çəkirdik. Qonşunun
eşşək boyda gədəsi bizim həyətə keçəndə öyrətmişdi. Dedi, gəlin siqaret çəkək.
Dedik, biz siqaret çəkmirik. O da dedi, bu siz bilən siqaret deyil, kağızın arasına
xəzəl qoyub çəkək. Elə ilk anda da yaxalandıq. Anam işdə idi. Atam adəti üzrə
günorta dincəlməyə gəlmişdi, işə qayıdacaqdı. Evdən çıxanda zəhrimarı ağzımda
gördü. İş-miş yaddan çıxdı. Qonşunun gədəsi rədd oldu. Qardaşımla məni
“kladovka”da asırdı gerçəkli. Anam da yox idi ki, qanımızın arasına girsin.
Ağlamaqdan qan-bağır olmuşduq, qorxudan ölürdük, yalvarmaqdan əldən
düşmüşdük. Denən, a kişi, kağızdır da, niyə öldürürsən bizi, bir-iki kəlmə de, başa
sal, çıx get işinin dalınca. Bax, həmin o asıb-kəsmələr sonradan bizi siqaretlə
tanışdırdı. Aksiomadı. İnsanı nədən çəkindirsən, ona doğru gedər. Dedik, görək bu
nədi belə, bunun üstündə öldürürdü bizi?! “Monte Carlo”, “Magna”, “LM”,
“Congress”, unutduğum qəribə adlı siqaretlər… Mənsə ən bahalısını – “Marlboro”
çəkirdim. Boynusınmış dükan satıcılarının isə heç vecinə də deyildi, uşaqların
ağciyərləri. Kopolunun “Marlboro”su, qoxusu, ətiri bambaşqa idi. Birini yandırıb,
Leninin damağına qoymuşdum, axıra qədər əriyib getmişdi, külü qalmışdı siqaret
uzunluğunda.
Gərçək siqaretlə də tutuldum. Səhər-səhər guya uşaqlarla qaçmağa gedəcəkdik.
Baxdım atam məhlənin başında dayanıb, işə getmək üçün taksi gözləyir. Uşaqlar
dedi, atan ordadı, gəl, yolumuzu dəyişək, dedim, yox. Getdim görüşdüm. – Atam,
hara gedirsən bu vaxt? – Atam mənə atam deyə xitab edirdi. Dedim, uşaqlarla
qaçmağa gedirik. Sevindi yazıq kişi. Cibimə o qədər zir-zibil doldururdum ki, məni
görəndə həmişə adət etmişdi üstən şişmiş ciblərimə toxunub, bu nədi, cibini boşalt
- deməyə. Adəti üzrə üzümdən, boynumdakı yarpaq xaldan öpdü… Buna
peyğəmbər nişanəsi də deyirlər. Deyirdilər, peyğəmbər barmağın basıb. Uşaqlıqda
o qədər demişdilər ki, hələ də buna inanıram, özümü bütün bədliklərə, xəta-bəlaya
qarşı müafizə olunmuş müqəddəslərdən sanıram. Pencəyin cibini deşib, siqaret
qutusunu astara ötürüb arxa tərəfə itələmişdim. Elə bil əli ilə qoymuşdu. Düz
belimdə qutunu ifşa elədi. – Çıxart görüm, bu nədi? O an əlli bəhanə fikirləşdim.
Xeyri olmadı. Əvvəl nəsə başqa bir şey mızıldandım. Siqaret cibimdən çıxanda,
qəzəbli-qəzəbli baxıb, kimindi bu, dedi. Dedim, Aydınındı, atasına alıb. Dedi,
səndə nə gəzir? Dedim, Aydın xahiş etdi ki, saxla, sonra götürəcəm. Ağzıma gələni
danışdım. Belə olmağıma baxmayın. Vallah yalan danışa bilmirdim. Qulaqlarıma
qədər qızardım. Həm də biz uşaqkən undurduq ki, atamız da uşaq olub. Ona “atış
gləmək” mümkün deyil. Ona görə, iki vur ikinin cavabı kimi siqareti tapa bildi. Nə
Aydına, nə Aydının atasına, əslində isə mənə inanmadı. Qulağımın dibində açılan
şapalaq bütün öpüşləri, xalları, peyğmbər nişanəsini unutdurdu o anda. Gözlərim
doldu. Dedi, get evə, işə dəyib gəlirəm, səni asacam. Çevrilib evə doğru gedə-gedə
“uşaqların sözünə niyə baxmadım, arxa küçədən niyə getmədim” deyə, özümü
bildiyim yüngülvari söyüşlərə qonaq eləmişdim ki, arxadan çağırdı, “ə, bura qayıt,
əəə, bir dəqiqə”. Atam- matam yaddan çıxmışdı. Üç yüz altmış dərəcə çevriliş –
atamdan – ə-yə. Qayıtdım. Yenə axtarmağa başladı. Bu dəfə əsl polis əməkdaşı
kimi. Siqareti tapıb, kibriti axtarmayacaq? Ay-hay. Elə bil əli ilə qoymuşdu. O biri
deşikdə də kibrit qutusunu tapdı – bu da yandırmaq üçündü, köpəyoğlu? Get,
gəlirəm. – Çevrilən kimi dalıma da bir “moşnu” təpik.
Atam gələnədək qırx dəfə öldüm dirildim. Anam məni müdafiə etmək üçün
bilmədi nə düşünsün. Özümü xəstəliyə də vurdum xeyri olmadı. Aydını çağırıb,
soruşdu, boynuna qoydu ki, atası belə bir siqaret sifariş verməyib. Qapıdan çıxmaq
qadağan edildi. 24 saat nəzarət altında idim az qala. Qəzəbli nəzərləri məni hər
yerdə izləyiridi. Yumşalmırdı ki, yumşalmırdı. Doğrudan a, heç yadıma düşmürdü.
Səbəb elə bu idi yəqin. Bizi gedər-gəlməzə göndərməklə qisas alacaqdı. Bizim
anlamımızda kişilik məktəbi yuxarıda sadaladıqlarım, onun anlamında isə lager
idi! Əşşi, olsun düşərgə. Axşama doğru anamı əsəbləşdirən başqa bir sürpriz də
oldu. Beyləqandan bacısı oğlu gəldi. Bu nə idi indi? Biz evdəykən dəvət etsə, yenə
nəysə. Bizimlə oynayacaqdı və s. Bizi yola salıb, bunu niyə dəvət edir ki? Anam da
elə buna hirslənmişdi. “Mənim balalarımı sürgünə göndərir, öz bacısı oğlunu kef
verməyə çağırır. Bunun qulluğunda durmaq var indi”.
Səhər tezdən maşın gəldi. Sarı kişinin nivası. Gedəcəyimiz yerin adı Abdal-
Gülablı imiş. Get ki, gedəsən. Dağların başına doğru, gedikcə üzüyuxarı, buludlara
tərəf dırmaşırıq. Ora çatanda möhtəşəm bir mənzərəylə rastlaşdıq. Hər tərəf
yamyaşıl meşə, dağların ətəyində çəmənlikdə qalacağımız düşərgə. Saysız-
hesabsız çadırlar. Atam bizi düşərgənin rəhbərliyinə tapşırıb, təhvil verib, soyuq-
soyuq görüşərək çıxıb getdi. Bizə qalacağımız çaıdırı göstərdilər. Bir çadırda on
çarpayı. On oğlan uşağı. Təbii ki, qızların çadırları ayrı idi. Yeddimiz var idik.
Ortada olan üç çarpayı boş idi. Kiminçünsə saxlamışdılar. Elə ilk gündən
macəralar başladı. Başıma gələcəklər çox gözlətmədi. Qarnımın qurultusu qulaq
batırırdı. Havamı dəyişmişdim deyə, vəziyyət gərgin idi. Soraqlaya-sorayqlaya
ayaqyolunu tapdım. Düşərgənin tam kənarında, az qala meşənin içində idi. Hansısa
heyvan parçalamağa cəhd eləsə, düşərgə xəbər tutana qədər adamın sümüyü qalar.
Baxdım ki, qapının birində cəftə var, amma o birində sındırılıb. Rahatlığı sevirəm.
İçəri keçib, qapını bağladım. Təzəcə oturmuşdum ki, iki-üç qızın deyib gülə-gülə
yaxınlaşdığını eşitdim. Hardan bilim başıma gələcəkləri. Sən demə, bu qızların
tualeti imiş. Qapıda yazılmamışdı. Ya da mən fikir verməmişdim. Beş dəqiqə
gözləyib, qapını dartışdırdılar. Az qala nəfəsimi də tutmuşam ki, birdən hiss
edərlər içəridə oğlan var, biabır olaram. – Kimsə var? Çıxırmırsınız? – Lənət
şeytana. İşə düşdük də. Görürsünüz bağlıdı, çıxın gedin də. Sonra gələrsiniz.
Ürəyimdə donquldanıram. Deyinirəm. Getmək fikirləri yoxdur. İçəridən səs
gəlməyincə mənim yerimə bunlar əsəbləşirlər. Bir-birlərinə gileylənə-gileylənə
qapını qurdalayıb suallar yağdırırlar. Ən zəhləm gedən, ən nifrət elədiyim şeydir…
Mən ayaqyolunda olanda məni kimsə narahat etsin, tələsdirsin. Gözümün
düşmənidir. Qalxıb səssizcə dayanmışam. Qızlar isə getmirlər ki, getmirlər.
Baxdım ki, nəfəslik var, hə, “fortuşka.” Birtəhər yuxarı dırmaşıb, özümü
pərçimlədim ora. Meşəyə açılırdı nəfəslik. Amma sən demə düz dibdə arx var
imiş. İş-işdən keçmişdi. Dizimə qədər lıqqanın içinə batdım, tənginəfəs özümü
yetirdim çadıra. Qardaşım nə baş verdiyini soruşdu, mən danışdıqca qəşş elədi.
Sonra heç xəbərim olmadı bağlı qapının aqibəti necə oldu. Qorxumdan, yalan
olmasın, iki gün o tərəflərə fırlanmadım.
Təlimatlandırmağa başladılar. Səhər neçədə qalxmalıyıq, səhər yeməyi saat
neçədədi, sonra nə, daha sonra nə və sair və sair.
Buranın dəhşəti gecələr imiş ki. Səssizlik, qurd ulamaları, çaqqal bağırtıları,
vahimə nə vahimə. Qorxa-qorxa, üyüdə-üyüdə bir təhər yuxuya getdik. Səhər
oyanan kimi çadırların yanlarını və üstünü necə açmalı olduğumuzu başa saldılar.
İçərinin havalandırılması üçün. Bir yerdə duran deyiləm. Həm başıbəlalıyam, həm
də nadinc. Ona görə mənə qohum-əqraba çatı da deyirdi, quyruğu yanmış siçan da.
Dırmaşdım yuxarı, çadırın üstünü açdım. Mən enənədək uşaqlar da çadırın
yanlarını həll etmişdilər. Sən demə, bunu hava qaralmamış, vaxtında da bağlamaq
lazım imiş. Gecə bütün çadırlardan fərqli olaraq bizim çadır açıq qalmışdı. Uşaqlar
qorxularından tərpənmək isətmirdilər. Hamı bir-birinə baxıb, kimin irəli
düşəcəyini, fədəkarlıq edəcəyini gözləyirdi. O gecə çadır açıq qaldı. Yeddi çarpayı
dairəvi şəkildə kənarlarda yerləşdiyindən hec kəsin gözünə yuxu getmədi. Canavar,
çaqqal bir yana, itdən pişikdən də qorxurduq indi. Amma çox şükür səhər tez açıldı
və bundan sonra növbəçilik sistemi yaratdıq. Artıq çadırın üstü və yanları
zamanında açılıb, zamanında bağalanacaqdı.
Bizi dağlara gəzməyə apardılar. Sıldırım qayaların üzərində yazılmış adları görüb
biz də həvəsə gəldik. Ən yüksək yerlərdən birinə mən də adımı yazdım. Axşama
kino göstərdilər, sabah səhər kəkotu yığmağa gedəcəkdik. Gündüzlər gözəl,
günəşli yay havasını, axşamlar sərin dağ havası əvəzləyirdi. Hərdən üşüyürdük.
Səhər yeməyindən sonra kəkotu dalınca dağa qalxdıq. Bölük rəhbəri otlardan,
otların faydasından danışa-danışa kəkotunu necə yığmağı göstərirdi. Mənim
dərdim isə başqa idi. Salamat qalmaq adətim deyildi. Baxdım ki, uzaqda iki gənc
dağın ətəyinə çatmaq üzrədi. Dedim, görən qaçsam, onlardan tez çatarammı. Elə
bu ağılla üzüaşağı yelləndim. Getdikcə sürətim artırdı və mən hiss etməyə
başladım ki, birazdan bunun qarşısını ala bilmyəcəm. “Tormozlamaq” istədim. Bu
isə daha pis imish. Yuvarlanmağa başladım. Yuvarlandıqca kol-koslar üzümü,
gözümü, üstümü-başımı, bədənimi cırmağa başladı. Qardaşıma xəbər veriblər ki,
mən yuvarlanıram. Özünü yetirdi. Amma artıq gec idi. Cırıq-cırıq olmuşdum.
Ufuldaya-ufuldaya, müəllimdən də azar yeməyim deyə, ağrılarımı içimə saldım. O
gecə ağrılarıma sarılıb yatdım. Anamı düşünə-düşünə. Səhər oyananda ağrılarım
azalmışdı. Və yeni macəralar arzulayırdım. Axşama canlı konsert olacaqdı. O gün
çadırımızdakı çarpayıların sahibləri gəldilər. İçində biri yüz yetmiş kilo, yekəpər
bir şey idi. Yanındakılar da bu ərköyün uşağın qohumları, əlaltıları idilər.
Darixmasın deyə onun üçün hər şeyi düşünmüşdülər. Sən demə, bizə çadır yoldaşı
yox, ataman göndəriblər. Çadırın sahibi bu idi elə bil. Bunu ditdililər yeməsinlər
deyə, çarpayının dörd bir tərəfini cuna ilə bağladılar. Krallara layiq bir yer
düzəltdilər. Yaramaz oğlu yaramaz, başladı uşaqların başına oyun açmağa…
Acılamağaş… Məzlənməyə… Heç kimin səsi çıxmırdı. Hamı çəkinirdi ondan.
Hardansa eşitdik ki, bu gamış lal Tahirin oğludu. Biz heç lal Tahirin kim oldğunu
da bilmirdik. Hər kim idisə, düşərgə rəhbərliyinin də, əməkdaşlarının da ondan
çəkindikləri şübhəsiz idi. Elə buna görə onun oğlu çox rahat hərəkət edirdi və
bəlkə də uşaqlar şikayət etməyin mənasızlığını bildikləri üçün susurdular. Dəqiq
yadıma gəlmir, amma mən qardaşımı və özümü təhlükədən sığortalamaq üçün ona
kiminsə adını vermişdim. Ya atamın, ya atamın dostlarından birinin. O da
tanımaya-tanımaya özünü tanımış kimi göstərib, bizimlə mehriban olacaqmış kimi
reaksiya vermişdi. Elə ilk gecə Lal Tahirin oğlu hamımızdan öncə yuxuya getmiş
bir uşağın ayaq barmaqlarının arasına kağız parçası qoyub, od vurdu. Alov
barmaqlarına çatanda yazıq uşaq dik atıldı yuxudan. Nəsə demək istədi, qorxdu,
boğula-boğula qaldı. Lal Tahirin oğlunun hoqqaları saya gəlmirdi. Və hamı
dözürdü. Allahdan mənim siyasətim işə yaramışdı. Bizimlə işi olmurdu. Bir neçə
gün sonra dedilər ki, qolunuza “nakolka” vurdurmaq üçün sıraya düzülün.
Müəllimlər görməsinlər deyə, “əməliyyat” hava qaralanandan sonra aparılırdı. Kim
nə istəyirdisə, qoluna kibrit çöpünün kükürdüylə yazırdılar. Mən də qoluma X
yazdırdım.
Atam dayımla bizə dəyməyə gələndə bu dəfə də qolumdakının zibilinə düşdüm.
Hardan xəbər tutumuşdu, necə öyrənmişdi bilmədim. Qulağlm bərk dartıldı, dayım
əlindən almasaydı, bir qapaz da gələcəkdi. Yaxşı qutardım.
Bir neçə gün sonra gecənin bir aləmində meşədən güllə səsləri gəldi. Düşərgədə
aləm bir-birinə dəydi. Bütün uşaqlar qorxu, səksəkə içindəydi. Hər kəs nə baş
verdiyini öyrənmək istəyirdi. Səs-küy çox olduğundan çadırların önünə çıxmışdıq.
Düşərgənin rəhbərliyi bir-bir çadırlara yaxınlaşıb nəsə deyirdi, sakitliyə çağırırdı.
Bizim də çadırımıza yaxınlaşıb, uşaqlar, qorxulu heç nə yoxdu, keçin yatın – dedi.
Üzündəki təlaş və həyəcan bəlli idi, gizləməyə çalışsa da. Qorxmayın! – bir daha
təkrarladı – meşəbəyi sizə canavar vurub, səhər sizi canavar kababına qonaq
edəcək.
Həmişəki günlərdən daha tez oyanmışdıq. Elə bil səhər daha tez açılmışdı, gün
daha tez doğmuşdu bu gün. Bizə heç nə deyilməsə də, gecəki gərginlik hələ də
qalmaqdaydı. Böyüklər ora-bura gedib gəlir, nəyisə ciddi-ciddi müzakirə edirdilər.
Biz isə canavar qonaqlığını gözləyirdik səbirsizliklə. Gözümüzü gəlib-gedənə
zilləyirdik ki, indi – gəlin, meşəbəyi çağırır – deyəcəklər. Meşəbəyini də, canavarı
da görməkdən ötrü ürəyimiz gedirdi. O gün axşama qədər bizi heç kim, heç hara
çağırmadı. Hətta başqa günlərdən fərqli olaraq bizimlə maraqlanan olmadı, başlı-
başına qalmışdıq. O çal-çağırlı düşərgəyə ölü bir süküt, vahiməli bir kədər
çökmüşdü sanki. Sonra xəbər verdilər ki, hazırlaşın, valideynləriniz gəlib aparcaq.
Axşamüstü atam dostuyla arxamızca gəldi. Biz nə baş verdiyini bilmirdik,
soruşmağa da çəkinirdik…
Evdə atamla-anamın söhbətini eşitdik… söhbət meşəbəyini qonşuların
öldürməsindən gedirdi. Anam elə hey qonşuları qarğıyırdı. Söz-söhbət getdikcə
qızışırdı… Söhbət o qədər böyüdü ki, sanki evdən küçəyə, küçədən şəhərə,
şəhərdən ölkəyə yayıldı bir anda. Söhbətdən əməlli başı qan iyi gəlirdi. Lap
müharibəyə oxşayırdı…
Biz meşəbəyini də, canavarı da görə bilmədiyimizə yanırdıq… sən demə o
düşərgəni də, o kəndi də, sonradan o şəhəri də, uşaqları da, hətta uşaqlığımızı da
bir daha görməmək varmış qismətimizdə…